AXCP-də böyüklərin savaşı başlayır.

0
4

Əli Kərimli “Milli Şura”nın sədri Cəmil Həsənlini “torpedo” edib.

AXCP-də böyüklərin savaşı başlayır.

AXCP sədri Əli Kərimli özünəməxsus siyasi kursu davam etdirməkdə israrlı görünür. Ustalıqla ciddi siyasi münaqişələrdən yayınmağa bacaran Ə.Kərimli həmin “savaş”larda “milli şura” adlanan qurumun səlahiyyətsiz sədri Cəmil Həsənlidən sözün əsil mənasında “torpedo” kimi istifadə etməyə başlayıb. Birinci Avropa Oyunlarına qarayaxma kompaniyasının əsasını qoymuş AXCP sədri gözlənilmədən həmin oyunlarda uğur qazanmış ölkə idmançılarına təbrik ünvanlayıb. Bu isə onunla tərəfdarlarının yeni çəkişməsinə səbəb olub.
AXCP yetkililəri Ə.Kərimlini ikiüzlülükdə suçlamaqdan çəkinməyiblər. Onlar sədrlərini C.Həsənlini bilərəkdən nüfuzdan salmaqda ittiham edirlər. Belə ki, “Milli Şura” sədri Avropa Oyunlarının ölkəmizə ciddi iqtisadi zərbə vurduğu barədə açıqlamalar etməsindən sonra, Ə.Kərimlinin əks mövqe sərgiləyərək qalib idmançıları təbrik etməsi AXCP-ni yenidən qarışdırıb.
AXCP-dəki etibarlı mənbəmizin verdiyi məlumata görə təşkilatda baş qaldırmış qiyamdan narahat olan Ə.Kərimli təcilli sədrlər şurasını toplayıb.

Şöbə sədri nələri söylədi?

Sədrlər şurasının yığıncağından daha öncə Ə.Kərimli ilə təkbətək görüşmüş rayon şöbələrinin sədrlərindən hələlik adının açıqlanmasını istəməyən biri “Millətim”ə maraqlı məlumatlar ötürüb. O, AXCP sədri ilə partiyada baş vermiş son istefalar barədə müzakirə apardığını söyləyib. Şöbə sədri AXCP-də uzun illər fəallıq göstərmiş Ağaşirin Tanrıverdioğlunun partiyadan çıxarılmasını müsbət qarşılamadığını bəyan etdikdə Ə.Kərimlidən qaneedici cavab almadığını təəssüflə qeyd edib. Şöbə sədri fəal AXCP-çi gənclər-Dəyanət Babayevin, Cavid Musazadənin, Ehtiram Mehdiyevin də partiyadan çıxarılmasına etirazını bildirib və xatırladıb ki, gənclər onların AXCP-dən qovulmasına ciddi reaksiya verib. Görüşdən razı qalmadığını söyləyən şöbə sədri AXCP sədrinin psixoloji durumundan narahatlıq keçirdiyini də açıqlayıb: “Ə.Kərimli qeyri-adi hərəkətlər edir, rabitəsiz danışır, mətləbə aid olmayan söhbət edir, gah gülür, gah da əsəbləşirdi. Əvvəllər mətbuatda yazılanlara şübhə ilə yanaşsam da, indi sədrimizin xəstəliyi barədə yazılanlara inanmaq zorundayam. Gördüklərim barədə şöbənin fəallarıyla müzakirə aparıb, qərarımı verəcəyəm. Ə.Kərimlinin hər kəsdən şübhələnməsi, hər kəsə xəyanətkar adı verməsi, uzun illər birgə addımladığımız cəbhədaşlarımızı bir andaca təşkilatdan qovmaq barədə qərar qəbul etməsi şübhəsiz psixoloji durumunun qeyri kafi olmasıyla bağlıdır”.

Elçin Əli Xan hədəfə götürülüb…
AXCP-nin fəal gənclərindən sayılan Elçin Əli Xanın “Millətim”in ötən sayında “Yaşasın Xalq Cəbhəsi” adlı köşə yazısıyla çıxış etməsi Ə.Kərimlini bərk qəzənbləndirib. Görünən odur ki, Elçin tezliklə AXCP sıralarından kənarlaşdırılacaq. AXCP sədri gənclərin etirazından narahatlıq keçirdiyi üçün müavinləri Fuad Qəhrəmanlı və Gözəl Bayramlıya bir müddət gözləməyi tövsiyyə edib. Ə.Kərimlinin növbəti göstərişi isə “Milli şura” sədri C.Həsənlinin müdafiəsinə qoşulmamaq barədə olub. Hədəfində “Milli şura” sədrliyini ələ keçirmək olan AXCP sədrinə “Yeni Müsavat” qəzetinin və bir sıra partiya sədrlərinin hücuma keçməsi əslində sərf edirmiş.
Ə.Kərimli üçün AXCP-də dolaşan qorxunc kabuslardan biri də AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirovdur. Bir müddət öncə Rafiq bəyin oğlunun şərlənərək həbs edilməsi və sonradan onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığıyla əvəzlənməsi AXCP sədrini şubhə burulğanına salıb. Bununla yanaşı təşkilat şöbəsinin müdirini xəyanətdə suçlayan şayiələrdə Ə.Kərimlinin ideyası əsasında yayılıb. R.Daşdəmirovun tezliklə AXCP-dən uzaqlaşdırılacağı uyğun bir məqama bağlıdır. Hələlik isə AXCP sədri və müavinləri Rafiq bəyin təşkilatda heç də az olmayan nüfuzundan və tərəfdarlarından kifayət qədər ehtiyatlı görünürlər.

Sırada ağır “çəkililər” də var
Deyəsən, Ə.Kərimlinin çətin günləri hələ irəlidədir. AXCP Rəyasət Heyətinin yığıncağını keçirməkdə çətinlik çəkməsi təşkilatda baş verən bir sıra qaranlıq məqamlardan xəbər verir. Ə.Kərimlinin F.Qəhrəmanlı, G.Bayramlı və məclis sədri Həsən Kərimova hədsiz səlahiyyət verməsi, onların isə həmin səlahiyyətdən AXCP üzvlərini təhdid-təqib etməyə baş vurmaları bir çox nüfuzlu partiya səlahiyyətlisinin narazılığına səbəb olub. Təşkilatın sıravi üzvləri və xüsusilə gənclərlə müntəzəm əlaqə saxlayan Rəyasət Heyətinin üzvü Nemət Əliyev onlarla söhbətlərdə AXCP-də belə davamın mümkünsüzlüyünü etiraf edib. Tanınmış iqtisadçı-ekspert N.Əliyevin AXCP-dəki nüfuzunun Ə.Kərimlidən aşağı olmadığını nəzərə alsaq, Nemət bəyin açıq davaya başlayacağı günün partiyada ciddi parçalanmaya səbəb olacağı şübhəsizdir.
Bir müddət aktiv siyasətdən çəkilmiş kimi görünən, AXCP Rəyasət Heyətinin digər üzvü Sahib Kərimlinin partiyadan kənardakı fəaliyyəti barədə məlumatlar yayılmaqdadır. S.Kərimli Əli kərimlidən sonra AXCP sədrliyinə iddiasını büruzə verməkdədir. Onun tez-tez toplantılar keçirib AXCP-dəki siyasi durumu incələməsi və sərt tənqid etməsi geniş müzakirə mövzusuna çevrilib. O da məlum olub ki, partiyadakı çaxnaşmalardan qorxuya düşmüş Ə.Kərimli artıq AXCP-nin qurultayını təxirə salmaq deyil, əksinə, tez bir müddətdə qurultayı keçirmək istəyir.

Seymur Həzidən xəbər var
AXCP üzvlərinin əksəriyyətinin gəldiyi qənaətə görə Ə.Kərimli və yaxın çevrəsi partiya sədrinin müavini Seymur Həzinin həbs edilməsində maraqlı olublar. Bu hətta Asif Yusiflinin də həbs olunmasına şamil edilir. Səbəb kimi isə S.Həzi və A.Yusiflinin azadlıqda olduqları zaman AXCP-dəki vəziyyət biganə qalmaları göstərilir. Bu inandırıcı görünür. Belə ki, Ə.Kərimlinin yaxın çevrəsi dövrəyə növbəti şayiəni ötürüb. Guya həbsxana həyatı yaşayan S.Həzi iqtidar nümayəndələri ilə görüşüb və azad olunacağı təqdirdə Ə.Kərimlini istefaya göndərə biləcəyi barədə öhdəlik də götürüb. Bu şayiə S.Həzinin tərəfdarlarını hərəkətə gətirib. Onlar sona qədər S.Həzini müdafiə edəcəklərini və azad olunacağı təqdirdə AXCP sədrliyinə ən layiqli namizədin də məhz Seymur olacağını bəyan etməyə başlayıblar.

Məhkəmə olacaq…
Bu arada Ağaşirin Tanrıverdioğlunun məhkəməyə müraciət etdiyi barədə xəbər yayılıb. O, AXCP-dən qanunsuza çıxarıldığını iddia edərək AXCP-yə təzminat davası açıb. Belə görünür ki, A.Tanrıverdioğlu tezliklə AXCP sədri ilə məhkəmədə qarşı-qarşıya gəlməli olacaq. Bu azmış kimi onun və AXCP-dən çıxarılmış gənc Dəyanət Babayevin “facebook”dakı profili dağıdılıb. D.Babayev bu barədə Milli Təhlükəsizlik Nazirliyinə ərizəylə müraciət etməli olub. Onun iddiasına görə “facebook” profilləri Əli Kərimlinin AXCP-dəki “xaker”ləri dağıdıb. Təbii ki, Dəyanət bəy həmin rəyə əlində olan ciddi faktlara əsaslanaraq gəlib.

Əli Kərimli növbəti dəfə CANP sədrinin ünvanına danışıb

AXCP sədrlər şurasının son yığıncağında Ə.Kərimli növbəti dəfə CANP sədri Ramiz Tağıyevin ünvanına danışmalı olub. O, açıq-aşkar Ramiz bəyin AXCP-ni dağıdacağından ehtiyatlandığını bəyan edib. Ə.Kərimli rayon şöbələrinin sədrinə ciddi göstəriş verib ki, təşkilat üzvlərinin CANP sədri ilə əlaqəsini nəzarətdə saxlasınlar. R.Tağıyevlə görüşən hər bir AXCP üzvü barədə dərhal Ə.Kərimliyə məlumat verilməsi də qərara alınıb. Bu barədə ətraflı məlumat alan Ramiz bəy suallarımızı ətraflı cavablandırmaqdan yayınaraq, mövqeyini bir cümlə ilə ortaya qoydu: “Əli Kərimli doğurdan xəstədir, xəstə olmasaydı, etiraf edərdi ki, AXCP adlı təşkilat artıq yoxdur, varsa da təşkilatı deməli mən idarə edirəm.”

Murad

LEAVE A REPLY