İlan sancması zamanı nə etməli?- Vacib tədbirlər

0
4
İlan zəhəri ilanın qulaqətrafı tüpürcək vəzilərinin hasil etdiyi sarımtıl şəffaf mayedir. Bütün ilan sancmaları təcili tibbi yardım tələb edir. İlan sancmasından sonra həmin nahiyədə yandırıcı ağrı, şişkinlik, tədricən göy rəngə çevrilən qızartı yaranır. Zəhər qana keçdiyi təqdirdə qusma, baş ağrısı, ishal, yüksək bədən hərarəti, ürək döyüntülərinin artması və s. müşahidə edilir. Ağır hallarda mədə-bağırsaq qanaxması, iflic baş verə bilər.

Orta Asiya kobrasının zəhəri neyrotop təsirə malik olduğundan ilk növbədə tənəffüs mərkəzi və mərkəzi sinir sistemini zədələyir. Əfi, gürzə kimi ilanların isə zəhəri daha çox hemorragik təsirə malık olduğundan qanı tez laxtalandırır.

İlanın sancdığı yerdə iki ədəd yanaşı yerləşən və 10-15 dəqiqə qanayan qırmızı nöqtə aşkar edilir. İki diş yerinin olması ilanın zəhərli, bir diş yerinin olması isə zəhərsizliyini göstərir.

Azərtac ilan sancması zamanı təcrübəli herpetoloq-mütəxəssislərin tövsiyə etdiyi bir sıra ilkin tibbi yardım üsullarını çatdırır. Onların dediyinə görə, ilan sancması zamanı ilk 5 dəqiqə ərzində zəhər dişləmə nahiyəsindən sorulmalıdır. İlk 5 dəqiqədən sonra həmin prosedurun heç bir faydası yoxdur, çünki zəhər qana və limfa sisteminə keçmiş olur. Sonra yara təmiz su ilə yuyularaq yod və ya göy daş məhlulu ilə dezinfeksiya edilməməli və üzərinə steril sarğı çəkilməlidir. Ətraf şişəndə sarğını bir qədər boşaltmaq lazımdır. Zəhərin sorulma sürətini azaltmaq üçün sarğının üzərinə paketə qoyulmuş buz və ya soyuq islatma qoymaq lazımdır.

Təcili olaraq zərərçəkənin ayaqları bir qədər yuxarı vəziyyətdə uzadılır və tam sakitlik təmin edilir. Zərərçəkən heç bir halda hərəkət etməməlidir. “Təcili yardım” maşınına qədər onu xərəkdə aparmaq, zədələnmiş ətrafı hərəkətsiz vəziyyətdə fiksə etmək lazımdır. Sınıqlarda olduğu kimi. ətrafa şin qoyulur və ya zədələnmiş ətrafın sağlam ətrafa bağlanması zəhərin orqanizmə yayılma sürətini azaldır.

İlan çalana ilıq şəkildə çoxlu maye, kəmşirin çay, bulyon və s. içirilməlidir. Antihistamin və ağrıkəsici preparatlar da qəbul etmək olar. Həmin tədbirlər görüləndən sonra ilan sancan şəxs təcili xəstəxanaya çatdırılmalı və ona ilan zəhəri əleyhinə xüsusi zərdab vurulmalıdır.

İlan sancması zamanı heç bir halda yaranı yandırmaq, həmin nahiyədə dərini kəsmək, jqut qoymaq, zərərçəkənə alkoqollu içkilər vermək olmaz. Sancmadan 20 dəqiqə sonra heç bir zəhərlənmə əlaməti müşahidə edilməməsi ilanın zəhərsiz olduğunu göstərir.

Mütəxəssislər başqa üsullar da təklif edirlər. Məsələn. bağayarpağı yarpaqları ovulub dişləmə olan nahiyəyə qoyula bilər, yaxud zərərçəkənə bir neçə dəfə hər dəfə 1 qram olmaqla toz halına salınmış quş mədəsi, əridilmiş köhnə kərə yağı, keçi ödü, ballı su və zeytun yağının qarışığını da içirmək olar.