Bakıda sədəqə toplayan müəmmalı fondlar, İranda müalicə və…

0
8

Bakıda sədəqə toplayan müəmmalı fondlar, İranda müalicə və…

Son günlər sosial mediada xaricdə müalicə və azərbaycanlı xəstələrə xüsusi güzəştlərlə bağlı reklamlara tez-tez rast gəlinir. Məsələn, facebook sosial şəbəkəsində yaradılmış səhifələrin birində İrana müalicəyə getmək istəyənlərə nəqliyyat xidmətləri təklif edilir.
Elanlarda xəstələrin xüsusi ambulans və maşınlarla evindən Təbriz və ya Tehrana, sonra isə geriyə qaytarılması təklif olunur. Bildirilir ki, Sumqayıt, Gəncə, Biləsuvar sakinləri də nəqliyyat xidmətlərindən yararlana bilərlər. Nəqliyyat xidmətindən istifadə edənlərə xəstəxana seçimində də köməklik göstərilirmiş.

Digər bir səhifədə isə “İranda müalicə bu qədər asan olmamışdır” başlıqlı elan diqqəti çəkir. Elanda İranda müalicə olunmaq istəyənlərə endirim paketləri təklif edilir. Azərbaycanlı xəstələrin İrana daşınması, otel seçimi, tərcüməçi xüsusi endirim qiymətlərinə daxildir. Yetər ki, xəstələr təklif olunan xəstəxanada ən azı bütün qan analizlərindən keçsin və tələb olunarsa, cərrahiyyə əməliyyatlarının məhz o xəstəxanada aparılmasına razılıq versin…
Elə son günlər İran mətbuatında azərbaycanlı xəstələr üçün yaradılan şəraitin, güzəştlərin mədh edilməsi də diqqətdən yayınmır. Ötən ay belə yazılardan biri İranda gözündən əməliyyat olunan azərbaycanlı xəstələrə – “vətənində kor olanların İran xəstəxanalarında nur tapmasına” həsr edilmişdi.
Yəni xərçəng, serroz kimi sağalmaz xəstələri sağaldan İran xəstəxanalarının növbəti hədəfi kor gözlərə nur vermək imiş…
Bəs əslində nə baş verir? Doğrudanmı Azərbaycanda dərdinə əlac tapmayan xəstələr İranda nura qovuşurlar? İran göz əməliyyatlarında hətta Avropanı kölgədə qoyacaq səviyyəyə çatıb?
Virtualaz.org saytı bu sualların cavabını axtarıb.
Qeyd edək ki, Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin sayı dəqiq statistika ilə göstərilmir. Dövlət Statistika Komitəsi ortaya göz xəstəlikləri ilə bağlı rəsmi rəqəm qoymur. Mətbuatda isə əhalinin 70-75 faizində göz xəstəliklərinin olduğu yazılır.
Elə mütəxəssislər də göz xəstəliklərinin artdığını təsdiqləyirlər. Ölkəmizdə əsasən qlaukoma, katarakta və uzağı görmənin zəifləməsi kimi xəstəliklər geniş yayılıb.

“İrana göz ağrısı ilə getdim, amma…”

Bakı şəhər sakini, 47 yaşlı Kamran Süleymanov diabet xəstəsidir. Onun sözlərinə görə, gözlərində şiddətli ağrılar, şişkinlik və qızartılar olub. Buna görə də Təbrizdəki “Nur Nicat” xəstəxanasına müraciət edib.
K.Süleymanovun dediklərindən: “İranda səhiyyəni tərifləyirdilər. Mən də Təbrizə getdim. Biləsuvarda taksi sürücüləri məni Təbrizdəki “Nur Nicat” xəstəxanasına apardı. Həkim hərtərəfli müayinə etdi, qan analizləri verdim”.
K.Süleymanova başında, böyrəyində də problemlərin olduğunu deyiblər: “Dedilər ki, gözlərindəki ağrı damar problemləri ilə bağlıdır. Şişkinlik isə ürək və böyrəyin xəstə olduğunu göstərir. Bir sözlə, gözdən əvvəl böyrək, ürək və baş üçün dərmanlar yazdılar. Bu müalicələrdən sonra təkrar Təbrizə qayıtmalı idim”.
Müalicələrdən sonra göz ağrıları azalmadığından xəstə təkrar İrana qayıtmalı olub: “Bu dəfə taksi sürücüsü Ərdəbilə getməyimi məsləhət gördü. Dedi ki, Təbrizdəki həkimlər saxtalaşıblar, azərbaycanlı xəstələrə xəstə kimi yox, pul kimi baxırlar. Mən də Ərdəbilə getdim.
Ərdəbildə həkim məni müayinə etdi, dedi ki, göz dibində problem var. Bir neçə dərman yazdı”.
Kamran Süleymanov şəkərli diabetin yaratdığı problemə görə İran xəstəxanalarında 470 dollar xərcləyib. Deyir ki, Bakıda həkimlər iki göz damcısı təyin ediblər. İndi bu damcılarla müalicə olunur.

Bakı şəhər sakini Orxan Ağayev isə el arasında “qara su” kimi tanınan qlaukoma xəstəliyinə tutulub: “Bakıda həkimlər məni müayinə etdilər. Qlaukomanın ilkin mərhələdə əməliyyatla müalicəsinin mümkün olduğunu bildirdilər. Lakin ailəm “gözə biçaq vurmazlar” dedi. Mən də İrana – Təbrizə getdim”.

32 yaşlı Orxan Təbrizdə 4 il müalicə alıb. Hər dəfə isə 700-1000 dollar xərcləyib: “Görmə qabiliyyətim sürətlə zifləyirdi. İranlı həkim əməliyyat təyin etdi. Dedi ki, göz təzyiqin yüksəkdir, gözlərin tutula bilər. Amma əməliyyatdan sonra sol gözüm tamamilə tutuldu”.
İndi Orxan Bakıda da dərdinə əlac tapa bilmir. Həkimlər göz təzyiqini normal saxlamaqla gözlərin tamamilə tutulmasının qarşısını almağa çalışırlar: “Heyf ki, o vaxt bizim həkimlərə etibar etmədim. Halbuki xəstəliyin ilkin mərhələsində müalicəsi mümkün imiş. Bəlkə də İran səhiyyəsi digər sahələrdə inkişaf edib. Amma göz xəstəliklərinin müalicəsində köhnə qaydalar tətbiq edilir”.
“Qarabağda mina partlamasından sonra gözlərimdə də problemlər yarandı. Məsələ burasındadır ki, mina partlayarkən xırda qırıntılar gözlərimə tokülüb. Bundan başqa, gözdibi problemim də var. Bakıda hər üç aydan bir gözlərimə iynə vurulur. Bununla da görmə qabiliyyətim saxlanılır. Xaricdə müalicə üçün müraciətlər etmişdim. Lakin mənə dünyanın heç bir ölkəsində gözlərimin müalicəsinin mümkün olmadığını dedilər. İranda isə gözlərimi zəfəranla sağaldacaqlarına söz verdilər” – bunu isə II qrup Qarabağ əlili Fərman Nuriyev deyir.
Fərman Nuriyevin sözlərinə görə, qonşularının məsləhəti ilə İrana gedib: “Dedim həm ziyarət edərəm, həm də müayinə olunaram. Təbrizdəki özəl klinikaların birinə getdim. Həkim məni müayinə etdi və dərman yazdı. Dedi ki, bu dərmanlar zəfərandan hazırlanır. Dərman dedikləri qarışığa 100 dollar ödədim. Üstəlik, 200 dollar da yazdığı reseptə xərclədim. Verdiyi qarışıqdan gündə acqarına bir qaşıq yeməklə gözlərimin görmə qabiliyyəti bərpa olunmalı idi. Həkimə hər üç aydan bir gözümə iynə vurulduğunu söylədim. O isə gözə iynə vurulmasını ilk dəfə məndən eşitdiyini dedi. Yəni bizim xəstəxanadakı müalicə metodları onlar üçün yaddır. Onlar gözün müalicəsindəki yeniliklərdən xəbərdar deyillər”.
52 yaşlı Əhməd Nəsibov isə deyir ki, gözünə mirvari suyu gəlib: “Həkimlərimiz mirvari suyu olduğunu, əməliyyatla keçəcəyini dedilər. Amma doğrusu, yerli həkimlərə etibar etmədim. Tehranda diaqnozu təsdiqlədilər. Təbriz və ya Ərdəbildən fərqli olaraq Tehranda yaxşı həkimlər az deyil. Əməliyyatın qiyməti ilə Bakıdakı qiymətlər arasında fərq az idi. Mən də Bakıda əməliyyat olundum”.
Təbii ki, İrandakı müalicədən razı qalan da var, narazı olan da. Lakin problem ondadır ki, narazı xəstənin, yəni iranlı həkimin səhv diaqnoz və müalicəsindən zərər çəkən azərbaycanlının döyəcəyi qapı hələ də yoxdur. Azərbaycandan gedən xəstələrin pasiyent hüququ tanınmır, onlar “səhiyyə turizmi”nin qurbanları kimi geri qayıdırlar. Xüsusilə də ölüm baş verərsə, xəstə yaxınları həkimin günahkar olub-olmadığını belə müəyyənləşdirə bilmirlər. Bu isə onu göstərir ki, İran azərbaycanlı xəstələrə güzəşt kimi reklam kampaniyaları ilə yalnız büdcəsinə daxil olan pulun itirilməməsinə çalışır.
“Bizdə dərd də var, dərmanı da…”

Mərkəzi Neftçilər Xəstəxanasının oftalmocərrahı, tibb elmləri namizədi Nigar Yusifova belə deyir.

N.Yusifovanın sözlərinə görə, göz xəstəlikləri arasında elə bir xəstəlik yoxdur ki, onun Bakıda müalicəsi mümkün olmasın: “Xəstəxanamızın göz şöbəsində Türkiyə, Almaniya, Amerika və İngiltərədə təhsil almış mütəxəssislər çalışır. Hər gün gözün ön və arxa kəsik əməliyyatları aparılır. Katarakta, qlaukoma, tor qışanın problemləri, çəpliklər əməliyyat yolu ilə müalicə olunur”.
Həkimin fikrincə, xəstənin həkim seçmək hüququ olsa da yanlış seçim, səhv diaqnoz insanın həyatını dəyişir: “Mən İran təbabətinin tamamilə aşağı səviyyədə olduğunu deyə bilmərəm. Lakin İrandan geri qayıdan xəstələrdə yaranmış problemlər, xəstə yaxınlarının danışdıqları bir çoxlarının yanlış həkim seçdiklərini sübut edir. İranda əməliyyat olunmuş xəstələr arasında əməliyyatdan sonra gözdə irin problemləri ilə rastlaşırıq. İranda, xüsusilə də Təbriz və Ərdəbildə əməliyyat zamanı təmizliyə o qədər də riayət olunmur”.
N.Yusifova Azərbaycanda yayılan göz xəstəliklərindən də danışdı: “Azərbaycanda yaşlı insanlar arasında el arasında “mirvari suyu” deyilən kataraktaya tez-tez rast gəlinir. Son vaxtlar da “mirvari suyu” diaqnozu ilə müraciətlər artıb. Bu xəstəlik işıq şüasının gözə daxil olmasına maneçilik törədir, beləliklə də insanın görmə qabiliyyəti zəifləyir.
Katarakta göz büllurunun özündə əmələ gələn dəyişiklikdir. Bu xəstəlik hər iki gözdə baş verə bilər, lakin bir gözdən o biri gözə keçən xəstəlik deyil. Bu xəstəliyə gözün zədələnməsi, orqanizmin qocalması səbəb ola bilər.
15 yaşına qədər uşaqlarda isə uzağı görmə problemlərinə rast gəlirik. Bunda isə birbaşa kompüterin, telefonların təsiri böyükdür. Buna görə də eynəkdən, linzalardan istifadə edən uşaqların sayı artır. O ki qaldı qlaukomaya, bu xəstəlik göz təzyiqinin artması və görmə sinirinin zədələnməsi nəticəsində yaranır”.
N.Yusifova ildə bir dəfə gözlərin yoxlanılmasını vacib sayır: “İstənilən xəstəlik erkən mərhələdə aşkarlandığı halda müalicəsi mümkün olur. Qlaukoma da ilkin mərhələdə müalicə olunur. Təəssüf ki, Azərbaycanda insanlar sağlamlıqlarını düşünmürlər”.
Həkim onu da qeyd etdi ki, göz xəstəliklərində mütəxəssisin peşəkarlığı ilə yanaşı yeni avadanlıqlar da önəmlidir: “Göz bəlkə də yeganə sahədir ki, burda həkim peşəkarlığı ilə yanaşı avadanlıqlar, cihazlar lazımdır. Xüsusilə cərrahiyyə əməliyyatları zamanı müasir avadanlıqlar tələb olunur. Göz xəstəliklərinin müalicəsində dünyada tətbiq edilən yenilikləri izləmək vacibdir”.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin poliklinika şöbəsinin rəhbəri, tibb üzrə fəlsəfə elmləri doktoru Aytən Sultanova isə deyir ki, mərkəzə gün ərzində 550-600 xəstə müraciət edir: “Mərkəzimizdə 20-ə yaxın şöbə var. Xəstələr ilk olaraq poliklinika şöbəsinə müraciət edirlər, burda diaqnoz qoyulur və xəstəlikdən asılı olaraq mütəxəssis yanına göndərilirlər. Ən böyük şöbələrdən biri buynuz qışanın cərrahiyyəsi şöbəsidir. Virus mənşəli xəstəliklərlə məşğul olan şöbəmiz də fəaliyyətdədir. Eləcə də qlaukoma, katarakta, 15 yaşına qədər anadangəlmə görmə patalogiyaları ilə doğulan uşaqlar üçün şöbələr açılıb. Şəkərli diabetdən əziyyət çəkənlərin xəstəliyi ilə məşğul olan mütəxəssislərimiz var. Yəni göz xəstəlikləri üzrə bütün müalicə və cərrahiyyə əməliyyatlarının aparılması mümkündür”.
Həkim deyir ki, göz əməliyyatları peşəkarlıqla yanaşı incəlik də tələb edir: “Bəzi əməliyyatlardan əvvəl xəstə müayinə edilir, analizlərin nəticələri yoxlanılır. Əməliyyatdan sonra isə nəzarətdə saxlanılır. Məsələn, qlaukoma, şəkərli diabet xəstələri daim nəzarətdə saxlanılmalıdır”.
A.Sultanova İranda müalicə və əməliyyat olunmuş xəstələrdən də danışdı: “Onlarda əməliyyatdan sonra fəsadlaşma ilə rastlaşırıq. Məsələ burasındadır ki, əməliyyat olunmuş xəstə səhəri gün Azərbaycana qayıdır. Onlar yaranmış hər hansı bir problemə görə təkrar iranlı həkimə müraciət etmirlər. Nəticədə isə biz onları yenidən müalicə etməli oluruq”.
Həkim Nailə İsgəndərova isə deyir ki, əsasən qlaukomadan əziyyət çəkən xəstələr İrana gedirlər: “Qlaukomaya tutulmuş gözün təzyiqi qalxır, görmə sahəsi daralır və göz zəif görür. Son nəticədə isə göz tamamilə tutulur. Qlaukoma xəstəliyinə daha çox yaşı 40-ı ötmüş adamlar tutulurlar. Lakin son vaxtlar azyaşlılar və yeniyetmələrdə də bu xəstəlik müşahidə edilir. Xəstə baş ağrısından, ürək bulanmasından, ümumi zəiflikdən şikayət edir. Ona görə də xəstəliyi erkən mərhələdə aşkarlamaq çətin olur.
Xəstəlik müxtəlif vaxtlarda hər iki gözdə yaranır. Azərbaycanda bu xəstəliyin müalicəsi bütün dünyada tətbiq edilən üsullarla aparılır. Bunun üçün başqa ölkələrə getmək lazım deyil. Şəkərli diabetdən, hipertonik xəstəlikdən və aterosklerozdan əziyyət çəkən xəstələr bilməlidir ki, onların qlaukomaya tutulma ehtimalı yüksəkdir. Qlaukoma xəstəliyinə tutulanlar uzun müddət həkim nəzarətində müalicə olunmalıdır. Buna görə də İrana gedərkən həkim seçimində yanılmasınlar”.
Müalicəyə yardım: 1 manatlıq kontur…

Biz yazının əvvəlində xaricdə müalicə almaq istəyənləri cəlb etmək üçün müxtəlif kampaniyalardan istifadə olunduğunu qeyd etmişdik.
Amma xaricdə müalicə olunmaq istəyənlərə yardım təklif edənlərin fəaliyyəti bununla yekunlaşmır. Xaricdə müalicə olunanlar üçün ianə aksiyaları təşkil edən fondların fəaliyyəti də diqqət çəkir.
Məsələn, fondlardan birinin internet səhifəsindəki aksiyaya nəzər salaq. Elanda deyilir: “Azəri Umma Yardım Fondu kart vasitəsilə yardım toplayır. “KartTransfer” (“Card to Card”) xidməti vasitəsilə bankomatdan və ya “İnternet Banking” xidmətindən istifadə edərək kart hesabınızdan bizim kartımıza sədəqə köçürmək imkanı var.
Bunun üçün plastik kartı bankomata daxil edib ekranda müvafiq menyunu (“KART TRANSFER”) seçirsiniz. Menyu seçildikdən sonra bizim 16 rəqəmli yeni nömrəmizi (2 dəfə), sədəqənin məbləğini və valyutasını daxil edib əməliyyatı təsdiq edirsiniz.
“İnternet Banking” sistemində isə “KartTransfer” xidmətindən istifadə edərək eyni qayda ilə köçürdə bilərsiniz, inşəAllah”.
Fond kontur yardımları da qəbul edir: “Əgər sizin vaxtınız məhduddursa, nümayəndələrlə görüşə bilmirsinizsə və s. başqa səbəblərə görə az məbləğdə olan sədəqəni çatdıra bilmirsinizsə, o zaman 1, 2, 3, 5, 10 AZN dəyərində “Bakcell”, “NarMobile” və ya “Azercell” kontur ödəmə kartı alıb şifrəsini yükləmədən bizə və ya FB profilinə göndərin. Şifrənin qarşısında neçə manatlıq olduğunu qeyd edin. Biz də həmin şifrələri dost-tanışa öz dəyərində satıb yığılan məbləği lazımı elanlara yönəldəcəyik, inşaAllah.
Lütfən şifrəni göndərəndən sonra kartı bir müddət tullamayın, bir sıxıntı çıxsa, biz sizə müraciət edə bilərik. Böyük məbləğ sədəqə etmək istəyənlər bunu şəhərin bir çox yerində olan nümayəndələrimizə çatdıra bilərlər, həmçinin bank əməliyyatlarından istifadə edə bilərlər. Çünki hamı bu yola əl atsa, konturların satılmasında bir balaca çətinlik ola bilər”.
Qeyd edək ki, sosial mediada, internetdə, virtual məkanda fəaliyyət göstərən belə müəmmalı və qaranlıq fondların sayı çoxdur. Bu fondlar tərəfindən toplanan vəsaitlərin xəstələrə çatdırılıb-çatdırılmadığını müəyyənləşdirmək isə müvafiq dövlət orqanlarının öhdəsinə düşür.
Bir sözlə, xaricdə müalicə almaq istəyən xəstələr həm həkim seçərkən, həm də yardım kampaniyalarının, reklamların “gülləsinə” tuş gəlməmək üçün yüz ölçüb bir biçməlidir. Sonrakı peşmançılıq isə…
Jalə Ağazadə

LEAVE A REPLY