Bəşəriyyət enerji təhlükəsi astanasında!

0
19

Bəşəriyyət enerji təhlükəsi astanasında!

Türkiyənin Manisa vilayətinin Soma şəhəri yaxınlığındakı kömür mədənində yüzlərlə insanın faciəli ölümünə səbəb olan partlayış baş verdi. Türkiyə xalqına dərin hüznlə başsağlığı verərək, təəssüf hissi ilə bildirirəm ki, bu, bəşər tarixinin ən böyük mədən qəzalarından biridir. Təəssf ki, bəşəriyyətin enerji daşıyıcılarına olan ehtiyacı artdıqca belə faciəli ölümlər insanları addımbaaddım izləyib. İngiltərədə, Hindistanda, Yaponiyada, Çində, Fransada, yüzlərlə insanın ölümünə səbəb olan belə faciəli hadisələr baş verib. Bu hadisələr, hansı ölkədə baş verməsindən asılı olmayaraq, tərəqqipərvər bəşəriyyəti düşündürən ciddi siqnallardır! İnsanların enerji daşıyıcılarına ehtiyacı kəskin artır, enerji daşıyıcıları mənbələri isə tükənməkdədir. Bu siqnal bəşəriyyəti ciddi toqquşmalara və faciələrə sürükləyir.

Enerji daşıyıcılarının ehtiyatları və istehlakı haqqında ciddi düşünməyin çoxdan vaxtı çatıb

Türkiyədə baş verən bu faciənin kontekstində dünyada enerji daşıyıcılarının ehtiyatları və istehlakı haqqında ciddi düşünməyin çoxdan vaxtı çatıb. Dünyanın əksər ölkələrində, o cümlədən Türkiyə və Ukraynada neft və qaz ehtiyatlarının azlığı bu ölkələrin həm siyasətində, həm də iqtisadiyyatında özünü ciddi şəkildə büruzə verir.

Hazırda dünya siyasətində neft mühüm faktordur. Xüsusilə, neft və qaz ehtiyatlarının azalan xətlə inkişafı gələcəkdə enerji faktorunun geosiyasi məsələlərdə əsas rol oynayacağından xəbər verir. Beynəlxalq Enerji Agentliyinin məlumatlarına əsasən, hazırda dünya enerji istehlakında neftin payı 45%, BP-nin 2012-ci il hesabatına görə isə 33,1% təşkil edir. Neft istehlakı, əsasən, nəqliyyat sektorunun həyatını təmin edir. Sənayedə, xüsusilə, plastik məhsulların istehsalında və asfalt sənayesində də neftdən istifadə edilir.

NEFT bəs edəcəkmi?!

Dünyada neft ehtiyatlarının qiymətləndirilməsi və neft istehlakının idarə olunması ölkələrin geosiyasi əlaqələrinə mühüm təsir göstərir. BP-nin 2012-ci il hesabatına görə dünya 1,6 trilyon barel neft ehtiyatına malikdir. Bu rəqəm bugünkü texnologiyalar sayəsində əldə edilə bilən ehtiyatları nəzərdə tutur. Ola bilsin ki, texnoloji imkanların artması bu rəqəmi bir qədər artıra bilər. Lakin belə artım problemin həllinə gətirib çıxara bilməz. Əlbəttə, bu gün mövcud neft ehtiyatlarından başqa yeni kəşf edilə bilən ehtiyatlar da ola bilər və bütün ehtiyatların artıq kəşf edildiyini birmənalı təsdiq etmək olmaz. Lakin dünyada geosiyasi maraqların müəyyən edilməsi və beynəlxalq münasibətlərin formalaşması gələcəkdə kəşf edilə bilən ehtiyatlar üzərində deyil, bu gün mövcud olan ehtiyatlara əsaslanaraq hazırlanır.

Neftin tükənməsi nə ilə nəticələnə bilər?

Dünyada neft ehtiyatlarının regionlar üzrə paylanması böyük dövlətlərin geosiyasi maraqlarını düzgün anlamağa kömək edir. Həm OPEC-in , həm də BP-nin 2012-ci il hesabatlarına əsasən, təsdiq etmək olar ki, bu ehtiyatların 70%-i Yaxın Şərq ölkələrində, 7%-i Afrikada, 7%-i Cənubi Amerikada, 7%-i Şərqi Avropada və Rusiyada, 4%-i Şimali Amerikada, 3%-i Asiya ölkələrində, 1%-i isə Qərbi Avropa ölkələrindədir. Böyük neft ehtiyatlarına malik olan Yaxın Şərq ölkələrində isə Səudiyyə Ərəbistanı (260 milyard barel), İran (130 milyard barel), İraq (115 milyard barel), Birləşmiş Ərəb Əmirlikləri (98 milyard barel) əsas neft ehtiyatları olan ölkələrdir. BP-nin 2011-ci il hesabatlarına görə 2010-cu ildə gündəlik neft hasilatı 87 milyon bareldən bir qədər çoxdur. Bu hasilatın əsas hissəsi (31%) Yaxın Şərqin payına düşür. Şərqi Avropada hasilat 15%, Latın Amerikasında 14%, Asiya ölkələrində 10%, Şimali Amerikada 10%, Qərbi Avropada isə 7% təşkil edir. Bu regionların ümumi hasilat həcminə əsasən, mövcud neft ehtiyatlarının nə qədər müddətə kifayət edəcəyini hesablamaq o qədər də çətin deyil. Belə ki dünya neft ehtiyatlarının 1,4 trilyon barel olduğunu və dünya üzrə ümumi illik neft hasilatının həcminin 30 milyard barel olduğunu nəzərə alsaq, neft ehtiyatlarının çox yaxın zamanlarda, yəni təqribən 40- 50 ilə tükənə biləcəyi ehtimalı aydın olar. Bu, dünyada və neftlə zəngin olan Yaxın Şərqdə ciddi problemlərin yaşanacağından xəbər verir.

ABŞ, Çin və daha hansı ölkələr əziyyət çəkəcək?

Əlbəttə, belə hesablamalarda hasilatın artma ehtimalının getdikcə yüksəlməsi nəzərə alınmayıb. Belə ki son 20 ildə hasilatın hər il artması müşayət olunur. Bu təkcə dünyada ümumi iqtisadi inkişafla deyil, həm də əhali artımı ilə və ümumi istehlakın artımı ilə bağlıdır. Digər tərəfdən, dünya əhalisinin artması, inkişaf etməkdə olan ölkələrin iqtisadi cəhətdən imkanlarının yüksəlməsi, neft istehlakını və beləliklə, neft hasilatının artmasını və neft ehtiyatlarının daha tez bir müddətə tükənməsini şərtləndirə bilər. Neft istehlakının inkişaf dinamikası da geosiyasətin müəyyənləşməsində böyük dövlətlərin enerji siyasətinin qurulmasında mühüm rol oynayır. İstehlakın həcminin regionlar üzrə payı da həm dünyada, həm də regionda baş verən siyasi prosesləri düzgün anlamağa kömək edir. Belə ki istehlak həcminə görə, Amerika Birləşmiş Ştatları (21,1%) və Çin (10,6%) digər ölkələri geridə qoyur. Bu ölkələrin öz ehtiyatlarını, hasilat həcmini və istehlak həcmini müqayisə etsək, həm ABŞ, həm də Çinin neft ehtiyatlarının təqribən 10 il müddətində tükənəcəyini ehtimal etmək olar. Avropa İttifaqına daxil olan ölkələrin də neftlə dayanıqlı təminatı eyni dərəcədə risklidir.

Neftin bahalaşması nə ilə nəticələnə bilər?!

ABŞ Enerji İnformasiya İdarəsinin məlumatlarına görə, dünya üzrə gündəlik neft hasilatı və istehlakı durmadan artaraq 2030-cu ildə 120-125 milyon barel ola bilər. Əgər belə olarsa, mövcud neft ehtiyatları daha tez bir müddətdə tükənə bilər. Bəzən belə iddia edilir ki, neft hasilatının artması əlavə investisiyaların qoyulmasını tələb etdiyindən və neftin aşağı qiymətinin saxlanmasını təmin etdiyindən neft hasil edən ölkələr hasilatı artırmaqdan imtina edə bilər. Bu isə neft istehlakının zorla azaldılmasını təmin etməklə onun daha uzun müddətdə istifadəsinə imkan yarada bilər. Əlbəttə, bu variant mümkündür. Lakin hasilatın artmasının qarşısının alınması və ya qiymətlərin artması ilə istehlakın azaldılmasının təmin edilməsi gələcəkdə digər məhsulların qiymətinin kəskin qalxmasına və sosial problemlərin kəskinləşməsinə səbəb ola bilər. Deməli, istənilən halda neftlə birbaşa və ya dolayısı ilə bağlı kəskin problemlərin olacağı şübhəsizdir. Xüsusilə, neft istehlakı yüksək olan və daha az neft ehtiyatlarına malik olan inkişaf etmiş ölkələrin neftə olan təlabatının təmin edilməsi zərurəti regionda ciddi qarşıdurmaların ola biləcəyindən xəbər verir.

Dünyada kəşf olunmamış neft yataqları qalıbmı?!

Son 30 ildə yeni neft ehtiyatlarının axtarılmasına milyardlarla dollar vəsait xərclənib. Buna baxmayaraq, yeni ehtiyatların kəşf edilməsi getdikcə çətinləşir. Belə tədqiqatlar bir daha sübut edir ki, əsas neft ehtiyatlarının kəşfi artıq başa çatıb. Mütəxəssislərin hesablamalarına görə neft ehtiyatlarının kəşfinin zirvəsi 1965-ci ildə olub. Beləliklə, son 45 ildə yeni neft ehtiyatlarının kəşfi dinamikası azalma istiqamətindədir. Hubbard nəzəriyyəsinə görə ehtiyatların kəşfinin zirvəsinin arxasınca hasilatın zirvəyə çatması və azalması baş verir. Belə hal ABŞ-da artıq baş vermişdi. Belə ki Hubbard hesablamışdı ki, 1920-ci ildə ABŞ-ın neft ehtiyatlarının kəşfi öz zirvəsinə çatdığından 1970-ci ildə hasilat öz zirvəsinə çatacaq və ABŞ nefti getdikcə tükənəcək. Beləliklə, yuxarıda qeyd etdiyimiz kimi, ABŞ neftinin yaxın gələcəkdə tükənməsi artıq şübhəsizdir. Hubbard zirvəsi neftlə zəngin olan ölkələrin hamısında baş verəcək. Beləliklə, dünya neft ehtiyatlarının kəşfi öz zirvəsinə 1960-cı ildə yetişib. İllik neft hasilatının həcminin illik kəşf olunan yeni ehtiyatların həcmindən xeyli çox olması onu bildirir ki, neft ehtiyatlarının da tükənməsi qaçılmazdır.

Demək olar ki, tapılan neftin yarısı qurtarıb. Qaz da qurtarır…

Digər tərəfdən, indiyə qədər hasil olan neftin həcmi son dövrlərə qədər kəşf edilən ehtiyatların təqribən yarısına bərabərdir. Beləliklə, təsdiq etmək olar ki, dünya artıq mövcud neft ehtiyatlarının yarısını istehlak edib. Nəzərə alsaq ki, neftin intensiv istehlakı 19-cu əsrin sonlarından başlayıb və son 100 ildə həm iqtisadi inkişafla, həm də əhalinin sürətli artımı ilə əlaqədar olaraq neft istehlakı da sürətlə artıb. Onda təsdiq etmək olar ki, neft ehtiyatının qalan yarısı daha az müddətdə istehlak ola bilər. Bunu yuxarıda qeyd etdiyimiz rəqəmlər də təsdiq edir. Neftlə bağlı həyəcanlı vəziyyət eyni ilə qazla da bağlıdır. Belə ki dünyanın enerjiyə olan təlabatının digər əsas hissəsini qaz ehtiyatları təmin edir. BP-nin 2012-ci il hesabatına əsasən, dünya üzrə qaz ehtiyatı 187 trilyon kub metr həcmində dəyərləndirilir. Qaz ehtiyatı ən çox olan ölkələr isə Rusiya Federasiyası (23,9%), İran (15,8%) və Qatardır (13,5%). ABŞ-ın qaz ehtiyatı 7,7 trilyon kub metrdir. Bu ümumi həcmin 4,1% deməkdir. Regionlar üzrə götürdükdə isə Şimali Amerikada 5,3%, Cənubi və Mərkəzi Amerikada 4%, Avropada 2,8%, Yaxın Şərqdə 40,5%, Afrikada 7,9%, Asiya ölkələrində 8,7% , MDB ölkələrində isə 31,2% qaz ehtiyatı var. Göründüyü kimi qaz ehtiyatlarının da əsas hissəsi Yaxın Şərq ölkələrindədir. Yaxın Şərqdə böyük qaz ehtiyatlarının olması səbəbindəndir ki, bu region inkişaf etmiş ölkələrin diqqət mərkəzindədir. Bütün inkişaf etmiş ölkələrin, o cümlədən ABŞ-ın qaz istehlakı durmadan artır. BP-nin 2011-ci il hesabatlarına görə 2010-cu ildə ABŞ-ın qaz istehlakı 683,4 miyard kub metr, Avropa ölkələrinin qaz istehlakı isə 550 milyard kub metrdən çox olub. Beləliklə, bu ölkələrin öz qaz ehtiyatları ən çoxu 10 il istehlak həcmini təmin edə bilər. Bu ölkələrin qaz idxalının getdikcə çoxalacağı və dünyada qaz ehtiyatları uğrunda gərginliyin artacağı şübhəsizdir.

Dünyada əsas enerji daşıyıcılarından biri olan qaz ehtiyatlarının istehlakının durmadan artması bu ehtiyatların da yaxın on illiklərdə tükənəcəyini bildirir. Belə ki, dünyada qazın illik istehlakı təqribən 3,2 trilyon kub metrdir. Hazırda mövcud qaz ehtiyatlarının təqribən 187,1 trilyon kub metr olduğunu nəzərə alsaq, bu ehtiyatların ən çoxu 60 ildə tükənəcəyi şübhəsizdir. Əgər əhali artımını və inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişaf imkanlarını nəzərə alsaq, bu ehtiyatlar daha yaxın dövrlərdə tükənə bilər. Məsələn, Cənubi və Mərkəzi Amerikada qaz istehlakı son 10 ildə 40% artıb. Bu dövr ərzində Yaxın Şərq və Afrika ölkələrinin qaz istehlakı isə demək olar ki, iki dəfə artıb. Bütün bunlar bir daha təsdiq edir ki, inkişaf etməkdə olan ölkələrin həm iqtisadi, həm də sosial inkişafı bu ölkələrin qaza və neftə olan tələbatını getdikcə artıracaq. Belə olan halda neft və qaz ehtiyatları daha az müddətdə tükənə bilər.

Daş kömür neftlə qazı əvəz edə biləcəkmi?!!

Təəssüf ki, digər enerji daşıyıcısı ilə, yəni kömürlə bağlı vəziyyət də ürəkaçan deyil. Belə ki kömürdən istifadə, hər şeydən əvvəl, ciddi ekoloji fəsadlar törədə bilər. Digər tərəfdən, kömürün nəqli və ondan texnoloji istifadə imkanları neft və qazdan istifadə imkanları ilə müqayisədə xeyli çətindir. Bütün bunlara baxmayaraq, kömürdən istifadə hazırda dünyada enerjiyə olan ehtiyacın müəyyən hissəsini öz üzərinə götürüb. Lakin kömür ehtiyatları da gələcəkdə enerji böhranının aradan qaldırılması ilə bağlı narahatçılığı daha da artırır. Hazırda dünyada kəşf edilmiş kömür ehtiyatları 860 milyard tondur. Bu ehtiyatların 27,6% ABŞ-da, 18,2% Rusiya Federasiyasında, 13,3% Çində, 8,9% Avstraliyada, 7% isə Hindistanda, 4,7% Almaniyada yerləşir. Dünyanın qalan ölkələri o qədər də böyük olmayan kömür ehtiyatlarına malikdir. Dünyanın kömür istehlakı isə ildə 3555,8 milyon ton neft ekvivalenti miqdarındadır. Bu təqribən 5333,7 milyon ton kömür deməkdir. Nəzərə almaq lazımdır ki, bəzi ölkələrdə, xüsusilə inkişaf etmiş ölkələrdə kömür istehlakı son 10 ildə bir qədər azalsa da, dünyada istehlak həcmi artmaqdadır. Belə ki, 2010-cu ildə 2000-ci ilə nisbətən kömür istehlakı 48% artıb. Bu çox ciddi artımdır. Lakin ilk baxışda onun uzun müddətə, yəni təqribən 150- 160 ildən çox bir müddətə tükənməyəcəyi faktı heç də gələcəkdə enerji təminatı ilə bağlı optimist olmağa əsas vermir. Belə ki neft və qazın yaxın onilliklərdə tükənməsi ehtimalı kömür istehlakını kəskin artıra bilər. Digər tərəfdən, kömür istehsalının və nəqlinin çətinliyi, həmçinin ekoloji cəhətdən zərərli olması bu enerji ehtiyatlarından geniş şəkildə istifadənin perspektivsiz olduğunu təsdiq edir. Kömür ehtiyatlarının regionlar üzrə qeyri-bərabər paylanması da gələcəkdə geosiyasi problemləri və qarşıdurmaları gücləndirə bilər.

Alternativ enerji mənbələri nə vəd edir?! Dünya müharibəyə sürüklənəcəkmi?!

Enerji daşıyıcıları ilə bağlı narahatçılıqlar heç də əsassız deyil. Belə ki alternativ enerji mənbələrinin artacağına və karbohidrogen ehtiyatlarını əvəz edəcəyinə, sadəcə, inanmaq çox azdır. Mövcud vəziyyəti düzgün qiymətləndirməklə problemin həllinə çalışmaq qlobal miqyasda ciddi siyasi qərarların qəbul edilməsini zəruri edir. Bu gün alternativ enerji mənbələri dünya enerji istehlakında çox az paya malikdir. Məsələn, bütün mənbələrdən istehlak edilən enerjinin ümumi miqdarı 2009-cu ildə 11363,2 milyon ton neft ekvivalenti, 2010-cu ildə isə 12002,4 milyon ton neft ekvivalenti olub. 2009-cu ildə bu həcmin 34,4% neftin, 23,4% qazın, 29,1% kömürün, 5,4% nüvə enerjisinin, 6,5% su elektrik stansiyalarının, 1,2% isə bərpa edilə bilən mənbələrin payına düşürdü. 2010-cu ildə də bu rəqəmlər ciddi şəkildə dəyişməyib. Belə ki neftin payı 33,6% , qazın payı 23,8%, kömürün payı 29,6%, nüvə enerjisinin payı 5,2%, su elektrik stansiyalarının payı 6,5%, bərpa ediləbilən mənbələrin payı isə 1,3% olmuşdur. Göründüyü kimi, 2009 və 2010-cu illərdə alternativ enerji mənbələrinin payı ümumi istehlakda çox azdır (uyğun olaraq 7,7% və 7,8%) və ciddi şəkildə dəyişməyib. Enerji daşıyıcıları ilə bağlı narahatçılıqların əsas mahiyyəti heç də mövcud mənbələrin az olması və yeni mənbələrin kəşfi nin getdikcə çətinləşməsi ilə bağlı deyil. Əsas problem bu mənbələrin getdikcə tükənməsi kontekstində dünyada və regionda baş verə biləcək siyasi və iqtisadi alternativ ssenarilərdən hansının seçilə biləcəyi ilə bağlıdır. Belə ki aşağıdakı mümkün ssenarilərdən biri ola bilər:

1. Ən təhlükəli ssenari: Dünyanın enerji istehlakını azaltmaq məqsədilə əhalinin sayını kəskin azaltmaq. Bu məqsədlə böyük güclər lokal müharibələri qızışdırmaq və epidemiyalar yaymaq yolunu tuta bilərlər. Lokal müharibələri qızışdırmaq üçün isə millətçilik, separatizm, etnik və dini qarşıdurmalar qızışdırıla bilər.

2. Təhlükəli ssenari: Böyük güclər, xüsusilə ABŞ, Avropa Birliyi və Çin dünyada mövcud olan enerji ehtiyatlarını nəzarətə alaraq, inkişaf etməkdə olan ölkələrin enerjiyə əl çatanlığını məhdudlaşdıra bilərlər. Bu halda enerji ehtiyatları ilə zəngin olan regionlarda, xüsusilə Yaxın Şərqdə ciddi qarşıdurmalar və müharibələr qaçılmaz olar. Belə ssenari inkişaf etdiyi təqdirdə inkişaf etməkdə olan ölkələrin enerji istehlakının azaldılması zərurəti onların iqtisadi cəhətdən zəiflədilməsinə səbəb ola bilər.

3. Təhlükəsiz ssenari: Karbohidrogen ehtiyatlarının istehsalını və istehlakını hər il ən azı 4-5% azaltmalı. Bunun bir hissəsini alternativ enerji ilə əvəz etməklə alternativ enerji mənbələrinin xüsusi çəkisini illik ümumi enerji istehlakında ən azı 1-2% artırmalı. Beləliklə, yaxın 30 ildə alternativ enerjidən istifadə imkanlarını 40-50%-ə çatdırmaq, karbohidrogen ehtiyatlarından istifadəni isə ən azı 50% azaltmaq mümkündür. Karbohidrogen ehtiyatlarından istifadənin alternativ enerji ilə əvəz edilməsi təkcə qlobal enerji pobleminin həllinə yox həmçinin enerji mənbələri üzərində monopoliyanı aradan qaldırmaqla qlobal qarşıdurmaların həllinə imkan yaradır. Digər tərəfdən, qlobal səviyyədə karbohidrogen ehtiyatlarına qənaət strategiyası xüsusi diqqət mərkəzində olmalı və böyük həcmdə enerji istehlakı ilə bağlı olan maddi və qeyri-maddi istehsal sahələrinin azaldılmasını təmin etmək zəruridir. Sənaye sahələrində, tikinti sektorunda və nəqliyyatda yaşıl texnologiyalardan geniş şəkildə istifadə edilməsi dəstəklənməlidir. Əlbəttə, bu siyahını xeyli artırmaq olar. Lakin bütün bunlar qlobal səviyyədə siyasi iradənin və əməkdaşlığın həyata keçirilməsini zəruri edir.

Mayis Güləliyev

LEAVE A REPLY