Günvurma zamanı ilk tibbi yardım –Həkim məsləhəti

0
4
Havanın temperaturunun yüksək olması bəzən orqanizmdə müəyyən fəsadlara, o cümlədən günvurmaya səbəb olur. Günvurma orqanizmin ətraf mühitin yüksək temperaturuna patoloji reaksiyasıdır.

Kliniki Tibbi Mərkəzin həkimi, Bakı şəhərinin baş terapevti Rəhilə Əliyeva günvurma halları ilə əlaqədar Azərtac-ın müxbirinə məlumat verib.

“Günvurmanın risk amilləri sırasına orqanizmin qızmar günəş şüalarının təsirinə məruz qalması, atmosferdə nəmliyin yüksək olması, bədənə kip yapışan sıx paltar geyinilməsi, alkoqol qəbulu, ürək-damar xəstəlikləri və digər səbəblər daxildir. Kliniki mənzərə günvurmanın dərəcəsindən asılıdır. Yüngül halda zərərçəkən yorğunluq, zəiflik, baş ağrısı, güclü tərləmə, ürəkbulanması və ürəkdöyünmə hallarından şikayət edir. Ağır hallarda baş ağrısı, baş gicəllənməsi, ürəkbulanma, qusma, kəskin zəiflik, hətta bəzən huşun itməsi – kollaptoid baş verə bilər”, – deyə paytaxtın baş terapevti bildirib.

Günvurmanın əlamətləri barədə danışan R.Əliyeva qeyd edib: “Müayinə zamanı dəri tərli, bəzən də quru olur, tənəffüs tezləşir, arterial təzyiq enir. Hipertoniya xəstələrində arterial təzyiqin yüksəlməsi də mümkündür. Bədənin temperaturu 39-40 dərəcəyə kimi yüksəlir, temperaturun 41-42 dərəcəyə yüksəlməsi zərərçəkənin həyatını itirməsi ilə də nəticələnə bilər”.

R.Əliyeva günvurma zamanı göstərilməli ilkin yardım barədə danışarkən deyib ki, zərərçəkənə yardım göstərmək üçün ilk növbədə onu sərin otağa və ya kölgəlik yerə aparıb düz yerdə uzatmaq, rahat nəfəs alması üçün paltarının yaxasını açmaq lazımdır. Ona tez-tez, azacıq duzlu su içirmək, üz, əl və sinəsini soyuq su ilə islatmaq və ya soyuq su ilə isladılmış parça ilə silmək məsləhətdir. İlkin yardımı göstərməklə yanaşı, təcili tibbi yardım çağırıb zərərçəkəni yaxınlıqdakı müalicə məntəqəsinə çatdırmaq vacibdir. Ağır hallarda xəstə reanimasiya şöbəsinə yerləşdirilir. Ağırlıq dərəcəsindən asılı olaraq zərərçəkəndə miokard infarktı, aritmiya, ağciyər ödemi, qıcolma tutmaları, böyrək çatışmazlığı və digər halların baş verməməsi üçün bunları etmək zəruridir.

“Günvurmadan qorunmaq üçün əhali arasında maarifləndirmə işi aparılmalıdır. Havanın çox isti vaxtlarında mümkün qədər örtülü, sərin yerlərdə qalmaq, yüngül baş örtüyü, çətir, gün eynəklərindən istifadə etmək, gün ərzində 2-3 litrə qədər maye qəbul etmək məsləhət görülür. Xüsusilə xəstə, qoca və uşaqları havanın çox isti vaxtlarında günəşin yandırıcı şüalarından qorumaq, çimərliklərdə və açıq havada olmaqdan çəkinmək də mühüm şərtlərdən biridir”, – deyə həkim profilaktik tədbirləri də məsləhət görüb.