ABŞ-Azərbaycan münasibətlərinə zərbə vuran müsahibə.
ABŞ ilə münasibətlər Azərbaycanın xarici siyasətində ən əsas istiqamətlərdəndir. Artıq 21 ildir ki, bu münasibətlərin dərinləşməsi üçün hər iki tərəf səylər göstərir. Bu əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətli olduğunu nəzərə alsaq, siyasi münasibətlərdə, dialoqlarda, xüsusilə müsahibələrdə bəzi məsul şəxslərin rəsmi etiketlərdən kənara çıxmaları düzgün olardı.
ABŞ səfiri Riçard Morninqstar hələ Azərbaycanda səfir kimi fəaliyyətə başlamamışdan əvvəl ölkəmizdə kifayət qədər tanınmış isimlərdən biri olub. Əlbəttə, R.Morninqstar Azərbaycan barədə kifayət qədər məlumatlı olub. Onun Azadlıq radiosuna verdiyi müsahibə ilə tanış olduqda düşündüm ki, R.Morninqstar ölkəmiz barədə əsil həqiqqətləri bilə-bilə, onlardan yan keçməyə çalışıb. Düzdür, bəzi məqamlarda cənab səfir əsil həqiqəti söyləməyə çalışsa da, nədənsə problemlərin çözüm yollarından söhbət açmağa cəsarət etməyib. Xüsusilə Dağlıq Qarabağla bağlı sualı yenə çox səthi cavablandırmaqla kifayətlənməyib.
Müsahibəni alan Xədicə İsmayılın verdiyi suallar təbii ki, yalnız Azərbaycanı ifşa etməyə hesablanmışdı. Xədicədən ayrı nəisə gözləmək düzgün olmazdı. Yaxşı olardı ki, adını azərbaycanlı qoymuş Xədicə İsmayıl uzun illər öncə ABŞ Konqresi tərəfindən Azərbaycana qarşı ədalətsizlik olaraq qəbul edilmiş “Azadlığa Dəstək Aktı”na edilən “907-ci Düzəliş” barədə sualı ABŞ səfirinə ünvanlayaydı. Xatırlatmaq istəyirəm ki, 1992-ci ildə Buş Administrasiyası postsovet məkanı respublikalarının demokratiya, bazar iqtisadiyyatı, açıq cəmiyyət yolunda irəliləmələri məqsədilə onlara göstərilən maliyyə, texniki və digər yardımları qaydaya salaraq sistemləşdirməyi qərara aldı. Həmin ilin yayında bununla bağlı qanunun, yəni “Azadlığa Dəstək Aktı”nın layihəsi hazırlandı. “Akt”ın Ağ ev tərəfindən konqresə təqdim olunan layihəsinə Nümayəndələr Palatasının Xarici İşlər üzrə komitəsindəki müzakirələr zamanı Azərbaycana yardımın qadağan edilməsi barədə xüsusi bölmə salındı. Haqlı olaraq həmin bölmə Azərbaycanın ABŞ-dakı ilk səfiri Hafiz Paşayev tərəfindən ABŞ-la Azərbaycan arasındakı ikitərəfli münasibətlərdə ilk maneə kimi qiymətləndirilmişdir.
O da məlumdur ki, həmin sənədin Senatın Xarici İşlər üzrə komitəsindəki müzakirəsində Massaçussets ştatından o zaman demokrat senator olan hazırkı dövlət katibi Kerrinin təklifi ilə həmin bölmə Konqresin yuxarı palatasının qanun layihəsinə də daxil edildi. Qanun layihəsinə daxil edilən bu bölmə ilə əlaqədar məsələ nə Nümayəndələr Palatasında, nə də Senatda müzakirəyə çıxarılmamışdı. O zaman ABŞ prezidenti Corc Buş 1992-ci ilin oktyabrında 907 saylı bölmənin (Kerri düşəlişi) də daxil edildiyi “Azadlığa Dəstək Aktı”nı imzaladı.
Düzəlişin səbəbləri ilə bağlı müxtəlif yanaşmalar olmuşdur. Əksər araşdırmaçılar, ekspertlər bunun ABŞ-dakı təxminən 1 milyonluq erməni diasporunun və lobbisinin işi, böyük qələbəsi kimi qiymətləndiriblər. Bax, budur, bizim şahid olduğumuz ABŞ “ədaləti, demokratiyası”. Hərbi təcavüzə məruz qalan Azərbaycan həmin bədnam “düzəliş”lə təcavüzkar hesab olundu. Düzdür, “907” saylı bölmənin qəbulundan sonra ABŞ Azərbaycana bəzi yardımlar etsə də, bu həmin tarixi ədalətsizliyi aradan qaldırmaq üçün yetərsiz oldu. Əlbəttə, mən R.Morninqstarın 1996-cı ilin 13 iyun tarixində Dövlət katibinin yeni müstəqil dövlətlərə yardım məsələləri üzrə xüsusi müşaviri olarkən Nümayəndələr Palatasının Xarici İşlər üzrə komitəsində etdiyi çıxışla ABŞ Administrasiyasının Azərbaycana humanitar və başqa yardımlar göstərilməsinə əngəl olan “907”-ci düzəlişin aradan qaldırılmasında israr etməyinin üzərinə kölgə salmaq fikrindən çox uzağam. Məhz onun israr etməsinin nəticəsi olaraq qanun layihəsinin Senatda müzakirəsi zamanı “Porter əlavəsi”nə ciddi dəyişikliklər edildi.
Ancaq “907-ci düzəliş” hələ də tam qüvvədən salınmayıb, yəni ləğv olunmayıb. Belə ehtimal edilir ki, “907-ci düzəliş” ermənilərin və onların lobbisinin maraqlarından çox, ABŞ-ın özünün geostrateji məqsədlərinə xidmət edir.
Ekspertlərin bir çoxu “907-ci düşəliş”i ABŞ-ın Azərbaycana davamlı və təsirli təzyiq vasitəsi kimi səciyyələndirir. Belə hal da onun ləğvi işinin Ağ evlə Konqress arasında “ötür-ötür” oyununa çevrilməsini və əslində isə ABŞ-ın dövlət qurumlarının manevr etmə imkanı qazanmalarını təmin etmişdir.
Sirr deyil ki, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri və demək olar ki, ən əsası sayılan Dağlıq Qarabağ probleminin həllində Birləşmiş Ştatların yardımına ciddi ehtiyac var. Bununla yanaşı, zəngin enerji resurslarına malik və Avropa-Asiya arasında dəhliz rolunu oynayan, İran, Rusiya kimi regional güclərin mərkəzində yerləşən Azərbaycanla əməkdaşlıq ABŞ-ın iqtisadi və strateji maraqlarına cavab verir.
Bütün bu strateji maraqlara baxmayaraq, təəssüf ki, Azərbaycana qarşı ədalətsizlik uzun illər davam edir. Hörmətli səfir R.Morninqstarın müsahibəsində yer almış bəzi məqamları elə həmin ədalətsizliyin davamı kimi qiymətləndirmək olar. Həmin müsahibəyə səfirin öz açıqlamasıyla qiymət vermək olar. “Bəzən elə şeylər var ki, tamamilə lazımsızdır və heç kimin də maraqlarına xidmət eləmir, hətta hökumətin də”.
Bəli, cənab R.Morninqstar düz buyurur, onun müsahibəsi də heç kimin maraqlarına xidmət etmir, yalnız bədxah qonşularımız həmin müsahibədən zaman-zaman yararlana bilərlər. Onu da xatırlatmaq istəyirəm ki, uzun illər əsil Amerikapərəst olmuşam. Sovet imperiyasına qarşı mübarizə aparmağımızda da ABŞ-ın rolunun kifayət qədər olmasına kimsə inkar edə bilməz. Xatırlayıram ki, mən və bir çox dostlarım ABŞ demokratiyasını təbliğ etdiyimiz zaman bu gün özünü ABŞ-ın və digər Qərb ölkələrinin fanatı kimi təqdim edən Leyla Yunusova SSRİ-nin qorunub saxlanılmasının, Qorbaçov yenidənqurmasının tərəfdarı olduğunu qətiyyən gizlətmirdi. SSRİ dağıdıqdan sonra isə L.Yunusova, Zərdüşt və Araz Əlizadə qardaşları nicatı Rusiyada alkoqolik Boris Yelsində axtarırdılar.
Adlarını qeyd etdiyim şəxslər bu gün də “ruskoyazıçnı” olduqlarını inkar etmir, rusca danışır, rusca düşünür. Hətta Leyla Yunus utanıb qızarmadan nalayiq ifadələri islətdiyi zaman Azərbaycan dilindən istifadə etdiyini deyir. Şübhə etmirəm ki, elə mövqeyinə görə ABŞ qanunları ilə sərt cəzalandırardılar.
R.Morninqstardan müsahibə almış Azadlıq radiosunun müxbiri Xədicə İsmayıl L.Yunusdan heç nə ilə fərqlənmir. Belələri Vətənə deyil, onları para ilə təmin edənlərə xidmət göstərməyi daha üstün tutur, Azərbaycan kifayət qədər demokratik ölkə olduğundan Leyla Yunus, X.İsmayıl kimilıərin əməllərinə yumşaq münasibət göstərilir.
Səfir R.Morninqstar müsahibəsində strateji tərəfdaş olduqları ölkələrdə demokratikləşmə proseslərini yaxından izlədiklərini söyləyir. Şübhə etmirəm ki, belədir. Ancaq cənab səfir unudur ki, onun açıq-aydın dəstək verdiyi Azərbaycanın radikal müxalifət təşkilatlarında demokratiyanın əsər-əlaməti belə hiss olunmur. Xüsusilə, Ukrayna hadisələrindən sonra R.Morninqstarın postsovet məkanında demokratikləşmə prinsiplərinə bəsit baxışı qəbuledilməzdir. Belə ki, cənab səfir Azərbaycanın yerləşdiyi məkandan söhbət açarkən “Olur, məndə hərdən özümü onların (iqtidar nümayəndələrini nəzərdə tutur-R.T) yerinə qoyub, onların mövqelərini anlamağa çalışıram. Hökumət belə arqument gətirir ki, stabillik naminə bəzi addımları atmağa məcburdur. Deyirlər ki, Azərbaycan çox təhlükəli regionda yerləşir. Bu, doğurdan da belədir. Maşınla 3 saata cənub tərəfə getsək, İran sərhəddində, 2 saat yarıma şimala doğru gedib Dağıstanda ola bilərsiniz. Onların arqumenti də budur ki, atdıqları addımlar stabilliyi qorumaq üçün vacibdir. Amma bizim mövqeyimiz başqadır. Biz hesab edirik ki, əgər vətəndaş cəmiyyətinə daha çox açılım olsa, stabillik daha güclü olar. Və bu, uzun müddətli prespektivdə Azərbaycan vətəndaşlarının da marağındadır. Və səmimi deyirəm ki, bu, həm də Azərbaycan hökumətinin maraqlarına uyğundur”.
Cənab səfir özü etiraf edir ki, Azərbaycan təhlükəli regionda yerləşir. Bəli, elə bu faktı nəzərə almaqla ölkə iqtidarı Azərbaycanda sabitliyin daha önəmli olmasını daima önə çəkir. Axı biz, 1993-cü ildə sabitliyin pozulmasıyla Azərbaycanın necə dəhşətli faciələrlə üzbəüz qaldığına şahidlik etmişik. Azərbaycan həmin zaman sözün əsil mənasında meydanda tək qalmışdı ki, bunu da təcrübəli diplomat olan R.Morninqstar xatırlamaya bilməz. Digər tərəfdən kimsə inkar edə bilməz ki, Azərbaycanı parçalanmadan böyük dövlət xadimi Heydər Əliyevin zəngin siyasi, dövlətçilik təcrübəsi xilas etməyib. Bu gün Ukrayna eyni ilə 1993-cü ildə Azərbaycanın üzləşdiyi situasiyayla qarşı qarşıyadır. ABŞ-dan və yaxud Avropa ölkələrindən Ukraynaya lazımınca yardım edilirmi? Hələ Misiri, Liviyanı, Tunisi, Suriyanı, İraqı, Əfqanıstanı demirəm. Cənab R.Morninqstar həmin ölkələrdə bu gün nə qədər qanların axıdıldığından xəbərsizdirmi? İndi elə cənab səfirdən sual etmək istəyirəm, kimin ayağına yazaq hər gün tökülən minlərlə günahsız insanların qanını?
Cənab R.Morninqstara xatırlatmaq istəyirəm ki, onun talelərindən narahat olduğu Azərbaycan “demokrat”larının yaşam durumu və fəaliyyət imkanları mənimkindən qat-qat yüksəkdir. Həmin əldəqayırma “demokrat”lardan Vətənim üçün dəfələrlə artıq xidmət göstərsəm də, dəfələrlə təqiblərə, həbslərə məruz qalmışam. Ölkədə mövcud olan durumdan istifadə edərək öz haqq və hüquqlarım uğrunda ardıcıl mübarizə apararaq həbsdən azad olunmuş, hətta bəraət almağa nail olmuşam. Sevinir və qürur duyuram ki, bütün bunları canımdan çox sevdiyim Azərbaycan adlı Vətənimdə əldə etmişəm. Yəni ölkəmizdə haqqımızı, hüququmuzu qorumaq üçün kifayət qədər münbit şərait yaradılıb. Sadəcə olaraq ağlayıb, sızlamaqdansa, bir azca mübarizə aparmaq lazımdır. Ancaq onu da bəyan etmək istəyirəm ki, Vətənimin Ukraynanın durumuna düşməyindənsə, özümün uzun illər həbsxana həyatı yaşamağımı məqbul hesab edərdim.
Qoy, cənab səfir inciməsin, məcburam onu da qeyd edəm ki, ABŞ və bir sıra Avropa ölkələri heç də Azərbaycan vətənpərvərlərin hüquqlarının pozulmasından deyil, bir qrup şəbəkənin, hansılar ki, L.Yunus, X.İsmayıl kimi vətənlərindən savayı, para xatirinə istənilən xarici dövlətə xidmət göstərməyə hazırdırlar, onların hüquqlarını qorumaqda daha maraqlı görünürlər. Əslində ABŞ-ın, Avropanın Azərbaycanda insan haqları və hüquqlarının pozulmasından söhbət açmaları çox gülünc görünür. Belə ki, həm ABŞ, həm də Avropa uzun illərdir ki, erməni işğalçılarının Azərbaycanın 20 faiz torpağını qəsb etməklə bütövlükdə Azərbaycan xalqının haqqını, hüquqlarını pozmasına biganəlik nümayiş etdirib. Çıxarılan qərarların, qətnamələrin, verilən bəyanatların bir qəpiklik dəyəri belə olmayıb. Söyləmək mümkündür ki, bütün bunlar başımızın altına “yastıq” qoymaqdan savayı nəyəsə xidmət göstərməyib. Belə bir halda R.Morninqstarın bizə demokratiya barədə moizə oxuması yersiz görünür.
Əlbəttə, mən R.Morninqstarın bəzi fikirləriylə tam razıyam. Xüsusilə cənab səfirin Rusiyayla bağlı mövqeyini təqdir edirəm. Cənab R.Morninqstarın 7 rayonun qaytarılması ilə bağlı açıqlaması kaş ki, BMT-nin qətnamələri kimi- quru söz yığını kimi havayı buraxılmaya. Söhbət bu gün dünyanın idarə edilməsində inkaredilməz rolu olan ABŞ-ın mövqeyindən gedirsə, təbii ki, Azərbaycanın müqəddəs torpaqlarının azad edilməsi məsələsi sözdən əmələ keçməlidir. Özüdə demokratiyadan, insan haqları və hüquqları problemindən ağızdolusu dəm vuran ABŞ kimi supergüclərin birbaşa iştirakı ilə. Yoxsa, bizləri R.Morninqstarın müsahibəsində söylədiyi ədalətə, insan haqlarına kim inandıra bilər?
Azərbaycan öz öhdəliklərinə ardıcıl olaraq əməl edir. Terrorizmə qarşı mübarizədə dünyanın bütün demokratik dövlətləriylə əməkdaşlıq edirik. Ancaq təəssüf ki, bəzi demokratik ölkələr Azərbaycanda terrorçulara qarşı keçirilmiş əməliyyatlara nəinki dəstək verir, əksinə L.Yunus kimi hüquq “müdafiəçi”lərinin terrorçuları siyasi məhbus siyahısına salmasına dəstək verirlər.
ABŞ səfirinin bir mövqeyi ilə qətiyyən razılaşa bilmərik. O, Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Qarabağ probleminin həll edilməsi ilə bağlı irəli sürdüyü şərtlərdən söhbət açarkən, qeyd edib ki, “iki tərəf bir araya gəlib, bu sülhə nail almaq üçün konkret addımlarla bağlı nə qədər tez razılığa gəlsə- bu mən dediyim qədər sadə də deyil-nə qədər ərazi əvvəl qaytarıla bilər, təhlükəsizlik təminatçıları necə olacaq?
Sonra Kəlbəcərlə bağlı, nəhayət Dağlıq Qarabağın yekun statusu ilə bağlı referendum –bütün bunlar danışılmalıdır.
Amma bunların heç biri iki ölkə prezidenti razılığa gəlməklə bağlı iradə nümayiş etdirməsə mümkün olmayacaq. Biz buna kömək etməyə hazırıq. Amma buna məcbur edə bilmərik.”
Ukraynada baş verənlərə açıq-aşkar etiraz edib, Rusiyanı təcavüzkar adlandıran ABŞ-ın bu günə qədər Ermənistanı təcavüzkar dövlət adlandırmamasına nə ad vermək olar.
Cənab Morninqstar! Bəs deyilmi, müqəddəs torpaqlarımızla bağlı gülünc mülahizələrinizlə Azərbaycan xalqının müqəddəs hissləriylə oynamaq? İndiyə qədər rast gəlmisinizmi və ya eşitmisinizmi təcavüzkar öz xoşu ilə işğal etdiyi əraziləri geri qaytarsın?
Sonda onu da qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı öz haqqını, hüququnu tələb edərək, işğal edilmiş torpaqlarını geri qaytarmağın iqtidarındadır. Bunun üçün isə əsas şərt supergüclərin –ABŞ və Rusiyanın Ermənistanı himayə etməkdən birmənalı olaraq çəkilməlidir.
Azərbaycanımız addım-addım demokratik inkişaf yolunda irəliləməkdədir. Bu yolun sonuna yetişmək üçün yalnız və yalnız Qarabağ torpaqlarını azad etmək lazımdır. Şübhə edənlərlə dialoqa hazıram, cənab ABŞ səfiri R.Morninqstar!
Ramiz Tağıyev