Azərbaycanda dinlə bağlı yeni qadağa

0
4

Azərbaycanda dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılması qadağan edilir.

Bu məsələ Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Hazırkı variantda ancaq əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağan edilir.

Qanun layihəsinə təklif olunan digər dəyişikliyə görə, xaricdən dini təhsil almış Azərbaycan vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakmiyyəti orqanı ilə razılıaşdırılmaqla islam dininə aid ain və mərasimlərin aparılmasına buraxıla bilərlər.

Mövcud qanunvericiliyə əsasən, xaricdən dini təhsil almış Azərbaycan vətəndaşlarına islam dininə aid ain və mərasimlərin aparılması qadağandır.

Bundan başqa qanun layihəsinə təklif olunan dəyişikliyə görə, vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilir.

Mövcud variantda vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi və din xadimlərinin mübahisəli mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz və ya dini idarələr tərəfindən həyata keçirilir.