Müasir uşaqlarda qocalanda sağlamlıqla bağlı çoxlu problemlər olacaq

0
4

İnkişaf etmiş ölkələrin sakinlərinin ömür müddəti 1930-cu ildən artıb. Ancaq mütəxəssislər müasir uşaqların sağlamlığını “gec işə düşən bomba” adlandırırlar.

Bu uşaqlar 65 yaşına çatanda onların sağlamlığında hazırda 65 yaşı olanlara nisbətən daha çox problem olacaq. Tədqiqatçılar Almaniya, CAR, Hindistan, Braziliya və Səudiyyə Ərəbistanından olan 101 müəllim arasında sorğu aparıblar.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, müəllimlərin 58 faizinin fikrincə, müasir uşaqların sağlamlıq durumu qocalanda bu günün yaşlı insanlarına nisbətən daha pis olacaq. Müəllimlər oturaq həyat tərzini, artıq çəkini və gigiyena qaydalarına riayət olunmamasını uşaqların sağlamlığına mənfi təsir göstərən əsas amillər adlandırıblar.

Məlum olduğu kimi, dünyanın çox ölkələrində uşaqlar arasında piylənmə geniş yayılıb. London Kral Kollecinin bu yaxınlarda apardığı tədqiqat göstərib ki, piylənmədən əziyyət çəkən uşaqlarda 2-ci tip diabetin inkişaf riski 4 dəfə artıqdır. Ekspertlər həyəcan təbili çalaraq bildirirlər ki, uşaqlar arasında piylənməyə qarşı mübarizəyə dair təcili tədbirlər görülməlidir.