Elmar Məmmədyarov Nyu-Yorkda çıxış etdi:“Mənim ölkəm öhdəliklərinə tam sadiqdir”

0
5
Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Azərbaycanın Respublika günü və BMT-yə üzvlüyünün 25-ci ildönümünə həsr edilmiş qəbulda açılış nitqi ilə çıxış edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, nazir bildirib ki, Azərbaycan BMT-ə üzv olduğu gündən üzləşdiyi iqtisadi çətinliklərə və ölkəmizə qarşı təcavüzə, eləcə də onun dağıdıcı nəticələrinə baxmayaraq, iqtisadi və siyasi cəhətdən dinamik müasir dövlətə çevrilərək özünü etibarlı tərəfdaş kimi sübut edib: “Biz bu müddət ərzində BMT-nin Azərbaycana dəstəyini yüksək qiymətləndiririk.  Azərbaycan ardıcıl surətdə BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinə, məqsəd və məramlarına münasibətdə öhdəliklərinə tam sadiqlik nümayiş etdirib, sədaqətlə təşkilatı dəstəkləyib və onun fəaliyyətinə fəal surətdə töhfə verib.

Bu qısa dövr ərzində Azərbaycan BMT-nin iki əsas orqanına, daha dəqiqi Təhlükəsizlik Şurası (2012-2013) və İqtisadi və Sosial Şura (2003-2005 və 2017-ci ildən növbəti 3 illiyə), habelə İnsan Haqları Komissiyası (2005-2006), İnsan Haqları Şurası (2006-2009) və təşkilatın digər seçkili orqanlarına və qurumlarına üzv seçilib.

Azərbaycan BMT çərçivəsində humanitar, insan hüquqları, iqtisadi və mədəni məsələlərlə bağlı qəbul olunmuş çoxsaylı qətnamələrin əsas müəllifdir.

Mənim ölkəm beynəlxalq sülh, təhlükəsizlik və stabilliyin qorunmasında öhdəliklərinə tam sadiqdir və bu istiqamətdə davamlı səylər göstərir. Hazırkı zamanda dünyanın və bizim regionun qarşılaşdığı xüsusi çağırışları aydın şəkildə anlayaraq, Azərbaycan beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın müvafiq qətnamələri əsasında Cənubi Qafqazda və ondan kənarda uzunmüddətli sülhün yaradılmasına töhfə verməyi davam etdirəcək.

Bu ilin əvvəlində baş katibin Təhlükəsizlik Şurasında çıxışı zamanı qeyd etdiyi kimi, milli suverenliyə və ərazi bütövlüyünə təhdidlərə qarşı nizamnaməyə uyğun olaraq qanunun aliliyinə əsaslanan beynəlxalq nizamı qorumaq və möhkəmləndirmək üçün birgə işləməli olduğumuzu xatırlatmaq istərdim”.

E. Məmmədyarov qeyd edib ki, ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipi əsasında siyasi həllinə sadiqdir: “Bunu beynəlxalq hüquq tələb edir və BMT Təhlükəsizlik Şurası, Baş Assambleyanın münaqişəyə dair müvafiq qətnamələrinin birmənalı tələbidir. Ərazilərinin işğalından və yüz minlərlə vətəndaşının zorla qaçqın və məcburi köçkün vəziyyətinə düşməsində əziyyət çəkən ölkə kimi Azərbaycan regionda sülh, stabillik və inkişafı təmin edə biləcək münaqişənin ən qısa müddətdə həllində əsas maraqlı tərəfdir.  Azərbaycan tərksilah və silahların yayılmamasına dair müvafiq beynəlxalq alətlərindən irəli gələn öhdəliklərə tam əməl edir və beynəlxalq terrorla mübarizə səylərinə ardıcıl surətdə töhfə verir.

Qlobal iqtisadi böhran və digər çağırışlara baxmayaraq, biz ölkənin mərhələli iqtisadi artımını qoruyub saxlayaraq inkluziv və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində səyləri davam etdiririk. 6 oktyabr 2016-cı ildə Azərbaycan prezidenti İlham Əliyev qlobal inkişaf məqsədləri və hədəflərinə uyğun olaraq milli prioritetlərin və onların göstəricilərinin 2030-cu ilədək müəyyənləşdirilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğun müvafiq Dövlət proqramlarının və strategiyaların qəbul edilməsi və illik milli DİM tərəqqi hesabatının hazırlanmasını təlimatlandıracaq Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında fərman imzalayıb. Bu illər ərzində biz müxtəlif regionlardan olan çoxsaylı ölkələri humanitar və digər yardımlarla təmin etmişik.

Azərbaycan milli və beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə önəm verir. Azərbaycanda 2016-cı il Multikulturalizm, 2017-ci ili isə İslam Həmrəyliyi İli elan olunub.

2016-cı ilin aprelində Azərbaycan “İnkluziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” adı altında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu təşkil edib.

Mədəniyyətlər və sivilizasiyalar arasında mədəni körpü kimi Azərbaycanın rolu 2015-ci ildə Birinci Avropa Oyunlarına və ən son İslam Həmrəyliyi Oyunlarına, eləcə də digər əhəmiyyətli beynəlxalq mədəni və idman tədbirlərinə ev sahibliyi etməsində özünü bir daha nümayiş etdirib.

Azərbaycan sülh, təhlükəsizlik və dayanıqlı inkişaf yolunda birgə səylərə həqiqətən töhfə verən fəal və güclü tərəfdaş olub və olaraq qalacaq”.