“Bizim istəyimiz iqtidar-müxalifət görüşünün baş tutmasıdı”

0
2

“Bizim istəyimiz iqtidar-müxalifət görüşünün baş tutmasıdı”

Elşad Musayev:“Bizim o görüşlərdə qaldırdığımız məsələlərlə bağlı, hakimiyyətin hər hansı yetərli addımı yoxdur. Ona görə də, bizim bəzi dostlarımız deyirlər ki, əgər birinci-ikincü görüşdən sonra hər hansı bir nəticə yoxdusa, bu görüşləri dayandıraq”

Avropa Oyunlarının vaxtı yaxınlaşdıqca, ölkədə yaşanan təntənə və təmtəraqların fonunda gərginlik şkalasının da sürətlə üzü yuxarı dırmanması cəmiyyəti həyəcan və təşviş içində tutmaqda davam edir. Bu arada məmləkət əhlinin diqqəti, bir tərəfdən hakimiyyətlə müxalifət arasında getdiyi güman edilən danışıqlara, digər tərəfdən də son həftələrin baş məsələsinə çevrilmiş oliqarx “ovuna” yönəlib. Ümidlər və ümidsizliklər bir-birini o qədər sürətlə əvəz edir ki, bəzən insan ağlı bu sürətin arxasınca yetişməkdə aciz qalır. Bakıda qısa müddət ərzində iki yaşayış binasında baş verən dəhşətli yanğınlar isə, durumun düşünülə bildiyinnən daha vahim olduğuna dəlalət edir və cəmiyyəti qorxu və təlaş işində tutaraq insanların yuxularını ərşə çəkir. Belə bir vəzyyyətdə, yaranmış durumun dəyərləndirilməsini, hakimiyyətlə görüşlərə qatılan və bu səbəbdən də həm yuxarılardakı əhval-ruhiyyədən, həm də müxalifət daxilindəki ab-havadan az-çox xəbərdar olduğunu güman etdiyimiz Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevdən xahiş etdik.

– Elşad bəy, hakimiyyət təmsilçisi ilə görüşlərinizi necə qiymətləndirirsiniz, bu həqiqətən də iqtidar müxalifət dialoqudumu, yoxsa cəmiyyəti və müxalif qüvvələrin bir kəsimini oyalamaq üçün oynanan bir oyundurmu?

-Mən mətbuata bundan əvvəlki açıqlamalarımda da bildirmişəm ki, Prezident aparatı təmsilçisinin siyasi partiyalarla görüşü keçirilir və bu dəfəki də sayca üçüncü görüş idi. Bunu da kim necə bilir, elə də qiymətləndirsin. Amma bunun açıq adi var və bu prezident aparatı təmsilçisi ilə siyasi partiyaların görüşüdü. Bu görüşlərdə bir siıra çəmiyyət üçün aktual olan məsələlər müzakirə olunur və bir sıra məsələlər də gündəmə gətirilir və s.

– Deyəsən bu dəfəki görüşdə formatı dəyişmək cəhdi oldu, müxalifətin digər qanadı da görüş üçüç dəvət aldı. Düzdü o müxalifətçilər bu görüşə gəlmədilər. Amma soruşacagım başqa məsələdi. Formatı dəyişmək təşəbbüsü kimə məxsus idi və niye?

– Bu sualı o təşəbbüsdə kim bulunubsa ona vermək lazımdı. Amma bu görüşdə tərəflərdən biri “Azadlıq 2015” seçki blokudu və biz əvvəlcədən formalaşmış formatı birtərəfli qaydada dəyişməyin əleyhinə olmuşuq. Əslinə baxanda bizim istəyimiz iqtidar-müxalifət görüşünün baş tutmasıdı. Və bu görüş əsnasında konkret mövzulara keçərək dialoq prosesınə nail olmaqdı.Elə bu səbəbdən də biz üçüncü görüş ərəfəsində formatın dəyişməsi məsələsi ortaya çıxanda bunun əleyhinə olduq. Bunun da sadəcə bir səbəbi var idi ki, prezident aparatı təmsilçisinin özü də formatın dəyişməyəcəyini bildirmişdi. Amma bütün hallarda sonuncu görüşdə də format elə də dəyişməmişdi və görüş də əvvəlki vəziyyətdə baş tutdu.

– Əvvəlki iki görüşdən sonra müxalifəti təmsil edənlərin təəssüratlatı demək olar ki eynıydi. Amma üçüncü görüşdən sonra cəmiyyətə ötürülən fikir və təəssüratlarda xeyli fərqliliklər var idi. Bu haqda nə deyə bilərsiniz?

-Gəlin əvvəl ondan başlayaq ki, bu görüşlər ümumiyyətlə lazımdı,yoxsa lazım deyil. Çünki bu suala cavab vermədən digər sualları cavablandırmaq müəyyən qədər çətinliklər yaradır. İlk növbədə onu deyim ki, son illərdə müxalifəti təmsil edənlərlə iqtidar nümayəndələri arasında bir masa arxasında əyləşərək heç bir məsələnin müzakirəsi aparılmayıb. Amma bütün bu müddət ərzində həm müxalifət təmsilçiləri, həm də iqtidar nümayəndələri müəyyən məsələlər ətrafında müzakirə və ya fikir mübadilələrini hansısa xarici ölkə və ya beynəlxalq təşkilatın nümayəndələrinin vasitəçiliyi ilə aparılıb. Böyük Azərbaycan Partiyası lap əvvəlcədən də bu praktikanın səhv və yanlış olduğunu deyib və indinin özündə də bu mövqeyində qalır. Məsələn, seçki məsələsi müzakirə olunursa, ölkənin həm içəridə, həm də dışarıda imicinə ciddi ziyan vuran siyasi məhbuslar məsələsi varsa, millətin və dövlətin digər vacib məsələləri gündəmə gətirilirsə, o zaman, iqtidarın da müxalifətin də, heç bir vasitəçi-filan olmadan bir araya gələrək bu məsələləri müzakirə edə bilməsi vacibdir və bu muzakirələr üzbəüz görüşlərdə birbaşa aparılmalıdı. Bizim əvvəlcədən tutduğumuz mövqe belədir və biz bu cür yanaşmanı doğru hesab eliyirik. İndiki bu görüşlərə də biz partiya olaraq o prizmadan yanaşırıq. Amma mən bunu da əvvəlcədən demişəm ki, hakimiyyətin özünün hər hansı formada marağı və ya hansasa kənar təsirlər olmasaydı, dünyada gedən proseslər təsir etməsəydi hakimiyyətin daxilində olan əsas xətt prosesləri köhnə qaydada aparmaq olasıydı. Amma dünya dəyişir və Azərbaycan da dəyişəcək. Ona görə də, görünür hakimiyyətin öz içində də bunu anlayanlar var və ilk növbədə müxalifətlə bir masa arxasında əyləşib müzakirələr apara bilmənin vacib olduğunun fərqindədirlər. Müxalifət tərəfinin özü də yekcins deyil və bir çox məsələlərə münasibət kökündən fərqlidir. Bir qisim müxalifətçilər də fikirləşirlər ki, bu görüşlərdə iştirak edib, hakimiyyətə qarşı çox loyal münasibət göstərməklə, hətta hakimiyyətyönlü partiyaların özündən belə yumşaq danışmaqla nəyəsə nail olmaq olar. Həm də qarşıdan seçkilər gəlir deyə, bəziləri daha fərfli yollarla mandat ala bilməyi düşünürlər. Bizim fikrimiz elə deyil və burda, mətbuatda, müəyyən tədbirlərdə necə danışırıqsa, orda da eləcə danışırıq. Biz belə hesab eləyirik ki, bu görüşlərdə çox prinsipial məsələlər qoyulmalıdır və prinsipial da müzakirələr olmalıdır. Görüş zamanı hakimiyyət təmsilçisinin özü də etiraf elədi ki, “Azadlıq-2015” seçki bloku, seçki islahatları ilə bağlı məsələni gündəmə gətirib və bu məsələnin qarşılıqlı müzakirəsini istəyir. Eyni zamanda hakimiyyətin nümayəndəsi onu da etiraf elədi ki, biz bu məsələnin müzakirəsinə hazır deyilik.

“Əli Həsənovun özü də, bu və bir sıra digər məsələlərin həllində maraqlıdır. Amma o da hiss olunur ki, daha böyük qüvvələr var ki, onlar bu prosesin getməsində və bu zaman ortaya çıxan məsələlərin həllində maqaqlı deyillər”

– Seçki islahatı ilə bağlı məsələnin müzakirəsinə hakimiyyət hazır deyil?

– Bəli. Yəni, məsələnin qoyuluşu zamanı, bu etirafın özünün də bir anlamı var. Bir var ki, məsələni hardasa gizli şəkildə qərara bağlayıb, bizi fakt qarşısında qoyurlar, bir də var ki, işin gedişində, cəmiyyətə də, müxalif təşkilatların özlərinə də aşkar olur ki, müxalifət seçki islahatlarının müzakirəsinə hazırdır, iqtidar isə buna hazır deyil. Gəlin burda onu da qeyd edək ki, hakimiyyət tərəfin özünün bunu açıq etiraf eləməsi də, məsələyə mövcud Azərbaycan reallıqları müstəvisində yanaşanda, bir yenilikdir. Gündəmə çıxarılan digər məsələ isə Avropa oyunları ilə bağlı məsələ idi. Eyni zamanda da bir sıra cari məsələlər də gündəmə gətirildi və burda da xeyli sayda vacib müzakirələr getdi. Siyasi məhbuslarla, rüşvət və korrupsiya ilə, devalvasiya ilə, kreditlərlə, Qarabağ məsələsi ilə bağlı geniş müzakirələrimiz oıdu.

– İndiyə qədərki görüşlərdə də xeyli məsələlər qaldırmışdınız və hakimiyyət tərəfinin bu məsələlərə diqqət ayırmasını, onların həllini istəmişdiniz. Həmin o məsələlərdən hakimiyyətin işləmə götürdüyü və həlinə çalışdığı nəsə varmı?

– Mən ordakı çıxışımda da bu haqda danışdım və indi birda da deyirəm ki, bizim o görüşlərdə qaldırdığımız məsələlərlə bağlı, hakimiyyətin hər hansı yetərli addımı yoxdur. Ona görə də, bizim bəzi dostlarımız deyirlər ki, əgər birinci-ikincü görüşdən sonra hər hansı bir nəticə yoxdusa, bu görüşləri dayandıraq. Belə radikal düşünənlər də var. Amma bu bir prosesdir və biz belə hesab edirik ki, başlanan bu prosesi aparmaq lazımdır. Hakimiyyətin öz içində də, hiss olunur ki, bu məsələyə yanaşma fərqlidi. Bir qrup var ki, qəti sərt xətt götürüb və hakimiyyət təmsilçilərinin siyasi təşkilatlarla, xüsüsilə də müxalifət təmsilçiləri ilə görüşməsini qətiyyən istəmir. İkinci bir tərəf də var ki, vəziyyətin gərginliyini və mövcud reallıqları anladığına görə, bu prosesin başlamasını istəyir. Vəziyyət belədir, gizlin də heç nə yoxdur və biz bunu açıqca deməliyik.

– Prosesin başından bəri, siyasi məhbus məcələsı gündəmdə olub və son görüşdə də bu haqda fikir mübadiləsi apardığınızı dediniz. Bu məsələnin qismən də olsa həllini yaxın müddətə gözləmək olarmı ?

-Bu məsələnin həlli bütünlüklə hakimiyyətdən asılıdır və onu da deməliyəm ki, məhz bu məsələdə hakimiyyətin imitasiyası daha çoxdur. Mən əvvəllər də bu haqda demişdim ki, bu hakimiyyətin Avropa Oyunlarına qədər bu məsələdə əsaslı addımlar atacağına inanmıram və bunu gözləmirəm. Açığını deyim ki, indi bizimlə danışıqları Prezident aparatından Əli Həsənov aparır və ən azı görüntülət onu deyir ki, Əli Həsənovun özü də, bu və bir sıra digər məsələlərin həllində maraqlıdır. Amma o da hiss olunur ki, daha böyük qüvvələr var ki, onlar bu prosesin getməsində və bu zaman ortaya çıxan məsələlərin həllində maqaqlı deyillər. Lap siyasi məhbus məsələsinin özündə belə.

– Elşad bəy, oliqarxların kütləvi həbsi məsələsi gündəmdədi və bu prosesin də uzun sürəcəyi gözlənilir. Bu nə məsələdi, sizcə nə baş verir, adamları niyə tuturlar ki ?

– Bu da ölkədə illərlə baş alıb gedən hərci-mərciliklərin, qanunsuzluqların, özbaşınalığın bariz göstəricilərindən biridir. İllərlə bu insanlar ölkəyə şəxsi obyektləri kimi baxıblar və kim necə istəyibsə, eləcə də çalıb-çapıb, talançılıq ediblər, heç kəs də heç nəyə görə nə cavab verib, nə məsuliyyət daşıyıb, nə də ki, nə vaxtsa cavab verə, məsuliyyət daşıya biləcəyini düşünüb. Ölkəyə əvvəl böyük miqdarda neft pulları gəlirdi və ona görə də, müəyyən mənada heç bir çətinlik də hiss eləmirdilər. Indi isə, elə bir vaxt gəldi və məlum oldu ki, Azərbaycanın faktiki büdcəsinin üçdə biri oğurlanıb. İndi ortaya çıxır ki, cəmi 20 milyardlıq büdcəsi olan bir ölkədə, kimlərəsə ağılagəlməz dərəcədə astronomik rəqəmlərlə ölçülən kreditlər verilib. Azərbaycanda belə məsələlər bütün xırdalıqlarına qədər ölçülüb-biçilir və çox maraqlıdır ki, bu adamlara kimin göstərişi ilə o boyda kreditlər verilib. Hər şeyə, xüsusilə də pulların hərəkətinə total nəzarət olan bir olkədə bu necə baş verə bilib və bu insanlar hansı qruplaşmanın üzvləridilər ki, bu qədər, faktiki oğurluq anlamına gələn əməllərdə bulunduqlarına görə indiyədək toxunulmaz qala biliblər? İndi bu adamların bir qismini həbsxanaya salıblar.Hələ bilmək olmaz ki, ortada daha nə kimi əməllər və fırıldaqlar var və bu arada həbs olunanlardan bir neçəsi intihar-filan eləsələr nə olacaq və ən əsası da oğurlanmış o böyük paraları kim və necə qaytaracaq.Görünəni odur ki, həmin pullar artıq itirilib, bəlkə az bir qismini qaytarmaq mümkün olsun, ama hamısını heç vaxt. Əslində bu çox ciddi və bir xeyli də suallar doğuracaq məsələdi. Bu, hakimiyyət daxilindəki qrupların ayrı-ayrılıqda, bütövlükdə ölkəni sömürmələrinin göstəricisi olan bir məsələdi və təbiidir ki, bu adamlar buna görə cavab verməlidirlər. Indi heç o da məlum deyil ki, Azərbaycanın neft fondunun nə qədər pulu var, Azərbaycandan kənarda saxlanan pullar, ehtiyat valyuta fondunda olan pullar nə qədərdi. Bunlar ölkənin içində dövlətin pullarini belə darmadagın eləyiblərsə, o zaman ölkədən kənarda saxlanan pulların yerində olmasına kim təminat və qarantiya verə bilər. Ona görə də mənim proqnozum belədi ki, qarşıda Azərbaycanı çox agır günlər gözləyir.

Söhbətləşdi: Sərdar Əlibəyli

LEAVE A REPLY