“Ciddi islahatlar zamanın tələbi və zəruridir”

0
3

“Ciddi islahatlar zamanın tələbi və zəruridir”

Ramiz Tağıyev: “Ən xoşladığım məqam Azərbaycan himninin səslənməsi və bayrağımızın yüksəkdə dayanması olurdu”

“Müxalifət yalnız Müsavatdan, AXCP-dən və ya bir sıra əldəqayırma “cib” müxalifətindən ibarət deyil”

I Avropa Oyunları uğurla başa çatdı. Ölkə bir müddət bayram əhval-ruhiyyəsində yaşadı. İdmançılarımızın hər zəfərindən qürur duyduq. Bütün bunlarla yanaşı ölkəmizə olan təzyiqlər dayanmadı. Avropa Şurası, ABŞ Dövlət Departamenti Azərbaycanın uğurlarına nəinki sevindilər, əksinə, ölkəmizdə keçirilən möhtəşəm tədbirin fonunda Azərbaycana qarayaxma kompaniyasını bir an belə olsun dayandırmadılar. Baş verənlərə Canımız Azərbaycan Naminə Partiyasının (CANP) sədri Ramiz Tağıyevin münasibətini öyrəndik. Müsahibənin oxucularımız üçün maraqlı olacağını düşünürük.

-Ramiz bəy, I Avropa Oyunlarını izləyə bildinizmi?

-Əlbəttə…İdmana marağım daima böyük olub. Bir zamanlar idmanla məşğul olmuşam. Hətta məşqçilik də etmişəm. Bu oyunların ölkəmizdə keçirilməsindən tamamilə razı qaldım. Əla təşkil edilmişdi. Açılış da, bağlanış da möhtəşəm oldu. Təhlükəsizlik tədbirlərinə bütün dövlətlər həsəd apara bilər.

-Ən çox yadınızda qalan məqam nə oldu?

-Bu suala birmənalı cavabım var; zəfər anlarında himnimizin səsləndirilməsi və bayrağımızın yüksəkdə dayanması. Hər dəfə qürur hissi keçirdim. Sanki özüm qələbə qazanırdım. (gülür)

-Açılış mərasiminə dəvət olunmuşdunuzmu?

-Düşünürəm ki, mən də və mənim kimi ölkəmizin müstəqilliyi naminə mübarizə aparmış bir neçə insan həmin tədbirə dəvət olunmağı haqq edirdik. Təəssüf ki, ölkəmizdə belə tədbirlərə əsasən iqtidara yerli-yersiz məddahlıq etməyə peşəkarlaşmışları dəvət edirlər. Əgər belə meyarlarla seçim ediblərsə, onda sevinirəm ki, həmin sırada yer almamışam. Ancaq, dəxli yoxdur, hər şey möhtəşəm oldu. Dövlətim və Millətim adına qürur duydum. İdmançılarımızın əldə etdiyi nəticələr, bizi sevməyənlərə böyük zərbədir. Axı, idmanın inkişafı ölkənin ümumi inkişafının təsdiqi kimi qəbul edilir.

-Bəziləri deyir ki, idmançıların bir qismi milliləşdirilmiş xaricilərdir…

-Belə transferlər bütün dünyada qəbul olunub. Onların uğur qazanmasında da Azərbaycanda yaradılmış şəraitin rolu inkaredilməzdir. Həmin idmançıların öz ölkələrində uğur qazanmaq şansları olsaydı, bəlkə də Azərbaycanı təmsil etməzdilər. Ümumiyyətlə, belə söz-söhbət uğurlarımızı qısqananlara məxsusdur.

“Yaxşı ki, xarici telekanallar var. Ölkə telekanallarının qapısı çoxdan üzümüzə bağlanıb”

-Avropa həm Azərbaycanda oyunlar keçirir, digər tərəfdən də ölkəmizə qarşı sərt mövqe sərgiləyir. Ölkəmizə yönəlmiş qətnamələr, tənqidlərlə razısınızmı?

-Ölkəmiz Avropa Şurasının üzvüdür. Şuraya üzv qəbul edildiyimiz zaman bir sıra öhdəliklər götürmüşük. Bu illər ərzində əməkdaşlığın xeyli müsbət nəticələri olub. İstər iqtisadi, istərsə də siyasi münasibətlərdə Avropaya inteqrasiya göz qabağındadır. Əksər layihələr Avropaya bağlıdır. Narazılıq insan hüquqlarıyla əlaqəlidir. Burada müəyyən anlaşılmaz məqamlar var.

-Siz, bu günlərdə İranın “Səhər” televiziya kanalına müsahibə vermisiniz. Maraqlı fikirləriniz olub…

-Ara-sıra belə müsahibələrim olur. Yaxşı ki, xarici telekanallar var. Ölkə telekanallarının qapısı çoxdan üzümüzə bağlanıb. Açıq söyləyim, əhali arasında da narazılıq var ki, televiziyada eyni sifətləri, eyni mövqeyi görüb, eşitməkdən yorulublar. Təsadüfi deyil ki, ölkə telekanallarına maraq xeyli azdır. İndi əksəriyyət Türkiyə telekanallarını izləyir. Bu çox pis haldır, ölkə əhalisinin əksəriyyəti ölkədə baş verənlərdən məlumatsız olur. Qaldı ki, “Səhər” telekanalına verdiyim müsahibəyə, birmənalı bəyan edirəm ki, mən xarici telekanallara, mətbuata verdiyim müsahibələrdə bir kəlmə olsun belə ölkəmin maraqlarına ziddi münasibət bildirmərəm. Bu mənim mövqeyimdir. Ölkə KİV-lərində tənqidi fikirlərim olub və bundan sonra da olacaq. Mən ölkəmizin bütün probleminin ölkə daxilində həll olunmasında maraqlıyam. Xaricilərin bizə olan sevgisinə zərrə qədər inamım yoxdur. Bunun üçün dünyada baş verənlərə ani nəzər yetirmək kifayət edər. Bəli, idman oyunları gözəl bir bayram əhval-ruhiyyəsi yaratdı, zövq aldıq, sevinc yaşadıq, oldu və bitdi. İndi xoş əhval-ruhiyyə ilə ölkədəki problemlərin həllində maraqlı olmalıyıq. Problem var və aradan qaldırılmalıdır ki, xaricilər zaman-zaman həmin problemlərlə üstümüzə gələ bilməsinlər.

-Avropa siyasi məhbusların azadlığını tələb edir. Necə fikirləşirsiniz, ölkəmizdə siyasi məhbus varmı?

-Avropanı və eləcə də ABŞ-ı maralqandıran bir neçə məhbus var. Konkret olaraq Lelya və Arif Yunusların, Xədicə İsmayılovanın adını çəkmək olar. Mən dəfələrlə qeyd etmişəm, indi həmin şəxslər barədə danışmaq çox çətindir. Bağlı qapı arxasındadırlar. Onların fəaliyyətinə münasibətim daima mənfi olub. Leyla Yunusun Azərbaycan polisinin papağını yerə atmasını da pisləmişəm. Bir çoxlarının hüquq müdafiəçisi adıyla xaricdən külli miqdarda qrant alıb, öz şəxsi maraqlarına sağa-sola xərcləməkləri faktları da təsdiqini tapıb. Ancaq bütün bunlara baxmayaraq onların azad olunmasını istəyirəm. Bunlara görə ölkənin bir çox problem yaşamasını istəmirəm. Dəyməz… Ölkə iqtidarının bəslədiyi o qədər jurnalist, o qədər hüquq müdafiəçisi var ki, versinlər də Leylanın, Xədicənin cavabını. Onlardan zəifdirlərsə, bəsləməklərinə dəyməz. Günahsız məhuslar var və deyərdim ki, həddən artıq çoxdur. Bu problem vaxt keçmədən həll olunmalıdır. Yaxşı olar ki, böyük amnistiya aktı imzalansın və nəticədə günahsız məhbuslar ailələrinə qovuşsunlar. Tam əminliklə deyirəm, elə ədalətsiz həbslər olub ki, onların heç birindən ölkə rəhbərliyinin məlumatı yoxdrur. Bir çox məmur öz şəxsi maraqları və qisasları naminə günahsız insanları şərləyib həbs etdirə biliblər. Əlimdə xeyli faktlar var.

-Seymur Həzi, Pərviz Həşimli, Asif Yusifli kimi siyasətçilər də həbs edilib axı…

-Mən onların həbsini daima pisləmişəm və bu gün də pisləyirəm. Ölkənin istintaq orqanlarında, məhkəmələrində durum hədsiz acınacaqlıdır. Ciddi islahatlara ehtiyac duyulur. Mən oralarda baş verən qanunsuzluqların şahidi olduğumdan belə qənaətə gəlmişəm. İnanın ki, belə davam edə bilməz. İnsanları qanunsuzluqla, ədalətsizliklə, zorakılıqla daima idarə etmək olmaz. Bunu zaman-zaman tarix sübut edib. Tarixdən ibrət götürmək zəruridir. Bütün bunları Vətənimi hədsiz sevdiyimdən söyləyirəm. Vətənimdə qarşıdurmaları, qarşılıqlı nifrəti görmək istəmirəm. Problemlərin ağıl, qarşılıqlı hörmət müstəvisində həllini arzulayıram.

-Əzəli düşmənlərimizin məmləkətində vəziyyət qarışıqdır. Necə düşünürsünüz, Ermənistanda hakimiyyət dəyişikliyi baş verəcəkmi?

-Ermənistanın səfalət içində yaşadığı şübhəsizdir. Rusiyanın forpostu olan ölkə mütləq Rusiyaya qoyulmuş sanksiyalardan əziyyət çəkməliydi. Ancaq maraqlı bir məqam var…

“Müxalifət yalnız Müsavatdan, AXCP-dən və ya bir sıra əldəqayırma “cib” müxalifətindən ibarət deyil”

-Hansı məqamı deyirsiniz?

-Şüara diqqət yetirdinizmi? Ermənistanda da bizim “Milli şura”mızın süarı- “talana son!” şüarı səsləndirilir. Deməli, proseslər vahid mərkəzdən idarə olunur. Orada da, eləcə bizdə də. Ermənistandakı proseslər də həm Qərbin, həm də Rusiyanın nəzarətindədir. Hansı tərəf ustələyəcək?-bunu zaman göstərər. Düşünürəm ki, ABŞ-da, Fransada və Avropanın digər ölkələrində kifayət qədər fəal olan erməni lobbisi bu dəfə Ermənistanda vəziyyətə nəzarət edə biləcək. Mən Sarkisyan iqtidarının sonunun yaxınlaşdığını düşünürəm. Həm də həmin proseslərin ölkəmizə ötürüləcəyindən narahatam. Yenə qeyd edirəm, ölkəmizə xaricilərin diqtə etməsini, burada çaxnaşma yaratmalarını arzu etmirəm. Xristian ölkələrində hər hansı çaxnaşma baş verəndə Qərb onun qarşısını tez bir zamanda almağa, vəziyyəti stabilləşdirməyə çalışır. Müsəlman ölkələrində nəticə daha ağır olur. Göz gördüyündən qorxar, deyiblər. İkili standart olub, bu gün də var. Ukraynada baş verənlərə Qərbin münasibətini görmürükmü? Bizə, Qarabağ probleminə münasibət isə tamamilə fərqlidir.

-Siz, həm də Azərbaycan vətəndaşlarına ikili standart münasibətin olduğunu söylədiniz…

-Təəssüf ki, Azərbaycanın sıravi vətəndaşları həm xaricdən, həm də daxildən ikiqat ikili standart yanaşmaya məruz qalır. Ölkəmizə Qərbin sərgilədiyi ikili standart münasibətdən əziyyəti ən çox çəkən sıravi vətəndaşlarımızın olması bəs deyilmiş kimi, ölkə iqtidarının, əksər məmurların sıravi vətəndaşlara ikili standart münasibətini görürük. Bu da təhlükəlidir. Sıravi vətəndaş həbs edilir, araşdırma aparılmadan barəsidə həbs qətimkan tədbiri görülür, ancaq dövlətin milyonlarını sağa-sola xərcləyən iş adamları, məmurlar üç-dörd gün saxlanılır və müəmmalı saxlanıldıqları kimi, müəmmalı da azad olunurlar. Bu ikili standart münasibət deyilmi? Iqtidar məmurlarının millətə münasibəti də eynidir. Təsəvvür edin, əksər nazirlər, məmurlar yalnız bir-biriləri ilə qohumluq əlaqəsi qurur. Sanki qudalar iqtidarıdır. Məmurların demək olar ki, xalqdan, onların yaşam tərzindən məlumatları yoxdur. Xalqdan tam ayrı düşüblər. Bir rus serialında deyildiyi kimi “u nix svoya svadıba, u nas svoya”.

-Sabiq spiker Rəsul Quliyevin son açıqlamalarından məlumatlısınız?

-Məlumatım var. Mən ondan əvvəl xəbərdarlıq etdim ki, Azərbaycanda eyni ssenari yazılıb. Bizdə də indi gənclərlə işləyirlər. Dövlətçilik, milli məsuliyyət olmayan gənclərlə. Necə deyərlər, anarxistlərlə Kifayət qədər maliyyə imkanı yaradılıb. Bəli, mən bundan çox narahatam. Bu dövlət təkcə iqtidara məxsus deyil ki. İnanın ki, aranı qarışdırsalar, ölkəni yığıb-yığışdırmaq olmaz.

-İqtidar kimi siz də Qərbin üstünə çox gedirsiniz…

-Mən iqtidar məmurlarının Qərbə meydan “sulamaq”larının tam əleyhinəyəm. Bu, çox təhlükəlidir. Millətçi olsam da, Avropaya inteqrasiyanın tərəfdarıyam. Başqa yol görmürəm. Sovet imperiyasının varisi Rusiyanın bizə münasibəti birmənalıdır. Rusiya tarix boyu ölkəmizə problem yaradıb, bu gün də bütün problemlərin kökü Rusiyaya bağlıdır. Rusiya öz maraqları naminə istənilən dostunu qurban verməyə hazır olan dövlətdir. Mənim Rusiyaya inamım yoxdur. Əslində, Azərbaycana ən çox ikili standart münasibət sərgiləyən də Rusiyadır. Bizim Avropadan uzaqlaşmağımız Rusiyaya “yem” olmağımızla nəticələnər.

-Avropa Şurasının şərtləri ilə nə iqtidar, nədə ki, siz razılaşırsınız…

-Ortaq məxrəcə gəlmək lazımdır. Söhbət bir neçə məhbusdan gedirsə, azad etmək lazımdır. Əgər bir dövlətə Leyla, Xədicə təhlükə yarada bilirsə, onda dünyaya meydan oxumağımızdan nə fayda. Azad etsinlər onları, ondan sonrasını bizim öhdəmizə buraxsınlar.

-Ramiz bəy, ölkədə fəaliyyət göstərən müxalifət partiyalarının durumu heç də ürəkaçan deyil. Özləriylə savaşmaqdan savayı əllərindən heç nə gəlmir. Belə çoxmu davam edəcək?

-Sizin nəzərdə tutduğunuz müxalifətin taleyi demək olar ki, məni maraqlandırmır. Ölkədə yaranmış bir çox problem onların adına yazılmalıdır. Uzun illər çirkin oyunlarıyla müxalifəti eybəcər duruma saldılar. Ölkə əhalisinin müxalifətə zərrə qədər inamı qalmayıb. İndi biz “ölü” diriltməklə məşğuluq. Əsil müxalifətçiliyin necə olmasını təsdiq etməyə çalışırıq. O ki, qaldı ənənəvi müxalifət adlandırılan Müsavat və AXCP-yə, onlar bir-birilərini bitirə bildilər. Əslində isə, sonluqda özlərini rüsvay etdilər. Demokratiyanın atası olmağa iddia edənlər elə tərbiyəsizliklər etdilər ki, onları bağışlamaq mümkün deyil.

-“Milli Şura”nın fəxri sədri sayılan Rüstəm İbrahimbəyovun son açıqlamalarına münasibətiniz necə oldu?

-Mən Rüstəm İbrahimbəyova hələ 2009-cu ildə münasibətimi bildirmişəm. Milli hisslərdən uzaq, kosmopolit birisi olduğu barədə ətraflı yazım olmuşdu. Maraqlıdırsa, bəzi saytlarda həmin yazımdan hissələr qalır. Mən, həmin yazıma görə də cəzalandım.

-Necə yəni, Rüstəm İbrahimbəyova görə sizi cəzalandırdılar?

-Bəli, səbəblərdən biri məhz həmin yazı idi. İstintaqda açıq-aşkar deyirdilər ki, “sən kimsən ki, Rüstəm İbrahimbəyov kimi görkəmli ziyalının üstünə gedirsən?”

-Cavabınız necə olurdu?

-Əlbəttə, cavabsız qoymurdum. Deyirdim ki, mən Milli Azadlıq Hərəkatının önündə gedənlərdən olmuşam. Müstəqilliyimiz uğrunda mübarizədə bir addım geri atmamışam. Müqəddəs torpaqlarımız uğrunda vuruşmuşam. Sizin R.İbrahimbəyov isə kosmopolit, millətindən bixəbər birisidir. Nə yazıb axı o? Ömrü boyu yazdıqlarıyla Millətimizi aşağılayıb. Göstərin onun yazdıqlarında milli ruhu, milli mentaliteti. Artıq o zaman məlumatlı idim ki, kosmopolit Rüstəmin ölkə iqtidarının daxilindən güclü himayəçiləri var. Elə bilirsiniz ki, “Milli Şura”nın yaranmasında ölkə iqtidarının bəzi nümayəndələrinin xəbəri olmayıb? Belə düşünmək diletantlıq olardı. “Milli Şura”nın himayəçilərindən biri olan baş nazirin sabiq müavini Abbas Abbasovun indi iqtidarda tərəfdarı yoxdur? Mən həmin “klan” tərəfindən şər-böhtanla həbs edilmişdim.

-İndi ortalığa keçmiş səfir Arif Məmmədov atılıb. Necə düşünürsünüz, jurnalist Eynulla Fətullayevin Arif Məmmədov barəsində yazdıqları, onun iqtidarda təmsil olunan bəziləri tərəfindən himayə olunduğu həqiqətdirmi?

Ardı var…
Söhbətləşdi: Nicat Sadiq

LEAVE A REPLY