Fransa ilə baglı şok iddia – 40 ölkəni su altından izləyirmiş
Fransanın «Nouvel Observateur» jurnalı son sayında bir çox ölkələrin marağına səbəb olacaq şok iddia ilə çıxış edib.
Strateq.az-ın məlumatına görə, Fransa 2008-ci ildən bu yana dənizaltı fiber-optik kabellər vasitəsilə 40 ölkənin elektron yazışmalarını izləyirmiş. Prosesə 2008-ci ildə – keçmiş prezident Nikola Sarkozinin dönəmində start verilib.
Fransa xüsusi-xidmət orqanlarının nəzarəti altında həyata keçirilən layihə 2013-cü ildə başa çatmalıymış. Lakin sonradan layihənin müddəti hazırkı prezident Fransua Olland tərəfindən 2019-cu ilə qədər uzadılıb. Prosesdə Fransanın «Orange», «Alcatel-Lucent», «Marsilya», «Penmarch», «Saint-Valery-en-Caux» kimi, kommunikasiya şirkətləri də iştirak edib. Layihə çərçivəsində Fransanın dəniz sahillərinə yaxın şəhərlərində izləmə mərkəzləri qurulub. Bu illər ərzində bütün bu işlərə 700 milyon avro xərclənib. İzləmə prosesi Parisdəki mərkəzdən idarə olunub. Mərkəzin kompüterlərinə hər gün 10 milyonlarla yazışma daxil olub.
Sonradan bütün bu yazışmaların təhlili aparılıb. İzlənilənlər arasında ABŞ, Rusiya, Hindistan, Çin, Şimali Afrika, Qərbi Afrika və Yaxın Şərq öləkələri də var. Ötən ay Fransa parlamentində bu tip izləmələri leqallaşdıran qanun qəbul edilib. Qanuna əsasən, bu işlərə məsul orqan Fransa xüsusi xidmət orqanları göstərilib.