Əflatun Amaşov:”Azərbaycan Mətbuat Muzeyi yaradılmalıdır”

0
8
“Azərbaycan Mətbuat Muzeyinin yaradılması vacib məsələdir. Bizim mətbuatımızın tarixi ilə bağlı olan nümunələr bir sıra muzeylərdə, arxivlərdə toplanıb. Çox təəssüf ki, bəzi nəşrlərin nüsxələri Azərbaycanda yoxdur”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

Şura sədrinin sözlərinə görə, mətbuat tarixi, o cümlədən, mühacirət ədəbiyyatı ilə bağlı eksponat və sənədlər şəxsi muzeylərdə, müxtəlif ölkələrin arxivində saxlanılır:“Sankt-Peterburq, Moskva, Ankara, İstanbul, Berlin, Varşava və Paris arxivlərində sənədlər, o cümlədən, ayrı-ayrı şəxslərə aid əşyalar saxlanılır. Azərbaycan Mətbuat Şurası bu sənədlərin toplanması ilə bağlı geniş layihə həyata keçirib. Türkiyədə, Berlində, Varşavada işıq üzü görən mətbu orqanlarının nüsxələrini toplamışıq. Eyni zamanda Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun bir sıra əşyalarını əldə etmişik. Bu iş Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyevin birbaşa yarıdımı ilə həyata keçirilib”.

Ə. Amaşovun sözlərinə görə, ayrı-ayrı mətbuat vasitələrinin tarixi nüsxələrini toplamaq həmin xalqın tarixi ilə bağlı araşdırmaların aparılmasında çox əhəmiyyətli rol oynayır: “Biz öz tariximizi öyrənməli və sevməliyik. Ona görə də muzeyin olması vacibdir. Araşdırmaçılar Azərbaycan tarixini öyrənmək istəyəndə asanlıqla həmin məxəzlərə çata bilmirlər. Çünki o məxəzlərin çox hissəsi Azərbaycanda yoxdur. Çox nadir qəzetlərin tam nüsxələri var. Bir məsələyə də xüsusi toxunmaq istəyirəm. “Kaspi” redaksiyası qəzetin ilk saydan 1918-ci ilə qədər olan elektron variantı əldə edib və indiki qəzetin elektron versiyasında yerləşdirib. Bu, kifayət qədər mühüm məqamdır və bu təşəbbüslər alqışlanmalıdır. Eyni zamanda “Şərq” qəzeti öz redaksiyasında kiçik muzey yaradıb. Arzu edirik, digər qəzetlərin də elektron variantını əldə edə bilək. Mətbuat tariximizi araşdıran şəxslər məcburdurlar ki, Rusiya, yaxud Avropa ölkələrinin muzeylərinə getsinlər. Həmin məxəzlər ölkəmizdə olsa, Azərbaycan mediasının tarixini tam olaraq öyrənə bilərik”.

Mətbuat Şurasının sədri hesab edir ki, Mətbuat Muzeyi ilk mərhələdə ayrı-ayrı muzeylərin nəzdində yaradıla bilər:

“Amma hesab edirəm ki, mətbuat muzeyi müstəqil olmalı, onun üçün xüsusi bina ayrılmalıdır. Həmin bina yeni avadanlıqla təmin olunmalı, müasir tələblərə cavab verməlidir. Bu da kifayət qədər sərmayə tələb edir. Bir sıra ölkələrdə bu cür muzeylər ayrı-ayrı iş adamlarının köməkliyi hesabına həyata keçirilir. Məsələn, Rusiya iş adamları sənədləri, şəxsi əşyaları alıb çox böyük sevgi və məmnuniyyətlə muzeylərə bəxş edirlər. Elə bilirəm, vaxt gələcək, Azərbaycan iş adamları xaricdə olan əşyaları, məxəzləri alıb bu xeyriyyəçiliyi həyata keçirəcəklər. Çünki hər şeyi dövlətdən gözləyə bilmərik. Dünyanın hər yerində eksponatları iş adamları alıb muzeylərə bağışlayırlar”.