Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Xəzər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Ələkbər Heydərovun epizodu üzrə ləğv edilmiş MTN-in Antiterror mərkəzinin sabiq əməkdaşı Fuad Fətəliyev ifadə verib. O, deyib ki, bütün qərarları mərhum MTN polkovniki İlqar Əliyev qəbul edib: “Mən sadəcə, əmrləri yerinə yetirmişəm. Ələkbər Heydərovun saxta sənədlər verməsi ilə bağlı həbs olunması əməliyyatının istintaqını aparmışam. Mən yalnız Ələkbər Heydərovdan izahat almışam və onu sonra buraxmışıq. Ancaq sonradan Ələkbər Heydərovdan İlqar Əliyevin pul aldığını eşitmişəm. Ancaq bu barədə dəqiq məlumatım yoxdur”.
Zərərçəkmiş Ə. Əliyev isə buna etiraz edib və şahidi tanımadığını, ondan bu şəxsin izahat almadığını deyib. Bu zaman təqsirləndirilən E. Quliyev zərərçəkmişə etiraz edərək, Ə. Heydərovdan 300 min manat alınması ilə bağlı söhbətlərin İlqar Əliyev tərəfindən yayılmasının inandırıcı olmadığını deyib: “Təsəvvür edin, İlqar Əliyev pul alıb. Gedib kiməsə deməli idi ki, mən 300 min manat pul almışam? Axı bu məntiqsizdir. Digər tərəfdən zərərçəkmişdən pulu mən almamışam. Mənə bu epizod üzrə niyə ittiham verilib?”.
Zərərçəkmiş Ə. Heydərov da E. Quliyev adını çəkmədiyini deyib. E. Quliyev isə cavabında zərərçəkmişə “bəs onda mən niyə burda oturmuşam, təqsirim nədir?” sualını verib. Zərərçəkmiş isə E. Quliyevə pul vermədiyini deyib və bu zaman onlar arasında mübahisə yaranıb.
Hakim prosesə müdaxilə etdiyinə görə E. Quliyevə xəbərdarlıq edib. Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.