Dəqiq, vicdanlı, qərəzsiz, yoxsa…?

0
7

Dəqiq, vicdanlı, qərəzsiz, yoxsa…?

Bu günlərdə Bakı rayonlarından birinin icra struktur nümayəndələri ilə həmin rayonun ərazisində yerləşən kiçik bir ticarət obyektinin sahibkarı arasında mübahisəli bir hadisə baş vermişdi. Qısa məlumat vermək gərəkirsə, köhnə bir ticarət obyektini işlək vəziyyətdə başqasından satın alan sahibkar buranı daha modern və şəhərimizə yaraşan tərzdə təmir etmək məqsədi ilə işə başladı. Bu zaman da təbiidir ki, binanın köhnə lahiyəsi üzərinə dəyişikliklər ediləcəkdi.
Məsələn, yüz iyirmi kvadrat metrlik tövlə və sair yardımçı tikililər söküləcək, bu zaman kafenin əsas, yəni sənəddə təyinatı üzrə göstərilən yeganə tikili qismi isə Dövlət reystr sənədinə görə üzərində olduğu torpağın ön hissəsində qaldığından əcaib bir görüntü yaranmaqda idi. Qeyri–yaşayış sahəsinin ölçülərini və təyinatını dəyişdirmədən aparılacaq təmir-bərpa işləri ilə bağlı bu obyektin yərləşdiyi ərazi icra hakimiyyəti orqanlarına da həm elektron, həm də yazılı ərizə ilə müraciət edilərək məlumatlandırılmış və xəbərdar edilmişlərdi.
Nə isə, oxucumuza başağrısı olmasın, günlərin bir günü həmin rayon icra hakimiyyətinin birinci müavini yanında qolubəyləri ilə tökülüb gəldi və heç kafenin və görülən işlər barədə hansısa sənədin olub olmadığına baxmadan, hətta mülk sahibinin “bizim əlimizdə sənədimiz var” sözlərinə istehza ilə “o sənədin altında mənim imzam var? “ deyə cavab verərək və sahibkarın, – Birinci xanımın yanına şikayətə gedəcəyəm, sözlərinə isə kinayəli baxışla cavab vərərək yanındakılara sökün təlimatı verdikdən sonra, bu binəva sahibkar əlacsız qalaraq mediadan yardım tapa bilmək umudu ilə yola düşdü. Əvvəlcə önlərinə çıxan Atv, sonra isə başqa bir kanala yaxınlaşdılarsa da, aldıqları cavab eyni idi: Gedin ANS-ə, belə məsələlərə orada baxırlar.
Nəhayət şikayətçilər ANS şirkətinə gəlib çatdıqda ürəklərində böyük inam, sonsuz ümid var idi. Kəmali-ədəblə keçib əyləşdilər, ərizələrini yazıb onlarla çəkilişə gedəcək heyəti gözləmək üçün hazırlaşırdılar ki, ümidləri söndü, eyni qaranlıqda küləyin söndürdüyü şam kimi…
Bu teleşirkətin nümayəndəsi ərizəni təhvil aldıqdan sonra onlara:-şirkətin prezieənti baxıb təsdiqləməlidir, daha sonra müvafiq rayon icra hakimiyyəti ilə əlaqə saxlanacaq, əgər etiraz etməsələr gəlib çəkəcəyik.
Bu nə demək idi? Necə yəni, icra hakimiyyəti etiraz etməsə gəlib çəkəcəyik? Məgər İç xəbər, Növbətçi verilişləri sadəcə ağacda qalan pişikləri, kanalizasiyaya düşən itləri, küləyin yıxdığı ağacları, avtoqəzaları və daha nə bilim nələri göstərmək üçündürmü? Bəs, vətəndaşın talehi, dərdi, şikayəti? Şikayəti işıqlandırmaq üçün şikayət olunandan razılıq alacaqsınızsa, harada qaldı sizin “dəqiq, qərəzsiz, vicdanlı” informasiya prinsipiniz? Məgər, vicdan bu qədər bəsit, bu qədər asan udula bilən cinsdən bir şeydirmi? Hələ dəqiqliklə qərəzsizliyi qoyuram bir kənara, çünki bu ikisi də təmsil etdikləri subyektin insanlığına, xarakterinə görə dəyişə bilər, amma vicdan elə bir məfhumdur ki, eyni dəqiq elmdəki hansısa bir aksioma kimi o ya vardır, ya yoxdur. Nəyinsə, hansısa subyektin vicdanı mühakiməsinə görə dərəcəsi fərqli ola bilməz, çünki bu artıq subyektiv olmaqdan daha çox obyektiv bir olaydır. Bəhs etdiyimiz media şirkətinin hər xəbər başlığında istifadə etdiyi, amma bu yazının qəhramanlarına görə heç də dəqiq və qərəzsiz şəkildə əməl etmədiyi vicdan məvhumu, bəlkə bir gün orada çalışanların elə öz vicdanlarını sızladacaqdır…
Turan Türk

LEAVE A REPLY