“Eldar Mahmudov bura gəlsin, dindirilsin” –Generalların məhkəməsində sensasion faktlar açıqlandı

0
5
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Ələsgər Əliyevin epizodu üzrə şahidlər ifadə veriblər.

Ə. Əliyevin bacısı Lalə Yavərova ifadəsində deyib ki, Mərdəkanda yerləşən torpaqlarda onun da payı olub.

L. Yavərova qeyd edib ki, bir gün qardaşı Ə. Əliyev ona zəng edərək, hədə-qorxu ilə bu torpağı əlindən almaq istəyirlər: “Mən də məcbur olub, qardaşım dediyi Rövşən adlı şəxsin adına etibarnamə verdim. Qardaşıma deyirdilər ki, torpağı verməsən, səni həbs edəcəyik”.

Digər şahid Rövşən Abbasov torpaq alınması ilə bağlı MTN-nin Xəzər rayon şöbəsinin rəisi Rafiq Səfərov tərəfindən tapşırıq aldığını deyib: “Rafiq mənə dedi ki, 50 sot torpaq sahəsi lazımdır. Mən də tanışım Ələsgərin belə bir torpağı olduğunu dedim. İşdən sonra gedib, Rafiqlə birlikdə torpağa baxdıq. Sənədləşməyə qədər 50 sot torpağa 50 min manat pul verdik. Qalan pul isə sənədləşmədən sonra veriləcəkdi. Ancaq məlum oldu ki, həmin ərazidə qaçqın və məcburi köçkünlər yaşayırlar. Sən demə, bu torpağa Ələsgərin özünü də buraxmırlar. Mən bu məsələni bilən kimi, Rafiqə dedim, o isə belə olan halda pulu geri almağımızı tapşırdı. Ələsgər isə pulu vermək istəmirdi. Bir ay sonra razılığa gəldik, ərazini özümüz sənədləşdirdik. Artırma sahə kimi Ələsgərin bacısından aldığımız torpaq sahəsinə görə də 25 min manat pul verdik”. 

Şahid deyib ki, MTN-nin vəzifəli şəxsləri həbs olunan kimi Ə. Əliyev ona zəng edərək, şikayət edəcəyini deyib: “Mənə dedi ki, sizin mənə borcunuz qalıb. O vaxf sotu 2 min manata olan torpaq indi 4000 manatdı. Qalıq pulu verin. Mən buna etiraz eledim, məsələni rəisə dedim. O isə idarənin nüfuzuna xələl gəlməməsi üçün Ələsgərə 10 min manat verməyimi istədi və mən də bu pulu sonradan Əsgərə verdim”. 

Zərərçəkmiş Ə.Əliyev isə ona pul verilmədiyini, sonradan alınan torpaqlara görə heç nə ödənilmədiyini deyib.

Ə. Əliyev ona MTN əməkdaşları tərəfindən hədə-qorxu gəlindiyini də deyib.

Təqsirləndirilən general Elçin Quliyev isə zərərçəkmiş Ə. Əliyevin ifadəsinə etiraz edib: “Hədə-qorxuya mən məruz qalmışam. Sən bizi şantaj edə-edə orda oturmusan, mən isə içəridə. Səni döyüblər, söyüblər? Sənə kim nə edib? Cənab hakim, 2 ildi ki, mən burdayam, amma hələ də nəyə görə həbs olunduğumu anlamıram”. 

Hakim isə E. Quliyevə xəbərdarlıq edərək, məhkəmə iclasını pozmamağa çağırıb.

Şahid, MTN-nin Xəzər rayon İdarəsinin baş əməliyyat müvəkkili olmuş Heydər İslamov isə ifadəsində Ə. Əliyevdən alınan torpaq sahələrinin pulunun ödənildiyini deyib. O, 50 sot torpağın Elçin Quliyev, İlqar Əliyev və Rafiq Səfərov üçün alındığını deyib. 

Bu zaman Elçin Quliyev şahidə müraciət edərək, zərərçəkmişə hədə-qorxu gəlinməsi barədə tapşırığın onun tərəfindən verilib-verilmədiyini soruşub.

Şahid isə belə bir hadisə olmadığını deyib.

Sonra E. Quliyev hakimə müraciət edib: “Mən istintaq təcridxanasında ciddi şəraitdə saxlanılıram, qapının ağzında 4 nəfər nəzarətçi dayanır. Bütün telefon danışıqlarım dinlənilir, özüm ciddi nəzarətdəyəm. Mənim şahidləri öyrətmək imkanım yoxdur. Mən dövlətə sədaqətlə xidmət etmişəm, milli qəhrəman mükafatından başqa bütün mükafatları, medalları almışam”. 

Zərərçəkmiş Mətləb Mustafayev isə E. Quliyevin çıxışına etiraz edib: “Sən nə utanmaz adamsan? Mənim tutulmağımda birbaşa sənin rolun var. Evimə tapança qoydurmaqla bağlı göstəriş vermisən”.

Sonra MTN-nin Xəzər rayon şöbəsinin rəisi olmuş Rafiq Səfərov şahid qismində ifadə verib. Onun sözlərinə görə, 2011-ci ildə Elçin Quliyevin müavini intihar etmiş İlqar Əliyev ondan 50 sot torpaq tapmasını istəyib: “Mən də bu məsələni Heydər İslamova tapşırdım. Alınan torpaq sahələrinin də pullarını verdik”. 

Sonra zərərçəkmişlər – Ələkbər Heydərov və Rauf Sultanovun epizodu üzrə şahid Kamil Şükürov ifadə verib.

O, “makler” kimi fəaliyyət göstərdiyini deyib: “Rauf Sultanov Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Xəzər rayon şöbəsinin rəis müavini vəzifəsində çalışarkən evə çıxarış verilməsi ilə bağlı 20 min manat pul tələb edib. Mən də bu barədə MTN-nə məlumat verdim. Və sonra pulu ona otağında verən vaxt MTN əməkdaşları tərəfindən həbs olundu”. 

R. Sultanov isə rüşvət almadığını, onun həbsi ilə bağlı qəsdən belə bir əməliyyat keçirildiyini deyib: “Mənim kabinetimə girib, pulu qəfildən stolun üstünə atdılar. Mənim heç nədən xəbərim yox idi. Əgər korrupsiya faktı vardısa, bu barədə MTN-ə yox, polisə, prokurorluğa müraciət edilməli idi”. 

Zərərçəkən Xəzər rayon icra başçısının sabiq birinci müavini Ə. Heydərov isə şahid K. Şükürovun vasitəsi ilə MTN əməkdaşları tərəfindən hədə-qorxuya məruz qaldığını və bunun üçün 300.000 manat pulunun alındığını deyib: “Mənim heç bir maklerlı əlaqəm olmayıb. Amma bu adamın mənim saxlanılmağımda rolu olub”. 

Digər zərərçəkmiş Maqsud Mahmudov MTN əməkdaşları tərəfindən əlindən alınan restoranın məhkəmənin qərarı ilə artıq özünə qaytarıldığını, təqsirləndirilən şəxsləri bağışladığını deyib: “Mənim tələbim odur ki, Eldar Mahmudov məhkəməyə gəlsin. Bu adamlar kimdi ki, bunlar göstəriş yerinə yetiriblər. Ona görə mən əlimdən alınan pulları onlara bağışlayaram. Eldar Mahmudov gəlsə, bütün pulumu ondan tələb edəcəyəm”. 

Sonra zərərçəkmiş Mətləb Mustafayev vəsatətlə çıxış edib. O bildirib ki, MTN-nin Anti Terror Mərkəzinin sabiq rəis müavini, intihar etmiş İlqar Əliyevin ibtidai istintaqda zərərçəkmişlər və zərərçəkmiş şəxsin hüquqi varisi barəsində verdiyi ifadələr elan olunsun. M. Mustafayev də Eldar Mahmudovun məhkəmədə dindirilməsini istəyib.

Məhkəmə vəsatətləri baxılmamış saxlayıb.

Proses iyulun 21-də davam etdiriləcək.

Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN barəsində aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

APA