Ana dilimizi qoruyaq!

0
6

Ana dilimizi qoruyaq!

Dil yalnız ünsiyyət vasitəsi deyil. Dil dünya fəlsəfəsidir. Dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil, ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir.Ana dili hər bir xalqın, millətin varlığıdır. Dil millətin həyat tərzi, mədəni irsidir. Bunu tarix sübut edir.
Bu mənada tarix boyu müxtəlif təcavüzlərə məruz qalsa da, ana dilimiz özünəməxsusluğunu qoruyub saxlayıb.Əsrlər boyu işğallar nəticəsində Azərbaycan dilinin adı dəyişdirilmişdir. Azərbaycan dili uzun müddət “türki”, “türk dili”, “Azərbaycan türkcəsi”, bəzən isə “tatar dili”, “Qafqaz tatarlarının dili” (xüsusən rus dilində yazılmış əsərlərdə) adlandırılmışdır
1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yaranandan az sonra Azərbaycanda kargüzarlığın türk dilində aparılması ilə bağlı qərar qəbul edilir. 1921-ci ildə Nəriman Nərimanov Dadaş Bünyadzadə ilə birgə Azərbaycan SSR-də dövlət dilinin türk dili olması ilə bağlı dekret imzalayırlar. 1921-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının ilk Konstitusiyası qəbul olunur və oraya dövlət dili haqqında maddə salınmır. 1924-cü ildə Mərkəzi İcraiyyə Komitəsinin Azərbaycanda dövlət dilinin türk dili olması ilə bağlı qərarı qəbul olunur.1936-cı ildə Azərbaycanın yeni Konstitusiya layihəsi hazırlanarkən orada Azərbaycanın dövlət dili türk dili kimi qeyd edilir. Ancaq 1937-ci ilin aprel ayında qəbul olunun əsas qanunda dövlət dili haqqında heç bir qayda öz əksini tapmır. Ancaq Konstitusiyada xüsusi maddə olmasa da, 1936-cı ildən sonra bütün normativ sənədlərdə dövlət dili Azərbaycan dili qeyd edilir.1956-cı ildə Azərbaycanın 1937-ci ildə qəbul olunmuş Konstitusiyasına aşağıdakı məzmunda maddə əlavə edilir: “Azərbaycanın dövlət dili Azərbaycan dilidir”.
İlk öncə Azərbaycan dilinin tarixi haqqında məlumat vermək istədim və demək istəyirəm ki, hər çətinliyə rəğmən biz dılimizi qorumaq üçün çox əzablar çəkdik, qoruduq. Lakin indi dilimizi əksəriyyət vətəndaşlarda dilimizə qarşı biganəlik, yadlıq var. Biganəlik deyəndə öz ana dilimizdə danışmamağı, bundan istifadə etməməyi nəzərdə tuturam. Xarici dillərdən istifadə edirik, nəyə görə? Öz ana dilimiz məgər bu qədərmi önəmsizləşdi? Səbəb nədir buna?
Gündəlik istifadə etdiyimiz sözlərin əksəriyyəti rus və ingilis sözlərindən ibarət olur. Bir çoxlarımız isə o qədər öyrəşmişik ki, bu tip sözlərə artıq həmin sözün öz ana dilimizdə olan qarşılığını belə bilmirik.Həddindən artıq çox istifadə edirik xarici dildən.
Bu problem ilk öncə ailədən, daha sonra baxçadan, məktəbdən başlayır. Uşaq ikən beynimiz ağ vərəq kimidir. Həmin vaxt nələrisə necə öyrendiksə elə də yadımızda qalacaq. Burda müəllimlərin, dərs vəsaitlərini hazırlayanların üzərinə ciddi şəkildə məsuliyyət düşür. Hər bir şey məhz burdan başlayır bizlər buna diqqət yetirməliyik.
Televiziya ekranları həyatın güzgüsüdür. Bu güzgüdən bir çox məlumatları alırıq, öyrənirik. Ona görə də, televiziyada, radioda çıxış edən aparıcılar düzgün danışıq tərzi,tələffüzləri ilə hər kəsə nümunə olmalıdır. Çox təəssüf ki, bu gün televiziyalarımıza yol tapmış bəzilərinin ucbatından bu güzgüdən istədiyimizi eşidə, görə bilmirik. Bəzi aparıcılar ana dilimizi elə ürəkağrıdıcı vəziyyətə salır ki, buna təəssüflənməmək olmur.
Vaxtilə Həsən bəy Zərdabi “Əkinçi” qəzetində tez-tez ana dilimizdə olan bir çoxlarının bilmədiyi sözlərdən istifadə edirdi və mötərizədə həmin sözün açıqlamasını verirdi ki, bizlər də öyrənək, istifadə edək bu sözlərdən. İndi də bu tip yazılar dərc edilməlidir, televiziyada dilimiz haqqında verilişlər yayımlanmalıdır. Ən əsası da dilçilərin üzərinə çox böyük iş düşür ki,bizlərə bunu lazımi dərəcədə aşılasınlar ki, yeni nəsil də ana dilimizi sevməyi öyrənsin. Saf ana dilimizi qoruyaq. Bunun üçün nə lazımdırsa, əlimizdən gələn hər bir şeyi edək və gələcək nəsillərə ötürək.

Qüdrət

LEAVE A REPLY