Yaşıl soyqırım davam edir!
Özbaşınalığa son qoyulacaqmı?
M.Hadi küçəsindəki yaşıllıq
Bir neçə ay öncə Xətai rayonu Məhəmməd Hadi küçəsi 43 ünvanında yerləşən binanın qarşısındakı yaşıllığa naməlum şəxslərin hücum çəkməsindən yazmışdıq. Yaxşı ki, binanın sakinləri yaşıllıq qənimlərinin qarşısını almış, illər ərzində ərsəyə gətirilmiş ağacların soyqırımını dəf etməyə nail olmuşdular. Sakinlərin ciddi etirazına şahidlik etmiş Xətai rayonu icra hakimiyyəti əraziyə təcilli xəbərdarlıq lövhələri vurub: “Burada Xətai rayonu İcra Hakimiyyəti tərəfindən abadlıq işləri aparılacaq” yazmaqla narazı sakinləri sakitləşdirə bilmişdi.
Bina sakinlərinin narazılığı əsassız deyil. Belə ki, illər uzunu ağaclar əkib, qulluq edib və ətrafında azyaşlıların istirahəti üçün öz vəsaitləri hesabına əyləncə məkanı yarada biliblər. Həqiqətən, sözün əsil mənasında gözəllik yaradılıb. Burada uşaqların əylənməyini gördükcə, kaş bütün yaşayış binalarının qarşısında belə məkan olardı- deyə arzulamışıq.
Yaşıllıq qənimlərinin hücumuna şəxsən şahid oldum və gördüklərimdən dəhşətə gəldim. Kimdir görəsən bu amansız işğalçılar sualı məni hədsiz narahat etdi. Əllərində hər cür kəsici, dağıdıcı alətlərlə hazırlıqlı gəlmişdilər. Ən ürəkarğıdıcı məqam isə yaşıllıq ərazini məhv etmək istəyənlərin Qarabağ müharibəsi qazilərindən istifadə etmələri idi.
M.Hadi küçəsində yaşıllıq məhv edilərək salınmış tikili
Hadisə yerinə Xətai rayonu Polis İdarəsinin əməkdaşları da gəlmişdi. İnsafən onlar heç nəyə qarışmır, sadəcə olaraq qarşıdurmanın olmaması üçün asayişi qoruyurdular. Söhbətlərdən anlamaq olurdu ki, polis əməkdaşları yaşıllğın məhvinə razı olmasalar da, əllərində müxtəlif sənədlər nümayiş etdirən yaşıllıq işğalçılarına etiraz etmək səlahiyyətləri olmadığından susmağa üstünlük verirdilər. Bina sakinlərinin verdiyi məlumata görə naməlum işbazlar həmin ərazidə iki “göydələn” inşa etməyi planlaşdırıb. Əgər həmin plan baş tutarsa həmin ərazidə elə bir sıxlıq yaranar ki, insanların hərəkətinə belə problem yaranar.
Yaşıllığın arxa hissəsində poliklinika və uşaq bağçasının yerləşdiiyini nəzərə alsaq, yaşıllğın məhv edilərək yerində “göydələn”lərin inşası həmin müəssisələrin fəaliyyət imkanını tam məhdudlaşdıra bilər. Əraziyə gəlmiş Xətai rayon icra hakimiyyəti yetkililərinin də yaşıllığın məhv edilməsinə etiraz etdiklərinin şahidi olduq. Və bundan sonra bizi bir sual düşündürdü; görəsən, yaşıllıq qənimlərinin əllərində yellədikləri sənədə kim imza atıb? Söylənilənlərə inansaq, sənədə atılmış imza Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məxsusdur. Sözün düzü bir azca şübhə etdik, çünki Hacıbala müəllim son zamanlar söküb-dağıtmaq işlərini zurna-balabanla apartdırır. Digər tərəfdən, Xətai rayonu İcra Hakimiyyətinin yaşıllığa olan münasibətinə tərif söyləmək fikridən çox uzağıq. Belə ki, söhbət açdığımız ərazidən azacıq aralıda, M.Hadi küçəsinin yaşıllıq zolağında inşa edilmiş yarımçıq üçmərtəbəli obyekt də ərazi sakinlərinin narazılığına səbəb olub. Burada da xeyli ağac məhv edilmiş və qarşıda yerləşən binanın bir çox mənzilini gün işığına həsrət qalmasına səbəb olmuşdur.
“Alimlər də Hacıbala müəllimin zurna-balabanını gözləyirlər”
İlyas Cümşüdov küçəsindəki “qala divarı”
M.Hadi küçəsində baş verən acınacaqlı hadisəni izlədiyimizin şahidi olan bir alim: “Binəqədiyə, 6-cı mikrorayona gəlin, nə zülmə məruz qaldığımızı öz gözlərinizlə görün”, dedi. Ünvanı öyrənib, ertəsi gün həmin əraziyə getdik. Doğrudanda dəhşətli mənzərə ilə üzləşdik, 6-cı mikrorayon İlyas Cümşüdov küçəsində yerləşən, Milli Elmlər Akademiyasının əməkdaşları üçün inşa edilmiş doqquzmərtəbəli binanın arxasında ucaldılmış hündürlüyü az qala on metrə çatan hasarların “İçərişəhər” qalasının müasir formasına bənzədiyini gördük. Bina sakini olan alimlər söylədilər ki, “qala” divarlarını inşa etdirənlər yüzdən artıq ağacı bir gecədə məhv etdilər. Ağacları özümüz əkib ərsəyə gətirmişdik, dedilər. Qala divarının arxasında artıq bir villa inşa edilmişdi ki, sakinlər həmin villanın Milli Məclisin yüksək çinlilərindən birinə məxsus olduğunu söylədilər. Digər ərazi isə hansısa generala məxsus imiş. İnşa edilmiş “qala” divarı alimlərin yaşadığı binanın üç mərtəbəsini qaranlığa qərq edib. Birinci və ikinci mərtəbələrdə özümüz buna şahid olduq.
“Qala” divarları ərazidə inşa edilmiş yeni məscidin arxitekturasına da yaraşmır söyləsək, yanılmarıq. Alimlərin bir çoxu şəhər “meri” Hacıbala Abutalıbovla bir zaman Elmlər Akademiyasında birgə çalışdıqlarından söhbər açıb: “İstəyərdik ki, keçmiş həmkarımız bura baş çəkib nə zülmə məruz qaldığımızı görsün. Zurna-qavalı burada çaldırması pis olmazdı. Təəssüf ki, bütün rəsmi instansiyalara mütaciət etsək də, bu qədər alimin müraciətinə diqqət yetirən olmadı. Bilirik ki, qəzetlərin yazdığını da sayan yoxdur. Sadəcə olaraq bir azca təskinlik tapırıq”-dediilər.
Vəziyyətin acınacaqlı olduğunu hər an sübut etməyə, şəhərimizin baş planına uyğun gəlməyən, yaşıllıqların acımasızcasına məhv edilərək tikilmiş obyektlərin, “qala” divarlarının, villaların yerini bir-bir göstərməyə hazırıq. Ancaq bu gün bizi daha çox narahat edən Xətai rayonu M.Hadi 43 ünvanındakı göz oxşayan yaşıllğın məhv edilməsinə yönəlmiş cəhdlərdir. Çox iri çinli, pullu-imkanlı əmilərin, dayıların adı çəkilir yaşıllığı işğal etmək istəyənlərin sırasında. Davamlı olaraq hücumların təşkil edilməsinin acı sonluqla-yaşıllğın məhv edilməsiylə nəticələnəcəyindən narahatıq. Bununla yanaşı ümidimizi itirmirik, düşünürük ki, yaşıllıq qənimləri “Dostluq parkı”nda baş verənlərdən ibrət götürüb, xərc çəkib, inşa etmək istədiklərinin bir gün yerlə-yeksan olacağından ehtiyatlanmalıdırlar.
Nihat