Samir Şərifovdan vacib – Açıqlamalar

0
10

Yaponiya Asiya İnkişaf Bankının (Asian Development Bank, ADB) təsisçilərindən və iri səhmdarlarından biri olaraq, son beş onillik ərzində Asiya – Sakit okean regionunda yoxsulluğun azaldılması istiqamətində ciddi addım atıb. Teleqraf.com “APA-Economics”-ə istinad edərək xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Yaponiyanın Yokohama şəhərində keçirilən ADB rəhbərlər şurasının 50-ci toplantısında çıxışı zamanı bildirib.

Yaponiya Asiya İnkişaf Bankının (Asian Development Bank, ADB) təsisçilərindən və iri səhmdarlarından biri olaraq, son beş onillik ərzində Asiya – Sakit okean regionunda yoxsulluğun azaldılması istiqamətində ciddi addım atıb. Bu barədə maliyyə naziri Samir Şərifov Yaponiyanın Yokohama şəhərində keçirilən ADB rəhbərlər şurasının 50-ci toplantısında çıxışı zamanı bildirib.

“Yaponiya iri layihələrin maliyyələşdirilməsində donor kimi çıxış edib, o cümlədən qrant və texniki yardımların təqdim olunmasında ciddi səylər göstərib”, – deyə S.Şərifov bildirib.

Nazir qeyd edib ki, ADB-nin formalaşmasında onun bütün səhmdarlarının rolu böyükdür: “Regional və qeyri-regional tərəfdaşların əməkdaşlığı nəticəsində ADB nəhəng çoxtərəfli maliyyə institutuna çevrilib. Yarandığı gündən etibarən bank Asiya və Sakit okean ölkələrinin iqtisadi inkişafında müstəsna rol oynayıb. Son 50 il ərzində region ölkələrində ciddi iqtisadi artım müşahidə olunur. Bu artımın yoxsulluğun azalması ilə müşayiət olunması çox sevindiricidir”.

Azərbaycanın ADB-yə 1999-cu ildə üzv olduğunu xatırladan nazir bildirib ki, digər üzvlər kimi, ölkəmiz də qısa müddət ərzində aztəminatlı ölkədən yüksək gəlirli iqtisadiyyata çevrilib.

“Biz ADB ilə əməkdaşlığın səviyyəsindən olduqca məmnunuq. Bankın ayırdığı kreditlər hesabına Azərbaycan bir sıra infrastruktur layihələrini həyata keçirib. Belə ki, bu vəsaitlər hesabına əsas yollarımız tikildi və yenidən quruldu, su təchizatı, irriqasiya, elektrik enerjisinin paylanması sahəsində ciddi layihələr reallaşdı”, – deyə o, bildirib.

Nazirin sözlərinə görə, son 5 il ərzində bankın Azərbaycan üzrə kredit portfeli xeyli artıb: “Bir tərəfdən Azərbaycanda artan tələbat, digər tərəfdən əməkdaşlığın daha da genişlənməsi və layihələrin reallaşma tempinin daha da sürətlənməsi bu artıma rəvac verib. Fürsətdən istifadə edərək Azərbaycanın iqtisadi artımına verdiyi töhfəyə görə ADB-yə minnətdarlığımı bildirirəm. Sonuncu antitsiklik dəstəyi xüsusilə vurğulamaq istəyirəm. Bu dəstək hesabına Azərbaycan makroiqtisadi qeyri-stabilliyə və xarici şoklara daha çevik reaksiya verəcək”.

Azərbaycanda aparılan iqtisadi islahatlara toxunan S.Şərifov bildirib ki, neftin kəskin ucuzlaşması fonunda bu disbalansın aradan qaldırılması üçün hökumət tərəfindən qabaqlayıcı addımlar atılıb, nəticədə makroiqtisadi stabillik tez bir vaxtda bərpa olunub: “Biz həmçinin kompleks struktur islahatlarının aparılmasına başlamışıq ki, bu da dövlət vəsaitinin idarə olunması, pul-kredit siyasəti və maliyyə sektorunun tənzimlənməsi kimi istiqamətləri əhatə edir. Biz ADB ilə bu sahədə sıx əməkdaşlıq etmək niyyətindəyik”.(APA)