Jurnalistlər Birliyinin üzvü “Bank of Baku”yla niyə anlaşa bilmir?

0
4

Jurnalistlər Birliyinin üzvü “Bank of Baku”yla niyə anlaşa bilmir?

Jurnalistlər Birliyinin üzvü Əlövsət Əliyev “Millətim”ə müraciət edib. Səbəbi isə “Bank of Baku”yla anlaşa bilməməsidir. Ə.Əliyev dəfələrlə adı çəkilən bankdan kredit alsa da, borcunu zamanında ödəyə bilib. Məhz həmin səbəbdən o, bankın hörmətli müştərisi statusunu qazana bilib. Ancaq manatın devalvasiyası baş verdiyi zamandan bankın hörmətli müştərisi, elə məhz həmin bank tərəfindən arzuolunmaz müştəriyə çevrilib. Bunun hansı səbəbdən baş verməsini Ə.Əliyevlə söhbətimizdə aydınlaşdırmağa çalışdıq. Əlövsət müəllim anlaşmazlığın nədən yarandığını qəzetimizə ətraflı izah etdi:
“Banka müraciət etdiyim 25 fevral və 06 aprel 2015-ci il tarixli məktublarımda göstərdim ki, “Bank of Baku”nun ən sevimli və intizamlı müştərilərindən biri olmuşam. Dəfələrlə biznes və istehlak kreditlərindən, eyni zamanda bankın təqdim etdiyi “Bolkart”, “Bolkart və dostları” adlı kartlardan yararlanmışam. Bir sözlə “Bank of Baku”nun mənə müraciət etdiyi kimi hörmətli müştəri statusunu qazanan şəxs olmuşam. Ancaq manatın devalvasiyasından sonra əksər Azərbaycan vətəndaşları kimi mənim də qara günlərim başladı. Devalvasiya qərarından cəmi bir neçə gün əvvəl adıma rəsmiləşən 6000 ABŞ dollarını kassadan götürdüyüm vaxt həmin dövrün məzənnəsi ilə cəmi 4680 manat edirdi ki, həmin məbləği hər ay 260 manat olmaqla 24 ay müddətində ödəməli idim. İllik faiz dərəcəsi 29 faiz nəzərdə tutulmuşdu.
Bir neçə gündən sonra dolların məzənnəsinin qalxması nəticəsində mənim aylıq ödəyəcəyim 260 manat 350 manat oldu. Bunu nəzərə alıb, bankın sevimli, intizamlı müştərisi olaraq illərlə xeyir verdiyim bankın rəhbərliyinə məktubla müraciət etdim. Bildirdim ki, aldığım 6 min ABŞ dollarının əvəzində faiziylə birgə 7 min 981 manat ödəməliyəm. Əlbəttə, öhdəliyimizi yerinə yetirməliyik, bunu inkar etmək fikrindən çox uzağam. Ancaq yenə xatırladıram, krediti götürdüyüm zaman öhdəlik olaraq hər ay 250 manat ödəməyi qəbul etmişdim. Devalvasiyadan sonra isə həmin məbləğ 350 manat olduğundan, planlaşdırdığım ödəmə qrafikinin dəyişməsi narahatlıq yaratdı. Bunu nəzərə alıb, yeganə olaraq bankdan xahiş etdim ki, krediti ödəmə müddətimi cəmi 6 ay uzadaraq mənim imkansızlığımı nəzərə alsınlar. Axı, mən öhdəlikdən yayınmıram, sadəcə olaraq manatın devalvasiyasının şəxsi planlaşdırmamı əngəlləməsinə rəğmən bankdan ödəmə müddətinin uzadılmasını xahiş etmişəm.

Etiraf edim ki, ilk dəfə olaraq jurnalist olduğumu önə çəkib, banka ümummilli liderimiz Heydər Əliyev barəsində yazdığım
“Jurnalistlərin dostu” adlı yazım dərc edilmiş qəzeti təqdim etdim. Mənə münasibət büsbütün dəyişdi. Bəlkə də düşünəcəksiniz ki, münasibət müsbətə doğru dəyişib. Əsla! Həmin andan bank rəsmiləri mənə heç bir güzəşt olmayacağını bəyan etdilər. Beləliklə, “Bank of Baku”nun sabiq intizamlı, sevimli dostu olan bir şəxs, birdən-birə onlar üçün arzuolunmaz şəxsə çevrildi. Mənə cərimə faizləri tətbiq edilməyə başlandı. Təqdim etdikləri “Dostlar klubu” kartını dondurdular. Yəni, illərlə onlara intizamlı müştəri olmağımın sonunda belə “mükafat”landırıldım. Bu illər ərzində isə yeganə bir xahişim bu oldu ki, krediti ödəmə müddətini 6 ay artırın. Axı, devalvasiyanın səbəbkarı mən deyiləm ki… Mən krediti alan zaman əməkhaqqımı, imkanlarımı tam hesablayıb və buna rəğmən krediti neçə aya ödəyəcəyimi banka söz vermişdim. Həmin zaman həm də maaşımı milli valyuta ilə aldığım nəzərə alınmışdı. Devalvasiyadan sonra manatın məzənnəsinin enməsi mənə öhdəliyimi yerinə yetirməkdə çətinlik yaratdı. Məhz belə səbəbdən “sevimli” bankımdan ödəmə müddətinin cəmi 6 ay artırılmasını xahiş etdim. Məktubuma yalnız 3 aydan sonra cavab verildi. İndi müəyyən edə bilmirəm, “Bank of Baku” nəyi bəyənməyib, mənim təbliğ etdiyim siyasəti, yoxsa ümummilli liderin fəaliyyətini əks etdirən qəzet yazısını?”
Ə.Əliyevi yaxından tanıdığımdan bir onu deyə bilərəm ki, intizamı, dürüstlüyü və dəqiqliyi ilə daima seçilən jurnalist həmkarımıza “Bank of Baku”nun hörmətsizliyi qəbul edilən deyil. Üstəlik , o da bəllidir ki, bank kreditin ödəmə müddətini 6 ay uzatmaqla heç nə itirməyəcək, faizini alacaq.
Hər halda vətəndaşın imkanları nəzərə alınmalıdır. Çünki devalvasiyanın səbəbkarları vətəndaşlar deyil, elə bankların oyunbazlığı olub.

Turan Türk

LEAVE A REPLY