Yediyimiz dondurma təhlükəlidirsə – Məsuliyyəti kim daşıyır?

0
6
Bir neçə gün əvvəl İqtisadiyyat və Səhiyyə Nazirliklərinin birgə yaydığı açıqlamada ölkədə dondurma istehsalı ilə məşğul olan bir neçə məşhur şirkətin istehsal etdiyi dondurmaların keyfiyyətsizliyi ilə bağlı yaydığı infomasiya geniş müzakirələrə səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, belə ki, aparılmış  laborator müayinələr nəticəsində “AER Company Qrup” MMC-yə məxsus “Çudo” şokoladlı, “AER” plombir şokoladlı və “AER” plombir vanilli, habelə fiziki şəxs Səringül Yusubovaya məxsus “Bakinskiy privet” plombir, “Meqapolis” şokoladlı plombir, “Cappuçino” qəhvəyi, “Matryoşka” plombir, “Selena” şokoladlı plombir və “Panda” südlü dondurmalarında mezofil-aerob və fakultativ-anaerob mikroorqanizmlərin də miqdarının normativ sənədlərlə müəyyən olunmuş normativdən artıq olduğu aşkar edilib. Buna görə də, aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar “AER Company Qrup” MMC,“Band Milk” MMC, “S.A.B.A. Şirkəti” MMC, “A.Y.S-60” MMC, habelə fərdi sahibkarlar Müzəffər Poladov və Sərəngül Yusubova barədə qeyd olunan dondurmaların istehsalının dayandırılması, bu məhsulların ticarət şəbəkəsindən geri çağırılması kimi məhdudlaşdırıcı tədbirlər tətbiq edilmiş və istehsalat sahəsində müvafiq sanitariya-gigiyenik və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi barədə göstəriş verilib.

Maraqlıdır ki, istehsalın dayandırılması ilə bağlı göstəriş verilsə də, o cümlədən məhsulların ticarət şəbəkələrindən geri çağırılması qeyd olunsa da,  paytaxtın bir sıra marketlərində adları qeyd olunan dondurmalara rast gəlmək mümkündür. Belə olan halda istehlakçılar ötən gündən etibarən məsələ ilə bağlı sosial şəbəkədə bir çox maraqlı məlumatlar paylaşırlar.

Bir çoxları bildirir ki, əgər bu şirkətlərin  qeyd olunan dondurmaları keyfiyyətsizdirsə, o zaman həmin şirkətlərin fəaliyyətinə dərhal son qoyulmalıdır. İnformasiya yayıldığı andan etibarən həmin gün ərzində sahibkar bütün ticarət obyektlərindən məhsullarını gün sonuna kimi toplamalıdır. Xüsusilə də isti yay günlərində əhali hər gün dondurma yeməyə ehtiyac duyur. Azyaşlılar isə dondurmanı daha çox istehlak edirlər.

Belə olan halda, insan həyatı, sağlamlığı üçün maksimal təhlükə olduğuna görə vaxt itirmədən məhsullar yığışdırılmalıdır. Ümumiyyətlə isə, istehlakçının sağlamlğını düşünməyib öz şirkətinin maraqlarına naminə  məhsul istehsal edən sahibkarlara qarşı daha ağır cəzalar tətbiq olunmalıdır.

Bundan əlavə, sosial şəbəkə istifadəçiləri adları qeyd olunan şirkətlərdən biri olan “AER Company Group” un istehsal etdiyi dondurmaların keyfiyyətli olduğunu bildiriblər və bunun şirkətə qarşı qara piar kampaniyasını olduğunu vurğulayıblar. Hətta bəzi istehlakçılar bu məsələnin idxal olunan dondurmaların az satılmasına görə ortaya çıxdığını və başqa amillərin olduğunu iddia edirlər.

“Qafqazinfo”  sosial şəbəkələrdə çoxsaylı müzakirələrə səbəb olan bu məsələ ilə bağlı aidiyyatı qurumlarla və sözügedən şirkətlərlə əlaqə saxlamağa çalışıb. 

“S.A.B.A “ MMC-dən bildirilib ki, şirkətin qapısı hər bir istehlakçının üzünə açıqdır: “Kim əgər dondurmaların keyfiyyətinə şübhə edirsə, buyurub istehsal prosesi ilə tanış ola bilər”.

“AER Company Group” şirkətindən isə  bildirilib ki, hazırda müdiriyyət istehsal prosesinə nəzarət etməyə gedib. Məsələ ilə bağlı redaksiya ilə əlaqə saxlayıb mövqelərini bildirəcəklər.

Yerdə qalan iki şirkət “A.Y.S-60” MMC və “Band Milk” MMC ilə əlaqə saxlamaq mümkün olmayıb.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov “Qafqazinfo”ya bildirib ki, adları qeyd olunan şirkətlər barəsində istehsalın dayandırılması, geri çağırılması üçün məhdudlaşdırıcı tədbirlər bizim tərəfimizdən tətbiq olunub:

“İstehsalatda mövcud sanitar gigiyenik dezinfeksiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı göstəriş vermişik. İndi hazırda bu iş davam etdirilir. Yəqin ki, məhsullar satış şəbəkələrinə ikitərəfli müqavilə əsasında paylanılır. Həmin müqavilə əsasında da sahibkar  istehsal etdiyi məhsulu toplayacaq. Məhsulları toplayandan sonra Səhiyyə və İqtisadiyyat Nazirliyinə məlumat verilməlidir.

Biz Ədliyyə Nazirliyinin Reyestr xidmətində qeydiyyatdan keçən istehsal mənşəli pozuntuların olduğu istehsal yerlərindən nümunələri götürürük. Şirkətlər bilir ki, hansı ticarət şəbəkəsinə bu dondurmalar paylanılıb.

Məhsulların geri çağırılması üçün məhdudlaşdırıcı tədbir o deməkdir ki, istehsal dayandırılsın və məhsullar toplanılsın.

İnformasiya iki gün əvvəl yayılıb. Hələ ki, bizə məhsulların yığışdırılması ilə bağlı məlumat verən yoxdur. Sahibkar da məsuliyyətdən kənar durmaz. Yəqin  bilir ki, bunun mahiyyətində insan sağlamlığı dayanır”.

İqtisadiyyat Nazirliyindən isə bildirilib ki, ötən gün hər iki dövlət qurumu ilə birgə yayılan açıqlamada istehlakçılara adları qeyd olunan dondurma məhsullarını  almaqdan çəkinmələri ilə bağlı geniş məlumat KİV vasitəsilə yayılıb. Həmin dondurmaların istehsalçılarına da istehsalın dayandırılması və satış şəbəkələrindən geri çağırılması ilə bağlı  müvafiq bildiriş verilib. Hazırda bu məsələnin icrası ilə bağlı işlər görülür və nəzarət tədbirləri davam etdirilir. Eyni zamanda satışdan  yığılma prosesinə də nəzarət olunur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da “Qafqazinfo”ya bildirib ki, gərək nazirliklər vaxtında bu yoxlamaları aparardılar: “İstehsalçının  bazara çıxartdığı, pul qoyduğu malların məhv olmasını həyata keçirərdilər. Əgər həmin dondurma istehsalçıları Azad İstehlkaçılar Birliyinə müraciət etsələr KİV, xüsusilə də “Qafqazinfo” nun əməkdaşlarını iştirakı ilə açıq və şəffaf şəkildə müayinə apara bilərik. Bununla da həqiqəti ortalığa qoyarıq. Əgər onlara qarşı hər hansı başqa amillər, rüşvət və. s varsa buyurub bizə müraciət edə bilərlər.  Bütün müayinələri  təmannasız edəcəyik”.

Bundan əlavə, ekspert qeyd edib ki, 2011-ci ildə USAİD bizə müraciət edərək qida təhlükəsizliyi nişanını tərtib etməyi tövsiyə etdi: “Yalnız “İceland” dondurma firmasına bu nişan şamil edilib. Həmin dondurma firmasında daim ictimai nəzarət var. Digər müəssisələr bizə müraciət etməyib. Əgər müraciət edərlərsə, biz monitorinqlər apara bilərik. Əgər  uyğun gələrsə, biz həmin beynəlxalq nişanı onlara da tətbiq edə bilərik”.

Onun sözlərinə görə, dondurmadan insan həyatını da dəyişə bilər: “Əgər insan bir dəfəyə 300 qram dondurma yesə, bir anda həyatını dəyişə bilər. Bütün mallarda olduğu kimi, dondurmalardan da zəhərlənmək mümkündür. Dondurma süd məhsuludur. Onun yağlılığını artırmaq üçün birmənalı şəkildə kərə yağından istifadə olunmalıdır. Ancaq biz bitki yağlarından və marqarindən istifadə edildiyini görürük. Beləliklə də, istehlakçılar yeyəndə dillərinin üstü acı dadıyır. Bu kərə yağından istifadə edilmədiyinin əlamətidir. Bundan əlavə, vaxtı keçmiş dondurmalar da Azərbaycan bazarında mövcuddur.

Dondurmadan zəhərlənmə halları Səhiyyə Nazirliyi tərəfindən gizlədilir. Çünki nazirlik bütün mallara gigiyenik sertifikat verir. Yəni, bu o deməkdir ki, o məhsuldan insan zəhərlənə bilməz. Əhalinin sağlamlığını da nəzərə almalı olan qurum Səhiyyə Nazirliyidir. Bir dəfə də olmayıb ki, Səhiyyə Nazirliyi zəhərlənmə faktı iə bağlı informasiya yazsın. Elə olsa, istehsalçı Səhiyyə Nazirliyinin verdiyi sertifikatı gətirib stolun üstünə qoyar. Ona görə də hazırda hökumətdə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı hökumətdə işlər gedir. Biz demişik ki, sertifikat verən orqan müstəqil olsun ki, belə hallar olmasın”.

Sonra qeyd edək ki, bir neçə böyük marketdə apardığımız müşahidələrə əsasən hələ də siyahıda adı halallanan dondurmalar satışdadır.

***

“AER Company” şirkətindən bildirilib ki, bildirişdə adı qeyd olunan 3 adda məhsulumuzu satış şəbəkələrindən geri çağırmışıq: “ Bizə bildiriş verilmədən əvvəl həmin dondurmalarda bağırsaq çöplərinin olduğunu bilirdik. Çünki 2010- cu ildən şikrətin mikrobiologiya laboratoriyası var. Ona görə də dərhal problemi bildik və həmin dondurmalar təkrar emala getdi. Əslində isə bildirişdə hansı tarixdə buraxılan dondurmada bakteriya aşkar olunduğu göstərilməli idi. Ancaq yox idi. Hazırda bazarın 80 faizi xaricdən idxal olunan dondurmalardır. Bu baxımdan da bizi gözdən salmaq istəyirlər. Amma yerli sahibkara da şərait yaratmaq lazımdır”.