Avropa Bakıya gəlir…

0
8

Zaur Muradxanlı

Bakı 2015 I Avropa Olimpiya Oyunları!
Avropa Bakıya gəlir…

Birinci Avropa Olimpiya oyunlarına cəmi bir aydan bir neçə gün artıq qaldı. Artıq gələn il sadəcə paytaxtımız deyil, bütün Azərbaycanımız dünyanın ən prestijli idman oyunlarından olan Avropa Olimpiya oyunlarına ev sahibliyi edəcəkdir. Bu, əlbəttə hər bir azərbaycanlının qürur duyması, iftixar etməsi gərəkən hadisədir. Doğrudur, içimizdə bəzi dar görüşlü insanlar bu Olimpiya oyunlarına ev sahibliyi etməmizə qarşı çıxır və səbəb olaraq da çəkilən xərcləri göstərirlər.
Lakin bu “zati-möhtərəmlər” anlamaq istəmirlər ki, avropalı idmançılar olimpiya oynlarından sonra şəhərimizdə inşa olunan möhtəşəm idman arenalarını, olimpiya kəndini və onlarca digər tikilini də bellərinə yükləyib aparmayacaqlar. Ayrıca olimpiya səbəbi ilə şəhərimizin abadlaşdırılmasına çəkilən milyonlarca manat xərc, otel və restoranların ən müasir xidmət səviyyələrinə gətirilməsi üçün çəkilən zəhmətlər də bizim qazancımız olacaqdır. Bütün bunlar bir tərəfə artıq bu günədək dünyanın ən önəmli əlli yeddi media qurumu ilə oyunların rəsmi yayını haqqında müqavilələr imzalanmışdır ki, bu media quruluşlarının hər biri oyunları sadəcə özləri yayınlamaqla qalmayacaq, həm də digər telekanallara, radio və internet kanallarına yayın haqlarının bir qismini satacaqdırlar. Hələ aprelin sonlarından Olimpiya oyunları ilə əlaqədər olaraq həm oyunların mümkün qədər çox insan tərəfindən izlənməsi və deməli buna mütənasib olaraq daha çox və yüksək qiymətlərlə oyunların yayın vaxtlarında reklam ala bilmək, həm də sponsorlar tapa bilmək üçün bəhs etdiyimiz media qqurumları Argentinadan Norveçə, Afrikadan Yaponiyayadək Bakımızın təqdimatı ilə birlikdə Bakı 2015 Olimpiya oyunlarının reklamına başlamışlardır. Mən əminəm ki, oyunlardan sonra dünyada uşaqdan böyüyə sadəcə Bakımızı deyil, Azərbaycanımızı tanımayan kimsə qalmayacaqdır. Sizcə bu qədər geniş miqyaslı reklam kompaniyasını həyata keçirə bilmək üçün neçə milyard manat kufayət edərdi?

Hələ, gəlin razılaşaq ki, bu reklam kompaniyaları nəinki Olimpiya oyunlarının bitişinədək, hətta ondan sonra da bir müddət davam edəcəkdir. Çünki həm iştirakçı, həm də yayınçı ölkələrdə oyunlar bitdikdən sonra da bu oyunların nəticələri müzakirə olunacaqdır və bu müzakirələr zamanı da sırf reklam xarakterli olmasa da Bakımızdan bəhs ediləcəkdir. Ayrıca bir də məsələnin digər tərəfi vardır ki, həmin ölkələrdə istər-istəməz Azərbaycanla, Bakı ilə bağlı tok-şoular təşkil ediləcəkdir ki, burada da Azərbaycan Ermnənistan münaqişəsindən və bizim haqlı mövqemizdən bəhs ediləcəkdir. Bu özü də ayrılıqda Qarabağ münaqişəsinin tənzimlənməsində Xarici İşlər nazirliyimizin əlini gücləndirən faktorlardan biri olacaqdır.
Bir şeyi də xatırlatmaq yerinə düşərdi ki, bu ilki Birinci Avropa Olimpiya oyunları keçirildikdən qısa müddət sonra, 2017-ci ildə İslam ölkələrinin idman oyunları keçiriləcəkdir. Elə bu oyunlar da şəhərimizdə, məhz indi inşa və yaxud təmir olunan idman arenalarında keçiriləcəkdir.
Bütövlükdə sadəcə Olimpiya oyunları deyil, həm də digər yüksək səviyyəli beynəlxalq turnirləri bu ilk Olimpiya təcrübəsindən sonra Azərbaycanınızda daha sıx-sıx görmə imkanımız olacaqdır ki, bu həm ölkəmizə turist axınına, həm də Bakı ilə yanaşı digər bölgələrimizin də tanınmasına kömək edəcəkdir. Bu gün bir sıra dünya ölkələrinin dünya miqyaslı idman oyunlarını ölkələrində keçirə bilmək üçün necə dəridən-qabıqdan çıxdıqlarına nəzər salsaq, hökumətimizin səyləri nəticəsində Bakımıza gətirilən ilk Avropa Olimpiya oyunları və İslam Ölkələri İdman oyunlarının dəyərini daha yaxşı anlayarıq.
Uzağa getmədən, bildirim ki, elə qardaş Türkiyə sadəcə idman arenaları və infrastrukturun yenidən qurulması üçün doqquz yüz iyirmi milyon avro dəyərində təminat versə və lobbiçilik fəaliyyətlərinə ətək-ətək pul xərcləsə də, 2020 Olimpiya oyunlarına ev sahibliyi haqqını ala bilmədi. Və ya şimal qonşumuz Olimpiya oyunlarından daha az prestijli olan futbol üzrə dünya çempionatını öz ölkəsində keçirə bilmək üçün ölkənin, demək olar ki, bütün Avropa hissəsindəki dəmir yol xətlərini yenidən quraraq müasir standartlara gətirmə sözünü verdi. Əlbəttə infrastruktura qoyulan xərclər idman oyunları bitdikdən sonra həmin ölkənin vətəndaşları tərəfindən daha yaxşı yaşam, daha rahat nəqliyyat imkanları olaraq qalmaqdadır. Amma mövzu bizim ölkəmiz olunca nədənsə bəziləri bu xərcləri izafi xərc kimi göstərməyə çalışır. Məsələn, Bakı- Sumqayıt dəmir yol xətti olimpiya oyunlarınadək yenidən qurulacaq və şəhər sakinlərinin bu iki şəhər arasında daha tez, daha rahat və ən əsası daha təhlükəsiz səyahət etməsinə imkan vərəcək. Könül istərdi ki, elə Bakı- Sumqayıt dəmir yolu ilə yanaşı paytaxtımızı ölkəmizin digər rayonları ilə birləştirən dəmir yolları da yenidən qurularaq istifadəyə verilsin. Bu həm avtomagistrallardakı sıxlığı aradan qaldırmaqla yanaşı, həm də insanların daha yaxşı şərtlərdə və daha ucuz qiymətlərə səyahət etməsini təmin edərdi.
Bir sözlə, həm Bakı-2015 Avropa Olimpiya oyunları, həm də Bakı-2017 İslam ölkələri oyunları ölkəmizə xeyirli, uğurlu olsun, qısqanan ölkələr çatlasın, dostlar sevinsin…

LEAVE A REPLY