Zaur Muradxanlı
Əsgərin günlüyü.
Mi-8t markalı dikuçar hərbi aeroportun üzərində dövrə vuraraq yüksəlir, iyul günəşinin qızmar şəfəqləri dikuçarın pəncərələrindən içəri süzülərək narıncı rəngli oturacaqlarda sıra-sıra əyləşmiş əsgərlərin dəbilqələrini, boyun-boğazlarını, hərbi geyimlərini al-əlvan rəngə boyayırdı. Salonda on doqquz nəfər var idi.
Atlayış rəhbəri mayor Məmmədov, təlimatçı gizir Rüfət, hərbi hava qüvvələrinin Kürdəmirdəki bazasının paraşüt desant xidmətindən təlimlərdə iştirak etmək üçün gələn dörd əsgər, peşəkar xüsusi təyinatlıların tabor komandiri mayor Ələsgərov, beşinci qrupdan üç nəfər və altıncı qrupun doqquz nəfərdən ibarət şəxsi heyəti.
Dikuçarın içərisi təmiz və səliqəli idi. Pəncərələrin pərdəlikləri yuxarı qatlanmış, şüşələri açılaraq aşağı endirilmişdi. Mayor Məmmədovun belində enli, qalın kəmər vardı və bu kəmər karabinli trosla pilot kabininin arxasından sol yandakı pəncərələrin sonuna kimi çəkilmiş trosa bərkidilmişdi. Bu troslar ilk baxışdan nazik və davamsız kimi görünmələrinə baxmayaraq min altı yüz kilogram yük saxlamaq qabiliyyətinə malik idi. Rüfət onun yanında dayanmışdı. Nədənsə danışıb gülüşür arabir salonda əyləşənlərə baxırdılar. Amma motorun qulaqları dələn gurultusundan nə danışdıqlarını başa düşmək mümkün deyildi.
Onların ikisi də gülər üz və şən insanlardılar. Mülayimlik və xoş xasiyyətlilik mayalarında vardı. Bu da təlim görən hərbçilər tərəfindən sevilmələrinin əsas səbəblərindən biri idi. Ayrıca dərslərdə hər şeyi ən kiçik detalına qədər başa salma istəkləri, bir şey öyrənmək istəyən hərbiçilərə daha artığını verə bilmək üçün dəridən qabıqdan çıxmaları da onları sevdirən səbəblərdəndi.
Mayor Ələsgərov qapının kənarında onlara ən yaxın yerdə əyləşmişdi. Arabir dönüb onlara baxır,pilot kabininin arxasında dayanmış bu iki hərbiçiyə bağıraraq nəsə deyir, əl-qol hərəkətləri ilə bir şeylər başa salmağa çalışırdı. Rüfət onunla danışa-danışa paraşütünün ayaq bağlarını çəkişdirirdi. Üstündəki PO-16 markalı idman paraşütü idi. Bu paraşütün cəmi on iki kilogram çəkisi vardı və adamın üstündə çox rahat qalırdı. Çiyin və sinə bağlarını kip bağlamışdı, ayaq bağları isə bir xeyli boş idi. Ayrıca ehtiyat paraşüt də geyinməmişdi. Rüfətin bura təlimlərə gəldiklərində dörd yüz səksən atlayışı vardı. O bu barədə digər təlimatçılar İdrak və Ceyhundan xeyli qabaqda idi. Onların hərəsinin cəmi yüz otuzla, yüz əlli arasında atlayışı var idi. Rüfətin yedək paraşüt götürməməsinin səbəbi eqoizm deyildi, heç paraşüt eqoizmi sevməzdi və bu xətaya düşənləri anında cəzalandırardı. Onun bu arxayınlığının yeganə səbəbi var idi ki, bu da ekstremal vəziyyətlərdə soyuqalılığını itirməməsi və özgüvəni idi. Axı nə də olsa otuzunu belə tamamlamamış biri üçün dörd yüz səksən atlayış gözəl nəticə idi. Bu hər kəsə qismət olan uğur deyildi və təbii ki, insanda özgüvən yaradırdı.
Dikuçardakı əsgərlər bir xeyli həyəcanlı idilər. Sakitcə yerlərində otura bilmir, gah bir-biriləriylə zarafatlaşır, gah da pəncərələrdən aşağı, getdikcə uzaqlaşdıqları doğma torpağa tamaşa edirdilər.Dikuçar hər dövrəsində bir az daha yüksəldikcə həyatlarında ilk dəfə özlərini bu qədər yüksəklərdən aşağı və sadəcə arxalarındakı on yeddi kiloqramlıq kətan, pambıq və ipək qarışımı olan yükün insafına tərk edəcəkləri an yaxınlaşdıqca həyacan hamısını sarır, əlbəttə ki, hamısının ürəyini “birdən açılmasa…” adlı şübhə gəmirməyə başlayırdı. Ancaq bu dikuçarın salonunda əyləşən əsgərlərin tamamı mərd və cəsur insanlar idilər. Təbii ki, insan irqinin doğuşdan sahib olduğu qorxu, həyəcan kimi hisslər onlarda da var idi, ancaq bununla belə bu seçkin insanlar lazım olsa əzrayılın qucağına belə atlanacaq qədər qorxmaz və xarakter sahibi idilər.
Onların hər birinin üstündə D1-5U markalı təlim paraşütü, sinə bağının altında, qarınlarının üstündə Z 5 markalı yedək paraşüt vardı. Bu təlim paraşütləri çox etibarlı idi. Elə ona görə də hərbiçilər arasında “russkiy verblyud” adlandırılırdı. Hətta təlimatçılar zarafatla deyirdilər ki, bu paraşütü kisənin içinə yıg və elə atlan yenə də açılacaqdır. D1-5U paraşütləri on yeddi kilogram olurdu. Günbəz, ipliklər, qırılan iplər, üzlük və paraşüt çantasından ibarət idi. Günbəz səksən iki kvadrat metr idi və kətandan hazırlanır, ipək lentlərlə davamlılıgını artırmaq üçün kiçik hissələrə bölünürdü. Belə ki, bu hissələrdən hətta üçü hansısa səbəbdən cırılsa belə paraşütçünün yerə sağ-salamat gəlib çatması təmin olunurdu. Günbəzin üstündə hava axının çıxması üçün deşik, arxasında idarə etməni asanlaşdırmaq üçün üç yarıq, sag və sol tərəflərdə sükan rolunu oynayan “babuşka” adlı iki plastik başlıqlı gırmızı ip var idi. Babuşkaların hər hansı birini çəkməklə paraşütçü on səkkiz saniyə ərzində üç yüz altmış dərəcə dönə bilərdi. Qırılan iplər fərqli uzunluqlarda və iki ədəd olurdu. Paraşüt açılarkən əsgərlərə etdiyi fiziki təzyiqi azaltmaq üçün istifadə olunurdu. Hər biri iyirmi kiloqram ağırlıqda qırılırdı və yalnız bu iplər qırıldıqdan sonra günbəz üzlükdən ayrılırdı, çünki günbəzin baş tərəfindəki deşiyi kəsən üstəgəl formalı ipək lentlər bu iplər vasitəsi ilə üzlüyə bərkidilir, beləliklə də əsgərlərin paraşüt açılarkən əmələ gələn yüz əlli kiloqramlıq təkandan zədə almalarının qarşısı alınırdı. Üzlüyün toplam uzunluğu səkkiz metr idi ki, bunun da üç metri karabindən, beş metri isə günbəzi örtən qismdən ibarət idi. Karabinin qarmağı dikuçardakı trosa bərkidilir və atlayış vaxtı paraşüt çantasının qapağını açmaq, eyni zamanda üzlüyü günbəzin üstündən çəkib çıxarmaq vəzifəsi görürdü. İplər iyirmi səkkiz ədədi və günbəzi paraşüt çantası ilə birləşdirirdi. Paraşüt çantası isə öz növbəsində arxalıq, çiyin bağları sinə bağı və ayaq bağlarından ibarət idi. Arxalığın üstündə sağ və sol tərəfdə sıra ilə rezin halqalar vardı və paraşüt yığılarkən iplər qarmağın köməyi ilə həmin rezin halqaların altına keçirilirdi. Günbəz səliqə ilə qatlandığdan sonra aşağı, sağ, sol və yuxarı qapaqlar qatlanır, karabinə bərkidilmiş trosun üstündəki üç iynə qapaqların düyməsinə keçirilirdi. Bu iynələri yerindən çəkib çıxarmaq və paraşüt çantasının qapağını açmaq üçün on altı kiloqram güc kifayət idi. D1-5U paraşütlərinin uçuş vasitəsindən ayrıldıqdan sonrakı açılma məsafəsi iki yüz metrə yaxın idi və bu təxminən üç saniyədə baş verirdi. Ayrıca paraşüt açıldıqdan sonrakı düşmə sürəti isə saniyədə beş metr on santimetr şaquli, iki metr qırx santimetr üfiqi idi. Yedək paraşütlərdə isə sadəcə şaguli düşmə vardı və bu yeddi metr saniyə idi.
Paraşüt desant xidmətinin əsgərləri başlarına tankçı şlemi, peşəkar əsgərlərsə narıncı rəngli xüsusi dəbilqələr geyinmişdilər.
Gah sağ, gah da sol tərəfdəki pəncərələrdən aşağı baxır, cənubdakı alçaq dağları, tərk edilmiş daş karxanasını, başına fırlanaraq yüksəldikləri hərbi aeroportu, cənub qərbdəki Şiştəpə, qərbdəki Sabirkənd və şərqdəki Zəyəm kəndlərinin getdikcə kiçilib balacalaşan evlərini, şimaldan keçən şərq-qərb istiqamətindəki dəmir yolu və magistral avtomobil yolunu, yolun daha şimalındakı mühəndis əlindən çıxmış kimi səliqə ilə hissələrə bölünmüş əkin sahələrini maraq və diqqətlə seyr edirdilər. Hər şey yüksəklikdən fərqli görünürdü. Boz, adi çoxillik kolların belə bitmədiyi boz dağlarla əkinlərin iç-içə keçmiş yaşıllığı vəhdət yaradır, usta bir rəssamın fırçasından çıxmış tablo kimi əsgərlərin gözlərini oxşayırdı.
Dikuçarın min iki yüz metr məsafəyə yüksəldiyində Rüfət qapını arxaya doğru sürüşdürərək açdı. İçəri vuran sərin hava kütləsi əsgərlərin üz-gözlərini yalayıb dəbilqələrinin altından çıxmış saçlarını oxşadı. Peşəkar xüsusi təyinatlılar qrupundakı hər kəsin ürəyi hava dalğasının vurmasıyla bayaqkından daha fərqli vurmağa başladı. Çünki həyatlarında heç görmədikləri fərqli bir təcrübə yaşayacaqdılar və qapının açılması o ana artıq dəqiqələr qaldığına işarə idi. Onların hamısı bura gəlmədən öncə üç həftəlik yerüstü təlimləri uğurla keçmiş, istər nəzəri istərsə də fiziki hazırlıqları yüksək səviyyədə idi. D1-5U təlim, Z5 və Z6P yedək paraşütləri haqqında bilmədikləri yox idi. Ayrıca tramplin və digər fiziki hazırlıq alətləri də bu barədə onlara xeyli yardımçı olmuşdu. Amma nəzəri biliklər nə qədər mükəmməl olsa belə praktikada tətbiq olunmayınca boş və gərəksizdir. Hər kəsin ürəyinə bir şübhə düşmüşdü. Atlayış zamanı paraşüt açılmazsa nə edəcəkdi?. Doğrudur, bu ehtimal sıfıra yaxın idi.
Ayrıca yedək parasütlər bəzək üçün deyildi və məhz bu durumlar üçün nəzərdə tutulmuşdu. Amma, insanın ürəyinə bir qurd düşməsin, düşdüsə sonuna qədər amansızca gəmirəcəkdi, eyni ilə danaburnunun bostan bitkilərinin kökünü gəmirib qırdığı kimi.
Dikuçarın şərq istiqamətindən hərbi aeroportun üstünə daxil olmuşdu və cənub tərəfdəki uçuş zolağının paralelində hərəkət etməkdə idi. Rüfət əlində hazır tutduğu nişanlayıcı vasitəni sol əlinə ötürüb sağ əli ilə qapının çərçivəsindən tutdu və aşağı boylandı. Sonra belini dikəldib baxışlarını salondakıların üstündə bir-bir gəzdirdi. Gözlərini hər kəsin üzərində bir an saxlayır, hər kəslə göz-gözə gələrək gülümsəyir, üzündən heç əskik olmayan təbəssümüylə hər kəsi ayrı-ayrılıqda ürəkləndirməyə çalışırdı sanki. Bu seyr etmə mərasimi toplamda sadəcə bir neçə saniyə çəkmişdi. Amma çəkməsinə hər kəsə elə gəlmişdi ki, Rüfətlə dəqiqələrcə baxışmışdılar.
Sonda o gülümsəyən gözlərini əsgərlərin üzərindən çəkdi və onda heç görmədikləri ciddi bir ədayla aşağını süzməyə başladı. Atlayış mərkəzində hərbçilərin kəpənəktutan adını verdikləri dirəyə bağlanmış narıncı rəngli konusun üzərinə yaxınlaşırdılar..
Belini dikəldib mayor Məmmədova tərəf döndü, onunla göz-gözə gəldikdən sonra mayor Məmmədovun başı ilə buyur mənasını verəcək tərzdə yellədi. Bundan sonra Rüfət sol əlindəki nişanlayıcını (təlimatçılar ona “İvan İvanoviç ləqəbini vermişdilər) aşağıya doğru tulladı, sonra isə cüssəsinin yarıdan çoxunu qapıdan çölə çıxararaq aşağıya əyilib gözləri ilə “İvan İvanoviç” hərəkət trayektoriyasını təqib etməyə başladı.
Nişanlayıcı kiçik paraşütə bağlanmış bir kiloqramlıq ağırlıq idi və uçuş vasitəsindən atıldıqdan sonra şaquli istiqamətdə düşürdü. Onu aşağı atmaqla parasütçülərin kəpənəktutanın yanına enmələri üçün ən münasib yeri təyin etməkdən yana istifadə olunurdu. Dikuçar aeroportun üzərindən keçib Sabir kəndin üstünə gəldi, ordan da cənuba istiqamət alıb Şiştəpənin şimalından şərqə döndü və aeroportla dağların arasındakı boşluqdan keçib daş karxanasının üstündə yenidən şimala döndü və yönünü qərbə çevirərək bir dövrəni tamamladı. Ən şərq tərəfindən aeroportun üzərinə keçdikləri vaxt Rüfətin işarəsi ilə mayor Ələsgərov və paraşüt desant xidmətindən gəlmiş dörd əsgər dikəlib paraşütlərinin karabinlərini başlarının üstündəki trosa keçirdilər.
Rüfət qapının ağzında dayanıb aşağını müşahidə etməkdə idi. Atlayışın gerçəkləşdiriləcəyi yerə yaxınlaşanda dönüb əl işarəsi ilə onlara qalx işarəsi verdi və ilk oturacaqda əyləşmiş mayor Ələsgərovu yanına çağırdı. Tabor komandiri əsgərlərinə nümunə olmaq istəyirdi və buna görə də hər qrupla birlikdə ən öndə atlanırdı.
O, qapıya yaxınlaşıb atlayış üçün hazırlaşdı. Sol ayağının pəncəsini qapıdan çölə çıxarmışdı, sağ ayağı arxada təkan vermək üçün hazırdı. Sol əli ilə sağ, sağ əli ilə sol çiyin kəmərindən tutmuşdu və təlimatçının atlayış üçün işarəsini gözləyirdi. Rüfət onun üst başını, paraşütünü gözləri ilə son dəfə yoxlayıb bir əyər-əsgiyinin olub olmadığına baxdıqdan sonra sağ çiyninə vurdu və “atla” deyə bağırdı. Bir saniyə sonra Rüfət bayaq “İvan ivanoviçi” izlədiyi kimi indi də qapıdan aşağı sallaşıb mayor Ələsgərovun arxasından baxır, onun paraşütünün necə açılmasını havada özünü necə tarazlamasını izləyirdi. Daha sonra dikəldi və sol əli ilə paraşüt desant xidmətinin sırada gözləyən dörd əsgərindən ilkini çağırdı. Yenə eyni atlayış vəziyyəti, yenə eyni təkrar. Dördüncü əsgər atladığında artıq dikuçarın hərbi aeroportun üzərindən keçib getməkdə idi.
Dikuçarın yenidən atlayış yerinə gələ bilmək üçün havada növbəti dövrəsini vurur, salondakı peşəkar əsgərlər pəncərələrdən havada qartal kimi süzülən bəş paraşütçünü izləyirdilər. Parasütçülər dikuçarın ayrıldıqdan iki yüz üç saniyə sonra yerə çatacaqdılar. Onların hamısı paraşütlərinin oturacaqları üstündə yerlərini rahatlayıb, “babuşka”ların yardımı ilə başlarının üstündəki sehirli günbəzi idarə edir, kəpənəktutana maksimum yaxın olan bir yerə enə bilmək üçün bir birləriylə yarışırdılar. Onları havada izləmək bu qədər keyfli idisə, gör indi onların yerində olmağın ləzzəti necə böyük idi? Bəlkə də parasütçüləri seyr edərkən hamısının yadına mayor Məmmədovun atlayışlar başlamadan öncəki toplantıda sərf etdiyi sözlər düşmüşdü: paraşütlə atlamağın ləzzəti bir kişinin orgazm anında aldığı ləzzətdən on misli çoxdur”. Bəlkə elə buna görə idi ki, sırasını gözləyən on iki əsgərin tamamının üzündə xəfifcə təbəssüm titrəyib söndü. Eynilə gecənin dərinliklərində öləziməkdə olan şam işığı kimi…
Ardı var…