“Əbülfəz Elçibəyi gözdən salmaq üçün əllərindən gələni etdilər”

0
4

“Əbülfəz Elçibəyi gözdən salmaq üçün əllərindən gələni etdilər”

Rəhim QAZIYEV: “Sülhəddin Əkbər çıxış edərək dedi ki, bizdə Rəhim Qazıyevin ruslara işlədiyi haqda sənəd var. Mənsə dedim ki …”

Düz 22 ildi ki, Azərbaycanın başı üzərundə bir kabus, “4 İYUN KABUSU” dolaşmaqdadır. O gündən bu günədək açılmayan sirlər, üstü örtülü qalan müəmmalar var ki, həmin sirlər açılmadıqca, həmin müəmmaların üstündən qara pərdələr qaldırılmadıqca, cəmiyyət rahatlaya, arxayın nəfəs dərib, dünənindən əmin, sabahından ümidli ola bilməyəcək. Əslində, o günlərin fəal iştirakçıları və söz sahibi olan personajlarından cəmi iki nəfəri dünyasını dəyişib – prezidentlər Əbülfəz Elçibəy və Heydər Əliyev. Qalanları isə hələ ki həyatdadılar və bu insanların, hələ ki gec deyil, bir masa arxasına oturmaları və ortada olan sirlərin açılması və cəmiyyəti, illərdi ki, təlaş içində saxlayan müəmmaların aydınlığa quvuşması yönündə müzakirələrə başlamaları lazımdı və vacibdi. Amma, nə sirri-ilahidisə, bu şəxslərdən heç biri nə danışmağa, nə də müzakirələrə meylli görsənirlər. Təkcə Rəhim Qazıyevdən savayı. Elə bu səbəbdəndi ki, yenə də 4 iyun hadisələrinin görünən və görünməyən tərəflərinə Rəhim bəyin bələdçiliyi ilə ayna tutmağa çalışdıq.
Sizə təqdim etdiyimiz bu silsilə müsahibədə, bir çox tanınmış ictimai-siyasi xadimlərin adları hallanır, bəzilərinin barəsində hətta ağır-yüngül ittihamlara da rast gələcəksiniz. Bununla belə, bəri başdan bəyan edirik ki, Rəhim bəyin dedikləri onun öz mülahizələridir və adı çəkilən hər kəsin cavab haqqını tanımağa, münasibətlərini də dərc eləməyə hazırıq.

“Rauf Arifoğlu “həmin bəyanatın mətnini mən öz əllərimlə yazmışam” – dedi”

(Əvvəli ötən saylarımızda)

– Söhbət məşhur “Sürətin xəyanəti” bəyanatındanmı gedir?

– Bəli, müdafiə nazirliyində gedən xəyanətlər, Sürətin xəyanətləri, daha nə bilim kimlərin xəyanəti. Mən burada bir balaca haşiyə çıxmaq istəyirəm və xahiş edirəm ki, bu xüsusi qeyd olunsun. Dünya tarixində baş vermiş bütün hərbi olayların heç biri xətalardan xali deyil. Hətta istənilən hərbi vəziyyətdə xəyanət də, cinayət də, şərəfsizlik də, satqınlıq da ola bilər. Baxın, II Dünya müharibəsində general Vlasov Kremlin, Lenin movzoleyinin 170 km-liyində bütöv bir ordunu Hitler ordusunun rəhbərliyinə təhvil verdi. Həmin dövrdə alman ordusunun avanqard hissələri movzoleydən 23,5 km məsafədəydi. Bununla belə, Sovet ordusu Berlinə kimi gedib çıxdı və elə orada da Hitler ordusunun axırına çıxdı. Yəni, kiminsə xəyanəti heç də bütövlükdə müharibənin uduzulması anlamına gəlmir. Həmin bəyanat verilən dövrdə biz həqiqətən də uğursuz əməliyyat keçirmişdik. Həm də o uğursuzluq elə-belə olmamışdı.

– Necə yəni, elə-belə olmamışdı?

– Niyəsini indi mən də dəqiq sizə deyə bilməyəcəm, amma bir halda ki, əməliyyat uğursuz keçmişdi və bunlar öz ağılları ilə burada xəyanət izləri görürdülərsə, o zaman niyə məsələ prezidentin yanında Təhlükəsizlik Şurasında müzakirə olunmadı, ölkənin hərbi və siyasi rəhbərliyi səviyyəsində bu məsələyə qiymət verilmədi? Bəlkə doğrudan da orada elə məsələlər ortaya çıxa bilərdi ki, bunun nəticəsində Rəhim Qazıyev də, Sürət Hüseynov da güllələnməliydi. Yəni, bunlar olmadı və bunlar olmadan, o dövrdə ictimai təşkilat olan AXC-nin adından belə bir bəyanat necə ortaya çıxdı? Ümumiyyətlə, dünən Ordubaddan gəlib bu gün bəyanat verən Fərəc Quliyevin buna nə qədər haqqı və səlahiyyəti çatırdı? Niyə Fərəc Quliyev bu bəyanatı ilə müdafiə nazirliyi bir yana qalsın, Azərbaycan dövlətinə və “çox sevdiyi” prezident Əbülfəz Elçibəyə arxadan zərbə vururdu? Niyə?

– Siz o “niyə”nin cavabını nədə görürsünüz?

– İndi sizə bunun dəqiq cavabını da mən verə bilməyəcəm, amma bir şeyi burada söyləməyi özümə borc bilirəm. Təsəvvür edin ki, bu hadisədən çox-çox sonra 2005-ci ildə məni “Yeni Müsavat” qəzetinə müsahibəyə dəvət etmişdilər. Həmin müsahibənin gedişində, kabineti mənim nazir kimi oturduğum kabinetdən çox- çox rahat və dəbdəbəli olan Rauf Arifoğlu özündən razı halda bildirdi ki, həmin bəyanatın mətnini mən öz əllərimlə yazmışam. Bir düşünün və fikirləşin ki, bir ölkənin taleyini həll edən məsələlər haralarda və kimlər tərəfindən həyata keçirilib. Mən indi burda oturub nə heç kimi ittiham eləmirəm, nə də heç nəyə etiraz eləmək fikrində deyiləm. Təbii ki, mənim də günahım, çox ağır nəticələrə varan səhvlərim də ola bilər, ancaq bir daha deyirəm, niyə bu qədər ciddi bir məsələ prezidentin yanında təhlükəsizlik şurasında müzakirə olunub qərar vermək əvəzinə, Rauf Arifoğlu ilə Fərəc Quliyev arasında müzakirə olunaraq qərara bağlanıb? Onu da deyim ki, həmin dövr çox məsuliyyətli bir dövr idi və bir tərəfdən Stepanakertin bir addımlığındaydıq, o biri tərəfdənsə ermənilər Yerevanda oturaq mitinqinə başlayıb müharibədən imtina bəyanatları verirdilər. Məhz belə bir vaxtda niyə bu cür xəyanət yolu tutuldu? Və sonradan da belə bəlli oldu ki, sən demə, bunların hamısı yaxşı oğlanlar imiş, amma o dövrdə yaxşı-pis əlində olan imkanlarla, cibinin pulu ilə Azərbaycanın qeyrətli oğlanlarını səfərbər edib, bir çox hallarda özü də əlinə silah alıb səngərlərdə olan Sürət Hüseynov isə xəyanətkar imiş. Açığı mənim burada Sürət Hüseynovu müdafiə etmək fikrim yoxdu və həbsdən çıxandan sonra da onunla üz-üzə oturub iki kəlmə kəsməmişik. Arada, iki dəfə, bir anası, bir də qardaşı öləndə zəng vurub başsağlığı vermişəm. Amma mən bu gün burada olanları və bildiyim həqiqətləri deməsəm, vicdanımı satmış olaram. Yeri gəlmişkən, mən bu gün də o fikirdəyəm və tam məsuliyyətimlə deyirəm ki, İsa Qəmbər, Pənah Hüseyn, Arif Hacılı, Sülhəddin Əkbər və digərləri, toplu halında, nə Qarabağla bağlı, nə də Azərbaycan ücün Sürət Hüseynovdan artıq heç nə eləməyiblər. Necə ola bilər ki, bu boyda həqiqətlər ortada ola-ola, bunların hamısı əziz, xalqını, millətini sevən demokrat lidelərə çevrildilər, biz isə çıxdaş olası olduq? Demək istədiyim odur ki, bunlar belə hərəkətlərlə və Sürət Hüseynovla Rəhim Qazıyevi biabır etməklə fərd olaraq təkcə bizə zərbə vurmadılar, xalqın döyüşən ordusuna olan inamını yerlə-yeksan elədilər. Özü də hansı vaxtda? Həmin ərəfədə mən prezidentin yanına gəldim, hesabatımı verdim və öz sözümü dedim. 17 fevral 1993-cü ildə, mənim 50 yaşım tamam olan günü, Milli Məclisin xüsusi düzənlənmiş qapalı iclasını kecirdilər. Ləyaqətini, şərəfini və hər şeyini ortada qoyan, həftədə bir dəfə ərə gedən arvadlar kimi, ayda bir siyasi əqidəsini dəyişən Sülhəddin Əkbər çıxış edərək dedi ki, bizdə Rəhim Qazıyevin ruslara işlədiyi haqda sənəd var. Təsəvvür edin ki, sanki başımdan alov çıxdı. Orada ayağa durub indi burada deyilməsi mümkün olmayan, amma ipə-sapa yatmaz sözlər söylədim. Bildirdim ki, ayın ya 9, ya 10-u 104-cü diviziyanın komandiri general Şerbakla telefon danışığım olub. Təsəvvür edin ki, Çıldırandan gecəylə mobil qərərgah maşını çıxarılıb, əsgərlər geri qayıdana görüblər ki, maşın yoxdu. Həmin maşın artıq 23 ildi ki, müdafiə nazirliyində oturan general-polkovnik rütbəli, o zamankı plkovnik Nəcməddin Sadıqovun əmri ilə çıxarılmışdı. Bu səbəbddən də orada vəziyyət gərginləşmişdi. Özüm məcbur olub, gedib orada oturdum və bütün mövqeləri qaytardıq. Yəni, bax bu oyun həmin ərəfədə oynandı. Bir detalı da deyim. Təsəvvür eləyin ki, indi haqq dünyasında olan Əbülfəz bəy, prezident olan gündən ta mən istefa verən günədək yalvardım ki, bəy, operativ surətdə cəbhə xəttinin 5 km-lik əhatəsindəki bütün silahlı qüvvələrə və hərbi birləşmələrə əmr ver ki, onlar vahid komandanlığa tabe olsunlar. Çünki, bu məsələ mənim səlahiyyətimdə deyildi və bunu ancaq Ali Baş Komandan edə bilərdi. Ona görə ki, o zaman ön cəbhədə Daxili Qoşun hissələri, OMON-un qüvvələri, Boz Qurdlar, Prezident qvardiyasının bölmələri var idi. Belə bir vəziyyətdə tutaq ki, briqada komandiri hər hansı bir əmr verəndə, o birilər deyirdilər ki, biz bu əmrə tabe olmuruq. Çünki birbaşa tabeçilik yox idi. Təsəvvür edin ki, mən buna nail ola bilmədim. Demək istədiyim odur ki, bu cür, açıq görsənməsə də, pərdəarxası əməllərlə İsa Qəmbər və onun yaxın ətrafı sayılan indiki demokrat bəylər, var gücləriylə o zaman xalqın qurduğu hakimiyyəti və sevib-seçdiyi prezident Əbülfəz Elçibəyi gözdən salmaq üçün əllərindən gələni etdilər. Amma indi hamısı bəyin şəklini başlarının üstündən asıb, guya ona olan sevgilərini göstərmək istəyirlər. Eyni zamanda da, elə bu adamların təklifi ilə Əbülfəz bəyin o boyda vəzifələrə təyin etdiyi Sürət Hüseynov bunlara düşmən kəsilmişdi. Nə isə, məsələ artıq bu şəkildə Milli Məclisin qapalı iclasına çıxarılanda, dedim ki, bəli, mən Şerbaka zəng vurmuşam və ondan Vəng tərəfdə vəziyyəti sabitləşməsi üçün kömək istəmişəm. O isə mənə telefonda dedi ki, cənab nazir, sizinkilər səni əzmək istəyirlər, sən isə hələ ərazilər uğrunda döyüşürsən. Şerbak bir də təkrar elədi ki, onlar səni məhv eləmək istəyirlər. Mən də cavabında ona dedim ki, cənab general, siz mənə kömək edin, biz burda vəziyyəti düzəldək, öz əclaflarımızla nə etməyi özüm bilərəm. Təbii ki, bizim aramızdakı söhbət rus dilində gedirdi. Indi deyəcəyim sözləri həmin iclasda da dedim və burada da deyirəm. Əgər Şerbakla bu telefon danışığımdan başqa bunların əllərində hər hansı bir sənəd və ya digər telefon danışığı varsa, çıxarıb ortaya qoymasalar, onda belə adamların adını siz qoyun, yox əgər belə bir sənəd ortaya çıxsa, Azərbaycan torpaqları uğrunda təmənnasız can vermiş bütün şəhidlərin axan qanlarının günahları mənim boynuma gəlsin.

– Yaxşı, o qapalı dediyiniz iclasda Sülhəddin Əkbərin dediyi o sənəd ortaya çıxmadımı?

– Heç bir sənəd-filan çıxmadı, çıxa da bilməzdi. Çünki elə bir sənəd yoxdu axı. Bu haqda ona görə danışıram ki, hər gün, hər vasitə ilə vəziyyəti gərginləşdirməyə çalışırdılar. Elə həmin məclisin keçirildiyi gün, 17 fevral 1993-cü ildə, üçüncü istefa ərizəmi verib vəzifədən getdim. İstefamı ayın 20-də qəbul etdilər. Bundan sonra da başladılar Sürət Hüseynovu təqib eləməyə və mərdi qova-qova namərd elədilər. İstefamdan bir həftə sonra Fərəc Quliyevi, o zaman mənim köməkçim olan Arzu Səmədbəyli vasitəsiylə evimə dəvət elədim. Ona dedim ki, sən az-çox Naxçıvan cəbhələrində döyüşmüsən, amma Sürətin ətrafında da barıt iyi görmüş xeyli adamlar var, həm də hazırda o zonada kifayət qədər nüfuz sahibidi, Allah xatirinə gedin görüşün, dil tapın, belə bir məsuliyyətli zamanda ölkədə qarşıdurma yaratmayın. İstefa verəndən sonra gedib oturmuşdum Şəkidə və o arada eşitdim ki, Gəncədə qarşıdurma yaradırlar. Durub Mingəçevir yoluyla Gəncəyə gəldim. Oradakı köhnə 23-cü diviziyanın qərərgahında Sürət Hüseynov otururdu. Soruşdum nə məsələdi? Dedilər ki, Pənah Hüseynov gəlib. Yol boyu fikir verdim ki, 23-cü diviziyanın ətrafındakı binaların damına snayperlər yerləşdiriblər. Oradan durub, Gəncənin Milli Təhlükəsizlik nazirliyinə getdik, bəlli oldu ki, Pənah Hüseynov Əbülfəz bəyin Gəncədə hərbi vəziyyət elan olunması barədə elan olunmamış fərmanını gətirib. Gələndə gördüm ki, İxtiyar Şirinov da ordadı. Pənaha dedim ki, Allah xatirinə, belə vəziyyətdə qarşıdurma yaradıb xalqı qana aparmayın, o fərmanı da burada oxuma. Gedin ölkənin ziyalı və ağsaqqal adamlardan bir neçəsini götürün gəlin və bu məsələni sakitliklə çözün, onsuz da torpaq od içində alışıb yanır. Haqq üçün deyim ki, orada Pənah məni dinlədi və gedib İsmayıl Şıxlı, Tofiq Bağırov və digər bir neçə nəfərlə qayıtdı. Rəhmətlik Nəcəf Nəcəfov da gəlmişdi. Onlar Sürətlə bir yerdə Gəncənin İcra hakimiyyətinə getdilər, mən isə Nəcəf Nəcəfovla qaldım. Sonradan bildim ki, orada normal söhbət olub, həm də o zaman Gəncədə Sürətə heç kim heç nə deyə bilməzdi, çünki orada böyük nüfuz sahibiydi və Gəncədə kifayət qədər tərəfdarları var idi. Bir yerdə olduğumuz müddətdə, mən bütün bu oyunları Nəcəf Nəcəfova danışdım. Onun gözü kəlləsinə çıxdı və söz verdi ki, Bakıya gələn kimi bunların hamısını bəyə danışacaq. Biz Nəcəflə söhbət edincə bunlar qayıtdılar və dedilər ki, barışma oldu. Öpüşmə, qucaqlaşma başladı, İsgəndər Həmidovun ayağının altında qurban da kəsildi. Sonra da söhbətin gedişində Sürətlə İsgəndər qohum çıxdılar. Oradan da İsgəndərlə Sürət rəhmətlik Davud kişinin yanına getdilər.

– Davud kişi kimdi?

– Sürətin atası. Rəhmətlik onda xəstə idi. Mən də ordan Şəkiyə qayıtdım. Orada qərar verildi ki, sabah gəlib həmin o tabe olmayan hərbi hissəni təhvil götürürlər. Sürət də dedi ki, heç bir problem yoxdu, mən gedirəm, amma tək bir şərtim var. Mənim bəynən görüşümü təmin edin. Dedi ki, istəyirəm bəydən soruşum ki, nə günah eləmişəm ki, məni xain elan ediblər. Bunlar da ona söz verdilər. Ardınca, üç gün Sürət evdə oturub bunları gözlədi. Nə gəlib hərbi hissəni təhvil götürən oldu, nə də Sürətin bəylə görüş məsələsindən xəbər çıxdı. Hanı bu adamlar, indi hardadılar. Kişidilərsə, gəlsinlər oturaq, bəlkə mən nəyisə düz demirəm, gəlsinlər onlar düzünü desinlər. Görək xəyanət hardadı və bu xəyanəti kim edib? Bütün hallarda cəmiyyətin də düşünməsi lazımdı, siz jurnalistlərin də bu məsələlərin üstünə gedərək araşdırmanız lazımdı ki, görək bunların məqsədləri nə idi? O zaman bu oyunların fonunda həm ölkənin içində, həm də cəbhə bölgələrində vəziyyət hər gün gərginləşirdi. Onda mən Sürətə dedim ki, bax, bu oyunların hamısı ona görədir ki, Kəlbəcər getməlidir və onu sənin boynuna qoyacaqlar. Və həqiqətən də o oyunların içində Kəlbəcər getdi. Bir düşünün, Kəlbəcərdəki güclər niyə gətirilib Gəncəyə yerləşdirilmişdi, ətraf damlara snayperlər niyə qoyulmuşdu? Mən hesab edirəm ki, artıq razılıq əldə olunmuşdu və Sürətlə İsgəndər Davud dayının yanına gedəndə, ordu Surətin oturduğu qərargaha getməliydi və təhvil-təslim başlamalıydı. Artıq dediyim kimi bu mübahisə getdikcə qızışdı və axırı da gətirib 4 iyun hadisələrinə çıxardı. Indi daha aydın görsənir ki, bu məsələ ciddi şəkildə hazırlanıb və etap etap da həyata keçirilib.

– Rəhim bəy, 4 iyundan üzü bəri gələn iki fikir var. Cəmiyyətin bir hisəsin hesab edir ki, o vaxt Heydər Əliyevin hakimiyyətə qayıdışı dağılan, vətəndaş müharibəsi həddinə gələn azərbaycanı dağılmaqdan və vətəndaş müharibəsi təhlükəsindən xilas elədi və təbii ki, Azərbaycanın dövlət kimi ayaqda qala bilməsini saxladı. Digər bir kəsim isə belə hesab edir ki, baş verənlər birmənalı şəkildə dövlət çevrilişi idi və nəticə etibarilə milli hökumət yıxıldı və Azərrbaycan sonu görünməyən bəlalarla üz-üzə qaldı. Həm də o zamankı proseslərin ən aktiv iştirakçılarından biri kimi necə fikirləşirsiniz, cəmiyyətə hakim kəsilmiş bu iki fikirdən hansı həqiqətə daha yaxındı?

– Mən nə birinci fikri qəbul eləyirəm, nə də ikinci. Baş verənlər, əslində, Heydər Əliyevin hakimiyyətə gələ bilmək üçün, o dövrdəki iqtidar komandasının bağışlanılmaz səhvlərindən, bacarıqsızlığından, nadanlığından, səhlənkarlığından və səriştəsizliyindən ustalıqla istifadə eləməsi idi. Bu məsələnin bir tərəfidi. Digər bir tərəfdən də, o zaman hakimiyyətdə olanlar Sürət Hüseynovu döyə-döyə özlərinə düşmən eləmişdilər və Heydər Əliyev də dünyanı görmüş, siyasi proseslərdən baş çıxara bilən bir adam kimi bu məsələdən istifadə elədi. Mənim özüm də daxil olmaqla, o zamankı hakimiyyət təmsilçilərinin və hərəkatdan çıxmış çox nüfuzlu liderlərin səhvlərindən yararlanaraq, istədiklərinə tam nail ola bildi.

– Gəlin bir şeyi də dəqiqləşdirək, indi siz deyirsiniz ki, bunlar nadanlıq, səriştəsizlik və s. kimi yarıtmaz idarəçiliyin uçbatından baş verdi. Amma belə də ola bilərdimi ki, ssenari əvvəlcədən yazılmışdı və proseslərin bütün görünən tərəfləri sadəcə görüntü xatirinə, bir növü bir rejissorun qoyduğu tamaşa idi. Yəni, bu tamaşada hərə öz rolunu oynadı və sonunda da olanlar oldu.

– Mənim fikirlərimə düzəliş vermək cəhdinizə görə təşəkkür eləyirəm, amma mən nadanlıq deyəndə, kütbeyin kənd çobanından danışmıram. Burada söhbət şəxsi iddia və hakimiyyət ehtirasından, həmçinin də qrup mənafeyindən gedir. Həmin dövrdə İsa Qəmbərin özü də həsrətlə hakimiyyətə gələcəyi günü gözləyirdi. Dediyim kimi, Heydər Əliyev də bütün bu əyər-əksikliklərdən, eləcə də hakimiyyətdə ola-ola yeni və daha yüksək kreslo eşqinə düşənlərin ehtirasından çox ustalıqla istifadə edə bildi. Burda mənim xüsusi vurğu altında deyəcəyim bir məsələ də var və mən bu haqda dəfələrlə danışmışam. Sürətin atasının rəhmətə getdiyi vaxtda onun qəbrinin minalanması və s. adi insanların nə ağlına gələrdi, nə də onlar bunu bacarardılar. Düzdür, indi Pənah bəzi şeyləri boynuna almır, amma iyun ayının 2-də şəxsən mənə dedi ki, əşi çıxın gedin, sərbəst işimizi görək. Bunlar dediyim ssenarinin həyata keçməsinə mane ola biləcək bütün adamları Azərbaycandan çıxarmaq istəyirdilər. Əslində 4 iyuna səbəbiyyət verən bütün ciddi olayların hamısı əməliyyat tədbirləri idi və indi bunların sadəcə onu etiraf etməyə cəsarətləri çatmır. 4 iyuna Əbülfəz bəyin komandasında təmsil olunaraq onun oturduğu kresloya sonsuz şəhvət hissi ilə baxanların bağışlanılmaz səhvlərinin nəticəsi kimi baxmaq lazımdı.

– Yeri gəlmişkən, Əbülfəz bəyin komandası fikri çox tez-tez səslənir. Ümumiyyətlə Əbülfəz bəyin komandası var idimi?

– Gəlin belə danışaq, tutaq ki, məhəllədə adamlar iki yerə bölünür komanda şəklində voleybol oynayırlar və bəzən həmin komandalarda oynayan şəxslər heç bir-birini tanımırlar. Demək istədiyim budur ki, yaxşı, ya da pis, amma hakimiyyətə bir yerdə gəlmiş adamlar var idi və bunlar da bir komanda idilər. Əbülfəz bəyin komandasında aparıcı rollardan birini oynayan İsa Qəmbər Ali Sovetin sədri seçilən kimi, həm də prezidentin səlahiyyətlərini icra edirdi deyə, öz kabinetini qoyub, gedib prezidentin yerində oturdu. Amma baxın, Heydər Əliyev kimi hakimiyyət əjdahası ta ki, seçilib and içməyənə qədər, ali Sovetdə oturdu, Prezident aparatına girmədi. Bu məsələnin bir tərəfidi, amma ikinci bir tərəfdən, niyə indiyə qədər heç kim o məsələdən danışmır ki, AXC hakimiyyətdə ola-ola həmin hakimiyyətin ikinci şəxsi olan İsa Qəmbər Müsavat partiyasını niyə yaradırdı? Niyə hakimiyyətə vahid komanda kimi gəlmiş AXC komandasını yarıya bölüb koalision hakimiyyətə çevirdi. O zaman faktiki hakimiyyəti idarə edən İsa Qəmbər bütün icra başçılarını, prokurorları, polis rəislərini və digər strukturlarda çalışan vəzifə adamlarının hamısını yanına çağıraraq Müsavata üzv olmağı tapşırırdı, niyə ? Axı bunlar təkzibolunmaz faktlardı.

– Bu arada Qurban Məmmədov da 14-15 may və 4 iyunla bağlı yazmışdı. Və siz də Qurban bəyin yazdıqları ilə bağlı nəsə demək istədiniz, nə demək istəyirdiniz ki?

– Mən həmin yazısına görə Qurban bəyə öz təşəkkürümü bildirirəm. Yaxın keçmişimizdə yaşanan 4 iyin və ondan sonrakı bir çox hadisələrin canlı şahidi və fəal iştirakçısı, eləcə də hərəkat başlanandan üzübəri, Azərbaycanda baş vermiş ictimai-siyasi proseslərdə böyük əməyi olan bir insan kimi, onun bildiyi bütün həqiqətlərin üzə çıxmasına çox zəruri ehtiyac var. Bu baxımdan, mən Qurban Məmmdovdan bütün bu məsələlərlə bağlı çox fundamental və sənədli bir əsər gözləyirəm. Mənim tanıdığım və həm də qələminin gücünə bələd olduğum Qurban Məmmədov bu işin öhdəsindən çox uğurla gələ bilər. Qurban Məmmdov sözügedən yazısında “Heydər bəylə danışdım, o, mən bilirəm Rusiya Azərbaycana qoşun yeritməyəcək -dedi” – deyə bildirib. Burada söhbət 14-15 may hadisələrindən gedir və mən Rusiyanın qoşun yeritməmək haqda qərarının nə ilə bağlı olduğundan bir neçə cümlə demək istəyirəm. Ayın 14-dən 15-nə keçən gecə mən Daşkəndə MDB-nin sammitinə getmişdim. Orada biz Qraçovla Rus qoşunlarının Azərbaycandan çıxması haqda sənəd imzalamalıydıq. Həmin tarix elə bir günə təsadüf etmişdi ki, Azərbaycanda ümumiyyətlə hakimiyyət yox idi. Belə ki, 14-də Yaqub Məmmədov getmişdi və elə həmin gecə də Ayaz Mütəllibov hakimiyyətə qayıdaraq, 15-i səhər tezdən qaçmışdı. Cəbhə də hələ onda hakimiyyətə gəlməmişdi. Yəni Azərbaycanda tam hakimiyyətsizlik olan gün mən həmin sənədi imzalamışam. Sammitdən əvvəl Qraçovla qeyri-rəsmi söhbət zamanı o mənə dedi ki, sizdə her şey yaxşıdı, Ayaz Mütəllibov hakimiyyətə qayıtdı. Mən də o vaxt demokratiya eyforiyasına o qədər uymuşdum ki, Qraçova “nə danışırsan, siz özünüzə demokratik dövlət qurursunuz, bizə isə köhnə kommunistləri soxuşdurursunuz” – dedim. Bunu deyəndə Qraçov diqqətlə mənə baxdı və dedi ki, o zaman sənin Yeltsenlə danışman lazımdı. Yeltsen iclasa artıq tam sərxoş şəkildə, düppədüz gəlmişdi. Ağzından söz tökülə-tökülə çıxışına Azərbaycandan gələnləri təbrik eləməklə başladı ki, nəhayət ədalət zəfər çaldı və dostumuz Ayaz Mütəllibov hakimiyyətə qayıtdı. Bu arada da tez-tez Ter-Petrosyanla öpüşərək, deyirdi ki, Levon Akopoviç, sən narahat olma mən bu türkləri sənin qarşında diz çökdürəcəm. And olsun Allaha ki, bir kəlmə altdan-üstdən demirəm, Abbas Abbasov da həmin iclasda olub. əgər ləyaqəti varsa, çıxsın həqiqəti danışsın. Nəsə, uzun əzab-əziyyətdən sonra bir məqamda özümü Yeltsenin yanındakı boş stula ata bildim. Salam verib, özümü təqdim elədim ki, mən Azərbaycanın müdafiə naziriyəm. Yeltsen də özünə uyğun əda ilə qayıtdı ki, nə olsun? Bildirdim ki, mən həm də Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvüyəm, o olsun ki, QKCP dövründə biz sizi dəstəklədik, Ayaz Mütəllibov isə kommunist xuntasını. Sonra isə sizin prezidentliyə namizədliyiniz veriləndə, yenə də biz sizi dəstəklədik. Amma Ayaz Mütəllibov bəyənat verərək, sizə şezofrenik dedi. Bu da sizin bizə “sağ ol”unuzdu ki, yenidən kommunist Ayaz Mütəllibovu hakimiyyətə qaytarırsınız. Bu sözləri deyəndən sonra, sanki Yeltsen yuxudan ayıldı və üzünü başının üstündə dayanan Qraçova çevirərək “otstavit” dedi. Təbii ki, orada bunun nə demək olduğunu anlamadım. Həmin gün günortadan sonra mən Bakıya qayıtdım. Bakıdan da dərhal Gəncəyə uçdum. Gəncədə məni, indi Serbiyada səfirimiz olan sabiq baş prokuror Eldar Həsənov və general Şerbak qarşıladı. Görüş zamanı Şerbak dedi ki, mənim sizə bir xoş, bir də naxoş iki xəbərim var. Sonra da əlavə etdi ki, dünən saat 3-dən sonra mənə Moskvadan əmr gəldi və onu bilin ki, siz dünən öz xalqınızı qaçılmaz qandan qurtardınız, çünki mən dünən Ali Sovetin qabağına desant çıxarıb oradakı mitinqi dağıtmalı və Ayaz Mütəllibovu öz yerində oturtmalıydım. Yəni, Şerbakın mənə dediklərindən sonra Yeltsenin Qraçova nə demək istədiyi aydınlaşdı. Təbii ki, Şerbak mənə bunları deyəndə Eldar Həsənov da yanımızdaydı, o baxımdan mən heç nəyi özümdən uydura bilmərəm. Şerbakın ikinci naxoş xəbərisə o oldu ki, bizim Göranda Şuşaya əks hücüm üçün hazırladığımız hərbi hissənin şəxsi heyətinin gecə saat 2-də Bakıya aparıblar. Bu yaxın zamanlara qədər də mən 2500 əsgəri kimin apardığını bilmirdim. Allah qapısını açsın, Tofiq Yaqublu o əsgərlərin içərisində olub. Yazdığı kitabda qeyd eləyir ki, gecəynən cəbhənin adamları gəlib 2500 əsgəri Bakıya hakimiyyət uğrunda mübarizəyə apardılar. Məsələnin mahiyyəti bax bundan ibarətdi. Həmin gün saat 3-də Bakıya qayıtdım və gələndə gördüm ki, Əbülfəz bəy də başda olmaqla, Ali Sovetin qarşısında bayram mitinqi keçirilir. Orda mən də əsəbi şəkildə çıxış edərək dedim ki, 2500 əsgəri kim və nə üçün bura gətirib, əgər sabah saat 12-yə qədər həmin əsgərlər öz yerlərinə qaytarılmasa, məcburam ki, gəlib burda başıma bir güllə vurum, çünki mən xalqımın bu gününü görmək istəmirəm, siz burda hakimiyyət davası eləyirsiniz, orda isə torpaqlarımız gedir. Sonralar isə mənim bu sözümü fırlatdılar ki, guya mən “Şuşa getsə başıma bir güllə vuracam” – demişəm. Bu söhbət ayın 16-da olub. Onda artıq 8 gün idi ki, Şuşa getmişdi və mənim də başıma at təpməmişdi ki, Şuşa gedəndən sonra elə bir söz deyim. Yəni arada bax bu qədər nakişiliklər və ləyaqətsiz əməllər oldu. Bir daha 4 iyunda Gəncədə baş verən hadisələrə qayıdaraq demək istəyirəm ki, bu hadisələrin baş verməsində birbaşa mənəvi, siyasi və hətta cinayət məsuliyyəti İsa Qəmbərin, Pənah Hüseynin, Sülhəddin Əkbərin və İxtiyar Şirinovun üzərindədi. Yaxşı, doğru-yanlış, belə bir işə başlamışdınızsa niyə axıra çatdırmadınız? Təsəvvür eləyin ki, ölkənin baş prokuroru İxtiyar Şirinova hələ şapalaq dəyməmiş, onu baş prokuror təyin etmiş prezidentin həbsinə sanksiya imzaladı. Yeri gəlmişkən, həmin sanksiyanın orginal nüxsəsi məndədi.

Söhbətləşdi: Sərdar Əlibəyli

LEAVE A REPLY