Rusiyanın vasitəçiliyindən imtina edilməlidir? – Sorğu

0
4

“Atlas” Araşdırmalar Mərkəzi Azərbaycan – Rusiya münasibətləri və Azərbaycanın xarici siyasətinin yeni prioritetləri mövzusunda 500 respondent arasında sorğu keçirib.

Sorğunun birinci sualı belə olub: “Rusiyada azərbaycanlıların dünyadakı ən böyük diaspora təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi iki ölkə arasındakı münasibətlərə necə təsir edəcək?”Bu suala cavab verənlərin 87 % Rusiyada azərbaycanlıların ən böyük təşkilatının fəaliyyətinin faktiki qadağan olunmasının Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edəcəyini söyləyiblər. Respondentlərin cəmi 8 % qeydiyyatın ləğvinin münasibətlərə heç bir təsiri olmayacağı düşüncəsindədir. 5 % isə suala “bilmirəm” deyə cavab veriblər.

Bu mövzunun davamı olaraq respondentlər “Sizcə Rusiyada azərbaycanlıların diaspor təşkilatının fəaliyyətinin qadağan olunmasının arxasında hansı qüvvələr dayanır” sualına belə cavab veriblər: “Rusiya hakimiyyəti” – 57 %, “Rusiyadakı erməni lobbisinin təsiri altındakı qüvvələr” – 34% və “Səbəb Ümumrusiya Azərbaycanlıları Konqresinin sənədlərinin qaydasında olmamasıdır” – 9%.

Sorğunun üçüncü “Rusiynın Dağlıq Qarabağ münaqişəsinin həllindəki vasitəçilyini necə qiymətləndirirsiniz” sualına cavab verənlərin mütləq əksəriyyəti (93%) Moskvanın təkbaşına vasitəçilyini Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməyəcəyini, əksinə işğalın davamına şərait yaratdığını bildiriblər. Sorğuya qatılanların yalnız 5 % Rusiyanın münaqişənin həllinə çalışdığını, 2 % isə bu haqda bir fikirlərinin olmadığını deyiblər.
Sorğunun dördüncü sualı belə olub: “Azərbaycanın Rusiyanın təkbaşına vasitəçiliyindən imtina etməlidirmi?” Cavablardakı nisbət belə olub: “Bəli, imtina etməlidir” – 78 %, “xeyr, imtina etməməlidir” – 12 %, “imtina etməməli, ancaq digər iki həmsədr – ABŞ və Fransanın da prosesdə iştirakına çalışmalıdır” – 10%.

Sonuncu “Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda Azərbaycan xarici siyasətdə və təhlükəsizliyinin artırılmasına hansı alternativlərə üstünlük verməlidir” – sualında respondentlərə aşağıdakı cavab variantları təqdim olunub və nəticələr belə bölünüb:

a)“Türkiyə ilə yeni hərbi əməkdaşlıq sazişi imzalanmalı, ayrıca Türkiyənin Azərbaycanda, o cümlədən Naxçıvanda hərbi bazasının və ya hərbi təlim mərkəzinin yaradılması məqsədilə Ankara ilə danışıqlar başlanmalıdır” – 53 %

b)“NATO ilə hərbi əməkdaşlıq genişləndirilməlidir” – 24 %

c)“Avropa İttifaqı ilə inteqrasiya sürətlənməlidir” – 14 %

d)“Alternativlərə ehtiyac yoxdur, Rusiya ilə strateji tərəfdaşlığa davam edilməlidir” – 9%.