Fərhad Əliyev öhdəliyini yerinə yetirməyə başladı.

0
4

Fərhad Əliyev öhdəliyini yerinə yetirməyə başladı.
Anar Məmmədovun siyasi manevr imkanları tükənir.

Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin siyasi fəaliyyətə başladığı barədə dəfələrlə məlumat vermişdik. Daha öncə F.Əliyevin Almaniyada “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə görüşməsi, AXCP-nin mətbuat katibi Natiq Adilovla əlaqə saxlaması xəbəri təsdiqini tapmışdı. Sabiq nazirin həbsdən azad olunduqdan sonra İngiltərəyə mütəmadi səfərləri, bu ölkənin tanınmış siyasiləri ilə görüşləri xeyli maraq doğurmuşdu.
Sabiq nazir İngiltərəyə səfərlərini həmin ölkədə yaşayan və təhsil alan oğlu ilə bağlamağa çalışsa da, informasiyalar tam əksini söyləyir. F.Əliyev bir sıra xarici təşkilatlar qarşısında hələ 2004-cü ildə götürdüyü öhdəliyi yerinə yetirməyə başlayıb. O da təsdiqini tapıb ki, ingilis və ABŞ siyasətçiləri F.Əliyevə xüsusi simpatiya ilə yanaşıb, onu islahata meyilli siyasətçi kimi təqdim etməyə çalışıblar. Hələ nazir fəaliyyəti dövründə də, o, Qərbə yaxın məmur kimi tanınırdı.
Regiondakı son siyasi durum, Rusiyanın aktivləşməsi, Avrasiya Birliyi, Azərbaycan-Rusiya münasibətlərindəki istiləşmə və s. F.Əliyev kartını yenidən ortaya atıb. Belə görünür ki, Qərb artıq ənənəvi Azərbaycan müxalifətinin maymaqlığından narahatlıq keçirib və bu mənada siyasi gündəmə yeni adların çıxarılmasını məqsədəuyğun hesab edib.
F.Əliyevin tezliklə partiya quruculuğuna başlayacağı da gözləniləndir. Onun 2015-ci il parlament seçkilərinə partiya sədri kimi qatılacağı ehtimalı böyükdür. Qərbdən verilən təlimata uyğun olaraq F.Əliyev yenidən AXCP sədri Əli Kərimli ilə birgə hərəkət edəcək. Belə görünür ki, bu dəfə Ə.Kərimli sabiq nazirin “yedəyində” olacaq. AXCP sədrinin “Milli Şura”nı ələ keçirmək cəhdləri də təsadüfi sayıla bilməz. Belə ki, F.Əliyevin “Milli Şura”nın hazırkı sədri Cəmil Həsənli ilə bir bölgədən olması Qərb prioritetlərinə uyğun gəlmir.

“Milli Şura”nın son zamanlar bir neçə dəfə mitinq keçirməsi də diqqəti cəlb edir. Həmin mitinqlərin F.Əliiyevin yenidən siyasi fəaliyyətə qayıtması ilə eyni zamanda təşkil edilməsi təsadüfi sayıla bilməz.
Aldığımız məlumatda o da xüsusi olaraq vurğulanıb ki, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov da F.Əliyevlə isti münasibətlər qurmağı bacarıb. Əslində isə, həmin münasibətlərin qurulması bir sıra ABŞ konqressmeninin tövsiyyəsi ilə baş tutub. Məlumatda o da qeyd edilib ki, son zamanlar adının bir sıra qalmaqallarda hallandırılmasından narahatlıq keçirən A.Məmmədov okeanın o tayına səfərlərini dayandırmalı olub. Bundan sonra onun bir müddət Balkan yarımadasına-Makedoniyaya tez-tez səfərlər təşkil edib, izi itirməyə çalışacağı da geniş müzakirə mövzusuna çevrilib. Bir sıra KİV-lərin verdiyi məlumata inansaq, A.Məmmədov külli miqdarda rüşvət verib Makedoniyadan fəxri konsulluq alıb. Bu barədə mətbuata Makedoniya Türk Hərəkat Partiyasının üzvü, millət vəkili Enes İbrahim məlumat verib. Enes İbrahim bildirib ki, Makedoniyada qardaş Azərbaycanın adının çirkli pullarda hallanması onları çox narahat edir:”Təxminən on gün əvvəl sizin nəqliyyat nazirinizin oğlu Anar Məmmədov Makedoniyaya külli miqdarda rüşvət verərək fəxri konsul adı alıb. Bu informasiya Skopye mediasına tez bir zamanda sızdırıldı. Günlərlə medianın gündəmindən düşmədi. Makedoniya parlamentində türk kökənli iki millət vəkilindən biri də mən olduğum üçün jurnalistlər məndən nəsə öyrənməyə çalışdılar. Bildirdim ki, bu haqda məlumatım yoxdur. Biz orada hər nə də olsa, Azərbaycanın mövqeyini müdafiə etməyə çalışırıq. Amma bu cür rüşvət olayları bir Türk parlamentari olaraq bizim nüfuzumuza da zərbə vurur. Bu haqda sizin bəzi millət vəkillərimizlə söhbət edib, məsələdən xəbərdar edəcəyəm. Makedoniyada qardaş Azərbaycanın adının çirkli pullarda hallanması bizi çox narahat edir.”
Onu da xatırladaq ki, A.Məmmədovun Makedoniya Respublikasının Bakıdakı fəxri konsulu adını alması haqda məlumatlar Azərbaycan mediasında bir müddət öncə yayılmışdı.
A.Məmmədovun Makedoniyada geniş biznes şəbəkəsi olsa da, onun fəxri konsul adını alması yalnız siyasi məqsədlərinə xidmət edir. Bu, həm də oliqarx-nazir oğlunun siyasi manevr imkanlarını xeyli genişləndirir.
A.Məmmədovun ABŞ konqresmenlərinə tez-tez ziyafət məclisləri təşkil edib, külli miqdarda vəsait sərf etməsi heç də Azərbaycanın maraqlarına xidmət etməyib. Deməli, nazir oğlu yalnız öz gələcək siyasi maraqlarını daha önə çəkib. Onunla sabiq İqtisadi İnkişaf naziri F.Əliyevin siyasi işbirliyi, həm də ABŞ-ın Azərbaycana qarşı hazırladığı növbəti ssenariyə uyğunlaşdırılıb.
“Millətim” qəzeti daha öncə məlumat yaymışdı ki, oliqarx nazirlərdən birinin oğlu Qənimət Zahidə “Azərbaycan saatı” verilişinin yayımlanması üçün külli miqdarda pul yardım edib. Deyəsən, qəzetimizin yaydığı informasiyanın doğruluğuna şübhə etmək mümkün olmayacaq.
Bütün bunlarla yanaşı görünən odur ki, Anar Məmmədovun ABŞ-Makedoniya arası manevr etmək imkanları da tükənməkdədir. Onun böyük miqdarda rüşvət verməklə Makedoniyanın Bakıdakı fəxri konsulu adını alması, ABŞ-dakı ilişkilərinə-Fərhad Əliyev-Anar Məmmədov tandeminin siyasi fəaliyyətindən diqqət yayındıra bilməsinə yetərli olacaqmı?

Turan Türk

LEAVE A REPLY