Ramiz Tağıyev: Belə məntiq olar?

0
6

ATƏT MQ-nin keçmiş fransalı həmsədri ermənilərin vəkili rolunda…

Ramiz Tağıyev: Belə məntiq olar?

ATƏT-in Minsk Qrupunun Fransadan olan keçmiş həmsədri Jak For Dağlıq Qarabağla bağlı birmənalı qarşılanmayan sərsəm fikirlər səsləndirib. NATO Parlament Assambleyasının İrəvanda keçirilən Rose-Roth 89-cu seminarının iyunun 19-da keçirilən toplantısında ATƏT-in Minsk Qrupunun Fransadan olan keçmiş həmsədri Jak For Dağlıq Qarabağı Azərbaycana qaytarmağın mümkün olmadığını qeyd edib.
O deyib ki, Qarabağın erməni əhalisi öz statusunu dəyişmək istəmir. Ona görə də Dağlıq Qarabağı Azərbaycana qaytarmaq mümkün deyil: Əlbəttə, bu mənim şəxsi fikrimdir. Ancaq əldə edilən nəticələrə əsasən fikir bildirilməlidir.
Keçmiş həmsədrin bu sözlərinə Azərbaycan ictimaiyyətinin reaksiyası necədir?
Politoloq Rasim Musabəyov deyib ki, bu cür yanaşmalar erməniləri şirnikləndirir: Keçmiş həmsədrin Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını mümkünsüz hesab etməsi çox yanlış bir yanaşmadır. O çox böyük səhv edib. Hansı haqla bu cür fikirləri səsləndirirlər? Məgər Dağlıq Qarabağda azərbaycanlılar yaşamırdı? Evlərindən didərgin düşmüş azərbaycanlıların haqqı orada yaşayan ermənilərdən azdır? Təəssüflər olsun ki, bu cür yanaşmalar erməniləri torpaqlardan çıxmaq fikrindən daşındırır. Əslində belə fikirləri söyləyən insanlar erməniləri himayə edir. Onlar indiki vəziyyətin günahkarlarıdır.
Siyasətçi Ramiz Tağıyev qəzetimizə açıqlamasında bildirdi ki, keçmiş həmsədrin Dağlıq Qarabağ məsələsinə qarışmağa ixtiyarı yoxdur: Onun sözləri sübut edir ki, keçmiş həmsədr elə əvvəldən ermənipərəst mövqedə olub. Fikrimcə, J.For münaqişədən xəbərsizdir. O bilmir ki, Dağlıq Qarabağın əhalisi təkcə ermənilərdən ibarət deyil. Oranın əhalisinin 45 faizi azərbaycanlı, 55 faizi isə erməni olub. İkincisi, ermənilər Azərbaycanın tərkibində olan yerli aborigen xalq deyil, köçüb gəlmədir. Biz ürəyiaçıqlıq edib onları torpağımıza qəbul etmişik. Tutalım, Fransada yarım milyon erməni var, Lionda əhalinin 30 faizini ermənilər təşkil edir. Onda fransızlar Lionu versinlər ermənilərə. Belə məntiq olar? Köçüb gələn erməni hər yerdə müstəqillik tələb edəcəksə, onda dünyanın az qala Argentinadan tutmuş Meksikaya, Fransaya qədər hər yerində müstəqillik əldə etmələri və dövlət qurmaları lazım olur.
Qeyd edək ki, fransalı keçmiş həmsədrin bəyanatı Azərbaycanın həmin ölkədə olan səfirini də hərəkətə keçirib. Fransa Xarici İşlər Nazirliyinin (XİN) Kontinental Avropa idarəsinin direktoru Erik Furniye Azərbaycanın Parisdəki səfiri Elçin Əmirbəyovla söhbətində bunları deyib:
Fransa Azərbaycanın ərazi bütövlüyünə sadiqdir, ATƏT-in Minsk qrupunun keçmiş fransalı həmsədri Жak Forun bəyanatı isə pensiyaya çıxmış insanın şəxsi fikrindən başqa bir şey deyil.
E.Furniye səfirlə söhbətində bəyan edib ki, rəsmi Parisin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib və Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə sadiq qalır.
E.Əmirbəyov fransız diplomatdan sitat gətirərək qeyd edib: Жak For hazırda pensiyadadır, heç bir rəsmi vəzifə tutmur və heç bir formada Fransanın rəsmi mövqeyini ifadə edə bilməz. Onun İrəvandakı bəyanatına gəlincə, Ermənistan KİV-lərinin verdiyi formada edilsə belə, Parisdə həmin bəyanat nəzərə çarpmayıb və onlara pensiyaya çıxmış insanın şəxsi fikri kimi yanaşmaq lazımdır.

Məhəmmədəli QƏRİBLİ

LEAVE A REPLY