Prezident İlham Əliyev:”Avropa ölkələri üçün yeganə yeni enerji mənbəyi Azərbaycandır”

0
4
Avropa ölkələri üçün yeganə yeni enerji mənbəyi Azərbaycandır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakıda 24-cü Beynəlxalq “Xəzər Neft və Qaz 2017” sərgi və konfransının, həmçinin 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisinin açılışında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib ki, enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir və Azərbaycan bu sahədə həm bölgədə, həm Avropada önəmli rol oynayır:

“Enerji şaxələndirilməsi istiqamətində atdığımız addımlar öz bəhrəsini verir ki, bu da çox önəmlidir. Azərbaycanın icra etdiyi layihələr, onların üstünlüyü ondan ibarətdir ki, bizdə həm marşrutlar çoxşaxəlidir, həm də mənbələr. Çünki bu gün bizim üçün əsas bazar Avropa bazarıdır və Avropa üçün də yeni mənbələr böyük əhəmiyyət daşıyır. Əlbəttə, marşrutlar da önəmlidir. Ancaq əsas enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur”.

Prezident vurğulayıb ki, Avropa ölkələri üçün yeganə yeni mənbə Azərbaycandır:

“Çünki qalan mənbələr artıq uzun illərdir ki, Avropanı təbii qazla qidalandırır. Yeganə yeni mənbə Azərbaycandır, böyük mənbədir və yaxında yerləşən mənbədir. Ən önəmlisi, Azərbaycan dövlətinin güclü siyasi iradəsi var, maliyyə resursları var ki, “Cənub Qaz Dəhlizi”ni tərəfdaşlarla birlikdə icra etsin. Onu da qeyd etməliyəm ki, əgər Azərbaycan dövləti bu 4 layihənin icrasına sərmayə qoymasaydı, əminəm ki, heç bir investor sərmayə qoymazdı. Çünki Azərbaycan qazını Avropaya çıxarmaq üçün müxtəlif layihələr azı 10 ildir ki müzakirə mövzusu idi. Bu müzakirələrin heç bir nəticəsi ona görə olmamışdır ki, vəsait qoymaq üçün heç kim ilk addımı atmırdı. Hamı gözləyirdi ki, kimsə bu addımı atacaq. Biz görəndə ki, bu müzakirələr ildən-ilə heç bir nəticəyə gətirib çıxarmır, o vaxt, yəni 2012-ci ildə Türkiyə tərəfi ilə TANAP layihəsinə imza atdıq. Ondan sonra “Şahdəniz-2” layihəsinə start verildi, daha sonra TAP layihəsi seçildi və artıq biz işə başlamışıq. Azərbaycan burada həm siyasi iradə göstərir, həm də iqtisadi töhfə, maliyyə töhfəsi verir ki, “Cənub Qaz Dəhlizi” layihəsi icra edilsin. Bu layihə bizim üçün tarixi əhəmiyyət daşıyır. Çünki “Cənub Qaz Dəhlizi” bizim uzunmüddətli inkişafımızı gücləndirəcək, bizə əlavə böyük mənfəət gətirəcək”.