Qələbə 70 yaşında!

0
2

Qələbə 70 yaşında!

May ayının 9-da müttəfiqlərin alman faşizmi üzərindəki qələbəsinin 70 yaşı tamam olacaq. Bu həm də İkinci dünya müharibəsinin faktiki olaraq sona çatma tarixidir. Qeyd edək ki, İkinci dünya müharibəsi ərzində o vaxta qədərki bütün savaşlarda ölən insanların toplamından daha çox, nə az-nə çox, tam yüz altmış milyon insan həlak olmuşdu ki, bunun da iyirmi səkkiz milyonu SSRİ-nin, o cümlədən üç yüz səksən min nəfərdən çox insan da Azərbaycanınızın payına düşür.
Məlumat üçün bu faktı da qeyd edək ki, əsasən 18-45 yaş arası nəsil kişilərin müharibədə iştirakı və həlak olması yaxud yaralanması səbəbindən Azərbaycan əhalisi demoqrafik vəziyyəti də ciddi zədə almış, 1941-ci ilin səviyyəsinə iyirmi il sonra çata bilmişdir. Təbiidir ki, burada müharibədən əlavə əsgərlərin gənc, 1947-52-ci illərdə yavaş-yavaş təxris olunmaları, eyni zamanda əsir düşən insanların müharibə bitdikdən sonra Sibirə sürgün olunmaları da əhəmiyyətli dərəcədə rol oynamışdır.
Müharibə sadəcə olaraq bizim genefondumuza təsir etmədi, ölkəmizdə elmin, məddəniyyətin, təhsilin inkişı da illərcə gecikdi. Doğrudur, bütün bunlar Azərbaycanla yanaşı demək olar ki, qitə Avropasının tamamında baş verirdi. Lakin Azərbaycan olaraq bizim ölkəmizin və xalqımızın alman faşizmi üzərində qələbədə müstəsna dərəcədə əhəmiyyətli payı olmuşdur. Belə ki, Azərbaycan neftçiləri gecə-gündüz, çox vaxt on yeddi-on səkkiz saat çalışaraq, hətta bəzi hallarda həftələrcə, aylarla ev üzü görmədən indikinə görə çox daha kustar üsullardan istifadə etsələr də, cəbhəyə yanacaq yetişdirirdilər. Ən çox neftin hasil olunduğu 1943-cü ildə iyirmi iki milyon ton neft hasil edilərək emal olunmuş və hazır yanacaq şəklində cəbhəyə göndərilmişdi. Düşünün ki, sovet cəbhəsində istifadə olunan yanacağın yetmiş faizindən çoxunu Bakı verirdi, bu isə o deməkdir ki, hər yüz təyyarədən yetmişi, hər yüz tankdan yetmişi və hər yüz avtomobildən yetmişi Bakı nefti sayəsində hərəkət edirdi. Bakı nefti olmasaydı bu qədər texnika hərəkət edə bilməz, o zamansa müharibədə məğlubiyyət qaçınılmaz olardı. İstənilən qədər canlı qüvvə olsun, əgər bu canlı qüvvə döyüşün gedişində texnika tərəfindən dəstəklənmirsə, onda o insanlar hər biri birər qurban olmaqdan başqa bir işə yaramayacaqdılar. Bu əlbəttə ki, belədir. Məhz buna görə də bu gün sadəcə SSRİ-nin varisi olan Rusiya deyil, eyni zamanda bütün dünya ölkələri vaxtilə atalarımızın, qardaşlarımızın min bir zəhmət bahasına yerin yedi qat dərinliklərindən çıxararaq cəbhəyə göndərdikləri qara qızıla görə bizə, Azərbaycana və azərbaycanlılara minnətdar olmalıdırlıar. Amma, gəlin görək belədirmi? Xeyir, əsla belə deyildir, yetmiş il bundan öncə dünyanı alman faşizminin bəlasından xilas edən Bakı nefti bu gün də Avropanın enərji təhlükəsizliyi üçün müstəsna rol oynamaqdadır. Buna baxmayaraq hər yerdə, konkret olaraq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində ölkəmizə qarşı ikili standart göstərilməkdə, xristian qardaşları daima ermənilərin kürəyini sığallamaqdadırlar. Köhnə kişilər dəmişkən, biz azərbaycanlıların “çörəyinin duzu yoxdur”. Yoxsa 2008-ci ildə Gürcüstan Rusiya ilə müharibə edərkən və yaxud da elə indi Ukrayna Rusiya ilə elan olunmamış müharibə şərairtində ikən bu dövlətlərə qarşı göstərilən diqqət, qayğı və onlarla nümayiş etdirilən həmrəyliyin onda biri bizə də qarşı göstərilərdi. Təəssüflər olsun ki, bu sadəcə bizim xoşməramlı diləyimiz olmaqdan o tərəfə keçmir və biz istənilən müstəvidə yalnız buraxılmaqla qalmırıq, əgər qarşımızdakı bir xristian dövlətidirsə o dövlət vaxtilə alman faşizminə qarşı çiyin-çiyinə mübarizə etdiyimiz və o mübarizəni məhz bizim neftçilərimizin qəhrəmanlıqları sayəsində qazanan dövlətlər tərəfindən müdafiə olunurlar.
Doğrudur, alman faşizminin məğlubiyyəti Avropanın bir qismini heç də bu faşizmdən daha az dəhşətli bəla olmayan rus şovinizminin əsarəti altına keçməsi ilə başa çatdı, biz də nə müharibədə verdiyimiz yüz minlərcə şəhidimizin, nə də gecə gündüz çalışaraq bir damla da olsa artıq qara qızıl çıxarmağa çalışan neftçilərimizin sayəsində azadlığa çıxmadıq, hətta boynumuzdakı boyunduruq, başımızın üstündəki çəkic, qırtlağımıza dirənmiş oraq bir az da sıxıldı. Amma nə olursa olsun, bu müharibədə qalibiyyətə ən böyük töhfəni verən neftçilərimiz, canlarını bu döyüşlərdə verən yüz minlərlə şəhidimiz hər zaman hörmətlə anılmalıdır, yad olunlıdır. Onlar dünyanın ən cəsur, ən mərd insanları idilər. Doğrudur, ikinci dünya müharibəsində iştirak edən veteranlarımızın sayı hər gün azalmaqdadır, amma az sayıda qalan veteranlarımız da daima bizim iftixar mənbəyimiz olaraq qalmalıdırlar.

Zaur

LEAVE A REPLY