Məcburi köçkün statuslu müəllimlərə bəzi vergi güzəştləri tətbiq edilir

0
4
Məcburi köçkün statuslu müəllim işləyən Azərbaycan Respublikası vətəndaşlarından neçə faiz gəlir vergisi tutulur?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Azərtac-ın sualına cavab olaraq bildirilib ki, məcburi köçkün statusuna malik Azərbaycan vətəndaşlarına bəzi vergi güzəştləri tətbiq olunur.

Belə ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məcburi köçkün statusu haqqında vəsiqəsi əsasında vergi tutulmalı olan aylıq gəlirindən 100 manat çıxılır, yerdə qalan məbləğ 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat, üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur.

Eyni zamanda, əsas iş yerində muzdlu işçinin aylıq gəliri (azadolma və güzəştlər çıxılmadan) 2500 manatadək olduğu halda həmin məbləğin ölkə üzrə yaşayış minimumunun 1 misli (2016-cı il üzrə 136 manat) məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Əsas olmayan iş yerində isə verilən əmək haqqının tam məbləğindən azadolma və güzəşt tətbiq edilmədən yuxarıda qeyd edilən dərəcələrlə gəlir vergisi tutulur.

Həmçinin pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün verilən 60 (altmış) manat məbləğində kompensasiya vergi tutulan gəlirə aid edilmir.