Mikayıl Cabbarovun yeni rüşvət sistemi
Xaricdə oxuyanlara “qırmızı işıq” yandırılıb
Xaricdə yüksək təhsil alaraq Vətəninə dönən azərbaycanlı Təhsil Nazirliyi tərəfindən haqsız incidlir, süründürməçilyə məruz qalıb.
Bunu Mirsahib Nuru oğlu Seyidli Strateq.az-a ünvanladığı şikayət məktubunda yazıb.
M.Seyidli yazır ki, birinci qrup Çernobıl əlilidir, şikayəti isə Təhsil Nazirliyi Nostrifikasiya şöbəsinədir:
“Oğlum Miryunis Seyidli YÖS sistemi ilə 2008-2009 tədris ilində Qazaxstan Respublikası Türküstan şəhərində yerləşən Əhməd Yəsəvi adına Türk-Kazak universitetinə qəbul olmuşdur. Tədrisini müvəffəqiyyətlə başa vuraraq vətənə olan xidməti borcunu ödəmək üçün Azərbaycana qayıtmışdır. Bunu da qeyd edim ki, oğlum universitetdə oxuyan zaman bir sıra nüfuzlu təşkilatlarda İxtisasartırma kurslarında iştirak edərək sertifikatlar da alıb. 2014 sentyabr ayının 16-da diplomunu təsdiqlətmək üçün Təhsil Nazirliyinin Nostrifikasiya şöbəsinə təqdim etdi. Oradan bizə bildirdilər ki, müəyyən dövlət qurumlarına (Gömrük, Sərhəd xidməti), o cümlədən oxuduğu universitetə sorğular ediləcək və alınan cavablara nəzərən diplomunun təsdiqlənməsinə baxılacaq”.
Şikayətçi yazır ki, bu arada oğlu Azərbaycan Respublikası Daxili Qoşunlarının N saylı hərbi hissəsinə Vətənə olan borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə gedib: “Oktyabr ayında oğlum hərbi xidmətə yollandı. Biz valideyn olaraq dəfələrlə Təhsil Nazirliyi ilə əlaqə saxlasaqda, bizə deyilən cavab o oldu ki, oğlunuzun oxuduğu universitetdən sorğumuza cavab gəlməyib. 2014 dekabr ayına qədər biz gözlədik. Sonradan həmin universitetdə oxuyan oğlumun tələbə yoldaşları ilə əlaqə saxladıqdan sonra məlum oldu ki, Təhsil Nazirliyi heç həmin universitetə məktub belə yazmayıb. Sonradan öz imkanlarımız ilə Təhsil Nazirliyinə lazım sorğu cavablarını faksla göndərttik. Bundan sonra Təhsil Nazirliyi Daxili Nəzarət şöbəsinin müdiri Nəzakət Hacıyeva bizə bildirdi ki, narahat olmayın, 2015-ci ilin yanvar ayının 15-nə gəlin, sənədləriniz hazır olacaq. Lakin bu da firildaqdan başqa bir şey deyildi. Valideyn olaraq dəfələrlə qəbula yazılmağıma baxmayaraq, Daxili Nəzarət şöbəsinin müdiri Nəzakət Hacıyeva məndən soruşurdu ki, “Siz harada yaşayırsız? Bura Azərbaycandır”. Mən bu suala həmin vaxtlar bir cavab, bir məna tapa bilmirdim. Ancaq indi mənə aydın olur ki, bu rüşvət istəməyin mədəni formasıdır. Hətta Həzakət Hacıyeva mənə açıq-aşkar bildirirdi ki, “Hara istəyirsizsə şikayət edin. Buranın ağası bizik. Bizə heç kim heçnə edə bilməz”.
Nəhayət, 2015 aprel ayında mənə Təhsil Nazirliyindən zəng oldu ki, oğlunuz Seyidli Miryunisi müsahibəyə dəvət edirik, gəlməlidi mütləq. Məndə öz növbəmdə bildirdim ki, oğlum hərbi xidmətə getdiyi 6 ay bitməyib hələ, uşağı necə gətirim? Ancaq mənə dedilər ki, “Bu sizin şəxsi probleminizdi. Necə istəyirsiz elədə edin. Uşağı gətirməsəz sənədinə baxılmayacaq”. Oğlum xidmət etdiyi Daxili Qoşunlara müraciət elədim.Oğlum 2015 may ayının 8-də məzuniyyətə buraxıldı. 2015 may ayının 12-də isə Təhsil Nazirliyində müsahibədən keçdi və oğluma bildirdilər ki, 1 ay müddətində Sizə nəticə haqqında cavab veriləcək. Lakin indiyə qədər heç bir cavab yoxdur. Sual vermək istərdim ki, hansı dövlətdə hansı qurumda belə özbaşınalıqlar var? Hansı dövlətdə bir sənədi 10 aya verirlər? Hansı dövlətdə vətəndaşdan soruşurlar ki, Siz harda yaşayırsız? Nəzakət Hacıyeva kimdir və onun arxasında kim dayanıb ki, o, hətta ölkə Prezidentinin məmurlar haqqında dediyi sözlərə belə məhəl qoymur?”.
Şikayətçi iddia edir ki, əgər bu məsələnin üstünə düşüb araşdırılsa onda bütün gərçəklər üzə çıxacaq:
“Təhsil Nazirliyində rüşvət tüğyan edir. Minlərlə valideyn boynu bükük övladının sənədini ala bilmir. Hətta Təhsil Nazirliyində olarkən orada bir valideyn mənə bildirdi ki, “İndi hansı zəmanədi? Mən pul verdim və oğlumun sənədini 1 ay müddətinə aldım. Bu nə özbaşınalıqdır. Təhsil Nazirimiz cənab Mikayıl Cabbarov hara baxır? Əgər sənədi 2015 iyul ayına qədər oğlumun xidmət keçdiyi hərbi hissəyə təqdim eləməsəm, övladım 6 ay əlavə xidmət edəcək.
Onsuzda bu haqsizliqlara görə savadlı gənclərimizin çoxu gedir xaricə. Axı bizim Azərbaycanımıza savadlı kadrlar lazımdır. Onlar bizim və dövlətimizin gələcəyidir. Niyə onlar bu məmur özbaşınalıqlarına görə xaricə üz tutmalıdırlar ki?”.
Məsələ ilə bağlı şikayətdə adıçəkilən N.Hacıyava ilə danışmaq cəhdimiz alınmadı. Onu da dinləməyə hazırıq.