MÜƏLLİFDƏN:
Bu yazını hələ həbsxanada olanda yazmışdım. Elə o zaman da bir neçə ünvana dərc olunmaq üçün göndərsəm də, kimsə onu dərc etmədi. Əslində əvəllər, hələ təcridxanada olanda da media üçün bəzi yazı-pozularım olmuşdu və onları da dərc olunmaq üçün azadlığa göndərə bilmişdim. Bir-iki məktub və müraciətlərim populyar olmayan bəzi saytlarda dərc olundu. Amma ölkənin özünü aparıcı sayan KİV-lərinin heç birində bir dənə də olsun yazım, məqaləm, məktub və ya müraciətim dərc olunmadı. Eynən bayırda olduğum vaxtlardakı kimi içəridə də, mənim imzamın üzərinə qoyulan tabu qaldırılmamışdı. Yazdığım yazılar bir yana qalsın, bunlar heç mənim məhkəmələrimdən belə informasiya verməyi, ümumiyyətlə barəmdə nəsə yazmağı lazım bilmədilər. Bununla bağlı tək bir şeyi deyim ki, bu yaxınlarda internetdə nə qədər axtardımsa, bir dənə də olsun dəmir barmaqlıqlar arxasında şəklimi tapa bilmədim. Oysa mənim məhkəmələrim düz 9 ay davam eləmişdi. Bu isə o deməkdi ki, Azərbaycanın mətbu, siyasi və QHT gündəmi Sərdar Əlibəylinin məhkəmələrini və ümumiyyətlə varlığını gözardı etmiş, tamam “unutmuşdular”. Bunun niyə belə olduğunu mən bilirəm, amma burası o qədər də önəmli deyil, zatən qəlblər Allah yanındadı və hər kəs öz vicdanı ilə baş-başa qalanda nəyin niyə baş verdiyini və ya nəyin niyə baş vermədiyini hamıdan yaxşı bilir.
Bu girişi həm də ona görə yazdım ki, indi sizə təqdim edəcəyim yazıda bəzi məsələlər keçmiş zamana uyğundu və oxucularımdan istəyim və ricam da budu ki, məsələnin bu boyutlarını diqqətə alsınlar, o qədər.
Sərdar ƏLİBƏYLİ
BU HAKİMİYYƏT ONA GÖRƏ BELƏDİ Kİ…
… Və bütün oyunçuların arxasındakı barmaqlar eyni əllərə məxsusdu
İlham Əliyevin bu yaxınlarda verdiyi bir açıqlamanı, daha doğrusu, onun öz təbirincə desək, etirafı bir daha sayqıdəyər oxucuma xatırladım ki, bu yazını niyə yazdığım elə bəri başdan qismən də olsa aydınlığa qovuşsun. Bəli, o bütün növ KİV-lərdən eşidilən uca səslə söylədi ki, dövlət başçısı olduğu 11 il ərzində nə təkbətək görüşlər zamanı, nə də ümumi söhbətlərdə heç bir prezident, heç bir dövləti təmsil edən rəsmi şəxslər və ya səfirlər ona, Azərbaycanda siyasi məhbusların varlığına ölkəmizdə təməl insan haqlarının və demokratik normaların pozulmasından bəhs edib. Prezident bu açıqlamasını verərkən, Azərbaycanda fəaliyyət göstərən bəzi müxalifətçilərin, həmçinin də bir sıra hüquq müdafiəçilərinin ya tamam sadəlövh olduqlarını, ya da özlərini bilərəkdən bu cür apardıqlarını da dilə gətirdi.
Prezidentin nəyi və niyə dediyini nə müzakirə etmək nə də bu yöndə şərh vermək kimi bir dərdim yoxdu mənim, amma bu arada İlham Əliyevin sözügedən açıqlamasına nə ünlü, nə də ünsüz dünya liderlərindən təkzib gəlmədisə, susmağın razılıq əlaməti olduğunu qəbullanmaqdan başqa yolumuz qalmır. Necə deyəllər, görünən kəndə nə bələdçi?..
Amma öz aramızdı, prezidentin yerli müxalifətçilər və hüquq müdafiəçiləri haqda söylədiklərinin də birəbir həqiqət olduğu, qəbul edilməməsi mümkünsüz görünən məsələdi. Heç şübhəsiz burada da görünən kəndə nə bələdçi deyimi tam yerinə düşür. Zira, ötən 20 ildə bu şəxslərin dünyanın çeşidl liderləri ilə görüşləri, çeşidli beynəlxalq təşkilatlarla çoxsaylı təmasları nəticə etibarilə sıfırın altında fayda veribsə, o zaman prezidentin haqlı olduğu ortaya çıxmırmı? Normal insan məntiqinin qəbullanmaqda zorlandığı və 20 il ərzində olub-bitənlərin zəkadışı nəsnələr olduğunu görüb qanmamağın özü də ya sadəlövhlük əlamətidi, ya da gerizəkalılıqdı.
Ötən illərin acı təcrübələri bizdən də , cəmiyyətin hələ düşünməyi yadırğamamış kəsimlərindən də, olub-bitənlərə yenidən baxmağı, artıq 20 ilin üzərinə çıxmış tarixdən müəyyən dərsəri almağı tələb edir. Əgər bunu bacarmasaq, o zaman 40 il də ötsə, 50 il də keçsə, 100 il də gəlsə belə, eyni aqibəti paylaşmaq, bu liderlərlə, eləcə də onların iradə və idarəsinə tabe olan təşkilatlarla birgə məğlubiyyətdən məğlubiyyətə yürümək, ömrümüzü fiaskoların ağuşunda keçirmək nəsibimiz olaraq qalacaq. Bu mənada bir para düşüncələrimi cəmiyyətin diqqətinə çatdırmaq, ictimai rəyin müzakirəsinə təqdim etmək istəyim var. Kimin necə düşünməsindən və qəbul etməsindən, hansı reaksiyanı verəcəyindən asılı olmayaraq, “artıq yetər!” nidası ilə hayqırmaq gəlir içimdən. Zatən mənim yazdıqlarımın tam əksəriyyəti”desəm öldürəllər, deməsəm ölləm” dilemması qarşısında və bu dilemmanın yaratdığı psixoloji- mənəvi durumda yazılıb ki. Yoxsa mənim nə ölümüm vardı dəmir barmaqlıqlarla tikanlı məftillər arxasında. Olsun, amma “Allahın verdiyi canı kimsə alamaz” duyğusu da hər zaman ruhuma hakim olub. Və həmişə də hər şeyi öz adıyla çağırmaqdan yana olmuşam. Lakin bu arada istər bu yazının ərsəyə gəlmə səbəbi, istərsə də söyləmək istədiklərim daha aydın olsun deyə, bu yerdə kiçik bir haşiyə çıxmaq ehtiyacı duyuram.
Qurban Məmmədov burada, Lorens Lakkartın müəllifi olduğu “Nadir şah” monoqrafiyasını oxuyur və tez-tez də təəccüb dolu təəssüf içərisində əsəb gərginlikləri keçirir. Bilirsinizmi niyə? Nadir şahın hakimiyyətə gəlməsindən tutmuş, nəhəng imperiya yaratmasına və bu imperiyanın süqutuna qədər bütün dövrlərdə avropalıları, məxsusən də ingilis və fransızların gəlmə və yerli cəsuslarının sarayın daxilində və dışında eləcə də imperiyanın taleyində oynadıqları rola görə. “Asiyanın son sərkərdəsinə” həsr olunmuş və əsasən tarixi bilgi və bilgələrə söykəndiyi iddia olunan bu əsəri oxuduqca aradan əsrlər keçməsinə baxmayaraq, nə Qərbin bizə, eləcə də regional, milli və dini baxımdan bizimlə tale ortağı olan xalqlar və dövlətlərə mübasibəti, nə də qərblilərin buralara dair siyasətinin zərrə qədər də dəyişmədiyi gözlər önünə sərilir. Bu xüsusda dəyişən təkcə tarixi göstərən rəqəmlər modernləşən diplomatik vasitə və silahlar, şəxslər və şəxslərin adları, bir də çağdaş sürətlərdi. Onda da yerli şahlar, xaqanlar və şahənşahlar qərb siyasətinin maraqlarına görə gah görkəmli dövlət xadimləri kimi öyülərək dəstəklənir, gah da tiran və ya diktator kimi yarqılanaraq taxtdan endirilirdilər, indi də bu belədi. Onda da qərbin başbilənləri saray əyanları içərisindən seçdikləri və saraydan kənarda bəslədikləri yerli “maşaları” məharətlə öz maraqları üçün istifadə edirdilər, indi də bu belədi. Bu cür paralelləri saymaqla bitən deyil. Amma ən qəribəsi odur ki, çağdaş Azərbaycanın son 20 illik ən yeni tarixi də (hər nə qədər “biz müstəqilik” deyə özümüzə təsəlli versək də), siyasəti də bu tip paralellərlə dolu və hər ötən gün artmaqda, daha aydın sezilməkdədi.
Bax, istəkli oxucum, indi sənə təqdim edəcəyim bu hər kəsə bəlli olan 20 illik siyasətimizin tarixi yanlışlarımızın hamısı dünyanın gözü qarşısında, həm də əsasən qərb siyasətinin dəstəyi, avropalı “dayı”ların məsləhəti ilə baş verib və eyni tipdə yanlışlıqlar bu günün özündə də davam edir. Amma bu arada artıq dirçəlməkdə olan və yenidən dünya ağaları sırasında özünə yer tutmağa çalışan rus imperializminin maraqları üzərinə yapılan yanlışlıqlar daha aydın sezilməyə başlayıb.
1. Azərbaycan xalqına xalq azadlıq hərəkatının patriarxı və bu hərəkatın şəksiz və şəriksiz lideri kimi tanıdılması Əbülfəz Elçibəy üçün nə qədər keçərli idisə, indi Heydər Əliyevin dünya siyasətinin patriarxı kimi təqdim edilməsi o qədər keçərlidi. Və hansı yöndən baxırsan bax, birinci variantda israr edənlər ikinciyə də qatlaşmaq zorundadılar.
2. Əbülfəz Elçibəy prezident seçiləndən sonra sağlam məntiqin dünyada qəbul olunmuş demokratik ənənələrin və ən nəhayət konstitusiyanın tələbinə uyaraq, AXC-nin sədrliyindən getdimi? Yox getmədi. Oysa əvvəl prezident Heydər Əliyevin, indi də prezident İlham Əliyevin YAP sədri olmasından əndişə duymamamız lazım. Başqa sözlə, birincini yapanlar ikincini YAPanlara irad tutsalar belə nəyə yarar ki?
3. Əgər İsa Qəmbər Müsavat partiyası nizamnaməsinin əleyhinə olaraq üçüncü başqanlıq dönəminin üçüncü ilini bitirirsə, o zaman İlham Əliyevin də üçüncü, hətta istəsə dördüncü və beşinci dönəmlərdə prezident seçilmək istəyinə irad tutmaq qərəzlik deyilsə bəs nədi? “Öz gözündə tiri görməyib, başqasının gözündə tük axtarmaq” cəhdidi bu.
4. İllərdi ki, “Brodvey”də viski içməklə baş girələyən Rəsul Quliyev hələ də özünü Bakıda müxalifətin aparıcı liderlərindən biri kimi görə və apara bilirsə və cəmiyyətdən də bu sərsəmliyi ciddiyə alan səslər gəlirsə, o zaman xəstə olmasına rəğmən Heydər Əliyevin uzaq Klivlendden, yaxud da İlham Əliyevin Alp dağlarında xizək sürərək ölkəni idarə etməsinə ağız büzməyimiz nə qədər məntiqli səslənir?
5. Etibar Məmmədov da, Lalə Şövkət də partiya sədrliyindən istefa verərək, özlərini qurultayın qərarı ilə müvafiq qaydada AMİP-in və ALP-nin əbədi lideri elan etdirir, hələ üstəlik partiyanın möhür və ştamplarını üstlərində gəzdirirlərsə, o zaman “Ümummilli Liderlik” Heydər Əliyevin halalca haqqı kimi görsənmirmi?
6. Əli Kərimli bu hakimiyyətdən ana südü kimi halalı olan vətəndaşlıq pasportunu ala bilmirsə, bəs hakimiyyəti necə almağı düşünür və bu qədər bariz görünən absurd siyasət olurmu sizcə? Özünə paspot ala bilməyən bir liderin hazırkı prezidenti Qarabağı ala bilməməkdə suçlaması, yaxud da ittiham eləməsi gülməli deyilmi? Düzdü, Əli bəyin tərəfdarları çox asanlıqla iddia edirlər ki, liderlərinə pasport vermirlər. Bu məntiqlə yanaşsaq belə çıxır ki, guya Qarabağı verirdilər ki, İlham Əliyev almadı? Hələ mən cəmiyyətə yeganə ümid yeri kimi təqdim edilən bir siyasi liderin pasportsuz yaşaya bilməsi fonunda Azərbaycanın Qarabağsız yaşamasına görə tək sorumlu şəxsin İlham Əliyev olduğunu iddia edənlərdən danışmıram. Zira indi Qarabağ Azərbaycanın simvolik də olsa pasportudu və lideri pasportsuz qalan məmləkətin öz pasportunun da başqalarının cibində olması çox doğal görünür mənə.
7. Əgər Rauf Arifoğlu “Yeni Müsavat”ın divarları arasında illərdi ki çalışan və ən ağır anlarında belə onu tərk etməyən kişiləri bir kənara buraxıb özününküləşdirdiyi qəzeti yalnız və yalnız doğma qardaşına etibar edirsə, onda Heydər Əliyevin hakimiyyəti özündən sonra bir başqasına deyil,oğluna etibar etməsini ona irad tutmaq nədən bu qədər dəbdədi görən?
8. Bütün prinsipial məqamlarda açıqdan açığa ya qorxaqlıq nümayiş etdirən, ya da hər hansı başqa səbəbdən meydana gəlməyən, meydanı tərk edən İsa Qəmbərlə Əli Kərimliyə çapan çalanların İlham Əliyevi qorxaqlıqda ittiham etmələri hansı məntiqdən doğur, hansı mənanı daşıdığını əsaslandıra bilmək üçün arqumentləri nədən ibarətdi görəsən?
Və sair, bə ilaxır…
Azərbaycanın 20-25 illik ən yeni tarixi bu tip presedentlərlə doludu və artıq qeyd etdiyim kimi bu oyun və olayların ortasında başları öz əllərində olan bütün sağ duyulu insanlar yuxarıda söylədiklərim barəsində düşünməli, özlərinin, övladlarının millətin və dövlətin gələcək taleyi haqqında fikirləşməlidirlər.
Amma bəla təkcə siyasi arenada oynalılan olunlarla bitmir və bu biri yanda bir hissəsi qərb, bir hissəsi isə Rusiya siyasətinin qulluğunda duran avropalı və rusiyalı bossların maraqlarını bütün alanlarda qoruyan və kollayan hüquq müdafiəçiləri, QHT rəhbərləri, media mənsubları var. Sosial, siyasi və iqtisadi həyatın bütün qatlarına sirayət etmiş bu qrant tacirləri indi Roma papasının özündən belə kotolik kimi görünürlər. Insan haqları, demokratiya, söz və mətbuat azadlığı, liberal dəyərlər və s. kimi mücərrəd anlayışların üzərindən manipulyasiya edərək, işləri əksər hallarda mənasız demoqoqiyadan, publikaya oynamaqdan o yana keçməyən bu xanımlar və bəylər, gah barrikadanın bu, gah da o biri tərəfində peydahlanır, bir çox hallarda isə hər iki, hətta bir neçə tərəfə işləyirlər. Və belələrinin sayı o qədər çoxdu ki, hamısından yazmağa aylar, illər lazımdı. Karyerasında qazandığı başgicəlləndirici uğurlara məşhur agent Ceyms Bondun belə həsəd aparacağı və fəaliyyəti dövründə bütün barrikadaların arxasında olmuş Eynulla Fətullayevdən, ABŞ-ın sabiq dövlət katibi, prezidentliyinə isə gələcək namizədi Hillari Klintonun Azərbaycana rəsmi səfər menyusuna birbaşa həbsxanadan qızıl teştlə çıxarılan Bəxtiyar Hacıyevə, son illərin ən sirli-sehirli hüquq müdafiəçilərindən biri olan Arzu Abdullayevadan Müsavatın divan üzvü olmasına rəğmən, həm yerli, həm də xarici qrant layihələrinin qazanılmasında xücusi performansı ilə seçilən Novella Cəfəroğluna, AXC Müsavat hakimiyyətinin prokuroru YAP hakimiyyətinin deputatı Çingiz Qəniyevdən, bir vaxtlar AXCP-nin ideoloji cəbhəsində sadiq əsgər, indi isə hakimiyyətin rəsmi təbliğat vasitələrində komandan olan İbrahim Məmmədova qədər kimlər yoxdu bu tacirlərin içində. Alverləri şıdırğı gedən bu zatların barəsində dastan bağlamaq olardı. Amma görülən işin mahiyyəti və mənası eyni olduğundan, adını çəkdiyim və çəkmədiyim istənilən hüquq müdafiəçisi bu yazının baş qəhrəmanı olmağa layiqdi. Lakin vaxtınızı çox almayım deyə, burda dayanıram.
İşin ən dəhşətli tərəfi də burasındadı ki, bizim taleyimiz də, ömrümüz də öz dövlətimizin verə biləcəyi zəmanət və təminatlara bağlı deyil. Amma nə vaxta qədər belə olacaq, Azərbaycan insanının həyatı və yaşamaq haqqı ya göydə Allahın ümidinə, ya da yerdə daxili və xarici “allahlarımızın” lütfünə bağlı olacaq?!
Beləcə illərdi ki, azərbaycanlıladan başqa hamının maraqlarına xidmət edən oyunlar, bu oyunlarda isə Azərbaycan gedir.
Ən azı bir məsələ artıq dəqiqdi ki, bizim taleyimizi həll edənlərin və buna iddialı olanların özlərinin taleyi də öz əllərində deyil. Belə çıxır ki, özlərinə umac ova bilməyənlər, bizə əriştə kəsmək niyyətindədilər. Daha doğrusu, bu yöndə imitasiya ilə məşğuldular. Oysa olub-bitənlər barəsində ciddi-ciddi düşünməmiz, fikirləşməmiz lazımdır. Yəni, illərdi ki, Azərbaycanda bir ucu Avropa və Qərbə, digər ucu isə Rusiyaya gedib çıxan Avropa və Rusiya standartlı tələlərin müxtəlif markalı maşaları fəaliyyətdədi. Indi bizim tək vəzifəmiz bu tələlərdən necə qurtulmaq və bu maşaları necə dəf edib yaşamımızı təmin edə bilməmizdi.
Bir sözlə, anlayacağımız bu hakimiyyət ona görə belədi ki, bu müxalifət, bu vətəndaş cəmiyyəti təmsilçiləri, bu hüquq müdafiəçilıri və bu media mənsubları belədilər. Daha doğrusu, oynanan oyunun bütünü bir mərkəzdən idarə olunur. Və bütün oyunçuların arxasındakı barmaqlar eyni əllərə məxsusdu. Bəs sən necə düşünürsən, sayğıdəyər oxucum, əziz Azərbaycan xalqı?
04.08.2014.
P.S. Yazının girişində də bildirdiyim kimi, tarix baxımından bəzi məsələlər artıq dəyişib, ona görə də elə burdaca həmin dəyişiklikləri qısaca qeyd etməyi vacib bildim. Bu xüsusda ilk diqqət yetirilməli məsələ nəhayət ki baş tutmuş Müsavatın qurultayı ilə bağıdı. Bu mənada da baş verənlər əslində yazının leytmotivinə tam uyğundu. Belə ki, cağdaş Müsavatın əbədi və əzəli başqanı olan İsa Qəmbər də eynən Etibar Məmmədov və Lalə Şövkət kimi özünü partiyanın ömürlük lideri statusuna gətirdi və növbəti prezident seçkisinə partiyanın namizədi mandatını qazandı. Burada diqqət yetirilməli ikinci məsələ daha maraqlıdı. Illərdi ki, Azərbaycan hakimiyyətinin dörd milyonluq seçici ilə keçirdiyi seçkiləri saxta adlandıran Müsavat partiyası, vur-tut cəmi 250-300 nəfərlik qurultay nümayəndələri arasında şəffaf, demorakik və ən əsası da saxtalaşdırılması iddia oluna bilməyəcək seçki keçirə bilmədi. Yəni, elə başqan seçkisində iştirak edənlərin az qala tən yarısı sonradan seçkilərin saxtalaşdırıldığı iddiası ilə çıxış edərək, alternativ bir təşkilatda toparlandılar. Heç şübhəsiz ki, burda başqa və daha fərqli boyutlarda da danışmaq olar, amma bu ayrı bir zamanın və ayrı bir yazının mövzusudu. Müsavatda gedən bu proseslərdə qeyd olunmalı xüsusi bir məqam da var. Illər əvvəldən dövlət səviyyəsində keçirilən seçkilərin nəticələrini tanımayan, elektoratın tabanında yer alan müsavatçılar bu dəfə özlərinin keçirdiyi seçkilərin nəticələrini tanımaqdan imtina etdilər. Bu isə o deməkdi ki, istər dövlət səviyyəsində,istərsə də partiya daxilində keçirilən seçkilərə mahiyyətcə eyni yanaşma var. Sadəcə, nəticələrin təsir dairəsi və fəaliyyətin arealı daralıb, o qədər.