Yay istirahətini planlaşdıranlar bu yazını oxusun

0
4

Bizi gözləyən ağır yay tətili haqda bilmədiklərimiz; Yay fəslinin ilk günləri başlayan kimi ailələr planlar qurmağa başlayır. Harada, necə istirahət etməli, büdcəni necə planlaşdırmalı, daha uyğun, macəradan uzaq (və ya yaxın) yerləri necə kəşf etməli?

Məlum, indi dolların kursu bir neçə il öncə ilə müqayisədə daha baha olduğu üçün ailələr xaricdə istirahət planı barədə düşünmürlər. Əksinə, ölkə daxili, bir neçə günlük istirahət turu ilə kifayətlənirlər. Amma bununla bağlı plan qurmazdan öncə də bilməmiz lazım olan bəzi məqamlar var.

Tətil ildə bir dəfə yox, hər fəsildə bir dəfə olmalıdır

Ümumən ondan başlayaq ki, psixoloqlar yaz ayları, xüsusən də mart ayının məzuniyyət üçün ən uyğun ay olduğunu düşünür. Qış boyu yığılmış yorğunluq yaz aylarında psixoloji nasazlıqlara gətirib çıxardır, yuxusuzluq və əsəbilik yaranır. Mütəxəssislər bu aylarda profilaktika məqsədi ilə məzuniyyətə çıxmağınızı məsləhət bilirlər.

ABŞ alimləri ilin dörd fəslində məzuniyyətə çıxmağı məsləhət bilirlər. Dyuk Universiteninin alimləri müəyyən ediblər ki, insan məzuniyyətdən o zaman zövq alır ki, məzuniyyət bir həftədən çox olmayaraq ilin hər bir fəslində mövcuddur. İlk günlər məzuniyyətdə xoşbəxt anlar daha çox olur, yeddinci gün bu emosiyalar kütləşməyə doğru gedir. Məhz buna görə amerikalı alimlər psixoloji rahatlığa görə ildə dörd dəfə mini məzuniyyəti məsləhət görürlər. Yay aylarında istirahət misal üçün, oktyabr ayına nisbətən 40-50% daha baha başa gəlir. Bu səbəbdən yaxşı düşünün. Belə ki, sentyabr-oktyabr aylarında Türkiyədə, Yunanıstanda, İspaniyada hava hələ də isti, qiymətlər ucuz və insanlar az olur.

Məzuniyyətə bazar ertəsindən çıxın – tətili iki gün uzadın

İstirahət günlərinizi artırmaq istəyirsinizsə, təqvimi önünüzə qoyun və məzuniyyətinizi planlaşdırın. Məzuniyyətə həmişə bazar ertəsi çıxın bu zaman artıq siz şənbə günündən səyahətə çıxa bilərsiniz. Üstəlik, bayram günləri məzuniyyətinizə düşürsə, avtomatik istirahət günləriniz uzanacaq. Məzuniyyət pulunun miqdarı hansı ayda məzuniyyətə çıxmanızdan asılıdır. Məzuniyyət pulu belə hesablanır: son 12 ayın maaşı toplanır 12-ə bölünür, daha sonra alınmış rəqəm 30,4-ə bölünür və məzuniyyət günlərinə vurulur. Həkimlər hesab edirlər ki, insan orqanizminin tam istirahəti üçün 4 həftəlik məzuniyyət mütləqdir. Dünyada ən uzun məzuniyyət sahibləri fransızlar, almanlar, ispanlar, danimarkalılar və braziliyalılardır. Ən qısa məzuniyyət günləri isə ABŞ-da (14 gün), Yaponiyada (11 gün), Cənubi Koreyadadır (10 gün).
Hepimizaileyiz.com saytının apardığı araşdırmaya görə, tətil zamanı insanlar ilk növbədə yol qəzalarından əziyyət çəkir. Qəzadan sonra insanların panikaya düşməsi davranış pozğunluğu ilə nəticələnir ki, bu da ciddi, xoşagəlməz nəticələr verir.

Məsələn, yol qəzasında yaralananların 50 faizinin xəstəxanaya çatdırılmadan dünyasını dəyişdiyi bildirilir. Şüurlu ilk yardım insan həyatını qurtarmağın yarısıdır. Şüuru yerində olmayan, insan orqanizmi barədə məlumatı olmayanların yaralılara toxunmaması məsləhət görülür. Bu halda onlar “qaş düzəltdikləri yerdə göz çıxara bilərlər”. Məsələn, yaralının boynu, kürəyi çox bərk ağrıyırsa, onun iflic olma ehtimalı nəzərə alınmalı və odeyalın üstünə yerləşdirilməlidir. Bundan başqa, hər iki tərəfinə çanta, qum torbası kimi əşyalar qoyulmalıdır ki, silkələnməsin. Onu ən qısa müddət ərzində xəstəxanaya çatdırmaq lazımdır.

Xüsusən tətilini ölkə xaricində, ya da dağ ərazilərində keçirənlər idmana meyl edir. Tətil məkanlarında tennisdən tutmuş, paraşütdən hoppanmağa qədər bir çox idman növlərini görən tətilçilər onların hamısını bir-bir sınaqdan keçirməyə çalışır. Amma il boyu idmanla məşğul olmamış şəxslərin birdən-birə bu qədər yüklənməsi ciddi təhlükədir. Orqanizm öyrəşmədiyi üçün yüklənmiş idman proqramı insanları ciddi sağlamlıq problemləri ilə üz-üzə qoyur.

Məsələn, yaşı 40-ı keçmiş, siqaret çəkən, idman vərdişi olmayan kişilərin tennis oynaması fəsadsız ötüşmür. Onlar daha çox topuqlarının yaralanması ilə qarşılaşırlar. Siqaretdən istifadə edən, eləcə də spirtli içki içənlərdə əzələ yırtığı özünü daha çox göstərir.

Bunları bilmirsizsə, tətilə çıxmayın

Yay aylarında sahildə yaralanmalar və boğulmalar daha çox müşahidə olunur. Dənizin dayaz olduğu yerlərdə suya hoppanmaq olmaz. Bu, boyun və onurğa qırıqlarına, habelə iflic və ölümlərə səbəb ola bilər. Dəniz və hovuzda qarşılaşdığınız boğulmalara çox sadə üsulla müdaxilə edib, yardımçı ola bilərsiz.

Boğulan şəxsi sahilə çıxardıqdan sonra onun mədəsində çoxlu maye olduğunu unutmaq olmaz. Bu səbəbdən də onu yana çevirib, dilini də bayıra çıxarmaq lazımdır. Ondan dərhal sonra süni tənəffüslə yardım etmək məsləhət görülür. İlkin iki müdaxilədən sonra xəstədən əl-qolunu hərəkət etdirib-etdirə bilmədiyi soruşulmalıdır. Ondan sonra onu dərhal xəstəxanaya aparmaq lazımdır.

Dəri yanıqları, uşaqlarda mədə-bağırsaq infeksiyaları, dəri infeksiyaları da tətil fəsadları arasında yer alır. Yayın qovurucu istilərindən can qurtarmaq istəyənlər daha çox hovuzu tərcih edir. Təmizliyinə xüsusi önəm verilməyən, gigiyena problemi olan hovuzlar tətilçilər üçün ciddi fəsadlar yaradır. Belə ki, bir çox dəri infeksiyaları, habelə qadınlarda ginekoloji problemlər məhz natəmiz hovuzlar ucbatından baş verir. Mütəxəssislər bu səbəbdən də hovuza xüsusi rezin papaqla girməyi tövsiyə edir. Bəzi hallarda tətilçilər hovuza xüsusi köynəklə də girirlər ki, bu, dəri allergiyası olan şəxsləri xlorlu sulardan qoruyur. Bundan başqa, hovuzdan dərhal sonra duş qaçılmazdır. Bu halda virusların bədəninizdə kök salmasının qarşısını nisbətən ala bilərsiz.

Dəri yanıqlarının qarşısını almaq üçünsə bəlli saatlarda gün altında olmaq lazımdır. Məsləhət görülür ki, tətilin ilk günlərində Günəş vannası daha az qəbul edilsin. Dəri birdən-birə öyrəşmədiyi Günəş şüasının altında yana və bütün tətil boyu insana əziyyət verə bilər. Yaş çimərlik paltarında günəşlənmək də ziyan imiş. Dermatoloqlar bildirir ki, bu, daha çox qadınlar üçün fəsadlar yaradır. Qulaq iltihabları, yaş zəminlərdən yayıla biləcək xəstəliklər də risk faktorunu artıran detallardır.

Havanın istiləşməsi dəri xəstəliklərinin artmasına yol açıb. Əsas səbəb uşaqların tətilə çıxdıqdan sonra küçədə, əyləncə və şəraiti yaxşı olmayan yerlərdə oynamalarıdır. Rayon və kənd yerlərində kiçik yaşlı uşaqların heyvanlar və quşlarla təmasda olması da dəri xəstəliyinə yol açır.

Müalicəsi vaxt aparılan dəri xəstəlikləri zədələyici təsirə malikdir. Virus tez yayılır və bəzən epidemiya xarakteri daşıyır. Bəzən çibanın əmələ gəlməsi üçün kiçik bir zədə kifayət edir. Dəridəki hər hansı qızartı yaxud ləkəyə valideynlər çox vaxt biganə yanaşırlar. Həkimlər isə vaxtında müalicənin vacib olduğunu deyirlər.

Piodermiya, çiban, korçiban, dolama kimi irinli dəri xəstəlikləri tez-tez baş verir. Bütün bunları və buna oxşar xəstəlikləri ətraf mühitdən zədələnmiş dərinin üstünə düşən irintörədici mikroblar əmələ gətirir.

Bədəndən atılması lazım olan maye normal şərtlərdə sidik, nəcis və tənəffüslə atılır. Yay aylarında maye və mineral itkisinin qarşısını almaq üçün çox miqdarda maye qəbul etmək önəmlidir. Hər gün ən az 2-2,5 litr (10-12 stəkan) su içilməlidir. Bundan başqa, məşq edilərkən daha çox su içməyə diqqət yetirmək lazımdır. Maye qəbulu zamanı suyla yanaşı süd, ayran, qazlı su, limonad, soyuq bitki çayları, şəkərsiz kompotlar və təzə sıxılmış meyvə şirəsi kimi içkilər də doğru seçimlərdir.

Tətil varsa, yay varsa, zəhərlənmə riski də var

Keçək əsas məsələyə, yəni qidalanmaya. Tətil yerlərində insanlar daha çox yeməyə fikir verir. Xüsusən də söhbət açıq bufeti olan istirahət mərkəzlərindən gedirsə, insanlar limitsiz yemək-içməyi görəndə “stop” deyə bilmirlər. Bəs mədə fəsadı yaşamamaq üçün nə etməli? Mütəxəssislər məsləhət görür ki, gündə 3 dəfə və 3 ara pay qida qəbul etmək lazımdır. Bu zaman qan şəkəri normada qalır.

Yetərli və balanslı bəslənmə üçün gündəlik qidalanmada 4 əsas qida qrupundan istifadə edin – süd və süd məhsulları (süd, qatıq, ayran), ət-quru paxlalılar-yumurta-pendir, çörək-taxıl (çörək, makaron, plov) və meyvə-tərəvəz qrupu.

Yayda mayonez, yağlı sous, yağlı qidalar və qızartmalardan uzaq olmaq məsləhət görülür. Yeməklərdə bitki yağlarından istifadə etmək, qızartma əvəzinə qaynadılmış yeməklərə üstünlük verilməsi də tövsiyə edilir. Xüsusilə yay aylarında qida zəhərlənmələri artır. Ona görə də bu mövsümdə çöldə və açıqda satılan yeməklərdən uzaq olun. Tez xarab olan potensial riskli qidaları (ət, yumurta, süd, balıq və s.) soyuducudan kənarda çox saxlamayın. Qidaların alınması, bişirilməsi və saxlanma mərhələsində gigiyenaya diqqət yetirin.

Dondurma və meyvəli şirniyyatları seçin. Qızardılmış və xəmir şirniyyatları əvəzinə südlü, meyvəli şirniyyatları, dondurmanı seçin. Ancaq hər qidada olduğu kimi bunda da miqdarına diqqət yetirin. Qida istehlakında hər vaxt pay miqdarına diqqət yetirməliyik. Ancaq yayda xüsusilə tətillərdə açıq bufetdən qida istehlakına meyl olur. Bu vəziyyətdə əvvəlcə hazırlanan yeməkləri nəzərdən keçirin, seçdiyiniz yeməklərdən az-az götürməyə çalışın, qabınızı doldurarkən salatlardan başlayın, xüsusilə bol göyərti və tərəvəzli yeməklərə üstünlük verin.