Nobel mükafatçısından xərçəng və diabetxəstəliyi ilə bağlı tövsiyə

0
6
Bakıda səfərdə olan Nobel mükafatçısı Aziz Sancar diabet və xərçəng xəstəliyinin yaranması və müalicəsi haqqında danışıb.

Azərbaycan Dövlət İqtisad Universitetində jurnalistlərin suallarını cavablandıran A.Sancar bildirib ki, bu gün hələ də diabet və xərçəng xəstəliyinin müalicəsi tam olaraq tapılmayıb.

O qeyd edib ki, insanlar bu xəstəliklərə tutulmamaq üçün qabaqlayıcı tədbirlər görməli, sağlam həyat tərzi yaşamalıdır: “Diabet xəstəliyinin əsas səbəbi köklükdür. İnsanların maliyyə vəziyyəti yaxşılaşdıqca, onlar çox yeməyə başlayır və kökəlirlər ki, nəticədə diabet xəstəsi olurlar. Ancaq bu xəstəliyini müalicəsi tam mümkün olmasa da, bir dərman qəbul etməklə və qidalanmasına diqqət yetirməklə öz normal həyatına davam edə bilər”.

Nobel mükafatçısı hesab edir ki, köklük baxımından Azərbaycanda vəziyyət yaxşıdır: “Burada o qədər də çox kök insan görmədim”.

Xərçənk xəstəliyinə gəlincə isə, A.Sancar bildirib ki, dünyada xərçəng xəstəliyinin təqribən 30 faizi siqaret çəkmək səbəbindən baş verir. O qeyd edib ki, qalan faizi üzərində dünya alimləri çalışır: “Dünya alimləri xərçəng xəstəliyinin müalicəsi üzərində çalışır və müəyyən uğurlar əldə olunur, ancaq xərçəng xəstəliyinin nə zaman aradan qalxacağını, tam müalicəsinin nə zaman tapılacağını söyləmək çətindir”.

A.Sancar bildirib ki, sağlam həyat tərzi yaşamaq istənilən xstəliyi önləyən addımdır: “Sağlam həyat tərzi yaşamayıb sonradan hər hansı bir xəstəliyə tutulduqdan sonra sağlam həyat yaşamağa başlaması effektiv olmur. Misal üçün biri 30 il siqaret çəkib xərçəng xəstəliyinə tutulur, sonra deyir ki, mən siqaret çəkməyi buraxıram. Təbii ki, xəstəliyə tutulduqdan sonra siqaretin tərkidilməsi, xərçəng xəstəliyini sağaltmır, bunu əvvəldən etmək lazım idi. Düzdür xəstəliyə tutuldqdan sonra müalicə və sağlam həyat tərzi müəyyən köməklik edir, ancaq sağlamlıq tam bərpa olunmur. Ona görə də insanlar öz sağlamlıqlarının qeydinə hər hansı bir xəstəliyə tutulmazdan öncə qalmalıdır”.

Son illərdə texnologiyaların inkiafı nəticəsində xərçəng xəstəliyinin arması ilə bağlı səslənən iddialara münasibət bildirən A.Sancar qeyd edib ki, bununla bağlı dünyada iddialar olsada da, bu iddiaları sübut edəcək bir dəlil yoxdur.