Valideyn biganəliyi

0
9

Valideyn biganəliyi

Şaqan qəsəbəsində əlillərin müalicə pansionatında müalicə alırdım. Bir gün masaj şöbəsinin önündə ikən gənc bir xanım əlil arabasında on-on iki yaşlarında gözəl-göyçək bir qız uşağı gətirdi. İlk baxışdan dünyalar gözəli bu qızcığazın nə dərdi olunduğu hiss olunmurdu. O əlil arabasında deyil, parta arxasında əyləşsəydi kimsə, ən azından mən özüm onu digər sağlam uşaqlardan ayıra bilməzdim. Onu müşaiyət edən xanım masaj üçün növbə gözləyən xanımlarla astadan söhbət edir dərdləşirdilər, qızcığaza yaxınlaşıb danışdırmağı qərara aldım, saçlarını oxşayaraq:
-Salam gözəlim, adın nədir?
-Günay.
Danışmaqda çətinlik çəkdiyi hiss olunurdu, lakin mən davam etdim:
-Neçənci sinifdə oxuyursan?
-Yox.
Bu cavab qarşısında çaşıb qaldım, imdadıma onu müşayət edən xanım yetişdi:
-O, danışa bilmir, sadəcə adı ilə bir-iki kəlimə deyə bilir.
-Siz anasısınız?
-Xeyir, tərbiyəçiyəm.
Təccübləndiyimi görən xanım əlavə etdi:
-Günay burada, 3 nömrəli internat evində qalır.
-Bəs, valideynləri harada?
-Allah bilir.
-Elə şey olar? Yəni, heç gəlib dəymirlər?
-Yox, onlar övladlarını uşaq evinə atıb gedirlər, bir daha da gəlib maraqlanmırlar.
-Uşaqlar analarını soruşanda, nə deyirsiniz?
-Əksəriyyətinin valideyni olduğundan xəbəri yoxdur, ona görə də heç soruşmurlar.
-Halal olsun sizə, vəhşi heyvan qədər sevgisi olmayan anaların atdığı uşaqlara baxır, onların qayğısına qalırsınız…
Gərçəkdən də ironik deyilmi? Hansısa bir heyvanın, hətta xəstə balasını belə atdığını kim görüb? Mən kənddə yaşayanda bir ağ keçimiz var idi, bir dəfə o ölürdü, yerə yıxılmışdı və hələ ikicə aylıq olan oğlaq anasından əl çəkib getmirdi, keçi uzandığı yerdəcə ayaqlarını elə açdı ki, balası onun döşündən süd əmə bilsin və elə o vəziyyətdə də öldü… Düzdür, o vaxt mən balaca idim, amma bu hadisə mənə o qədər təsir etmişdi ki, hələ də bütün canlılığı ilə xatirimdədir. İndi günayın müşayətçisindən öyrəndiyim sözlər məni şoka salmışdı, çünki bizim rəhmətlik ağ keçimiz qədər qeyrəti olmayan analar var imiş bu dünyada. Əslində onlara ana demək mümkün deyil, çünki onlar dünyaya gətirdikləri uşaqlarına övlad kimi deyil, bədənlərinin ifrazatı kimi baxırlar. Əgər gerçəkdən belə olmasaydı o əxlaqsız “analar” heç olmasa həftə sonları gəlib buraya tərk etdikləri ciyərparələrini, qayğıya və diqqətə hər kəsdən daha artıq ehtiyac duyan bu insanları ziyarət edər, öpüb-oxşayardılar. Amma gəlmirlər, demək ki, belə analardansa balasını qorumaq üçün təhlükəyə atılan murdar siçovul belə daha dəyərli varlıqdır.
İnternat məktəbində yaşayan uşaqların həyat şəraiti, gündəlik qayğıları ilə maraqlana bilmək üçün üz tutdum pansionatımızın iki addımlığındakı bu məktəbə. İlk ziyarətimdə ağsaqqal bir qapıçı əngəli ilə rastlaşdım. Jurnalist vəsiqəmi göstərənədək məktəbin müdirəsi Sevinc xanımın yarım saata gələcəyini dəyən qapıçı, vəsiqəni gördükdən sonra bu gün ümumiyyətlə olmayacağını dedi. Bağlı qapıdan keçmənin mümkünsüz olduğunu görüb çar-naçar geri qayıtdım. Necə olsa qonşu müəssisədə müalicə alırdım və yenə gəlmək üçün uzaqda deyildim. Bir neçə gün sonra həm sevinc xanımın, həm də katibəsinin telefonunu tapa bildim. Lakin katibə məni birbaşa Sevinc xanımla danışmağı məsləhət görsə də, onun telefonu heç cürə cavab vermədi ki, vermədi…
Hər nə qədər Sevinc xanımla əlaqə və əlil uşaqların həyat tərzi ilə bağlı reportaj hazırlamaq cəhdimiz boşa çıxdısa da, dövlətimizin valideynləri tərəfindən atılmış bu uşaqlara göstərdiyi diqqət və qayğı diqqətəlayiqdir. Bizi burada maraqlandıransa, məsələnin ikinci tərəfidir, yəni valideyn biganəliyi. Yuxarıda da bu məsələ ilə bağlı qeyd etdik, hətta məsəl də çəkdik, amma məsələnin bizi maraqlandıran tərəfləri bununla bitmir. Bir də işin sosial-psixoloji tərəfləri vardır ki, məncə bu problem mütləq araşdlırılmalıdır. Bir ana doqquz ay bətnində gəzdirdiyi övladını nəyə görə, hansı səbəbdən talehin ümidinə tərk etsin? O anaları bircə-bircə tapıb danışmaq imkanımız olsa əlbəttə ki, hərəsinin bir səbəbi, bir bəhanəsi olacaqdır. Bu insan oğlunun mayasındadır, çünki məxluq olaraq biz etdiyimiz hər əmələ görə özümüzü sığortalamaq üçün bir bəhanə uydururuq. Amma bizə burada işin bəhanə yönü deyil, gerçəklər lazımdır. Bəhs etdiyimiz valideyinlərin mütləq əksəriyyəti, əlbəttə ki, doğumdan öncə övladlarını atmaq barədə düşünmürlər. Burada atmaq sözünü real mənasında işlədirəm, çünki əgər övladlarını atmasaydılar heç olmasa ayda-ildə bir dəfə ziyarətlərinə gələr, könüllərini alardılar…
Uşaq dünyaya əqli və ya fiziki cəhətdən qüsurlu gəldikdə isə o övladlarından imtina edirlər. Bu dünyaya qüsurlu, yaxud sağlam olaraq gəlmək bizim seçimimiz deyil. Əgər elə bir seçim haqqımız olsaydı heç birimiz qüsurlu olmaq istəməz, hamımız hər cəhətdən sağlam olmaq istəyərdik. Bəs, onda qüsurlarının səbəbi özlərində deyil, genetik və ya digər problemlər ucbatından ailələrində olan uşaqlar nəyə görə istənməyən məxluq kimi davranılır? Bu uşaqlara qarşı bu qədər laqeyidliyin, biganəliyin səbəbi nədir?
Atılan uşaqlara görə cəmiyyətimizin fərdləri olaraq biz hər birimiz birlikdə və ayrı-ayrılıqda məsuliyyət daşıyırıq, çünki ictimai qınaq yarada bilmədiyimizdən bu hadisə etdikcə daha geniş vüsət almaqdadır. Əgər ictimai qınaq lazımi səviyyədə olarsa vicdani duyğuları tam olaraq ölməmiş bəzi valideynlər övladlarını atmaqda tərəddüd edər və evdə özləri baxmağı üstün tutarlar. Bu həm də dövlətimizin üzərindən yükün azalmasına da xeyli kömək edəcəkdir.

Leyla

LEAVE A REPLY