“Hava, quru sahələrini Qətər üçün bağlamaq nə deməkdir?!” –Ərdoğandan mühüm mesaj

0
5
“Qətəri, bir ölkənin xalqını blokadada saxlamaq insani və islami bir addım deyil”.

Bu sözləri Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında prezident və partiyanın lideri Rəcəb Tayyib Ərdoğan deyib.

R. T. Ərdoğan bildirib ki, Türkiyə terror məsələsinə həssas yanaşır: “Ancaq müstəqil bir ölkənin terrora dəstək verməkdə ittiham edilməsi yolverilməzdir. Qətər Türkiyə ilə birlikdə bölgəmizdə İŞİD terror təşkilatına qarşı ən qəti mövqe ortaya qoyan bir ölkədir”.

Türkiyə prezidenti ABŞ-ın PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-yə sahib çıxmasını yolverilməz sayıb:

“Biz NATO-da müttəfiqik. Bəs niyə Rakka əməliyyatını Türkiyə ilə yox, PYD/YPG ilə birlikdə həyata keçirirsiniz? PYD/YPG-yə dəstək, tonlarla silah verib, sonra Qətər kimi müstəqil bir ölkəni terrora dəstək verməkdə günahlandırmaq nə dərəcədə qəbulediləndir?! Misirdə prezident Mursini silahlı çevrilişlə devirən kim idi? Mursinin təyin etdiyi Silahlı Qüvvələrin Baş Qərargah rəisi idi. Bunun xalqın iradəsi ilə heç bir əlaqəsi yoxdur. Bəs bu gün həmin şəxs niyə göz üstündə saxlanılır?

Əgər Türkiyə və Qətər olmasaydı, Suriyada müxalifət rejimə qarşı mübarizə apara bilməzdi. Qətər müstəqil siyasət aparan bir ölkədir. Qətər dünya siyasəti üçün 2,5 milyon əhalisindən, 11 min kv. km. sahəsindən daha böyük əhəmiyyəti kəsb edir. Bunun üçün bu problemin qısa müddətdə həll edilməsi vacibdir. Bu gün də Qətər əmiri ilə telefonla müzakirə aparacağıq.

Ramazan ayında Körfəz ölkələrində belə bir olayın baş verməsi anlaşılan deyil. Qətər bu gün haqqında ölüm fərmanı verilən bir ölkə duruma salınmaq istənilir. Hava, quru sahələrini Qətər üçün bağlamaq nə deməkdir?! Dünənə kimi isti münasibətləri olan bu ölkəyə bu gün belə bir münasibət göstərilməsi nə deməkdir? Səudiyyə Ərəbistanını kralı bir ağsaqqal kimi Qətər probleminin həllinə öncüllük etməlidir”.

APA