Naxçıvandan qiyama gedən yol…

0
4

Ramiz Tağıyev

Naxçıvandan qiyama gedən yol…
İlk qiyamın “memar”ları bu gün də yalanlar uydurmaqla məşğuldurlar!

Hər il 4 iyun yaxınlaşdıqda, 1993-cü ilin həmin tarixində baş vermiş qiyam xatırlanır. Təbii ki, hərə öz bildiyi kimi, özünə sərf edən kimi xatırlayır və bu mənada bəziləri tarixi saxtalaşdırmağa çalışır.
Həmin gün Gəncə şəhərində qiyam baş vermiş və nəticə olaraq qardaş qardaşın qanını axıtmışdı. Bu çox acı xatirədir. Ancaq nə etmək olar, istəsək də, istəməsək də həmin tarixi xatırlamalı oluruq. Məhz həmin gün milyonların dəstəyi ilə hakimiyyətə gəlmiş AXC-Müsavat iqtidarının səriştəsizliyi aşkar oldu söyləsək, yanılmarıq. Əslində, həmin iqtidar necə gəldi, necə getdi, hələ də sirr kimi qalır. Əsil həqiqətdə isə elə bir iqtidar yox idi. İndi nağıllar danışıb milləti yenidən aldatmaq istəyənlər bunu etiraf etmək istəməsə də, acı həqiqət məhz belə idi.
AXC məclisi Əbülfəz Elçibəyin prezidentliyə namizədliyini irəli sürəndə etiraz edənlərdən biri mən olmuşdum. Ona görə etiraz etməmişdim ki, Əbülfəz bəyə rəğbətim yox idi. Etirazımın səbəbi bəyin qurban veriləcəyini öncədən görməyim, bundan narahatlıq keçirməyim olmuşdu. AXC-nin liderlərinin hamısını yaxşı tanıdığımdan, onların idarəçilik təcrübəsizliyindən də kifayət qədər xəbərdar idim. İqtidara gəlməmişdən həmin şəxslər hətta AXC-ni idarə etmək qabiliyyətinə malik deyildilər. Mitinq pafosu, meydan qaraguruhçuluğu iqtidara daşınmışdı. Ağız deyəni qulaq eşitmir, ağıllı təkliflər qulaqardına vurulurdu. Vahid iqtidar komandasından heç söhbət gedə bilməzdi. İsa Qəmbərin komandası icra strukturlarını ələ keçirməyə can atır, İsgəndərin “boz qurd”ları isə “asıb-kəsmək”lə, millətə meydan sulayırdı. Milli Azadlıq Hərəkatı zamanı küncdə, bucaqda gizlənmişlər, ortalığa atılmış, iqtidarda təmsil olunmaq üçün növbəyə dayanmışdılar. AXC elə qruplara bölünmüşdü ki, həmin qurplarda təmsil olunanlar bir-birilərini didib-parçalamağa hazır görünürdü. Ortada yeni bir idarəçilik forması yox idi. Hakimiyyət eynən kommunistlər kimi idarə olunurdu. AXC icraiyyə komitəsi vəzifələrə təyin olunmaq üçün təqdimat paylayır, əslində isə satırdı. Hərbidən anlayışı olmayan keçmiş kommunist hərbi polis idarəsinə rəis təyin olunur, bəziləri isə yüksək rütbələrlə “mükafat”lanandırılırdılar. Bunu inkar edən istənilən AXC-Müsavat iqtidarının nümayəndəsi ilə dialoqa hazıram.

“Heydər Əliyev hakimiyyətə gəlmək istəyirdimi?”

Bəlkə çoxları xatırlamır, AXC iqtidara gələndə, ilk təbrik ünvanlayanlardan biri o zaman Naxçıvan Ali Məclisinə rəhbərlik edən Heydər Əliyev olmuşdu. Təbrikdə o da vurğulanmışdı ki, Heydər Əliyev AXC iqtidarına əlindən gələn köməyi göstərməyə hazırdır. Ona qədər isə H.Əliyev Naxçıvanda AXC üzvləri ilə birgə müstəqilliyimiz uğrunda mübarizə aparmış, öz dəyərli məsləhətləri ilə qələbəyə gedən yolu göstərə bilmişdi.
Yaxşı xatırlayıram, H.Əliyev Naxçıvan Ali Məclisinə rəhbərliyi qəbul etmir və bunu keçdiyi həyat yolu barədə memuar yazmaq istəyi ilə əlaqələndirirdi. Onun Naxçıvana rəhbərlik etməyini təklif və sona qədər təkid edənlərdən biri də mən olmuşam. Başqa yol görmürdüm, Naxçıvanı ağır vəziyyətdən yalnız və yalnız Heydər Əliyevin təcrübəsi ilə xilas etmək mümkün idi. Yaxşı ki, sonunda təklifimizin həyata keçməsinə nail ola bildik.
H.Əliyevin vəzifəyə təyin etdiyi şəxslərin əksəriyyəti AXC üzvləri oldu. Ali Məclis sədrinin iki müavini, baş nazir və yeni yaradılmış Müdafiə Komitəsinin sədri AXC sıralarından seçildi. Muxtar Respublikanın demək olar ki, bütün rayonlarına da AXC üzvləri rəhbərlik edirdi. İndi bəziləri iddia edir ki, H.Əliyevin AXC-yə münasibəti xoş olmayıb. Tamamilə cəfəngiyyatdır. H.Əliyevin AXC-yə münasibəti xoş olmasaydı, Müdafiə Komitəsini bütövlükdə cəbhəçilərdən təşkil edilərdimi? Axı, həmin qurumda minlərlə silahlı var idi ki, istənilən hakimiyyətə təhlükə törədə bilərdi.
Daha əvvələ qayıdaq… 1990-cı ilin yayında, H.Əliyev Naxçıvana qayıdan zaman Milli Azadlıq Hərəkatının alovu demək olar ki, sönmüşdü. Bizlər həmin odun yalnız külünü qoruyanlara çevrilmişdik. Məhz onun Vətənə dönüşündən sonra Milli Azadlıq Hərəkatının ikinci-idarə olunan, proqramlı mərhələsinə başlanıldı. H.Əliyevin ətrafına miinlərlə insan toplaşır və həmin sırada ən çox görünmək istəyənlər isə AXC Naxçıvan Vilayət Şöbəsinin fəalları olurdu. Bu gün inkar etsələr də, danılmaz faktdır ki, AXC fəalları H.Əliyevin yaşadığı evi qorumaqdan qürur duyurdular. Rayonlarda, kəndlərdə görüşlər təşkil edilirdi ki, əlimizdə olan videomateriallardan aydın görünür ki, həmin görüşlərin təşkilində AXC üzvləri daha çox fəallıq göstərir. Sual doğur; nə dəyişdi, nələr oldu ki, Naxçıvan cəbhəçilərinin H.Əliyevə olan isti münasibəti birdən-birə tərs-çevir oldu? Sualın cavabı birmənalıdır; AXC-Müsavat iqtidarının H.Əliyevə münasibəti M.Qorbaçovun, Ə.Vəzirovun, A.Mütəllibovun münasibətindən heç nə ilə fərqlənmədi. Təəssüf ki, ermənilərin də H.Əliyevə münasibəti AXC-Müsavat iqtidarının münasibəti ilə üst-üstə düşürdü. Bu bir tarixdir və nə yaziq ki, əsil həqiqət belə idi.
1992-93-cü illərdə, hər dəfə müxtəlif tədbirlərlə əlaqədar Bakıya səfər etməzdən əvvəl H.Əliyevlə görüşəndə mənə deyirdi: “Ramiz, əgər imkan olsa İsa Qəmbərdən, Arif Hacılıdan soruş, onların başqa işi-gücü yoxdur? İsa Gəncədə müşavirə keçirib, çıxışının əksər hissəsini mənim tənqidimə ayırır. Arif Gövhər Dudayevlə Zaqatalada Şeyx Şamilin abidəsində açılış edir, uzun-uzadı çıxışında məni tənqid edir. Mən başa düşə bilmirəm, onlara nə pisliyim keçib ki, işlərini, güclərini buraxıb, mənə düşmən münasibəti bəsləyirlər”. Adını çəkmək istəmədiyim biri də var ki, H.Əliyevin ona ötən əsrin 70-80-ci illərində mənzil bağışlamasına baxmayaraq, hər yığıncaqda onun arxasınca odlu-alovlu “nitq”lər söyləyirdi.
AXC-Müsavat iqtidarının emissarları Naxçıvana axmağa başlamışdı. Bakıdan və ölkənin digər bölgələrindən fərqli olaraq Nxçıvanın yaxşı təchizatı onları narahat etməyə bilməzdi. Əlbəttə, sual doğurdu; nə üçün blokada şəraitində yaşamağa məhkum edilmiş Naxçıvanda vəziyyət daha yaxşıdır? Bu sual isə ölkə vətəndaşlarını ciddi düşündürməyə başlamışdı. Emissarlar gah Naxçıvanın muxariyyətini ləğv etmək məsələsini gündəmə gətirir, gah da H.Əliyevin ölkə iqtidarına qarşı çıxması barədə həqiqətə uyğun olmayan şayiələr yaymaqla məşğul olurdular. Və nahayət ki, Naxçıvanda sabitliyin müvəqqəti olsa da, pozulmasına nail ola bildilər. 1992-ci ilin oktyabr ayının 25-də Naxçıvan Muxtar Respublikasının demokratik yolla seçilmiş ilk rəhbərinə qarşı çevriliş cəhdi edildi. Təəssüf ki, bu cəhd mənim də təmsil olunduğum təşkilat tərəfindən edilmişdi. Və beləliklə, Azərbaycanda ilk olaraq hakimiyyəti qeyri-qanuni yolla ələ keçirməyin əsası qoyuldu. Mən deyərdim ki, həmin uğursuz, əsassız cəhd AXC-Müsavat iqtidarını büsbütün nüfuzdan saldı.

İlk qiyamın “memar”ları bu gün də yalanlar uydurmaqla məşğuldurlar…
Mətbuatı izlədikcə bəzi “qəhrəman”ların AXC-Müsavat iqtidarı dövründən həqiqəti əks etdirməyən sərsəmləmələrinə rast gəlirəm. Tarixi cılız xislətlərinə uyğun saxtalaşdırmaq istəkləriylə barışmaq mümkün deyil. Bəziləri iddia edir ki, guya Naxçıvanda H.Əliyev onlarsız heç nə edə bilməzmiş. Bu qədər ağ yalanı dilə gətirmək üçün gərək vicdanından imtina edəsən. Bəli, həmin yalanları tirajlayan “bəy”ciyəzlər o zaman da böyük iddiada bulunub. H.Əliyevdən layiq olmadıqları vəzifələri tələb edir və buna nail olmadıqada silaha əl atmalı olurdular. Cavabları isə, Naxçıvan əhalisindən aldıqları kötək olurdu. Onların peşəsi “bulanıq suda balıq tutmaq” olub ki, H.Əliyev bunu qəbul edə bilməzdi. Qaraguruhun arzuladığı xaos olur ki, təcrübəli dövlət xadimi özbaşınalıqla razılaşa bilməzdi.
AXC-Müsavat iqtidarı zamanı Ordubadda baş vermiş bir hadisəni xatırlatmaq yerinə düşərdi. Çünki həmin hadisənin ssenarisini, sonradan qiyamçı polkovnik Surət Hüseynovu hərəkətə gətirən ssenarinin müəllifi Fərəc Quliyev hazırlamışdı. Təsəvvür edin, iqtidarda olan bir təşkilatın yerli şöbəsi Ordubad rayon polis rəisini vəzifədən çıxarmaq üçün qiyam təşkil edir. Rayonda xaos baş alıb gedir və qiyamın nəticəsi olaraq polis rəisi, polkovnik-leytenant rütbəsini daşıyan Faiq Əhmədov vəzifəsindən kənarlaşdırılır. Qeyd edim ki, sonradan F.Əhmədovun Culfa rayon polis idarəsinə rəis təyin olunmasına nail oldum. Belə ki, rayona rəhbərlik etdiyim müddətdə peşəkarlarla işləməyi məqsədəuyğun hesab edirdim. F.Əhmədovun fəaliyyətindən mən də, rayon əhalisi də narazılıq etmədik.
Fərəc Quliyevin AXC İcraiyyə Komitəsi adından 1992-ci ilin fevral ayında yaydığı bəyanat indi də müzakirə mövzusudur. Necə olur ki, Surəti əvvəlcə milli qəhrəman edirsiniz və ardınca onu xəyanətdə suclayırsınız? Burada bir lətifə zənnimcə yerinə düşər: “biri təzə papağını dostuna göstərib deyir; dünən bu papağı aldım bu günə görürəm ki, başıma balaca olur. Dostu da həmən sual verir ki, papağı alanda başın yanında deyildi?”
Bəli F.Quliyevin bəyənatı pafosdan savayı heç nəyə hesablanmamışdı. Bir hərbçini və yaxud məmuru vəzifəsindən azad etmək üçün bəyanata ehtiyac duyulurdumu? Bəyənmədikləri H.Əliyev həmin S.Hüseynovu daha səlahiyyətli zamanında-baş nazir kürsüsündə əyləşdiyi bir zamanda zərərsizləşdirə bilmədimi?

Heydər Əliyevsiz nələr baş verəcəkdi?
Mən yalnız şahidi olduqlarımdan danışmağı,yazmağı xoşlayıram. İndi də etiraf edirəm, AXC-Müsavat iqtidarının yıxılmasını heç bir zaman arzulamamışam. Əlimdən gələni edirdim ki, əzabla, əziyyətlə qurduğumuz hakimiyyət yaşasın. Gəncədə baş verənlərdən xəbər tutan kimi Naxçıvana-H.Əliyevin qəbuluna getdim. Bir neçə saat baş vermiş hadisəni müzakirə etdik. Elə həmin zaman Bakıdan ona ard-arda edilən telefon zənglərini eşitməli oldum. Pənah Hüseynov, İsa Qəmbər, Əbülfəz Elçibəy H.Əliyevə telefon açıb, onu təcilli Bakıya dəvət edirdilər. Məlumdur ki, dəvət qəbul edildi, H.Əliyev öncə Bakıya, sonra isə hadisə yerinə-Gəncəyə səfər etdi. Bununla da axan qardaş qanının qarşısı alındı.
Tarix o zaman yararlı olur ki, həqiqətlər ortaya qoyulur və ötənlərdən ibrət götürülür. S.Hüseynovun ətrafındakı 10-15 cinayətkar ünsürün qorxusundan tozanaq salıb, aradan çıxanlar, indi yenə qəhrəmanlıqdan dəm vururlar. Qaçmaq lazım idimi? Əsla yox!!! H.Əliyevin üzərinə hücumlar təşkil edildi, nəticəsi bəllidir.
AXC-Müsavat iqtidarını nə Surət, nədə ki, qeyrisi yıxdı. Özümüz yıxıldıq. Həmin iqtidarda olanlar daha böyük iddialara düşüb, ayrı-ayrı partiyalara bölünən gün biz artıq yıxılmışdıq.

P.S. Xatırlatmaq istəyirəm ki, Heydər Əliyevə olan münasibətim hazırki ölkə iqtidarına olan münasibətimdən kəskin fərqlənir.

LEAVE A REPLY