Eynulla Fətullayev Nehrəmdən nə istəyir?

0
2

Ramiz Tağıyev

Nehrəm-Qəhrəmanlar yurdu!
Eynulla Fətullayev Nehrəmdən nə istəyir?

Azərbaycanda Korrupsiyaya qarşı mübarizənin ikinci mərhələsi başlayıb deyəsən. Normal bir haldır. Qanunsuzluq, cinayət varsa, həbslər də, sorğu-sual da mütləq olacaq. Saxlanılanları, istintaqa dəvət edilənləri cinayətdə suçlamaq fikrində deyiləm. Hər şey ola bilər, o da ola bilər ki, son günlər adları KİV-lərin “bəzəyi”nə çevrilmiş iş adamları, böyük şirkət sahibləri əməllərinin qanunauyğun olduğunu isbat etsinlər. Artıq oliqarx Nizami Piriyevin müsahibinin həbsdən buraxılması xəbəri yayılıb. Odur ki, bir az səbrli olub, bir çox sualların cavabını hüquq-mühafizə orqanlarının öhdəsinə buraxmaq lazımdır.
“Avesta” holdinqinin sahibi Hacı İbrahim Nehrəmlinin də hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə mediada bir neçə dəfə fərqli xəbərlər yayılıb. Onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıldığı və dindirikldikdən sonra sərbəst buraxıldığı xəbəri də yayınlandı. Hacı İbrahimin BMCMİ-yə dəvət edilməsinin möhtəşəm layihə sayılan “Xəzər adaları” layihəsi ilə heç bir əlaqəsi olmayıb. O, Beynəlxalq Bankla bağlı gedən istintaqa görə ifadə vermək üçün dəvət edilibmiş.
Mənim Hacı İbrahim Nehrəmli ilə heç bir əlaqəm olmayıb. Baxmayaraq ki, bir bölgədənik. Bir sözlə, Hacını yalnız mətbuatdan tanımışam. Onun layihəsi də məni bir o qədər ilgiləndirməyib, çünki nə özüm, nədə ki, ətrafımda olanlar “Xəzər adaları”nda mənzil almaq, istirahət etmək iddiasında bulunanlardan deyil. Yaşadığım birotaqlı mənzil mənim üçün sanki şah sarayıdır. Yaxşı ki, var, yoxa lənət deyiblər.
İş adamlarının həbsinə toxunmaq fikrində deyiləm. İstintaq gedir və nəticəsi hamı kimi mənim üçün də maraqlıdır. Mövqeyim isə belədir, əgər onlar dövlətə zərər vurublarsa, onda zəhmət çəkib ödəsinlər. Həbs olunmaqlarını qətiyyən arzulamıram. Uzun müddət həbsxana həyatı yaşadığımdan, həbs olunmuş şəxslərin ailə üzvləri və yaxınlarının nə qədər əzab, əziyyət çəkdiklərini yaxşı bilirəm. Üstəlik də, günahı olmadan məhkum edilmişlərin mənəvi işkəncəsini nəzərə alsaq, bütün bunlar bir cəhənnəm əzabıdır.
“Virtual Azərbacyan” və “Haqqın.az” saytlarının rəhbəri, jurnalist Eynulla Fətullayev də həbsxana həyatı yaşayıb. Qətiyyən sevinməmişəm. İmkanımız daxilində ona dəstək verməyə çalışmış, müdafiəsinə qoşulmuşduq. Bəli, Eynulla səhv etmişdi. Xocalıları təhqir etmiş, müqəddəs hissləriylə oynamağa cəhd göstərmişdi. Təbii ki,o, etdiklərini qəbul etməyib, az qala günahsızlığını bütün dünyaya car çəkərək, etiraf edək ki, dünya səviyyəsində müdafiə dəstəyinə nail ola bilmişdi. Və nəhayət ki, Eynulla azadlığa qovuşdu. Onun azadlığa çıxması xəbərinə mən də sevinmişdim. Özü də həmin xəbəri cəza çəkdiyim müəssisədə eşitmişdim…

Xodorkovski Hacı İbrahim Nehrəmlidən üstündürmü?

Təəssüf və hətta çox təəssüf ki, Eynulla səhvləri ard-arda düzməkdədir. Qələminə və bir çox məqamda yazdığı analitik yazılarına hörmətlə yanaşıram. Yazdıqlarından hiss etmək mümkündür ki, zəngin mütaliəsi olub. Ancaq oxuduqlarının əksəriyyəti Qərblə bağlı olduğunu aşkarlamaq üçün xüsusi mütəxəssis olmağa ehtiyac duyulmur. Eynulla Azərbaycanı sevmir, inkar etsə də, etməsə də. Ona Xodorkovski daha əzizdir, nəinki Hacı İbrahim. Olsun… Yenə qeyd edirəm, Hacı İbrahim mənim üçün önəmli bir şəxsiyyət deyil. Heç tanımıram da. Onun müdafiəsi isə “Yeni Müsavat”a, Rauf Arifoğluna və Azər Ayxana düşər. Nehrəmin müdafiəsi isə Mənlikdir. Eynullanın diqqətinə onu çatdırmaq istəyirəm ki, Nehrəmdən elə kişilər, elə tarixi şəxsiyyətlər çıxıb ki, onun sevimli Xodorkovskisi heç onların dırnağına bərabər ola bilməz. Məgər, Nehrəmin dəyər meyarı Hacı İbrahimdir? Axı, kim səlahiyyət verir ki, sıradan bir jurnalist hər qarışı böyük tarix olan Nehrəmə istehzayla yanaşıb; Nehrəmdən Xodorkovski çıxar?-yazsın. İfadədəki istehzanı sezməmək üçün gərək Eynullanın səviyyəsinə düşəsən. Adam yenə buraxdığı səhvlərin peşini buraxmaq istəmir ki, istəmir. Axı, sual oluna bilər, ömründə bircə dəfə Nehrəmdə olmusan? Nehrəmliləri tanıyırsan? Müqayisəyə qalsa Hacı İbrahim Xodorkovskidən dəfələrlə üstündür. Çünki Hacı qəhrəman Nehrəm torpağının yetirməsidir. Vəssalam!!! Elə bu yetərlidir. Hacının “Xəzər adaları” layihəsi də möhtəşəmdir. Hərgah ki, bəlkə zamanında başlanmayıb. Ölkənin daha vacib layihələrə ehtiyacı olduğu bir zamanda, düşünürəm ki, o qədər vəsaiti adaya sərf etməyə dəyməzdi. Ancaq Xodorkovskinin də xariqələr yaratmadığının fərqindəyəm. Çünki xariqələr yaratmaq istəyən kəsin milyardlarla, sərvəti çətin ki, olardı. Hər halda Xodorkovski Bill Qeyts deyil.

Nehrəm ada, yoxsa Türkün qəhrəmanlıq yurdu?

Eynulla istehzasından qalmayıb “Xəzər adaları”nı, “Nehrəm adaları” adlandırıb. Sual olunur nə aidiyyatı var. Yazırsan Hacı İbrahimdən yaz, sənin yüzlərlə alim, həkim, mühəndis, dahi və ən başlıcası qəhrəman övlad yetişdirmiş Nehrəm kəndinə istehzalı atmacana nə lüzum duyulurdu ki?!
Sirr deyil, uzun illərdi ki, Eynulla düşüncəli bir çox “sapı özümüzdən olan baltalar” Nehrəm kəndini gülüş hədəfinə çevirmək istəyib. Təəssüf ki, görmədən, bilmədən, tarixi barədə elementar biliyə nail olmadan… Bəs, hardan qaynaqlanıb, həmin “istək”? Birmənalı cavab var; Qəhrəman Nehrəm kəndi əzəli düşmənlərimizin sevmədiyi, ehtiyatlandığı qədim Türk yurdudur!!!
Nehrəmlə bağlı ən ibrətamiz tarixi hadisəni böyük dövlət xadimi Heydər Əliyev söyləyib. Nehrəmlilərin erməni daşnaklarına qarşı qəhrəmancasına vuruşmalarından, öz kəndlərini qorumalarından söz açan Böyük lider deyirdi: “Erməni daşnakları Naxçıvana xaincəsinə hücum edərək, dinc əhalini qıran zaman, Andronikin ordusu buradan keçən zaman nehrəmlilər onun dərsini yaxşı vermişdi. Bu kəndin xüsusi mühiti var, qəhrəman insanların kəndidir”.
Bəli, bu inkaredilməz tarixdir. Qürurverici tariximizdir. Əzəli düşmənlərimiz olan ermənilərin barışa bilmədiyi tariximizdir. Erməniləri tumarlayan, onların tarixi havadarlarına çevrilmiş rus şovinistləri Nehrəm kimi qəhrəman yurdlarımızı heç bir zaman bağışlaya bilməyiblər. Təsadüfi deyil ki, SSRİ imperiyasının mənfur “KQB”-si əyilməz, məğrur Nehrəmi gözdən salmaq məqsədilə cürbəcür lətifələr uydurmuş, görünən odur ki, həmin lətifələrin Nehrəmdə yarandığına bir çox diletantı inandıra bilmişdir. Əlbəttə, Eynullanı diletant adlandırmaq fikrindən çox uzağam. Ancaq onu xüsusi olaraq vurğulamağı borc bilirəm ki, eynullakimilərin savadı, bilgiləri heç bir zaman Türkün və hətta Azərbaycanımızın maraqlarına xidmət göstərməyib. Görünən odur ki, Eynullanın şəxsi maraqları ümummilli maraqları daima üstələyib. Bunu “Virtualçı”nın yaşam tərzi, maddi imkanı birmənalı təsdiq edə bilər. Zamana, şəraitə, himayəçilərinə və ən əsası onların “cib”lərinə uyğun dəyişən Eynulla qələmi istənilən tərəfə çevirməyə daima hazır olub. Ən böyük səhvi isə Nehrəmi istehzayla ada adlandırmasıdır. Çünki Nehrəm ada deyil, sözün əsil mənasında tarixi özündə yaşadan qədim Türk kəndidir.
Nehrəmin SSRİ “KQB”-si tərəfindən düşünülmüş siyasətlə gülüş hədəfinə çevrilməsini, uzun illər sonra Cənubi Azərbaycanımızın qədim, dəfələrlə qəhrəmanlıq tarixi yazmış Təbriz şəhərinə səyahət etdikdə bir daha dəqiqləşdirdim. Təbrizə yaxın bölgələr qədim şəhərimiz barədə lətifələr uydurur, təbrizlilərin yalançı, dələduz olduqlarını bildirib, “Təbrizlilər börk qoyandır” söyləyirdilər. Cənubda börk papaq mənasında işlədilsə də, təbrizlilərə yönəlmiş iftiralarda dələduzluq simvolu kimi nəzərdə tutulur. Nə üçün Təbriz və təbrizlilər gözdən salınır? Nehrəmi nə üçün aşağılamaq istəyiblərsə, Təbrizi də məhz həmin səbəbdən. Sirr deyil ki, Təbriz daima inqilab, qəhrəmanlıq beşiyi olub. Təbriz ayağa qalxdıqda İranda hakimiyyət dəyişiklikləri baş verib. Qəhrəmanlıq dastanı yazmış şəhərdə qan su yerinə axıdılsa da, məram və məqsədlərindən bir addım geri çəkilməyib. Nehrəm də belədir. Ötən əsrin 80-ci illərin sonunda, Azərbaycanı bürümüş Milli Azadlıq Hərəkatı zamanı Nehrəm öz qəhrəman tarixi keçmişini bir daha təsdiq etdi. Müstəqilliyimiz uğrunda mübarizədə nehrəmlilərin tarixi xidməti inkaredilməzdir.

Bu torpaq igidlər, sədaqətlilər və ziyalılar yurdudur

Nehrəm mənim əbədi olaraq igidlər, sədaqətlilər və ziyalılar yurdu olaraq yaddaşıma həkk olub. Nehrəmli olan müəllimlər-rəhmətlik Qadir bəyi və Cəfərqulu müəllimi həmişə xatırlamışam. Təmiz əlli, vicdanlı, Vətənə təmiz xidmət göstərən böyük ziyalı idi. Haqdan dönməz, haqqı söyləməkdən çəkinməzdilər. Uzun illər Naxçıvan Muxtar Respublikasının Dövlət Yol Polisi Xidmətinə rəhbərlik etmiş İbrahim Məmmədovla, hal-hazırda məsul vəzifədə çalışan Cahangir Abdullayevlə dostluq, qardaşlıq münasibətlərim davam edir. Təqib olunduğum zaman bir çoxları ehtiyat edib, kənar gəzsələr də, nehrəmli dostlarım heç fərqinə varmadılar, dostluq əbədidir dedilər. Bax, budur nehrəmli dostluğu, Nehrəm xarakteri.
Bəziləri dahi ədibimiz Cəlil Məmmədquluzadənin Nehrəmli olduğunu nəzərə alıb, onun yazdığı tənqidlərin Nehrəmə aid olduğunu iddia etməkdədirlər. Tamamilə yanlışdır. Onda bütün yazarların, dramaturqların yazdıqlarını öz bölgələrinə, kəndlərinə və yaxud ailələrinəmi aid edək? Yox, belə olmur. Mən, əksini düşünürəm, Cəlil Məmmədquluzadə kimi dahini yalnız Nehrəm torpağı yetişdirə bilərdi. Qorxmaz, əqidəli və dözümlü dahidə əsil nehrəmli xarakteri olub ki, məhz həmin xarakterik xüsusiyyətinə rəğmən yaşadığı dövrdə kimsənin qələmə almağa cəsarət etmədiyi mövzulara toxunub.
Nehrəmin yetişdirdiyi tarixi şəxsiyyətlərin, görkəmli ziyalıların təqdimatı üçün gərək cildlərlə əsərlər yazılsın. Onu dəqiq bilirəm ki, həmin kənddən yüzlərlə məşhur həkim çıxıb ki, onlar uzun illər insanların sağlamlığı keşiyində ləyaqətlə durmağı müqəddəs borcları hesab ediblər. Həmin sırada şəxsiyyətinə böyük hörmət bəslədiyim, yaxından tanıdığım, hazırda Nehrəm kənd xəstəxanasının baş həkimi vəzifəsində çalışan Hüseyn Niftəliyevin olmasından xüsusi olaraq qürur duyuram. Hüseyn həkimin yüksək əxlaqı, mədəniyyəti hər kəs üçün örnək ola bilər.
İxtisasca mühəndis olan dostum Cahangirlə hansı mövzuda söhət edirsən et, onun ensklopedik bilgisi qarşısında geri çəkilməli olursan. Nehrəmlilər belə olur, cənab Eynulla!
Qeyd etdim ki, Nehrəm qulağı kəsik Andronikin quldur ordusuna qarşı qəhrəmanlıqlar nümayiş etdirmiş Müslüm Vəli oğlu “Atatürk” medalına layiq görülüb. Həmin medal uzun illər sonra gizli yolla qəhrəmana çatdırılıb. Nehrəmlilərdən qisas almaq niyyətlərini heç bir zaman gizlətməyən erməni xainlərinin əli ilə Müslüm kişi həbs edilir və həbsxanada dünyasını dəyişir.
1937-ci il Stalin repressiyasında Nehrəmnən yan keçməyib. Bir çox ailə milli düşüncəsinə rəğmən Sibirə sürgün edilib. Görünən odur ki, SSRİ imperiyasının sərt, amansız davranışı nehrəmliləri sındırmayıb. Necə deyərlər, həyat da, mübarizə də davam edib. SSRİ imperiyasının, erməni dığalarının sarsıda, sındıra bilmədiyi nehrəmliləri indi sifarişli yazıları, yersiz istehzasıyla Eynulla Fətullayev sındıra bilərmi?
Sonda nehrəmlilərin qəhrəmanlığı barədə qoşulmuş el nəğmələriylə yazını yekunlaşdırmaq istəyərdim:

Nehrəmlilər quşu göydən endirir.
Ərəzində Səməd, Nehrəmdə Müslüm,
Hücuma keçdilər hamıdan üstün.
Andranik qoşunun etdilər təslim,
Yeri ha, yeri, köpək əndiri
Nehrəmlilər quşu göydən endirir.

Sona xanım şeiri dedi özündən,
Güllə dəysin Andranikin gözündən.
Nehrəmlilər dönmədilər sözündən,
Yeri ha, yeri, köpək əndiri
Nehrəmlilər quşu göydən endirir.

Bax belə, anlayan anlasın, anlamayan da gözləsin. Nəğmədə hər şey açıqca söylənib;
Yeri ha, yeri, köpək əndiri
Nehrəmlilər quşu göydən endirir.

LEAVE A REPLY