Arif Paşa:“Elburus Orucov Laçına məhz Ermənistan tərəfdən olacağı gözlənilən üç tərəfli hucumu dezinformasiya kimi ortaya atmışdı”

0
7

İstər Şuşanın, istərsə də Laçının işğalı ilə bağlı bir xeyli qaranlıq məqamlar var

Arif Paşa:“Elburus Orucov Laçına məhz Ermənistan tərəfdən olacağı gözlənilən üç tərəfli hucumu dezinformasiya kimi ortaya atmışdı”

Bu günlərdə Laçının işğalından 23 il ötməsiylə bağlı bir sıra mətbu və teleefirlərdə ənənəvı veriliş və reportajlar cəmiyyətə təqdim olundu. Bəlkə də indi Azərbaycanın rəsmi və qeyri-rəsmi bütün qurum və təşkilatlarının, başlanmasına sayılı günlər qalmış Avropa oyunları qayğısına yüklənməsi səbəbindən bu məsələ bir az da diqqətdən kənarda qaldı. Elə bunu nəzərə alaraq tariximizin və qan yaddaşımızın heç vaxt unudulmayacaq günlərindən biri olan Laçının işgal tarixinə və o dövrün ab-havasina yenidən nəzər salmağa çalışdıq. Bu yöndə həmsöhbətimiz isə, o illərin əfsanəvi qəhrəmanlarından biri olan əlahiddə Laçın alayının yaradıcısı və komandiri olmuş Arif Paşadır. Arif bəydən həm də 14-15 may hadisələri ilə bağlı münasibət öyrənməyə çalışdıq.

– Arif bəy, nə var nə yox, çoxdandır səsiniz gəlmir, niyə görsənmirsiniz ki?

– Sağ olun, vallah indi ora-bura qaçmaqdı əsas işimiz, harda görünək ki, görünənlər onsuz da çoxdur, amma baxır kim nəyin peşindədir.

– 1992-ci ilin 15 mayında artıq Şuşa getmişdi, Laçın da, belə demək mümkündüsə, “can üstəydi”. Bakıda isə şıdırğı hakimiyyət davası gedirdi, biriləri hakimiyyəti qorumağa, biriləri revanş götürüb yenidən hakimiyyəti qaytarmağa, biriləri də əvvəlkilərin hər ikisini devirib hakimiyyətə sahiblənməyə çalışırdılar. 14-15 may 1992-ci ildə Arif Paşayev harda idi, yadınızdadırmı?

– Yaxşı yadımdadı, 13-14 may 1992-ci il tarixlərində Laçının Qayğı qəsəbəsi ərazisindən keçən yollarımız ermənilər tərəfindən güclü atəşə tutulurdu, müəyyən mənada da bağlanılırdı. Həmin vaxt Seyidağa Mövsümlü də ordaydı və yeri gəlmişkən deyim ki, həmin hadisələrin çəkilişlərini də o aparıb. Yəni, o günlərdə mənim harada və nə işlə məşğul olmağımın video görüntüləri də var. O zaman biz həm də Qayğı qəsəbəsindən insanların evokuasiyası ilə məşğul idik. İndi bizim adamlarımız o vaxt döyüşən insanlara ayrı aspektlərdən yanaşırlar. Həmin il may ayının 13-də Nazirlər Kabinetinin, “Laçının evokuasiyası haqqında” 240 saylı qərarı olub. Yəni Laçının əhalisi dövlət səviyyəsində köçürülürdü. O qərarın həyata keçirilməsi üçün konkret direktivlər, icrasına məsul olan adamlar, komissiya üzvləri var. Təbii ki, indiki zamandan baxanda həmin qərara da, onda baş verən hadisələrə də cəmiyyətin münasibəti fərqli görünə, müxtəlif istiqamətlərə yozula bilər.

– Nə qərarıydı ki, Laçını əhalisinin tamamilə köçürülməsi nəzərdə tutulurdu?

– Bəli. Baxın, bu qədər illərdən sonra, Ukraynada baş verənləri və Krımın faktiki işğalını görəndən sonra, müəyyən məsələlərə baxışlarım dəyişib, fikir və düşüncələrimdə müəyyən korrektələr olub. Mən fikirləşirəm ki, o qərarı verən insanlar da, dövlət və hökumət təmsilçilərin də, Laçına hücum olacağı, hətta, bəlkə orada da Xocalıda olan hadisələrin törədilə biləcəyi haqda məlumatlar ola bilərdi. Bəlkə də bu evokuasiya məsələsi bununla bağlı narahatçlıqdan doğa bilərdi. Yəni, indi geriyə baxanda, bu deyilənlərin real olduğunu da düşünürəm. Ən azından, işin gedişində əhalinin böyük hissəsi qırğına da verilə bilərdi. Təbii ki, biz onda əhali ilə düşmənin birbaşa təmasına mane ola bilərdik, amma qarşı tərəfin ağır artilleriyadan və toplardan istifadə etməsi, kifayət qədər itkilərin ola biləcəyini şərtləndirirdi. Bəlkə də bu köçürülmə məsələsi olmasaydı və əhali o şəkildə çıxarılmasaydı, hadisələrin inkişafı başqa istiqamətlərə də yönələ bilərdi. Amma, sonradan baş verən hadisələri, işğal olunan ərazilərin coğrafi mövqeyini, digər qlobal prosesləri analiz və təhlil edəndə görürsən ki, orada istənilən müqavimətin olması, nəticələrin indiki kimi olmasına təsir edə bilməzmiş. Amma fakt faktlığında qalır ki, o zaman, tutaq ki, bu yanda Şuşa təkbaşına Dağlıq Qarabağla, bu biri yanda Laçın təkbaşına Ermənistanla savaşırdı, eləcə də digər, sonradan işğal olunan rayolarımız hərəsi ayrı-ayrılıqda böyük bir respublika ilə döyüşürdülər. Demək olar ki, hər bir rayon öz taleyi ilə baş-başa qalmışdı. Fəlakət bundaydı ki, hər bir rayon Ermənistanla və Dağlıq Qarabağla sərhəddə, öz əhalisinin dərd-səri və ərazisini müdafiəsi baxımından tam şəkildə taleyin ümidinə buraxılmışdı. Bu təkcə o vaxt Şuşa və Laçının işğalı zamanı belə deyildi və biz bunu sonrakı proseslərin gedişində və digər rayonlarımızın işğalı zamanında da gördük. Bütün səviyyələrdə və mənalarda yanimcıllığin olmaması, əlahiddəlik, kollektiv düşüncədən mərhimiyyət, mərkəz əyalət əlaqələrinin zamanın tələblərinə və müharibə şərtlərinə uyğun qurula bilməməsi və sair kimi çox ciddi qüsurların olması, əslində indi olduğunnan fərqli nəticələrə gətirə bilməzdi. Hər kəs sadəcə öz rayonunun müdafiəsi ilə məşğul idi və sona qədər də biz bunu anlaya bilmədik ki, düşmən birdir və biz də bu düşmənə qarşı yalnız vahid cəbhədə döyüşməklə uğur qazana bilərik. Amma düşmən tərəfi bunu edə bildi və qazandığı nəticələr də ortadadır. Hər halda həmin dövlərdə mərkəzi hakimiyyət və respublika səviyyəsində rayonlarla, bəzən tam biganə, bəzən də ayrıseçkiliklə qurulan münasibət də faciəni daha da yaxınlaşdırdı.

– Yəni, 14 mayda Arif Paşayev Qayğı qəsəbəsini köçürtməklə məşğul idi?

– Yox, köçürməylə məşğul olanlar da var idi, mən isə, digər döyüşçülərlə qəsəbənin düşmən tərəfindın güclü atəş altında olan yollarını açmağa çalışırdım və bunun uğrunda döyüşlər aparırdıq.

– Bakıda olanlardan harda və nə vaxt xəbər tutdunuz?

– O vaxt durum elə vəziyyətdəydi ki, bizim burda baş verənlərdən xəbər tuta bilmək imkanımız yox idi. Xüsusilə Şuşanın işğalından sonra vəziyyət çox gərginləşmişdi. Üstəlik mənim özümün də bir çox qayğılarım var idi. Siz də bilirsiniz ki, artıq aprel ayının3-dən mənim komandiri olduğum hərbi hissəni ləğv eləmişdilər. Ona görə də orda mənim müəyyən proseslərə birbaşa və bilavasitə müdaxiləm də mümkün deyildi. Yəni harda bir boş nöqtə varsa, oranı qapamaqdan tutmuş, mərmilərin daşınmasına qədər ümumi işlərin xeyrinə ola biləcək nə ilə desən məşğul olurdum. Sadəcə bu ölkənin vətəndaşı, bu xalqın oğlu olaraq əlimdən gələni etməyə çalışırdım.

– Demək ki, o zaman artıq səlahiyyəti olmayan komandir kimi fəaliyyət göstərirdiniz.

– Necə ki, səlahiyyəti olmayan komandir olmur axı. Mən onda artıq heç bir hərbi səlahiyyət sahibi olmayan vətəndaş idim.

– Amma orda komandir olanların çoxunun həsəd aparacağı qədər iananlmış adamlarınız, ətrafınız var idi.

– Bəli düzdür, onda hələ də döyüşçülər və yerli əhali arasında nüfuzum var idi, ərazini digər Bakıdan göndərilmiş komandirlərdən yaxşı tanıyırdım, döyüş təcrübəm də onlardan çox idi. Amma o məqamda səlahiyyətimin olmaması, daha çox işlər görə və qərarlar verə bilməmə əngəllər yaradırdı. Bütün elədiklərimi də öz təşəbbüsümlə eliyirdim.

– Bir də soruşmaq zorundayam, Bakıda olanlardan harda və necə xəbər tuta bildiniz ki, Ayaz Mütəllibov artıq gəlib, gedib və sənin də fəal üzvlərindən olduğun Xalq Cəbhəsi demək olar ki artıq hakimiyyətə sahiblənib, və sair?

– Səhv etmirəmsə 14-ü mayda axşam bizə xəbər verdilər ki, bəs Bakıda yenidən Ayaz Mütəllibov hakimiyyətə gəlib. Onda xəbərin hansı vasitə ilə gəldiyi də yadımda deyil, çünki rabitə demək olar ki, yox səviyyəsində idi və təkcə rayon KQB-sinin binasından az-çox normal əlaqə qurmaq mümkün idi.

– Bakıda siyasi proseslərin belə ziqzaqlı qalxıb enmələri öz yerində, amma həm də sərhəd bölgələrində gerçəkdən müharibə gedirdi. Bu zaman heç olmasa Müdafiə Nazirliyinin fəaliyyəti, döyüşən bölgələrə və hərbi hissələrə diqqəti qənaətbəxş sayıla bilərdimi?

– Bilirsiniz, burda maraqlı bir nüans var, onu deyim, sonra sualınıza cavab verərəm. Səhv etmirəmsə, may ayının 11-də Elburus Orucov mənə dedi ki, guya ayın 13-dən 14-nə keçən gecə saat 03.45-də Laçına üç istiqamətdən hücum olmalıdır. Mən də onda təklif elədim ki, Laçındakı bütün qüvvələr əsas zərbə istiqamətinə atılsın. Əsas zərbə də Dağlıq Qarabağdan olmalıydı. Çünki, ordan biz əsas zərbəni endirəcək erməni qüvvələrinin qarşısını ala bilsəydik, Ermənistan tərəfdən səhəddi keçməyə cəsarət etməzdilər. Amma bu təklifimi nəzərə almadılar və dediyim kimi, əsas zərbə iatiqamətində bizim uduzmağımız labüdləşəndə oraya digər qüvvələrin cəlb edilməsi gec idi və artıq ərazi bütünlüklə bizdə deyildi. İndi düşünürəm ki, mənim təkidlə əsas zərbə istiqamətini qapatmaq tələbimin, ya da xahişimin nəzərə alınmaması üçün, Elburus Orucov Laçına məhz Ermənistan tərəfdən olacağı gözlənilən üç tərəfli hucumu dezinformasiya kimi ortaya atmışdı.

– Elburus Orucov Laçında komandanlığı nə vaxt qəbul eləmişdi?

– O zaman müdafiə nazirinin yerlərə çatdırılan əmrlərində də mən bir sıra uyğunsuzluq və dolaşıqlıq gördüm. Həmin əmrlərin verilmə tatixində və sonradan məhkəmədə verilən şahid ifadələrində ziddiyyətlər çoxdur. Məsələn bir adam bir neçə ziddiyətli əmr verib. Elburus Orucov isə, fakt olaraq, Laşına aprelin 22-də bir qrup zabitlə gəlmişdi. Amma onun ərazinin məsul komendantı və 4-cü istiqamətdə 104 saylı briqadanın komandiri təyin olunması əmri 1 may 1992-ci ildə 0-153 nömrəsi ilə verilib.

– 4-cü istiqamət haradı ki?

– Dediyim kimi, Şuşa-Laçın istiqaməti. Amma o aprelin 22-də gəlmişdi. 3 aprel tarixli 34-151 nömrəli əmrlə isə, Laçın alayı Ləğv edilib.

– Belə bir suala da cavab verin. Siz də bilirsiniz ki, illər ötməsinə baxmayaraq, hələ də ictimai rəydə Şuşa ilə Laçının işğalında Rəhim Qazıyevin gühahkar olduğu haqda qənaətlər mövcuddu, hətta birbaşa “Rəhim Qazıyev satıb” deyənlər də var. Rəhim bəyin barəsindəki bu rəylərin hər hansı formada əsli-astarı varmı?

– Yox, qətiyyən yox, Təbii ki, Rəhim Qazıyev həmin dövrdə müdafiə naziri olub və bu baxımdan da, heç şübhəsiz ki, onun da öz çapında məsuliyyət payı olmamış deyil və Rəhim bəyin özü də bunu heç vaxt inkar eləmir ki. Amma bu məsuliyyət nədən ibarətdi, bax bu başqa bir söhbətdi. Əbəttə həm mənəvi, həm də siyasi məsuliyyət məsələsi ola bilər. Amma illərlə aparılan rəsmi təbliğatın və qaralama kampaniyasının nəticəsində formalaşmış ictimai rəyin heç bir əsası yoxdur.

– Ümumiyyətlə müdafiə nazirinin və nazirliyin Laçının müdafiəsi ilə bağlı gördüyü və obyektiv, ya da subyektiv səbəblərdən görə bilmədiyi nüansları qeyd edə bilərsinizmi ?

– Ataların yaxşı bir sözü var, deyir ki, igidi öldür, amma haqqını yemə. Həmin dövrlərdə nazirliyin imkanları daxilində o bölgənin müdafiəsinə göstərdiyi çox köməkliklər var idi və mən tam məsuliyyətimlə deyirəm ki, çox böyük köməklik edilirdi. Yəni o bölgədə döyüşən qüvvələrin silah-sursatla təhcizatı, əlavə canlı qüvvələrin göndərilməsi, ixtisaslı zabit kadrlarının yerləşdirilməsi, va sair kimi məsələlər kifayət edəcək qədər idi. Nazirliyin əməliyyat idarəsi var və təbii ki, bu işlərin təşkili də əsasən o idarənin üzərinə düşür. Nazirliyin əməliyyat idarəsinin zabitləri və rəhbərləri də orada idi. Təsəvvür edin ki, həmin idarənin bölgədə 21 nəfər zabiti var idi və onların da 19-u akademiya qurtaran zabitlər idi. Yəni, nazirlik, imkanları daxilində, mümkün olan hər şeyi eləmişdi.
Əgər məsələ belə qoyulsa ki, orda olan canlı qüvvə və əldə olan silah-sursat, texnika o ərazini qorumağa bəs eləmirdi, o zaman Müdafiə Nazirliyinin və onun rəhbərliyinin məsuliyyət məsələsini gündəmə gətirmək, ortaya qoymaq olar. Amma həmin ərazidə olan canlı qüvvənin, silah-sursatın və hərbi texnikanın imkanları, o ərazini qorumağa yetirdisə, onda məsuliyyət məsələsi, yerində həmin qüvvələri səmərəli istifadə etməklə, ərazilərin müdafiəsini təşkil etməyə borclu olan hərbi komandanlığın üzərinə düşməlidir.

– Yəni Laçını orda olan hərbi gücün hesabına müdafiə etmək mümkün idi?

– Tam məsuliyyətimlə deyirəm ki, bəli, bu mümkün idi, əgər ordakı hərbi güc səmərəli və taktiki baxımdan düzgün istifadə olunsaydı. Təəssüflər olsun ki, o dövlərdə təyinat yanlış idi, çünki ərazini tanımayan, Azərbaycan dilini və mentalitetini bilməyən bir adamın oraya komandir kimi göndərilməsi, ərazidə olan hərbi qüvvələr arasında kifayət qədər ciddi narazılıqlar yaratmışdı. Təsəvvür edin ki, adamlar 1988-89-dan başlayaraq illərlə döyüşüblər və o müddətdə bunların birgə döyüşlərdən keçərək gəldikləri döyüşçülər, tanıdıqları insanlar, güvəndikləri komandirlər var idi. Belə bir şəraitdə qəfildən bir adam gəlir və öz iradəsini, hikkəsini ortalığa qoyur. O adam ki, onu ordakı insanlar heç tanımırlar. Təbiidir ki, o zamankı vəziyyətdə və o vaxtın şərtlərində bu qəbul olunası bir hal da deyildi. Məsələn, tutaq ki, mən və bir sıra başqa adamlar, bir zabit olaraq bunu dərk edirdik, amma, orda elə adamlar, elə qüvvələr var idi ki, bununla hesablaşmaq, bunu qəbul etmək istəmirdilər və sonadək də etmədilər. O zaman şəxsən mənim də tabe olmaq istəmədiyim barəsində deyilmişdi, ancaq mən hər zaman belə düşünürdüm ki, əmrlərə sözsüz tabe olmaq lazımdlr və tabe olmağı bacarmayan biri, tabe etdirmək haqqına da sahib deyil. Ayrıca da, mən o adama, o torpaqların adətlərinə uyğun şəkildə qonaqpərvərlik göstərməyə çalışırdım. Amma, təəssüflər olsun ki, o özünün hərbi və siyasi məğlubiyyətlərini, həm də bizim münasibətlərimiz kontekstində pərdələməyə çalışır.

– Söhbət Elburus Orucovdanmı gedir ?

– Əlbəttə, sizə bir faktı da deyim ki, 1992-ci il, aprel ayının 31-də biz Elburusla görüşdük. Təsəvvür edin ki, bir neçə gündür ora gələn adam Şuşadan Stepanakertə hücum hazırlandığını bildirdi. Elburus Orucov indi deyir ki, orda olan qüvvələr ona tabe olmaq istəmirdilər. Onda mən də ona belə bir sual vermək istiyirəm ki, əgər ordakı qüvvələr ona tabe olmurdularsa, o zaman kimə güvənərək, elə bir qısa müddətdə, Stepanakertə hücuma hazırlaşırdı? Və niyə bu tabe olmamaqlar haqqında, bircə dəfə də olsun, həmin dövrlərin özündə nazirliyə, Rəhim Qazıyevə, Şahin Musayevə və qeyrilərinə məlumat verməmişdi? Niyə bu tabe olmamaq söhbətləri, məhz Şuşanın və Laçının işğalından sonra ortaya çıxdı? Axı, müharibə şəraitində, məsuliyyətini daşıdığı ərazinin müdafiəsinə, eləcə də tabeçiliyində olan hərbi birləşmələrdəki nizam-intizama birbaşa cavabdeh zabit olaraq, hər gün Nazirliyə hesabatlar verməli idi. Amma bu fakt məhkəmədə də sübuta yetirildi ki, adam, nazirliyə gündəlik göndərdiyi “donoseniya”larda, bircə dəfə də olsun, bu haqda kəlmə kəsməyib. Deməli, bu “tabe olmamaq” faktı, sonradan uydurulmuş və özünə bəraət qazandırmaq üçün düşünülmüş bəhanədən başqa bir şey deyil. Yeri gəldi, onu da deyim, qoy cəmiyyət bəzi şeyləri bilsin ki, istər Şuşanın, istərsə də Laçının işğalı ilə bağlı bir xeyli qaranlıq məqamlar var. Məsələn, hücum vaxtı qabaqdan bəlli olsa da, hərbi hissələrə bununla bağlı heç bir məlumatın verilməməsi, silahların şəxsi heyətdən alınaraq anbarlara yığılması, bir çox atıcı silahların nişangahlarının sökülərək çıxarılması, müəyyən yerlərdə texnikanın motorlarına qum tökülməsi, xeyli sayda şəxsi heyətin təcili məzuniyyət adı altında ərazidən göndərilməsi və sair kimi xeyli məsələlər məlum olsa da, bu günədək aydınlaşdırılmamış qalır. Və deməliyəm ki, bu dediyim şeylərin hamısı məhkəmə istintaqı zamanı şahid ifadləri ilə tam təsdiqini tapmış və sübuta yetirilmiş məsələlərdir. Bu qədər ağır ittihamlar, sübuta yetililmiş hərbi cinayət xarakteri daşıyan əməllər və gerçəkdən vətənə xəyanət anlamına gələn faktlar ortada ola-ola, kimin kimi günahlandırmasından asılı olmayaraq, hesab edirəm ki, gec-tez tarix hər şeyə qiymət verəcək.

– Amma Arif bəy, bir peşəkar hərbçi kimi necə baxırsınız, Elburus Orucovun hərbi akademiya bitirmiş bir zabit kimi, xüsusi sələhiyyətli komendantı olduğu dörd rayonun işğal olunmasından sonrakı karyerasının, xüsusilə də Şuşa və Laçın kimi strateji və tarixi əhəmiyyət kəsb edən ərazilərimizin itirilməsi ilə bir bağlılığı varmı? Həm də, məsələyə, bayaq sizin də dediyiniz, “ərazilərin müdafiəsi üçün yetrincə hərbi gücün olmasl” kontekstindən baxanda bu məsələ necə görsənir ?

– Əgər məsələyə hərbi kontestdən yanaşaraq hüquqi analiz vermək istiyiriksə, o zaman birmənalı şəkildə deməliyik ki, Elburus Orucov, rəsmən sərəncamında olan hərbi qüvvələri vahid komandanlıq altında birləşdirərək, məsuliyyətini daşıdığı ərazilərin müdafiəsini təşkil eleyə bilmədi. Həmin dövrdə bunu eləyə bilmək üçün onun peşəkarlığı da yetmədi və nəticələr də bizim üçün çox ağır oldu, yəni məğlubiyyətlərimiz bir-birini əvəz elədi. Ədələt naminə onu da deyim ki, həmin dövrlərdə bunu eləmək də kifayət qədər problemli bir məsələ idi. Amma bütün bunları özü də bilə-bilə, vəziyyətə nəzarət edə bilmədiyinin fərqində ola-ola, akademiyanı bitirmiş bir zabit kimi, peşəkarlığının yetərsiz olduğunu anlayaraq, tələm-tələsik, necə deyəllər, iki daşın arasında, Stepanakertə hücum təşkil eləməyinin arxasında nə dururdu? Maraqlı məsələ bax budur. Mən indi burda yerli şəraiti və ərazinin coğrafi mövqeyini, relyefini çox yaxşı bilən və belə şəraitdə hansı silahların, hansı texnikanın necə effektli istifadə oluna biləcəyinin fərqində olan bir zabit kimi danışıram. Məsələn, tutaq ki əraziyə minamyotlar və artilleriya qurğuları, toplar göndərilirdi. Minamyotlar düzənlik sahələrə, toplar isə mürəkkəb relyefli sahələrə göndərilirdi ki, onun bu cür əmrləri şübhə doğururdu. Onun gəlişindən sonra, digər şübhəli hərəkətlər də oldu. Məsələn, yanacaq və su çənləri güllələnirdi, gecələr dinc əhalinin yaşadığı evlərə güllələr atılırdı. Başqa müəmmalı hadisələr də baş verirdi ki, bunların hamısı nəticə etibarı ilə, sanki bilərəkdən işğalı yaxınlaşdırmağa xidmət edirdi. Məsələn, əmr var idi ki, Şuşadan əhalinin çıxması qadağan olunsun və bu biri yandan da, həmim əmrin icrasına birbaşa təsir etməli olan şlaqbaumun götürülməsi tapşırığı verlirdi. Bir çox hallarda da onun bu addımlarının, sonradan olacaqlara görə özünü sığortalamaq cəhdlərindən başqa heç bir izahı ola bilməz.

– Siz indi bu şeyləri danışırsınız, amma Elburus Orucov isə Mirşahinin “Ən Yeni Tarix” “dərsi”ndə deyirdi ki, Arif Paşayev qaçmışdı və özünün də komandir kimi hərəkət imkanlarının məhdudlaşmasına səbəb kimi bildirirdi ki, Arif Paşayev ona Rəhim Qazıyevin Laçın ərazisində ermənilərlə atəşkəs əmrini göstərib.

– Mən təəssüf edirəm ki, Azərbaycan Ordusunun rəhbərliyində yüksək vəzifələrdən birinə belə bir şəxs gətirilib. O şəxs ki, mənim tanıdığım müddətdə, özünü çox pis tərəfdən tanıdıb. Əməllərində böyük şübhələr, sözlərində böyük yalanlar olan bu şəxsin belə vəzifədə oturması nə deməkdisə, qoy buna cəmiyyətin özü qiymət versin. Şəxsən mən Elburus Orucovu, Güləbird kəndi tərəfdən ərazini tərk edərkən saxlayıb dala qaytarmışam. O gün yağış yağırdı və mənim olduğum maşınla bunun getdiyi maşını “obqon” elədik. Hətta az qala bizim maşın dərəyə yuvarlanacaqdı. Elburusu maşınından çıxardım və dedim ki, hara qaçırsan ?

– Qaçırdı Elburus Orucov?

– Bəli, şəxsən özüm onu tutub gətirmişəm. Orda olan bir neçə zabit də, mənim sürücüm də bunun canlı şahidləridir. Bir başqa vaxtda da Elburus Orucovu Qubadlı rayonunu ərazisində ordumuzun zabitləri qaçdığı yerdə həbs eləmişdilər. Tanınma nişanlarını söküb qaçırmış. Onda da gətirib onu Qubadlıda qauptvaxta salmışdılar. Qubadlının müdafiə batalyonunun komandiri Adil Həşimovun döyüşçüləri eləmişdilər bunu. Bu hadisənin də konkret şahidləri var. Saleh Rüstəmov, Adil Həşimovun özü buna canlı şahiddilər və istənilən vaxt onlardan təfərrüatları soruşa bilərsiniz. Sonradan onu qauptvaxtdan çıxarmaq üçün hardansa adamlar gəlmişdilər. Həmim gün onun maşınından 12 ədəd avtomat silah götürmüşdülər, bir də 2 ədəd italyan istehsalı olan portativ radio qurğusu çıxmışdı maşından.

– Tanınma nişanları deyəndə poqonları-filanımı nəzərdə tutursunuz ?

– Bəli, bəli. Yəni bu dediklərim çılpaq faktlardı və camaatın, o cümlədən də mənim bunlardan xəbərim var. Bunun bütün fəaliyyəti özünə bəraət şəklində qurulub. Onun dediyi fikirlərdə bir nöqtə va ya vergül boyda həqiqət yoxdur. Nə Rəhim Qazıyevin elə bir əmri olub, nə də mən o əmri kiməsə, xüsusilə də Elburus Orucova göstərmişəm. Əksinə, mən o zaman hər hansı təklifdə, ya da tələbdə bulunanda, əlində tutduğu əmri mənə göstərirdi ki, sənin burda heç bir səlahiyyətin yoxdur, burda komandir mənəm və sən bu işlərə də qarışma.

– Ümumiyyətlə o atəşkəs məsələsi nədir, bəzən başqaları da bu haqda deyillər.

– Bunu mən də Tok-Şou verilişində bir dəfə döyüşçü dostumuz Yaşar bəydən eşitmiışəm, bir də, səhv eləmirəmsə, Mahir Cavadov belə bir fikir səsləndirib. Mən də birmənalı şəkildə deyirəm ki, elə bir şey olmayıb. Laçında döyüş heç vaxt dayanmayıb ki, hələ bir atəşkəs də imzalansın.

– Yeri gəldi, bir şeyidə soruşum, Rəhim Qazıyevə sui-qəsd məsələsi haqda nə düşünürsünüz, əslində nə baş vermişdi orda?

– Necə yəni nə baş vermişdi, sui-qəsd baş vermişdi və Rəhim bəyin qətlinə verilmiş fərman, Allahın köməyi ilə baş tutmadı. Mən kənar rayonlardan gələn ilk adam idim və orda Rəhim bəyə yaxın olan 8 nəfər qətlə yetirilmişdi, özü də yaralanmışdı. Bir də sui-qəsdi içra edən Emin adlı şəxs də həlak olmuşdu, vurulmuşdu yəni. Düz iki qaşının ortasından güllə dəymişdi və mən gələndə hələ də onun yerə tökülən beyni buxarlanırdı. Tək bir güllə və alninin düz ortasından…

– Yenə də sizə bir peşəkar hərbçi kimi müraciət edirəm, bu iki qaşının arasından dəyən güllə sizə maraqlı görünmədimi, geçənin qaranlığında və o vurhavurda bu qədər sərrast atəş, maraqlıdı məncə…

– Neçə illərdi ki, bu söhbətlər gedir və Siz ilk jurnalistsiniz ki, bu məsələyə diqqət yetirirsiniz. Tam səmimi deyirəm ki, bütün bu illər boyu mən də içimdə belə bir sualı gəzdirmişəm və bütün hallarda, mən də bu fikirdəyəm ki, o adam tək olmayıb və bunun özü də əlavə bir sübutdur ki, Rəhim bəyə qarşı törədilən bu sui-qəsd sıradan bir məsələ deyildi. Birmənalı demək olar ki, bu, çox ciddi şəkildə hazırlanmış və peşəkarlar tərəfindən icra olunan bir terror hadisəsiydi. Və qaranlıq bir yerdə o cür sərrast atəşi, yalnız peşəkar qatil və çox güman ki lazer nişangahı olan silahdan atmışdı. Bu ətrafda deyilən və danışılan bütün versiya və şayiələrin özü də olayın ciddi düşünülmüş terror olduğu qənaətini yaradır. Çünki adi hadisələrdə məsələ nə bu qədər yönləndirilə, nə də getdikcə genişləndirilən arealda gündəmdə saxlana bilər. Bunun necə yaradıldığını və necə idarə olunduğunu da peşəkarlardan öyrənmək olar

– Bu günlərdə bir statusunuzu oxudum. Yazmışdınız ki, yenə Laçının işğal günü gəlir, yenə də efirlərdən fərarilər bizi ittiham edəcəklər, bizə “vətən xaini” və sair yarlıklar asacaqlar.

– Bu da bizim, bəlkə də milli faciələrimizdən biridi. Həmişə təşəbbüsünün qurbanı olursan. Mən bu sözü elə Rəhim Qazıyevə də aid eliyirəm. Biz və bizim kimi çox oğullar vətən yanğısından, torpaq qeyrətindən irəli gələn təşəbbüsümüzün qurbanı olduq. Biz sadəcə vətənimizi, bir də ana bacılarımızın namusunu qorumaqdan savayı heç bir təmənnada bulunmadıq, məhrumiyyətlərə dözdük, əzab-əziyyətlərə qatlaşdıq. Amma o qədər fədakarlığın, halallığın qabağında insanların bizə olan münasibətini görmək çox ağır məsələdir. Yəni cəmiyyətin arşını nədisə, səni də o arşınlarınnan qiymətləndirir. Bizim cəmiyyətin arşınları o qədər də nizam deyil. Bu arşın nizam olsaydı, dürüst ölçülərlə işləsəydi, müharibədən qaçan, gizlənən, dəlilik kağızı alıb müharibədən yayınanlar, yəni vətən üçün döyüşməyənlər, bu gün vətən üçün döyüşənləri qınaya, təhqir edə bilməzdilər, cəmiyyətin özü buna imkan verməz, ictimai rəy onları əzərdi. Amma hələ ki, olanlar, olmalı olanlarla daban-dabana ziddiyyət təşkil edir və indi buna ancaq təəssüflənmək olar. Mən də buna təəssüf eliyirəm. Ama vətən üçün döyüşməyimdən də, bu yöndə yaşadıqlarımdan da qətiyyən peşman deyiləm.

Söhbətləşdi: Sərdar Əlibəyli

LEAVE A REPLY