Sizə də, mənə də məlumdur ki, Vətənimizdə- Azərbaycan Oğuz Türk yurdunda hər il beynəlxalq yarışlar keçirilir. Bu yarışlar Azərbaycanın dünyada tanınması üçün xüsusi ilə əhəmiyyətlidir. Bu səbəbdən də ev sahibliyi etdiyimiz yarışlara həm maddi, həm də mənəvi cəhətdən ciddi hazırlıqlar edilir.Vətənimizdə keçirilən bu yarışlar Azərbaycan Türk mədəniyyətini, adət-ənənələrini, incəsənətini, tarixini gələn misafirlərə tanıtmağı da qarşısına məqsəd qoyur. Bizim misafir sevərliyimiz,qonaq pərvərliyimiz xaricdən gələn qonaqlarımızın da diqqətini xüsusi ilə cəlb edir.
Bu səbəbdəndir ki,gələn qonaqlarımıza yardımcı olsun deyə xüsusi “könüllülər” adlandırılan qrup təşkil edilmişdir ki, onlara tariximizi, mədəniyyətimizi tanıtsınlar, şəhəri gəzərkən yardımcı olsunlar. Həqiqətən bu işi layiqi ilə görən könüllü həmvətənlərimiz vardır. Mənim ətrafımda, dostlarımın arasında da xüsusi ilə bu işə önəm verən tanışlarım var və onlara Vətənimizə xidmət məqsədilə çalışdıqları üçün təşəkkür edirəm. Amma bu işdə çox da doğru yolu tutmayanlarda var. Sizə Vətənimizə misafir olan, burda çalışan əslən İngilis olan bir tanışımızın qarşılaşdığı və təəccübləndiyi bir hadisədən bəhs edəcəyəm.
Belə ki, uzun müddətdir Azərbaycanda yaşayan və Bakıda bir şirkətdə çalışan əslən İngilis olan bu dostumuz şəhərdə gəzərkən onun yarışlar səbəbi ilə Vətənimizə gəldiyini zənn edən 6 nəfərlik gənc könüllü qrupu ona tərəf gələrək, “Xoş gəldiniz, bizlər könüllüyük və sizin yardıma ehtiyacınız varsa, sizə kömək edə bilərik” deyirlər. Bizim əcnəbi dostumuz ,”Sağ olun mən artıq yerli sayılıram, buranı tanıyıram “- deyərək cavab verir. Bunun üzərinə söhbətə başlayırlar. Bizim xarici dostumuz qrupdakıların aralarında fərqli dildə yəni Azərbaycan Türkçəsində danışmadığını görür və “siz Azərbaycandan deyilsiniz hər halda ?” -deyə sual edir. Məlum olur ki, iki könüllü əslən Azərbaycanlı deyil. Bunu öyrəndikdən sonra əcnəbi dostumuz digərlərinin də Azərbaycanlı olmadığını zənn etdiyini, başqa dildə danışdıqlarını söyləyir. Düşünün, bunu eşidən əslən Azərbaycanlı olan dörd nəfər sevinərək ” Sağ olun, bizi azərbaycanlı kimi görmədiyinizə sevindim” deyirlər. Hansı səbəbdən belə sevindikləri soruşulduqda isə cavab olaraq əslən Azərbaycanlı olan bu 4 nəfərin ortaq cavabı belə olur “azərilər, ya da siz necə deyirsiz, azərbaycanlılar çox da mədəni olmurlar, mədəniyyətsiz olurlar, çağdaş olmurlar. Bizi onlara oxşatmadığınız üçün sağ olun.” Bunun üzərinə xarici dostumuz “sizin düşüncəniz heç də doğru deyil gənclər, mən çox zaman oldu burda çalışıram və tanışlarımızın çoxu Azərbaycanda böyüyüb və çox mədəniyyətli dəyərli insanlardı. Həm siz burda Azərbaycanı tanıtmalısınız. Mən artıq buranın yerlisi sayılıram və burda tanışlarım olmasa sizin düşüncənizlə hərəkət etsəydim, Azərbaycanın əhalisini və mədəniyyətini yanlış anlamış olardım”- deyir.
Sizə bəhs etdiyim bu hadisədən xəbərdar olduqdan sonra mənə bu hadisəni təəccüblə danışan əcnəbi dostumuza xüsusi təşəkkür etdim. Çünki, bu dost özünün Azərbaycanlı olduğunu deyən və başqa dildə danışmağı, fərqli milllətdən biri kimi görünməyi mədəniyyət hesab edən sözdə “həmvətənlərimizə” yaxşı dərs vermişdi. Amma bu gəncələrin düşüncə tərzi məni çox məyus etdi. Sən Azərbaycanda yaşa, Azərbaycanın suyunu iç, burada böyü, amma arada bir dil öyrən, özünü müasir hesab et və Azərbaycan xalqını mədəniyyətsiz hesab et! Bu hal həqiqətən dəhşətdir və çox üzücüdür. Bizim yaxşı bir deyimimiz var “Tısbağa qınından çıxdı qınını bəyənmədi”. Amma loru dillə desək, bunlar heç qınlarından da çıxmayıblar, qının içində ola-ola, bu qına sığına- sığına qınlarını bəyənmirlər. Düşünün öz dilində danışmayan və öz mədəniyyətini bəyənməyib ədabazlıq edənlər Azərbaycanımızı necə tanıda bilərlər?!
Türk dünyasının görkəmli düşünürü şairi Bəxtiyar Vahabzadə necədə gözəl deyib:
“Ey, öz doğma dilində danışmağı ar bilən,
Bunu iftixar bilən Modalı ədəbazlar.
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar,
Qoy bunlar mənim olsun.
Ancaq Vətən çörəyi, Bir də ana ürəyi Sizlərə qənim olsun”
BU MİSRALAR HƏR ŞEYİ DEYİR ƏSLİNDƏ. Şairin digər misralarıda tam bu mövzunu əhatə edir:
“Gülmə öz kökünə, ayıbdır sənə!
Ot kökü üstündə bitər, unutma,
Köhnə damğasını vurub atana,
Özgədən özünə sən ata tutma!
Və ya nəsənsə, özün ol, Kökündən yapış!
Dünənə arxalan, Bu gündən yapış!”
Qısaca sizlərə bildirmək istəryirəm ki, dəyərli həmvətənlərim, “Könüllü” olunca ilk öncə düşünün ki, nəyə könüllü olursunuz. Sizlər Azərbaycan Türk Yurdunu tanınmasına xidmət edirsiniz. Tanıdığım və bu işi layiqincə yerinə yetirən soydaşlarıma təşəkkür edirəm. Digərlərinə isə sadəcə tutduqları yolun doğru olmadığını bildirmək istəyirəm. Unutmayın dünyanın dörd bir yanında yaşayan soydaşlarımız Vətənin adını uca tutur və dilini yaşadır. Güney Azərbaycandakı Azərbaycanlı Oğuz Türkləri öz mədəniyyətini, dilini yaşatmaq üçün mübarizə aparır. Azərbaycanda hər il yüksək səviyyəli beynəlxalq yarışların keçirilmə səbəbi mədəniyyətimizi, tariximizi dünyaya tanıtmaqdır. İdmançılarımız adımızı ucaltsın deyə mücadələ edirlər. Lütfən, bu əməklərə kölgə salacaq davranışlar sərgiləməyin.
İstifadə edilən mənbələr:
1) BƏXTİYAR VAHABZADƏ SEÇİLMİŞ ƏSƏRLƏRİ İKİ CİLDDƏ,I CİLD “ÖNDƏR NƏŞRİYYAT” BAKI-2004 Vahabzadə, I cild, 2004: 37)
Yazar:Aynur Talıblı.
Tarih ve Medeniyyet Araşdırmacısı