Qaynar su xərçəng yaradır…
Çayı fincanınıza süzdükdə tüstülənməyini və onu belə qaynar halda içməyi sevirsinizsə, bunun nə dərəcədə ziyanlı olduğunu bildikdən sonra bu vərdişinizdən vaz keçəcəksiniz.
Aparılan yeni araşdırmalar qəhvə və çay kimi içkilərin həddindən artıq qaynar şəkildə içilməsinin olduqca zərərli olduğunu ortaya çıxarıb.
İranlı elm adamları alkoqollu içkilər və tütün məmulatları kimi qaynar çayın da yemək borusu xərçənginə səbəb olduğu nəticəyə gəlib. Oddan təzə götürülmüş qaynar içkilər boğazın toxumalarını zədələyir və bununla da xərçəngə yoluxma riski artır.
Tehran Universiteti Tibb elmi araşdırmaçıları tərəfindən aparılan araşdırma “British Medical Journal” adlı tibbi jurnalda da öz əksini tapıb.
Orta Şərq ölkələrində boğaz xərçəngi nisbətinin bu qədər yüksək olması qaynar çaydan istifadə ilə əlaqələndirilir. Çünki bu ölkələrdə siqaret və alkoqollu içkilərdən çox az istifadə olunur. Ancaq qaynar çay məqbuldur.
Elm adamları araşdırma üçün 300 xərçəng xəstəsi olan və 571 xərçəngə tutulma riski yüksək olan insanın çay içmə vərdişlərini tədqiq edib. Araşdırma üçün könüllü olan insanların demək olar ki, hamısı müntəzəm olaraq qara çaydan istifadə edirdi.
Araşdırma nəticəsində qaynar halda fincana süzülən və bir neçə dəqiqə ərzində içilən çayın xərçəng riskini 5 dəfə artırdığı müşahidə olunub.
Qaynar içkilər içmənin nəyə görə xərçəngə səbəb olduğu isə yüksək istiliyin ziyanlı təsiri ilə izah olunub. Həddindən artıq isti maye boğaz və yemək borusuna zərər verir.