Əlillərin bitməyən dərdləri…

0
22

Əlillərin bitməyən dərdləri…

Bu gün ölkəmizdə neçə yüz min əlil vardır, dəqiq sayını bilmirəm, ancaq onu bilirəm ki, adətən bir ölkədə əlillərin ümumi sayı o ölkə əhalisinin təxminən on-on bir faizinə bərabər olaraq götürülür. Bu yolla təxmini bir hesablama aparsaq o zaman bizim ölkəmizdə yaşayan əlil vətəndaşlarımızın ümumi sayı hardasa doqquz yüz minlə bir milyon nəfər arasında dəyişiləcəkdir.
Bu, əlbəttə, çox böyük rəqəmdir və bütün bu əlillərin sosial qayğıları ilə maraqlanmaq da sosial təminat nazirliyinin öncəlikli vəzifəsidir. Bəs, sadəcə Sosial Təminat nazirliyimi əlillərimizin yaşam şərtləri ilə maraqlanmalıdır? Əslində qətiyyən xeyir deyə, bu sualı elə özümüz də cavablandıra bilərik. Çünki bizim ölkəmizdəkinin əksinə olaraq, xüsusən Qərbin inkişaf etmiş dövlətlərinə əlillərin həyat tərzini düzənləyən, onların ictimai həyata adaptasiyasını mümkün qədər asanlaşdıran və ələcə də sosial qayğılarının həll edilməsi istiqamətində digər nazirliklərin və bələdiyyələrin, həmçinin digər dövlət qurumlarının müştərək təşəbbüs içində çalışdıqlarını, bütün bu çalışmaların da sadəcə əlillərin özlərinin deyil, həm də onların ailə üzvləri və digər yaxınlarının gündəlik həyatlarında necə pozitiv dəyişikliklərə səbəb olduğunu görmək mümkündür.
Məsələn, hansısa bir qərb ölkəsində bizdən fərqli olaraq həm gözdən əlillərin, həm də hansısa bir orqanı amputasiya olunmuş və yaxud təkərli arabaya məhkum olan insanların ictimai nəqliyyatdan tutmuş, küçə səkilərindən rahat istifadə edə bilmələri, lift və binaların ala qapılarından, habelə yeraltı və yerüstü yol keçidlərindən mümkün qədər rahat və köməksiz istifadə edə bilmələri üçün mümkün qədər işlər görülmüşdür. Bütün bunlardan əlavə əlillərin işlə təmini məsələsində də ciddi addımlar atılmışdır. Məsələn, elə qonşu və qardaş Türkiyədə həm dövlət qurumları, həm də özəl şirkətlərə çalışdırdıqları hər on işçidən birinin əlil olması və beləliklə də əlillərin işlə təminatlarını asanlaşdırmaq üçün addımlar atılmışdır. Və ya digər bir Asiya ölkəsini, Cənubi Koreyanı da misal çəkə bilərik. Bu ölkədə avtomat telefon stansiyalarında çalışan işçilərin tamamına yaxını təkərli arabaya məhkum olan əlillərdir. Bu əlbəttə dövlətin öz əhalisinə, öz vətəndaşlarına baxış tərzi ilə əlaqəlidir. Məsələn, bizdə hər hansı dövlət və yaxud da özəl qurumlara gedərək iş istədiyində birmənalı şəkildə, həm də qətiyyən utanıb-qızarmadan, əlillərlə işləmək istəmədiklərini deyirlər. Bunu deyərkən həmin insanlar əslində iş üçün müraciət edən əlilin hansısa bir vəzifənin öhdəsindən bəlkə də sağlam insanlardan daha yaxşı gələ biləcəyini düşünmək belə istəmirlər. Bunun da səbəbi çox bəsitdir. Bizdə əlillərə qarşı normal insan kimi yanaşma yoxdur. Bəzi Iş yerlərinin sahibləri, ya da bəzi dövlət məmurları bu məsələlərdə zehni zincirləri qıracaq qədər inkişaf etməmişdir.
Bu gün küçələrdə, park və bağçalarda əlillər az gözə dəyirsə bu onların ictimaiyyət içində göründükləri qədər az olmaları ilə bağlı deyil, tam əksinə əlillərin yuxarıda saydığımız səbəblərdən evdə oturaraq günlərini dörd divar arasında keçirməyə məhkum olmalarındandır. Gəlin, birgə düşünək. Bu gün elə paytaxtımız Bakıda bir əlil evdən çıxıb bir yerdən başqa yerə getmək istəsə hansı çətinliklərlə üzləşəcəkdir? Əlillər üçün hansısa yol keçidində, binaların girişlərində və ya ictimai nəqliyyat vasirtələrində, yaxud da səkilərdə xüsusi nəzərdə tutulmuş vasitələr varmı? Əlbəttə ki, xeyir. Ən azından son on dörd ildə mən belə bir asanlaşdırıcı vasitəyə rast gəlməmişəm… Ayrıca iş məsələsi ilə bağlı olaraq ona görə belə əminliklə danışıram ki, bu danışdıqlarım birbaşa mənim öz başıma gəlib. Bizdə əlilləri yararsız insanlar hesab edən, əslində isə özlərinin zehni inkişaf və dünyaya baxış tərzi cəhətdən nə qədər yararlı olduqları belə şübhəli olan bəzi məmurların davranışı insanları incitməkdədir.
Nə bu məmurların, nə də iş yeri sahiblərinin əlillərə qarşı olan neqativ baxışları öz-özünə dəyişilməyəcəkdir. Bunun üçün milli məclisimizdə qanunlar qəbul olunmalıdır. Məsələn, bir neçə nəfər çalışdıran iş yeri sahibinə məcburi olaraq bir əlil çalışdırma şərti gətirilə və yaxud çalışdırılan hər əlil üçün o iş yeri sahibi həmin əlilə görə ödəyəcəyi vergilərdən azad edilə bilər. Ayrıca telekanallarda da bu barədə mütləq maarifləndirici proqramlar təşkil olunmalıdır, bəzi insanlardakı əlillərə qarşı əsassız yerə yaranan neqativ münasibət aradan qaldırıla bilsin.
Buradan ölkə rəhbərliyinə kiçicik bir təklif edə bilərəm. Məsələn, mağazalardakı kassa aparatlarında əyləşən işçilərin təkərli oturacağa məhkum olan əlillərlə dəyişdirilməsi üçün mağaza müdürlərini həvəsləndirici tədbirlər görülə bilər.
Belə iş yerlərinin sayını olduqca artırmaq olar, sadəcə bu diləklərin bir dilək olaraq qalmayıb real həyatda öz əksini tapa bilməsi üçün öncəliklə hökumətimizin bəzi addımları atması lazımdır. Biz Azərbaycan olaraq nəinki inkişaf etmiş Qərb dövlətləri, hətta Türkiyədən belə zəif durumda deyilik. Yəni hökumətimiz istəyərsə və ciddi şəkildə əlillərin məşğulluq problemini həll etməyə çalışarsa, o zaman bu istiqamətdə bəzi uğurlar qazana bilər. Bu isə o deməkdir ki, əlillərimizin cüzi pensiya və müəyyən şərtlərlə verilən, onu da almaq üçün allah bilir neçə qapı dolaşmaq məcburiyyətində qaldıqları sosial yardımlarla bir qarın ac, bir qarın tox keçən günləri sona çatacaqdır. Çünki fiziki vəziyyətinə uyğun olaraq hansısa iş yerində çalışan və beləliklə də evə aylıq qazanc gətirə bilən əlillər həm asılılıqdan qurtulacaq, həm də dörd divar arasında yaşadıqları vaxt qapıldıqları pessimizmdən, cəmiyyətdə artıq, kimsəyə yararsız insan olduqları, yer üzündə gərəksiz parazit kimi yaşadıqları kimi oturaq həyatın və psixoloji sıxıntıların gətirdiyi absurd düşüncələrdən canlarını qurtaracaqlardır. Bu həm də əlillər üçün mənəvi rahatlama, psixolojik baryerin aşılması demək olacaqdır ki, məhz bunu əlillərin nə qədər böyük ehtiyacı olduğunu onlardan biri olaraq yaxından bilirəm.
Əlil insanların işlə təmini məsələsidə atılacaq addımlar bir tərəfdən də dövlətimizin üzərindəki maddi külfəti yüngülləşdirəcəkdir. Bir də axı, hər şeyi də maddiyyatla ölçmək doğru deyildir. Əgər dövlət də sadəcə öz kisəsini düşünəcəksə, onda dövlətin millət qarşısındakı öhdəlikləri, sosial dövlət olmanın gətirdiyi dəyərlər silsiləsi harada qaldı? Hər dövlət əlbəttə ki, vətəndaşına verdiyi dəyər qədər qüdrətlidir…
Ümid edirəm ki, əlillərlə maraqlanmalı olan səlahiyyət sahibləri və insani dəyərlərə üstünlük verən iş adamları bu çağırışımıza cavab verəcək və yüz minlərlə əlilimizin dörd divar arasında, maddi sıxıntılar içində keçən həyatları sabah günəşinin qaranlıqları aydınlatdığı kimi ümid və aydınlıq dolu günlərlə əvəzlənəcəkdir…

Zaur

LEAVE A REPLY