“Bir dəfə Putin erməni jurnalistə bununla bağlı korrekt cavab verdi”
Ramiz Tağıyev: “Budəfəki silah satışı əvvəlkindən zaman etibarilə fərqləndi və bunu təsadüf saya bilmərik”
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən, Rusiyadan ölkəmizə silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, gəmilər vasitəsilə Bakıya çatdırılan hərbi təyinatlı yeni məhsullar ekspertlərin iştirakı ilə təhvil alınaraq aidiyyəti hərbi hissələrə veriləcək.
Həmin silah-sursat və hərbi texnikanın qısa zamanda Azərbaycan Silahlı Qüvvələri bölmələrinin silahlanmasına daxil edilməsi və döyüş tətbiqinə tam hazır vəziyyətə gətirilməsi təmin ediləcək.
Yeni silah və hərbi texnikanın tətbiqi üzrə mütəxəssislərin hazırlığı rusiyalı təlimatçılar tərəfindən həyata keçiriləcək.
Bundan başqa, istifadədə olan silah və texnikanın yeni texnologiyaların tətbiqi ilə, mərhələlərlə modernizə edilməsi prosesi də davam etdirilir.
Atılan bu addım Ermənistanı yeni sülh danışıqlarına vadar etmək məqsədini daşıya bilərmi?
Siyasətçi Ramiz Tağıyev açıqlamasında bildirdi ki, bunun məhz aprelin 28-də baş tutacaq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü ərəfəsində edilməsi təsadüfi deyil: “Məlumdur ki, Ermənistan müxtəlif bəhanələrlə sülh danışıqları prosesindən yayınır. Hətta danışıqları tərk etdiyini də bəyan edib. Həmçinin Azərbaycan tərəfi Sankt-Peterburqdan sonra danışıqlar prosesinin gedişi ilə tamamilə razı deyil. Bizi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və köçkünlərin qaytarılması məsələlərinin prosesdən faktiki olaraq çıxarılması və ya ona dolayı yanaşılması razı salmır. Qarşı tərəf isə ATƏT-in Minsk Qrupunun dəstəyini alaraq atəşkəs rejiminin gücləndirilməsi məsələsini müzakirə edir.
Digər tərəfdən, proses bütün istiqamətlərdə irəliləməli və sənədlərdə əksini tapmalı olduğu halda, elə hey substantiv danışıqlardan söhbət gedir. Ermənistanın mövqeyi – paket planı substantiv danışıqların aparılmasına imkan vermir. Rusiya da maraqlıdır ki, danışıqlarda bir qədər irəliləyiş olsun. Çünki onun vasitəçilik missiyası adına bir qədər xələl gəlir. Rusiya bu prosesdə özünün təsir imkanlarının çoxluğuna görə digər həmsədrlərdən fərqlənmək istəyir. Ona görə də müasir silah satışının məhz bu anda reallaşması Ermənistana, kiçik də olsa, təzyiq kimi dəyərləndirilə bilər. Rusiya hər iki tərəfə silah satdığını gizlətmir. Hətta bir dəfə Putin erməni jurnalistə bununla bağlı korrekt cavab verdi. Bildirdi ki, bununla Rusiya pul qazanır, kimə silah satmaq və ya satmamaq məsələsində hansısa dövlətlə məsləhətləşməyə borclu deyil. Ancaq budəfəki silah satışı əvvəlkindən zaman etibarilə fərqləndi və bunu təsadüf saya bilmərik”.
Məhəmmədəli QƏRİBLİ