Qərarda deyilir ki, “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minir.
Bundan öncə Aİ-92 benzinin 1 litrinin qiyməti 70 qəpik idi.
Tarif Şurasının məlumatında bildirilir ki, tarif dəyişikliyindən sonra da “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaqdır. Belə ki, hazırda “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir.
Xatırladaq ki, ölkədə avtomobillərin əksəriyyət Aİ-92 markalı benzindən istifadə edir.
İqtisad elmləri doktoru Qubad İbadoğlu hesab edir ki, artım yalnız “Aİ-92” markalı avtomobil benzinlə məhdudlaşmayacaq, digər markalı benzinin və dizel yanacağının qiymətində də bahalaşma olacaq.
“Benzinin qiymət bahalaşmasının ikili -psixoloji (panik) və iqtisadi (məsrəf artırıcı) təsirləri olacaq. Psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzunmüddətli və davamlıdır. Benzinin qiyməti kəskin artdığı halda nəqliyyat tariflərinin stabil saxlanılması mümkün deyil. Odur ki, ilk növbədə xüsusi (taksi) və ictimai nəqliyyatda (şəhərdaxili və şəhərlərarası avtobuslarda) sərnişin daşınmasında gediş haqları qalxacaq. Bununla yanaşı, avtomobil, hava və dəniz nəqliyyatında daşınma xərclərinin artması əsas istehlak mallarının qiymətinin bahalaşmasında hərəkətverici rol oynacaq. Beləliklə də ilin ikinci yarısında inflyasiya proseslərini daha da sürətləndirəcək. Məlumat üçün qeyd edim ki, cari ilin birinci yarısında inflyasiya 13,9 faiz olub”,deyə İbadoğlu facebook səhifəsində yazıb.
İqtisadçı Samir Əliyev bildirir ki, Tarif Şurasının sadladığı MDB ölkələrindən yalnız Rusiya və Qazaxıstan neft istehsalçısıdır.
“İndi bizdə benzin 53 sent oldu. Yəni Qazaxıstandan baha. Belarus neft istehsalçısı olmasa da benzinin litri Azərbaycandan cəmi 6 sent bahadır”, ekspert qeyd edib.