Lalə Ramizqızı
Qələmlər susduqca, faciə xəbərləri çoxalacaq.
Bütün qapılar jurnalistlərin üzünə açılmalıdır!
Yenə faciə, yenə dəhşət… Yenə gecikdik və gecikmişkən günah “keçi”lərinin axtarışına çıxdıq. Bu nəyi dəyişəcək ki? Ölən qara torpağa, yanan, yarlananlar isə xəstəxanalara yerləşdirildi. Qalanlar isə ürək acısıyla dəhşətli mənzərəni seyr etmək məcburiyyətində qaldı. Əlimizdən başqa nə gəlir ki?
Ancaq bizlərin də-əlinə qələm alıb, jurnalistəm deyən hər kəsin günahı az deyil. Əlbəttə, jurnalistikanı əzib-əzişdirib bu kökə salanların suçu bizlərdən qat-qat çoxdur. Jurnalist heç bir yerə gedə bilməzmiş, kimsənin mövqeyini öyrənmək üçün xüsusi icazə verilməliymiş. Razılaşmazsan, adını qara siyahıya salar, hətta “reket” qoyarlar. Analoqu yoxdur, doğrudan-doğruya analoqu yoxdur məmləkətimizdə baş verənlərin.
Təsəvvür edin, sıravi bir jurnalist yanğına səbəbkar şirkətin rəhbərinə “penoplast” partlayıcıları divarlara pərçim edərkən yaxınlaşıb “bu təhlükəlidir” xəbərdarlığını edib, onun mövqeyini öyrənməyə çalışsaydı, nələr baş verərdi?! Ən azı indi həbxsana həyatı yaşayan, sabiq Səhiyyə naziri Əli İnsanov kimi jurnalistə tərs-tərs baxar və “konkretni” rədd ol” ultimatumunu verərdi. Bu mənim düşüncəm və ya uydurmam deyil, təəssüflər olsun ki, acı gerçəklikdir. Tam əminəm ki, imkanları olsa, hər bir nazirlik, hər bir idarə və müəssisə jurnalistlərin fəaliyyətini məhdudlaşdıran sərəncamlara, əmrlərə imza atar. Atmasalar da, məxfi görüşləri çoxdan mövcuddur. Bədbəxtlik orasındadır ki, ölkədə bütün diqqət yalnız və yalnız jurnalistlərin fəaliyyətinə yönəlib. Əslində isə yönəldilib.
Belə yanğın ilk deyildi. Düzdür, bu dəfə hədsiz dəhşətlər yaşatdı Millətimizə. Xətai rayonunda “penoplast atəşfəşanlığı” daha öncə baş vermişdi. Biz də yazdıq. Üstü bəzək, altı təzək dedik. İnanın ki, bizlərin yazması kimlərisə hiddətləndirdi “siz deyən olmayacaq”, dedilər. Çox keçmədi ki, “penoplast”ın bərpasına başlanıldı. Bununla da “nə edirsiniz edin, nə yazırsınız yazın, biz öz xeyrimizi ötürüb, sizin “cızmaqara”nıza fikir verən deyilik”, dedilər. Mən bilmirəm işi hansı şirkət görür və nə qədər qazanır. Ancaq onu dəqiq bilirəm ki, Bakının hər bir rayonunun sahibləri var ki, həmin sahiblər rəhbərlik etdikləri ərazini qarış-qarış satıb. Belə olmasaydı, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları hadisə yerinə yaxınlaşmaqda əziyyət çəkməzdilər. Şəhərin əksər yerlərində səki problemləri yaşanır. İnsanların hərəkəti də məhdudlaşdırılacaq, belə getsə. Nə qədər əziyyət çəkib, belə mövzulara toxunsaq, hətta biabırçı vəziyyətləri əks etdirən şəkilləri səhifələrimizə çıxarsaq da, nə faydası? İndi nə yuxarılarda, nədə ki, aşağılarda qəzeti saya salıb oxuyan, yazdıqlarına əhəmiyyət verən yoxdur.
Yuxarılar “Hellas”ı oxuyur, deyəsən. Başımıza gələn faciələrin əsil səbəbi də məhz “Hellas” azarına tutulmağımızdır. Bu azardan qurtulacağımız gün deyəsən hələ çox uzaqdadır. Axı, “Hellas” sevərlər elə kök atıblar ki, özləri bir yana övladları, nəsilləri xəstələnib. Millətmi yada düşəcək?
Binəqədinin “sahibi” Xaləddin İsgəndərov da faciə yerinə gəlmişdi. Bilmirəm, daha öncə Xaləddini həmin ərazidə görən olub, ya olmayıb, ancaq onu dəqiq bilirəm ki, “sahibi” Binəqədinin “penoplast” əməliyyatlarından mütləq xəbəri olub. Axı, həmin rayonda daş-daşın üstünə qoymağın da qiyməti qalxıb kəlləçarxa. Bunu özümdən yazmıram və Xaləddin müəllimdən də umacağım yoxdur. Onu bilirəm ki, yaxın qohumlarımızdan biri Binəqədi ərazisində yaşayır. Üç oğul böyüdən ailə cəmi-cümlətanı bir otaqlı mənzildə yaşamaq məcburiyyətindədir. Böyük oğul, bu gün-sabah ali təhsilini bitirib, əsgərliyə yollanmalıdır. Bütün bunları nəzərə alan qohumum Biləcəridə iki sot torpaq alıb ki, imkanı daxilində ev inşa etdirsin. Demə, bu bir o qədər asan deyilmiş. Qohumum Xaləddin müəllimin “Hellas” həvəskarı olduğundan gec xəbər tutduğundan, indi ətrafında onlarla ev tikilmiş torpağına baxa-baxa qalıb.
Digərləri necə ev tikib, sualını ünvanlamaq mentalitetimizə uyğun gəlmədiyindən, mentalitetimizə xüsusi sayğıyla yanaşan qohumum susmağı daha məqsədəuyğun hesab edib. Nə etsin, ya susmalı, yada ki, “sahibi” Binəqədiyə bir-iki kitab “Hellas” hədiyə etməlidirlər. İndi “Hellas”ı açıq-aşkar hər kəs əlinə alıb, öpüb gözünün üstünə qoyduqdan sonra “kitab”ı bankına rahatca qoya bildiyindən Binəqədidə də bu sahədə problem yoxdur. Problemi bizlər-bədbəxt jurnalistlər yarada bilərdik ki, mövcud qanunlar bizi belə “əziyyət”dən xilas edib. Çünki rüşvət alanın şəklini çəkmək yasaq edilib. Bunu etmək istəsən “cənab, icazə verin, sizin “Hellas”la birgə şəklinizi çəkim”, xahişini etməlisən.
İşimiz çox “rahatlaşıb”, desək, yanılmarıq. Məmura, nazirə yaxın düşmək artıq iş qrafikimizdən nəinki çıxarılıb, hətta belə görünür ki, qadağan edilib. Hər hansı bir jurnalistin məmurdan, nazirdən və ya bərkgedən iş adamından sonuncu dəfə nə zaman müsahibə aldığını müəyyən edə bilsəniz, müjdəniz məndə.Onlara çoxdan toxunumazlıq hüququ verilib. Bizə isə yalnız Moşu Göyəzənli kimi xoşbaxtlığa qafiyə axtarmaq qalıb.
Bəli, cənab və xanım jurnalistlər, faciələrin səbəbkarlarından biriləri də bizlərik. Qələmi sındırılmış, həbsxanalara atılmış, mənzillərə satılmış jurnalistlər ordusu! İndi, dilimiz açılıb, günahkar “keçi” axtarışına çıxmışıq. Gecdir məncə! Bir “JEK” müdirini tənqid etməkdə çətinlik çəkən jurnalistikanın cəmiyyətə nə xeyri dəyə bilər?!
Belə, düşünək, daşınaq, birləşib bütün qapıların üzümüzə açıq olunmasına nail olaq. Yoxsa, bağlı qapılar arxasında yüzlərlə, minlərlə vətəndaşımızın faciəsinə səbəb olacaq o qədər sənədlərə imza atılacaq ki. Və qələmlər sındırıldıqca, bizlər susduqca faciə sədaları çoxalacaq.