Qarabağ sorunu müsəlman faktı yox, türk faktıdır

0
6

Soylu Atalı

Qarabağ sorunu müsəlman faktı yox, türk faktıdır

Hər bir sorunun anlamı, ona yanaşmadan asılı olaraq, doğru, yaxud yanlış çözülə bilir. Bir sıra hallarda isə sorunun anlamına doğru yanaşmayanda uzun illər çözülmür, tərsinə, daha da mürəkkəbləşə-mürəkkəbləşə gedir. Bu dediklərimizə ən çox siyasi sorunlar özgündür (aiddir). Bunlardan biri Azərbaycanın Dağlıq Qarabağla bağlı sorunudur. Söz yox, Dağlıq Qarabağ sorununun çözümü biranlamlı olaraq savaş yoludur. Ancaq bu savaşı aparmaq üçün Azərbaycan bir çox yönlərdən gücsüzdür. Gücsüzlüyün nədənini deməzdən öncə, niyə savaşın təkcə yol olduğuna qısaca aydınlıq gətirək.

Ermənistan adlanan dövlət Rusiyanın yardımı ilə Azərbaycan torpaqlarını ələ keçirib. Siyasətdə aparıcılıq edən dünya dövlətləri də buna üzdən yanaşır, yalançı, gözə külüfürmə yönündə qarşılıq verir. Deməli, Qarabağ sorununadək bir neçə yerə parçalanmış Azərbaycanın yenidən parçalanması indiki siyasi gedişin tələblərinə uyğundur, aparıcı güclərin istəklərinə görədir. Buna tarixi doğrulduculuqlar (sübutlar) da yetərincədir. Dağlıq Qarabağdan öncə də Azərbaycanın parçalanması olayları yaşanıb. Burada da Rusiyanın qatqısı, Batı dünyasının istəkləri etkili (həlledici) olub. İstər Güney Azərbaycan, istər Azərbaycanın batı bölgələri, istər Dəmirqapı (Dərbənd) dediklərimizə örnəkdir. Dünyanın siyasi gücləri özlərini bəşərsevər (humanist) göstərmək üçün yaratdıqları siyasi birliklərin (deyək, BMT, Aİ, ATƏT) araçılığı (vasitəsi) ilə qərarlar verir. Bununla da Azərbaycanı arxayın salır, özünə də etki göstərərək barış (sülh) yolu seçməsini tələb edir. Axı barış necə ola bilər – Azərbaycanın torpaqları əlindən alınıb. Burada barış yolu o deməkdir, Azərbaycan torpaqları üzərində alver getsin. Axı torpaqlar bütünlüklə geri qaytarılacaqsa, onda əngəl nədir, on illərlə gözləmək nə üçündür?! Ya da bu torpaqlar nəyin qarşılığında qayıtmalıdır?! Deməli, barış yolu, ən yaxşı halda, Azərbaycanın torpaqlarının bir kəsimindən əl çəkməsi anlamındadır. Azərbaycan isə buna getmir, gedə bilməz. Elə dünya güclərinə də bu gərəkdir – sorun çözülməsin, hər kəs istədiyini aşama-aşama Azərbaycana diqtə eləsin. Deməli, dünya güclərinin Qarabağ sorunu ilə bağlı Azərbaycana barış yolu önərməsi – sorunun çözülməsinin qarşısını almaq üçündür.

Bəs savaşı aparmaqda Azərbaycanın gücsüzlüyünü göstərən nədir? Bəllidir, Azərbaycan Rusiya kimi imperialist dövlətin təpkisi qarşısındadır. Eləcə də Qafqazda çalışqan etkiyə (fəal təsirə) yetmək istəyən Batı dünyasının basqısına uğrayır. Ancaq bu gücsüzlüyü gücləndirən iç sorunlar daha çoxdur. Bəlli sorunları burada geniş açmağa gərək yoxdur. Deyək, Azərbaycanın dövlət öndərliyinin ulusa qarşı yağı davranışı; toplumun ağır yaşam durumu; ayrı-seçkilik; dövlətin tayfaçılıq prinsipləri ilə yönətilməsi; dövlət səviyyəsində oğurluq, yəni pulların ulusdan oğurlanıb dışarıya axıdılması; dövlət yasalarının yaşam nizamında işləməməsi, bir sözlə, ulusal sistemin çökdürülməsi – istər-istəməz dış qüvvələrə, Azərbaycana basqı göstərmək üçün uyğun ortam (münbit şərait) yaradır.
Bu məsələnin başlıca sorunu isə olayları ulusal anlamından ayırmaqdır. Baxın, dövlət öndərliyi səviyyəsində Dağlıq Qarabağ müsəlman faktı kimi sunulur. İslam dövləti adlanan İrandan “ümmət mənafeyi”ni qorumaq umulur. İran, Livan, “müsəlman həmrəyliyi”nə çağırılır. Ancaq bircə yol Dağlıq Qarabağ türk faktı kimi, ümumtürk sorunu kimi vurğulanmır. Çünkü istər Azərbaycanda, istər Türk dünyasında Güney Azərbaycan faktına yandaşlıq (təəssübkeşlik) olunmur. Baxın, Dağlıq Qarabağ müsəlman faktı kimi sunulur, ancaq dünya gücləri “dini ayrı-seçkilik yaratmayın” deyə qarşılıq vermir. Ancaq Dağlıq Qarabağ türk faktı kimi sunulsa, o an dünya gücləri “milli ayrı-seçkilik yaradırsınız” deyə qarşılıq verəcək. Əslində Dağlıq Qarabağ sorununa bu cür yanaşma onun çözülməsinin qarşısını alır. Deməli, ulusal sorunumuza dış qüvvələr necə yanlış yanaşırsa, içimizdə də ona, uyğun olaraq, yanlış yanaşırlar. Düşünürük, haçağacan türk dövlətlərinin Dağlıq Qarabağla bağlı ağzı bir olmayacaq, bu sorun çözülməyəcək; haçağacan Azərbaycan öndərliyi Dağlıq Qarabağ sorununu türk dövlətlərinin birgə sorunu olaraq qəbul etdirə bilməyəcək, bu sorun çözülməyəcək; haçağacan türk toplumunun yapısında (şüurunda) Güney Azərbaycanla Quzey Azərbaycanın birləşməli olduğunun önəmi dərk olunmayacaq, bu sorun çözülməyəcək. Dağlıq Qarabağa siyasi yanaşmaların oyunu kimi yox, ulusal-türk sorunu kimi baxmaq gərəkdir. Onda dövlətin də, toplumun da ulusal sorumluluğu artar.

LEAVE A REPLY