Ali məktəblərə builki qəbul imtahanlarının birinci mərhələsində iştirak edən 10 nəfər abituriyent ən yüksək nəticə göstərib.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumata görə, aprelin 30-da keçirilən imtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları), III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.
Mayın 7-də keçirilən imtahanda I ixtisas qrupu üzrə 5 abituriyent 700 bal toplayıb. Bu qrup üzrə maksimum nəticə göstərənlər İsmayıllı rayonu Lahıc qəsəbə orta məktəbi, Bakı şəhəri 220 saylı məktəb-lisey, Akademik Z.Əliyeva adına lisey, 162 saylı orta məktəb, Gəncə şəhəri 26 saylı Məktəb-Lisey Kompleksinin məzunları olub.
IV ixtisas qrupu üzrə isə 2 abituriyent – Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya, Bakı şəhəri 287 saylı “Zəkalar” liseyinin məzunları onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab veriblər.
Maraqlıdır, qəbul imtahanlarında yüksək nəticə göstərmək repetitorların hesabına əldə edilir, yoxsa orta məktəb müəllimlərinin? Yəni repetitor yanına getmədən də 700 bal toplamaq olarmı?
Modern.az saytı bu il 700 bal toplayan abituriyentlərin məsələyə münasibətini öyrənib.
220 nömrəli məktəbin şagirdi Xalidə Əliyeva deyir ki, xüsusi müəllim yanına getmədən də 700 bal toplamaq olar: “Mən liseydə təhsil almışam. 700 bal toplamağımda müəllimlərimin də rolu var. Düşünürəm ki, repetitor yanına getmədən də yüksək nəticə əldə etmək olar”.
Zərifə Əliyeva adına liseyin şagirdi Elmir Əhmədov repetitor yanına getmədən qəbul imtahanlarında yüksək nəticə göstərməyi mümkün hesab edir: “Yüksək nəticə göstərmək üçün mütləq deyil ki, repetitor yanına gedəsən. Abituriyentin bilik və bacarığından da çox şey asılıdır. Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”.
İsmayıllı rayonunun Lahıc qəsəbəsindən olan şagirdi Vahab Cəbrayılov 7 aydır ki, repetitor yanına getdiyini deyir: “11-ci sinifdə oxuyarkən xüsusi müəllim yanına getməyə qərar verdim. Hətta qısa müddət ərzində 700 bal toplamağın mümkünsüz olduğunu deyirdilər. Qəbul imtahanlarında isə əksinə oldu. Abituriyent qarşısına məqsəd qoyubsa, ona doğru da can atacaq. Ölkədə repetitor yanına getməyən az sayda abituriyentə rast gəlmək olar. O zaman gərək bütün abituriyentlər 700 bal toplasın. Düşünürəm ki, 700 bal toplamaq məsələsində fərdin bacarığı da önəmli rol oynayır”.
Sumqayıt məktəbində təhsil alan Eldar Əfəndiyev də qəbul imtahanında abituriyentin yüksək nəticə göstərməsinin özündən asılı olduğunu düşünür: “4-cü qrup üzrə imtahan verib maksimum nəticə əldə etdim. Həkim olmağı qarşıma məqsəd qoymuşam. Bu məqsədə çatmağa çalışıram. Eyni zamanda, qəbul imtahanında abituriyentin yüksək nəticə göstərməsi fərdi xüsusiyyətlərdən də asılıdır. Mütləq deyil ki,700 bal toplamaq üçün repetitor yanına getmək lazımdır. Heç də belə deyil. Repetitor yanına getmədən də 700 bal toplamaq olar”.
Səbail rayonu 162 nomrəli məktəbin şagirdi Mahirə Əsədzadə isə indiki dövrdə repetitor yanına getməyi məcburi hesab edir: “Mən də repetitor yanına getmişəm. Məncə, indiki təhsil sistemi əlavə hazırlıq tələb edir. Ona görə də xüsusi müəllim yanına getmək lazımdır”.