“Lapşin ekstradisiya ilə bağlı müraciət edərsə, lazımi dəstəyi göstərməyə hazırıq” –Səfirlik

0
4
Rusiyanın Bakıdakı səfirliyi Azərbaycanda mühakimə olunmuş Rusiya və İsrail vətəndaşı Aleksandr Lapşin ekstradisiya ilə bağlı müraciət edərsə, ona lazımi dəstəyi göstərməyə hazırdır.

Bunu səfirliyin mətbuat attaşesi Denis Apaşkin “RİA Novosti” agentliyinə deyib.

O deyib: “Səfirlik A.Lapşinin vəkili və qohumları ilə daim əlaqə saxlayır. Hesab edirik Azərbaycan məhkəməsinin qərarını şərh etmək hüququmuz yoxdur. Səfirlik bundan sonra da öz salahiyyətləri çərçivəsində A.Lapşinin müdafiəsində iştirak edəcək”.

A.Lapşinin ekstradisiyası ilə bağlı məsələyə toxunan mətbuat attaşesi bildirib ki, əgər A.Lapşinin belə bir istəyi olarsa, səfirlik lazımi köməyi göstərməyə hazırdır/Trend.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Lapşin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

O, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın ərazisi – Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. A.Lapşin Azərbaycan Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.