Əslində, onu hər kəs tanıyırdı. Uşaq da, böyük də… Bəzi nüanslar da vardı ki, onun daha çox tanınmasına yol açırdı. Bir az ədalı davranışı, bir az özündənrazılığı və mənəm-mənəmliyi… Söhbət mərhum xalq artisti İlhamə Quliyevadan gedir. Bu gün nə onun doğum günüdür, nə də dünyasını dəyişdiyi tarix.
Sadəcə, istədik ki, görək, bir vaxtlar sənət dünyasında həm də qalmaqalların mərkəzində qərar tutan, çoxlarının hesablaşmağa məcbur qaldığı, qorxub-çəkindiyi, bir çox sənət adamı ilə küsülü olan və elə küsülü də o dünyadan köçən İlhamə Quliyevanı həmkarları indi necə xatırlayır. Və ümumiyyətlə xatırlayırlarmı?..
Sənət dünyasında hər kəslə küsülü olan xalq artistinin nə adı, nə şöhrəti, nə də var-dövləti kimdənsə əskik idi. Hətta kilolarla zinət əşyalarına sahib olduğundan qızılları ilə birgə dəfn edilməsini vəsiyyətnaməsində yazmışdı.
Maraqlıdır, ölümündən sonra sənət adamları İlhamə Quliyevanı necə xatırlayırlar? İlhamə Quliyeva bir şəxsiyyət kimi niyə unduldu? Bəs, o, sənətkar kimi də unudula bilərmi?..
Modern.az saytı mövzuya İlhamə Quliyevanın ölənədək küsülü qaldığı sənət adamlarından münasibət öyrənməyə çalışıb.
Xalq artisti Flora Kərimova heç zaman sözünə xəyanət etməyəcəyini deyib:
“Heç vaxt düşündüyümü gizlədib boş yerə insanları tərifləməmişəm. Heç vaxt onun haqqında müsbət düşünmamışam. Bu, nə sağlığında olub, nə də dünyasını dəyişəndən sonra. Riyakar olub yalan danışmaq istəmirəm. Əslində, o, nə etdisə, özünə etdi. Axirətini düşünmədi. Xülya dalınca qaçdı. Ölümündən öncə mənəviyyatını xırdaladı”.
Flora Kərimova İlhamə Quliyevanın sənəti barədə isə bu fikirdədir:
“Onu bir insan, şəxsiyyət kimi qəbul edə bilmərəm. Amma sənətçi kimi yaxşı müğənni idi. Gözəl ifası vardı. Xasiyyətini oxuduğu mahnılara yoluxdurmasaydı, ondan daha gözəl müğənni olardı”.
Xalq artisti Nazpəri Dostəliyeva dünyadan köçən insan barəsində mənfi ifadələr işlətməyin doğru olmadığını düşünür.
“Sualın əvvəlində çox yaxşı bir cümlə işlətdiniz ki, “bilirəm, bu mövzu heç də ürəyinizcə olmayacaq”. Doğru dediniz. Bu həqiqətdir, faktdır. Ürəyimcə olmayan, xoşuma gəlməyən mövzuya münasibət bildirmirəm. İkincisi, dünyasını dəyişmiş insanın ardınca heç bir söz demərəm. Bu, nə şəxsiyyətimə, nə də mənəviyyatıma yaraşan haldır. Bu, mənim seçimimdir. Olduğu kimi də qəbul edin. Heç vaxt dünyasını dəyişən adam barəsində nəsə danışmaram. Sadəcə, bir söz deyərəm. Allah rəhmət eləsin!
Ümumiyyətlə, yaxşı sənətkar hər zaman xalqın qəlbində yaşayır. İstər bəstəkar olsun, istər müğənni, istərsə də başqa sahədə çalışan. Əsas odur ki, cəmiyyətə, millətə yararlı olsun. Sadəcə, insanların hamısı eyni tərbiyədə olmur və eyni məkanda, vaxtda böyümürlər. Heç kim heç kim üçün nə rəhmət, nə də başqa xoşa gəlməyən söz qazanır. Bunları hər kəs özü üçün qazanır. Dünyadan iki şeyi aparırıq. Ya rəhmət, ya da nifrət. Vəssalam!”.
Əməkdar artist Elza Seyidcahan isə İlhamə Quliyevanı bu gün də sevgiylə xatırladığını deyir:
“İlhamə Quliyevanı uşaqlıqdan lap yaxşı xatırlayıram. Məktəbdə oxuyanda məktəbin yanına xarici və yerli müğənnilərin şəkillərini gətirib satırdılar. İlhamə Quliyevanın da şəkli satılırdı. Həmin şəkillərdən mən də almışdım. Ona o dərəcədə heyran olmuşdum ki, sinif yoldaşlarıma deyirdim ki, İlhamə Quliyeva xalamdır. Uşaqlar da mənə onun barəsində suallar verirdilər. Artıq yuxarı siniflərdə oxuyanda suallara cavab verməyə çətinlik çəkirdim. Ona görə də dedim ki, o, uzaq qohumumuzdur. İllər keçəndən sonra mən də müğənni oldum.
Zeynəb Xanlarova, Flora Kərimova, Elmira Rəhimova İlhamə Quliyeva kimi sənətkarlar sənətdə sözlərini demiş insanlardır. Amma hər sənətkara nəsib olmur ki, həm sənəti, həm də şəxsiyyəti gözəl olsun. Hətta İlhamə Quliyeva ilə iş prosesində çalışmaq mənə nəsib olub. Çoxları onu yemək masasında görüblər. Mən isə iş prosesində onun yaradıcılığını izləmişəm. Xalq artisti olan İlhamə Quliyeva studiyada “Ağ çiçəyim” mahnısını ifa edərkən mənə dedi ki, “xoşuna gəlməsə, yenidən oxuya bilərəm”. Fikirləşdim ki, o boyda sənətkar bu sözü mənə deyir… Bəziləri olsa deyərdi ki, “əla oxumuşam, qoy qalsın”, amma o soruşdu…
Bütün olanlara baxmayaraq, oxuduğu mahnılar tarixdə qaldı. Təəssüf ki, belə sənətkarların ətrafında mələklər yox, araqarışdıranlar olur. Bəzi insanlar onları uçuruma apara bilirlər. Onu qorumaq da olardı. Demək olardı ki, vaxtını hədər etmə. Boş işlərə baş qoşma. Boş vaxtında ancaq gözəl mahnılar ifa elə. Təəssüf ki, sağlığında bir çox sənətçilərlə gərgin anlar yaşadı”.