Azərtac xəbər verir ki, həkimlər 80 yaşlı siyasətçiyə beyin xərçəngi diaqnozu qoyublar. BBC-nin məlumatına görə, xəstəlik Con Makkeynin gözündə əməliyyat aparılarkən müəyyən olunub. Müalicənin həm kimya terapiyası, həm də şüalandırma yolu ilə aparıla biləcəyi qeyd olunur. Təhlillər göstərib ki, senatorda qlioblastoma – beynin ilkin şişi xəstəliyi var. Bu xəstəlik əsasən kişilərdə müəyyən olunur və yaşla özünü göstərir.
Con Makkeyn 2008-ci ildə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olub, lakin seçkilərdə Barak Obamaya qalib gələ bilməyib. O, 5 il Vyetnam əsirliyində keçirib, işgəncələrə məruz qalıb, 1973-cü ildə azad edilib.
Makkeynin qəfil xəstəliyinə prezident Donald Tramp Twitter-də reaksiya verib, onun mübariz insan olduğunu yazıb. Sabiq prezident Barak Obama da Makkeyni Amerika qəhrəmanı adlandırıb.